XƏBƏR LENTİ
23 Yanvar 2022
22 Yanvar 2022
21 Yanvar 2022



Mustafa Çəmənli : - MƏN KİMƏM? SƏN KİMSƏN?
YAZARLAR 13:38 / 01.12.2021


İnsan həyatında bu kəlmələr qədər işlək söz, bəlkə də, yoxdur. Qapı döyülür, soruşuruq:

–Kimsən? Telefon zəng vurur, dəstəyi qaldırırıq: –Kimi istəyirsiniz? Bu "kiməm”, " kimsən” kəlmələrinin altında o qədər məna çaları gizlənib ki, ucundan tutsan, sap təki çözələnə bilər.

Yəqin ki, bu "kiməm”, "kimsən” sualı insan insanlığını dərk etdiyi günün elə ilk səhəri ortaya çıxıbdır. Məncə, insanlıq məhz bu "kiməm”, "kimsən”in içindən keçərək dəyərlənir, zinətlənir və ümumbəşəri məna kəsb edir. Şübhəsiz ki, tarix boyu və eləcə də çağdaş günlərimizdə bu sualları özlərinə yaxın buraxmayanlar, ondan yan qaçanlar elə zənn edirlər ki, ruhi sakitlik əldə edib can bəsləyirlər.

Elələri də var ki, sadəcə olaraq insanlığın nə demək olduğunu dərk etmək iqtidarında deyildir. Belələrinə elə gəlir ki, dünyaya ancaq yeyib-içib yatmaq üçün gəliblər.

Mən kiməm? Qaranlıq gecədə də, günün günorta çağında da insan olan kəs bu sualla baş-başa qalmağa borcludur. Mən kiməm? Mətbuat səhifələrində, mavi ekranda, meydanda, mitinqdə etiraf etmədiyini indi–öz mənini xəncəri qınından siyirən sayaq siyirib üz-üzə, göz-gözə oturduğun zaman, heç olmasa, etiraf edəsən. Etiraf edəsən ki, bəs mən buyam – mərdəm, namərdəm, xeyirxaham, zülmkaram, təmizəm, natəmizəm, rüşvətxoram...

Mən kiməm?.. Sən kimsən?.. Həyatda bu iki müsahib tez-tez qarşılaşır. Birisi o birindən soruşur: –Sən kimsən? (Bu gün, az qala, bu sözün söyüş çaları da var.)

"Sən” qürurlu başını dik tutur:

– Mən, hər yerdə millətimin başını ucaldan vətən oğluyam,– deyir.

Özündən razı təkəbbürlü "mən” cavab verir:

–Xeyr, sən hər vaxt millətinin şərəfinə ləkə gətirən vəzifə düşkünüsən.

Bu mükalimə başqa ovqatda da davam edə bilər. Baxır qarşı-qarşıya duranların dünyagörüşünə, ictimai mövqeyinə, mədəni səviyyəsinə... Axı hər kəs öz mənindən, öz fərdi dünyasından çıxış edir.

"Mən kiməm” və "Sən kimsən?” sualı insanın bir şəxsiyyət kimi ailədə, cəmiyyətdə yerini müəyyənləşdirən barometrdir. Sirr deyildir ki, ən böyük dahilər də bu suallarla bir-birinə müraciət ediblər. Və o da gün kimi aydındır ki, "mən”likləri ilə öyünmədikləri kimi, "sən kimsən”i də təhqir səviyyəsinə endirməyiblər, sözü öz ucalığında, xalq və cəmiyyət qarşısında cavabdehlik məqamında saxlayıblar.

"Mən kiməm”–"Sən kimsən?” elə bir bəşəri sualdır ki, ölülər də cavab vermək səlahiyyətini itirmirlər. Təsadüfi deyildir ki, biz tez-tez tarixin dolanbac küçələrində atını cövlan etdirən şəxsiyyətlərin qarşısını kəsib ondan soruşuruq: –Sən kimsən? Sən nə üçün filan işi filan etmisən?

