XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Əbülfət MƏDƏTOĞLU: SÜKUTLA ÜZ-ÜZƏ
YAZARLAR 08:56 / 14.12.2021

Adətimdi, hər hansı bir yazını yazmamışdan öncə əvvəlki yazılarımı gözdən keçirirəm. Bu da səbəbsiz deyil. Çünki mənim yazılarımın böyük əksəriyyəti bir növü əgər belə demək mümkünsə, bir-birinin davamıdı, ardıdı. Ona görə ki, həmin yazılarımı mən yaşayıb yazıram. Onlar mənim təkcə duyğularımın, hisslərimin ifadəsi deyil. O həm də arzularımın, xəyallarımın, yuxularımın və bir də həqiqətən yaşadıqlarımın yazıya köçürülmüş, lentə alınmış görüntüləridi. Ona görə də əvvəlki yazılarımı gözdən keçirmək məni həm kökləyir, həm də az-çox tərkrardan qaçmağıma şərait yaradır. Bax, bu mənada məni daim oxuyan oxucularım yəqin ki, bu dediklərimin canlı şahidləridilər və müəyyən qədər də mənimlə razılaşarlar...

Bəli, həyatın elə məqamları var ki, onu sükutla qarşılayıb, sükutla da yola salırsan. Təbii ki, bu kənardan belə görünür. Duyğusal insanların sükutu da söhbətdi, danışıqdı, yazıdı. Bax, bu mənada mən bütün sükutların səssiz söhbət olduğuna inanıram və özüm də sükutla qarşılayıb, sükutla yola saldığım hər bir anı, hər bir yaşamı içimdə bəlkə də ən haylı-küylü məqamlardan daha çox həmsöhbətə çevirirəm. Çünki həmin sükutlu an mənimlə o sükutun baş-başa qalmasıdı... mənim o sükutun dizinin dibində oturub bütün diqqətimi ona yönəltməyimdi. İlahi, sükutda nə boyda ürək varıymış, nəfəs varıymış söz-söhbət varıymış. Dinlədikcə doymaq olmur. İndinin özündə də mən həmin sükutun səsini eşidirəm, hənirini duyuram. Və mən inanıram ki, o sükut da məndən nə isə özünə hopdurub, məndən nə isə qoparıb alıbdı. Əgər belə olmasaydı, biz bir-birimizə bu qədər bağlanmazdıq!

...Və mən də sükut dilində bu yazını diqtə etməyə başlayıram. O dili bilənlər mənimlə razılaşacaqlar. Axı mən onların da ürəyindən keçənləri, düşündüklərini yazıya köçürürəm...

Hə, dörd divarın arasında, qapının, pəncərənin bağlı olduğu bir məqamda, ilk baxışdan həyat əlamətinin duyulmadığı bir ovqatın içində, eşidirəm bu səsi. O səs bəlkə də qeybdən gəlir... bəlkə də divarların səsidi... bəlkə də yazı masamın... lap elə bəlkə də əlimdəki qələmin səsidi.. Amma çox doğmadı, çox həlimdi. O qədər ruhuma, ürəyimə doğmadı ki, özümdən asılı olmadan o səsin sənə aid olduğuna qərar verirəm. Bu da bir Tanrı hökmü, bu da bir üz tutub, and içib qiblə saydığım varlığın məndə bir anın içərisində yaratdığı qərarın, hisslərin ifadəsidi. Bu sənin səsindi! Və mən:


Səsin səhərə kimi

Mənimlə baş-başaydı...

O səs mənim ruhumu –

Ovutmağı bacardı!..


Bir az layla biçimli

Bir az "Segah” ovqatlı...

"Tərəkəmə” içimi –

Səsdən qopub, oynatdı...


Bir az yay zümzüməsi

Bir az payız notları...

Səndə işıq səsi –

Bildim bütün kodları...


Mən səsinə üz qoyub

Udmuşam nəfəsimi...

Allahım, sən də qoru –

Mənim səs qəfəsimi!..

