Hərdən oturub fikirləşirəm.
Və fikirləşə-fikirləşə də öz-özümə deyirəm:
- Doğrudanmı, zaman bu qədər
sürətlidi? Doğrudanmı dünənimizdən bu qədər böyük addımlarla uzaqlaşırıq?..
Və bu sualların hər ikisi
də məni düşündürdüyü qədər də özünə çəkir. Başlayıram o sualların içərisində var-gəl
etməyə. Baş sındırıram, fikri-fikrə calayıram, sözü-sözə uyğunlaşdırıram. Bir də
baxım görürəm ki, nə qədər zaman itirmişəm, nə qədər zaman ötüb, keçib gedib. Mən
eyni nöqtədə, eyni sualların, düşüncələrin içərisində, zaman isə məndən ya irəlidədi,
ya da elə irəlidə olduğu qədər də geridə... Bu bir fəlsəfə deyil, bu bir həyat həqiqətidir,
yəni, gerçəkliyin özüdür. Çünki...
Düz bir il öncə, yəni
2020-ci ilin noyabr ayının 25-də acı bir xəbər eşitdim. El-obamızın, Qarabağımızın, eləcə də Azərbaycan
elminin dəyərli nümayəndələrindən biri həmşə xoş təbəssümü və yumoru ilə yaddaşıma
hopmuş Məmməd müəllim Haqqa qovuşmuşdur. Onun ölüm xəbəri elə dayandığım nöqtədə
məni uzaqlara apardı. Gözümün önündə professor Məmməd Məmmədovun həyat yolu canlandı. Əslində bu, bir kino
lenti idi. Bir alimin, bir ziyalının «Ömür
filmi». Mən o filmi səssiz izləməyə başladım...
Füzulidə, dünyanın Sovet dönəminə aid olan zaman kəsiyində 1937-ci ilin may
ayının 9-da dünyaya gəlmşdi Məmməd müəllim. Ona görə 9 Mayı xüsusi vurğulayıram
ki, həmin tarix bizim dövrün bütün insanlarının yaddaşına Qələbə günü kimi həkk
olunmuşdu! Görünür, Məmməd Məmmədov gələcəyi qələbə ilə tamamlayacaq bir ömür vizası
almışdı Tanrıdan. Ona görə də həyatın bütün çətinliklərindən o ancaq qalib kimi,
qələbələrlə çıxmışdı. Bax elə doğum günü
ilə həyatının bu üst-üstə düşən qələbəsi onun bir növ «Ömür filmi»nin kredosu olmuşdu.
Mən həmin filmin ayrı-ayrı məqamlarına diqqət yetirəndə Məmməd müəllimi doğulduğu
Qarakollu kəndinin mənzərəsini də xatırlamaya bilmirəm. Bu kəndin coğrafiyası, onun
Füzuli rayonunun ümumi mənzərəsindəki yeri o qədər dinamik, o qədər həssasdır ki,
burdan keçib gedən hər kəs yolun üst tərəfindəki dağlara, xüsusi ilə Ərgünəşə tərəf
mütləq boylanır. Digər tərəfdən, bu gün işğaldan azad olunmuş Hadrutun içərisindən
axıb gələn dağ çayının da yaratdığı ovqat, mənzərə və kəndin yaşıllığa bürünməsi
zəhmət adamlarının bu yerə olan sevgisinin adi bir detalıdır. Deməli, «Adamlar doğulduqları
yerə bənzəyirlər»!- deyənlər yanılmayıblar.
Bu mənada Məmməd Məmmədovun kasıb bir ailədə dünyaya gəlib böyük həyata atdığı
addımların böyük bəhrəsi məhz o torpaqla, o yurd-yuva ilə bağlıdır. Yeri gəlmişkən,
bu məqamda Məmməd müəllimin oğlu Süleymanın atası ilə bağlı söylədiyi bir xatirə
yadıma düşür. Süleyman deyir ki, axşam saatları idi, ailəlikcə oturmuşduq. Atam
televizoru izləyirdi. Mən də kənardan ona diqqət yetirir və hazırlaşırdım ki, içimdə
olan bir suala ondan cavab alım. Bu vaxtı qapının zəngi çalındı. Gedib açdım. Tanımadığım
orta yaşlı bir nəfər dayanmışdı qapının ağzında. Üzümə baxıb dedi:
- Əmim evdədi?
Doğrusu, bu adamı ilk dəfə idi görürdüm və onun da «əmi» sözünü dilinə gətirməsi
məni çox təəccübləndirdi. Ona görə düşündüm ki, bəlkə ünvanı səhv salıb:
- Sizə kim lazımdır?
- Məmməd müəllim, əmimi soruşuram da sizdən – dedim.