Şəxsiyyətin–padşahın, xanın, vəzirin, sərkərdənin, alimin, şairin, filosofun ruhunu qarşımızda əyləşdirib onlardan keçmişin haqq-hesabını çəkirik. Çünki hər hansı bir tarixi şəxsiyyətin–əsrindən, dövründən asılı olmayaraq–tarixi səhvinin zillətini yüz il, min il sonra onun sələfləri çəkəsi olur. Buna görə də hər kəs öz sağlığında "Mən kiməm”–"Sən kimsən?” sualı qarşısında cavabdeh olmalıdır. Xalq da öz taleyini tapşırdığı adamlardan həmişə məsuliyyətli olmağı tələb edir. Elə ki, xalq bu tələblərə etinasız münasibət gördü, öz hiss və arzularını əfsanələr, rəvayətlər, lətifələr vasitəsilə bəyan edir. "Qızım sənə deyirəm, gəlinim sən eşit” yolunu tutur. Aşağıdakı məşhur bayatı da xalqın istəyinin təzahürüdür:

Əzizim Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə mətin olsa,

Getməz heç ordu bada.

Deməli, sərkərdə mətin olmasa, kimliyini, gücünü, qüvvətini dərk etməsə, böyük bir ordunu fələyin badına verəsidir. Tərpənib hərəkətə gəlməsə, xalqına fəlakət dolu qismət gətirəcəkdir.

Buna görə də hər kəs yaşadığı ömür-gün çevrəsində "Sən kimsən?” sorğusundan çox "Mən kiməm?” sualı ilə baş-başa qalmalıdır və qalarsa, daha böyük fəzilət sahibi ola bilər. İnsanlığın fövqünə yüksələr, istedadını, qadirliyini dərk edər, ailədə, həyatda, cəmiyyətdə yerini tez tapar. O zaman yuxarı başdan aşağı başa sürüşdürülməz, əksinə, aşağı başdan yuxarı başa çağırılar. Məhz bu mənada, "hər şey insanın öz əlindədir” deyirlər. Tarixə müraciət edək. Əgər yağ satan Abdullanın oğlu Babək mən kiməm sualı ilə təkbətək qalmasaydı, özündə şücaət və qəhrəmanlıq nişanəsi axtarıb tapa bilməzdi. O zaman 23 il ərəblərə qarşı azadlıq mübarizəsi aparan Azərbaycan xalqının sərkərdəsi olmaq səadəti ona nəsib olmazdı və bu gün Babək adı ilə bu qədər fəxr etməz, öyünməzdik.

Xalqın həyatında mənfi, ya müsbət rol oynamış heç bir tarixi hadisə, gün, an belə unudulmur. İllər keçir, ətəklənir və kül altındakı köz kimi təzədən közərib işarır: ya bizi alovlanacağı ilə ümidləndirir, ya da sönüb kül olacağı ilə inamsızlaşdırır. Şirvanşah I İbrahimin hakimiyyətdə olduğu 35 illik bir dövrdən xalqımızın yaddaşında onun yurdumuzun üstünə yeriyən fateh Teymurlənglə görüşünün bir günü, bir anı əbədiləşibdir. Rəvayət edirlər ki, Şirvanşah I İbrahim xalqı qırğına verməmək üçün bahalı hədiyyələr və səkkiz qulla Teymurləngin görüşünə gedir. Şərq adətincə hər bir hədiyyədən doqquz ədəd olmalıymış. Teymurləng qulları doqquz yox, səkkiz görəndə qaşlarını çatır: –Bəs doqquzuncu qul hanı? –soruşur.

Şirvanşah cavab verir:

–Hökmdar, doqquzuncu qul qarşınızdadır!

Teymurləng bu cavabdan çox xoşlanır və Şirvanın üstünə qoşun yeritmir. Doğrudur I İbra-him bu ağıllı siyasətilə yurdunda qan tökülməsinin qabağını alır, lakin yaddaşımızda qul psixologiyasının toxumunu da səpir. Qoç Koroğlu isə heç bir haqsızlığa dözmür, özünü qullar qabağında gedən tir hesab edir və bizi hər-hansı qorxudan çıxardıb yeddi min yeddi yüz yetmiş yeddi dəlisinə–igid əsgərinə çevirə bilir.