Hə, bax elə həmin o səs indi əlimdən tutub. Özümü güvənli, ayaqda durmağı haqq etmiş biri kimi sayıram. Elə bilirəm ki, məni heç nə və heç kim nə yerimdən tərpədə biləcək, nə də o səsi məndən almağa gücü çatacaqdı. Çünki o səsin şah damarı səndən gəlir, sənə bağlıdı. Sənə bağlı olan hər bir an, hər bir duyğu, hər bir hiss həm də Tanrının özünə gedib çatır. Elə bilməyin ki, bu asilik əlamətidi. Yox, sadəcə olaraq, gerçəyi bilmək, gerçəyi dilə gətirmək çətin olsa da, lazımlıdı, vacibdi, həm də zəruridi. Bu üç əlamətin içərisində sükutu görmək ümumiyyətlə, o içindəkiləri haqq etmək ən böyük mükafat və hardasa həm də ən halal şərəfdi. Çünki onu sevgini verən, sevgini qəlbinə hopduran bağışlayır sənə. Allahın verdiyini, bağışladığını da yalnız Allah geri ala bilər. Düşünmürəm ki, belə bir cəza, belə bir ağır ittiham mənə də aid edilsin. Axı mən öz dünyamın hər anında, hər yerində yalnız öncə söylədiklərimi, yəni Allahımı və səni görmüşəm və görürəm. Deməli, özüm-özümü nədə və necə ittiham etsəm də, son nöqtə, son nida bəlli gücün, bəlli qüdrət sahibinindi.

***

Bu gün ovqatımın hansısa bir nöqtəsində xəfif meh duydum. Mənə elə gəldi ki, o meh bir anın içərisində ovqatımın üzərinə əyilməkdə olan qəfil dumanı, çəni qovub aparmaq üçün gəlmişdi. Bilmirəm, niyə bu fikir gəldi ağlıma, amma həqiqətən də həmin o bir an mənə bir sualı da çözmək şəraiti yaratdı. Baxıb gördüm ki, o sualın cavabı da yenə yazımın əvvəlində söylədiyim sükutdan və sükut sahibindən gəlib keçir. Deməli:

Hərdən

mənim də

özümdən

inciyən vaxtlarım olur...

Yəni hərdən

nömrəni

yığmağa

gecikən əldən,

yığılan nömrədən

səni

"Sevirəm!”

deməyə

gecikən dildən...

Darağının

dişindən düşmüş-

bəyaz bir teldən,

hətta

səsimdəki

uğursuz zildən...

Amma...

susuram,

dözürəm

məni incik salan,

ömürdən alan

vaxta...

Çünki mən

bilə-bilə,

könüllü şəkildə

özümü

qurban edirəm...

Sən də,

mənə baxıb,

şükür et

payına düşən baxta...

Yəqin ki, bu misraların da hardan gəldiyini, nəyi ifadə etdiyini siz bir anlıq susmaqla öz iç dünyanızın ələyindən keçirdiniz. Doğrudur, dünyanın ələyi də, bələyi də, lap elə Tanrının fələyi də öz bildiyini edir. Yəni hərə öz işindədi, öz arşınıyla, öz baxışıyla ölçür, dəyərləndirir və bütün ölçülər də, dəyərlər də sonda gəlib biz bəndələrə ya təkan verir, ya da əlindən, ayağından çəkir üzü aşağı. Mən bunları normal və təbii sayıram. Ona görə də kimlərin də məni qınaması, məni hərəkətsiz, reaksiyasız kimi qiymətləndirməsi bir az qəlbimə dəysə də, çox da böyük önəm kəsb etmir. Çünki mənim də, hamı kimi baxışım və arşınım var. Öz baxış bucağımda, öz arşınımla öz işimi görürəm. Bu işimin də ifadəsini sən hamıdan yaxşı görürsən, duyursan. Çünki bəzən elə olur meh də, hətta şeh də qəlbə dəyir. Onda mən üzümü sənə tutub pıçıldayıram:


Baxının küləyi

Ümid yarpağın tökür...

Bu üzülən ürəyin –

İlmələrini sökür...


Demirəm, kəndir salla

Açılmadı bir falla...

Məni gördüyün halla –

Barış, içində hönkür...


Son arzu, son nəfəs də

Çırpınır dar qəfəsdı!

Əbülfət adlı kəs də -

Bax, dəvə kimi çökür!..