Bu anımdan tarixi şəxsiyyətlərin həyatından çoxlu misallar, ibrətamiz hekayətlər misal gətirə bilərik. Özünü dərk edənlər, "Mən kiməm?” sualına cavab axtaranlar əsrlərin toz-dumanı arxasından belə çox aydın görsənirlər.

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.

–deyən Seyid İmadəddin Nəsiminin əzəmətli şəxsiyyəti bizə çox aydın görünmürmü? Yəqin ki, Nəsimi məslək və idealı uğrunda diri-diri soyulsa belə, tutduğu yoldan dönməyəcəyini tarixi edamından çox-çox qabaq özündə tərbiyə eləmişdi. Özünü belə müdhiş bir ölümə mətn hazırlamışdı:

Zahidin bir barmağını kəssən, dönüb həqdən qaçar,

Gər bu miskin aşiqi sərpa soyarlar ağlamaz.

–deyəndə "Mən kiməm?” sualına çox aydın cavab vermişdi və kimliyini, qadirliyini sübut eləmişdi.

Məhəmməd Füzuli kimi dahi şairimiz belə mən kiməm sualından yan keçməmişdi və böyük səmimiyyətlə etiraf eləmişdi:

Mən kiməm? –Bir bikəsü biçarəvü bixaniman,

Taleim aşüftə, iqbalım nigun, bəxtim yaman,

Nəmli əşkimdən zəmin məmlu, ünümdən asiman.

Ahü naləm navəki peyvəstə, xəm qəddim kaman,

Tiri-ahım bixəta, təsiri-naləm bigüman,

Müttəsil qəmxaneyi-sinəmdə yüz qəm mihman.

" Mən” etirafdı–hər kəsin bacarmadığı səmimi, çox böyük bir etiraf. Həqiqətən, özündən qaçmaq, öz-özünə hesabat vermək vərdişinə yiyələnməmək, tutduğun əməllərin nəticəsini götür-qoy etməməkdən asan nə ola bilər. Özündənrazı, təkəbbürlü, etinasız, tox yaşamağa nə varmış... Bu cür tərbiyə ilə yaşayanlar, ancaq və ancaq yaşayırlar. Öz kobudluqları, harınlıqları, laqeyd və soyuq baxışları, zəhərli sözləri ilə ətrafdakılara əzab verməkdən zövq ala-ala yaşayırlar. Məgər bu yaşamaqdırmı? Ətrafında baş verən haqsızlığa göz yummaq, Qarabağ dağlarında, öz yurdunda qanı şoralanıb tökülən qardaş və bacılarımızın müsibətini isti kabinetlərdən, restoranlardan, barlardan, daha nə bilim nə "xanalardan” seyr etmək yaşamaq deyil, sadəcə harınlıqdır, biganəlikdir, can qayğısına qalmaqdır. Tarixin "Mən kiməm?”, "Sən kimsən?”–əbədi və bəşəri sualından qaçmaqdır. Lakin bu sualların cavabını vermək məsuliyyətindən heç kim, heç kəs, hətta ölülər belə qaça bilməzlər.

19 yanvar 1992-ci il.

P.S. Bu günlərdə şəxsi arxivimi araşdırarkən rast gəldiyim bu esseni heç yerdə çap etdirməmişəm. Yazılma tarixindən az qala 30 il keçsə də insan mənzərələri, insan münasibətləri qətiyyən dəyişməyib, əksinə, müasirlərimiz bir qədər də aqressivləşiblər. Şükür ki, 2020-ci ildə müzəffər ordumuzun, Ali Baş Komandanımızın şücaəti, dəyanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Bu gün xalqımız çox qürurverici bir ovqat yaşayır.


7049 oxunub

InvestAZ