***

Heç kim heç nədən sığortalanmayıb. Bu fikir birbaşa mənəvi anlamda ifadə olunur. Yəni burda söhbət fiziki yanaşmadan, sosial müstəvidən getmir. Məlumdur ki, dünyanın hər yerində müxtəlif formada, müxtəlif adlı sığortalar var. Hətta eşitdiyimə görə, məzarını, cəsədini də sığorta etdirən var. Yəni bu hər kəsin öz qərarı, öz yanaşmasıdı. Amma mənəvi sığorta o zaman mümkün ola bilər ki, bütün düşüncələr, duyğular, hisslər bir-birini tamamlasın. Yəni obrazlı desəm, nəfəs-nəfəsə qarışsın, bütövlük, tamlıq yaransın. Burda ağıla xoşbəxtlik deyilən bir məfhum, bir fikir gələ bilər. Amma siz də bilirsiniz ki, xoşbəxtlik nisbidi. Nəyə görə o da bir an çəkir? Çünki dəyişən anlar ovqata təsir etdiyindən həmin o böyük xoşbəxtlik də zorən əriməyə məhkum olur. Lap çılpaq desəm, ən xoşbəxt anın içərisində qəfil bir zəng, qəfil bir hadisə, ümumiyyətlə, gözlənilməz nələrsə baş verəndə və həmin ən xoşbəxt an baş verənlərin içərisində çıxılmaz durumda qalar. Buna isə sığorta yoxdu, buna isə kiminsə qarant dayanması mümkünsüzdü. Kimliyindən, hansı imkanların sahibindən asılı olmayaraq. Deməli, mənim baxış bucağıma görə ən gözəli həmin o mənəvi sığortadan çox ürəyə, ağıla güvənməkdi. Ürək və ağıl dil tapa biləndə adamın bütün dolamalardan keçməsinə, bütün qaranlıqları yarmasına yardımçı olur. Mən bu qərarımda artıq dəyişməsi mümkün olmayan bir mövqedə dayanmışam. Düşünürəm ki, bu mövqeyimlə də heç kəsin xətrinə dəymirəm, nə də haqqına müdaxilə etmirəm. Axı, bizim fikir azadlığımız təmin olunubdu. Və...

İndi ovqatımın qapısını döyən telefon zəngi bu yazının damarına deyəsən yavaş-yavaş əsəb qatmaq istəyir. Mən də həm oxucularıma, həm də içimdəmki duyğularıma ötəri də olsa o əsəbi hiss etdirməmək üçün öz-özümə pıçıldayıram:


Səssizliyin içində

Səssiz qala bilmədim...

Səssizliyin içindən

Səssiz ala bilmədim –

Səni!


Sükutun caynağında

Fikrə dala bilmədim...

Sükutun caynağından

Çəkib ala bilmədim –

Səni!


Tənhalığın çökdüyü

Vücudumu əzirdim...

Ümidimin sökdüyü

Dan yerində gəzirdim –

Səni!


Xəyalımla yuxumu

Qarışdırdım... və yozdum...

"Görünməyən ulduzlar”

Dəftərindən mən pozdum –

Səni!


İçimdən qaçan özüm

Bu halıma çəkildim...

Bir də baxıb gördüm ki,

Ürəyimə əkirdim –

Səni!


Bəli, bax, budur özünə çəkilmənin, öz sükutunun həmsöhbəti olmanın bir işartısı da!.. Təbii ki, mən heç kəsi sükuta, özünə çəkilməyə çağırmıram. Və ümumiyyətlə, kiməsə məsləhət vermək də mənlik deyil. Əgər məsləhət vermək, yol göstərmək imkanım yetərincə olsaydı, yazıçı-publisist Aqil Abbas demişkən, mən də ən azından bir qəzetin redaktoru olardım. Deməli, ayağını yorğanına görə uzatmaq daha doğru seçimdi. Və bir də...

Üzümü sükutumun hakim olduğu iç dünyama, o dünyanın sahibinə tuturam. Öncə demək istəyirəm ki, bu ricama əməl etsin. Yəni Səni deyirəm:


Döy qapımı hər səhər

Dua boxçan sinəndə...

Danış, hətta birtəhər,

Hər ürəyin dinəndə -

Məndən!


Bu bir dəli istəkdi, amma içimdən gəlir. Ona görə də onu dilimə gətirdim. Axı, ağıllı fikirləşənə qədər dəli öz işini görür! Sən də mənə bənd olma. Və elə bənd olmaya-olmaya da bu şeirimi təkrar et:


Nəfəsin göz muncuğum,

Özün ümid yerimsən...

Sən mənə sevgi dolu

Gözəl ömür vermisən –

Dəlisi olduğum, Qadın!


Baxışların işıq payım-

Quyudan çəkən kəndirim...

Əllərini qoy mən sayım

Əllərin yanan təndirim –

Dəlisi olduğum, Qadın!


Tellərin uzanan yolum

Burulub qayıdır sənə...

Hər yandan Məcnun bu könlüm

Vurulub qayıdır sənə -

Dəlisi olduğum, Qadın!


Ürəyin qibləm, güvənim-

Həm də ruhuma yuvadı...

Ay məni gizli sevənim

Adın müqəddəs duamdı –

Dəlisi olduğum,Qadın!


Bəli, mən sükutla burda söhbətimə üç nöqtə qoyuram... Sizsə özünüz bilərsiniz. Bütün hallarda sükut mənə daha doğma, daha yaxın həmdəmdi. Onunla anlaşmaq çox rahatdı. Sizə də rahatlıq arzu edirəm!..


918 oxunub
669 oxunub
9634 oxunub

InvestAZ