Səsə atam qapıya yaxınlaşdı. Oğlanı görən kimi onlar bir-birilərinə sarıldılar. Mən də təəccüblə baxırdım. Gözləyirdim
ki, görüm bu söhbətin axırı nə ilə bitəcək. Atam qonağın qoluna girib onu içəri
apardı və üzünü mənə tutub, tez olun, çay-çörək gətirin – dedi. Təbii ki, qonağın
qarşısına çay gəldi. Mən də kənardan oturub onların söhbətini dinləməyə başladım.
Məlum oldu ki, atam gələn bu qonağın özünü
də, ailəsini də çox gözəl tanıyır. Onların
hamısını bir-bir soruşdu. Sonra ərklə dedi:
- Əmin nə yaxşı yadına düşüb, - xeyirdimi?
Qonaq çox ciddi bir problemdən danışdı və atamdan kömək istədi. Atam bir
qədər fikirləşəndən sonra dedi ki, narahat olma, mən lazımi adamlarla danışaram.
Sən arxayın ol, elə hesab et ki, bu məsələ düzəlib. Qonaq gedəndən sonra dedim ki,
ata, axı o gələn adamın dediyi çox ciddi məsələdi. Bunu həll etmək asan olmayacaq.
Atam fikirli-fikirli dedi:
- Bu gələn oğlanı sən tanımırsan. Mən orta məktəbi bitirib, Bakıya oxumağa
gəlirdim. Həyətimizdəki olan bir baş dananı satıb onun pulu ilə atam mənə təzə kostyum
və ayaqqabı almışdı. Horadizə, dəmiryol vağzalına gələndə elə bir yağış başladı
ki, gölməçələri keçmək mümkün deyildi. Dayanıb fikirləşirdim ki, bu sel-suyun içindən
necə keçim vağzalın içərisinə. Bu vaxt bir nəfər mənə yaxınlaşdı. Və soruşdu ki,
ay bala, kimsən, niyə dayanmısan yağışın altında. Gölməçəyə tərəf baxa-baxa dedim
ki, instituta girmişəm, Bakıya gedirəm. Həmin kişi heç nə demədən gəlib məni qucağına
aldı. Özü gölməçənin içindən keçib məni vağzalın içərisinə gətirib qoydu. Mən belə
bir adamı, onun oğlunu unuda bilərəmmi? Bu məsələni ən yüksək səviyyədə də olsa,
həll edəcəm. Həqiqətən, iki gün sonra atam məsələnin həll olunduğunu dedi...
Bu xatirə Məmməd müəllimin təkcə böyüklüyünü, ziyalılığını, yaddaşının gücünü
göstərmir, həm də onun keçmişinə, həyatındakı insanlara etiramını, sevgisini büruzə
verir. Demək, insan hansı mərtəbəyə qalxır qalxsın, dünəninə arxa çevirməməlidi.
Necə ki, Məmməd müəllimin onu tanıdığım bütün illər boyu keçmişə ehtiramına, sözün
yaxşı mənasında həsəd aparmışdım. Elə bu səbəbdəndir ki, təkcə ailəsində, evinin
içərisində deyil, onu tələbə-müəllim kollektivində də, müəyyən dövrdə təmsil olunduğu
parlamentdə də o, sevilən insanlardan olubdur. Ümumiyyətlə, Məmməd müəllimi təkcə
Qarabağda, Füzulidə deyil, Azərbaycanın bütün coğrafiyasında tanıyıb, sevib dəyərləndiriblər.
Ona tələbələrinin sonsuz ehtiramlarının canlı şahidlərindən biri də mənəm. Yaxın
qohumlarım o zamanlar Xalq Təsərrüfatı İnstitutu, indi isə İqtisad Universiteti
olan ali məktəbdə təhsil alırdılar. İnstitutun ən sayılıb-seçilən, ən nüfüzlu professorlarından
biri Məmməd Məmmədov idi. Qohumları söyləyirdilər ki, bəzən Məmməd müəllim bizi
evinə dəvət edirdi. Hansısa dərsi, mövzunu müzakirə etmək üçün. Sonra da süfrə açdırırdı.
Biz bilirdik ki, o, məhz bizi evdə bişən xörəklərə qonaq etmək üçün dəvət edir.
Bəhanə də hansısa bir mövzu olub. Axı tələbə yataqxanasında hazırladığımız yeməklərlə
evdə bişən yeməklərin yerdən-göyə qədər fərqi var. Hətta bəzən o, bizi yola salanda
cibimizə pul da qoyurdu ki, bazarlıq edin. Tələbənin kəmərinin altı bərk olmalıdı.
Yoxsa oxuduğu başına girməz, - deyirdi Məmməd
müəllim.
Zaman öz sürətində... Biz öz yaddaşımızın çevrəsində... Bir də qarşımda
«Ömür filmi». Mən Məmməd müəllimin dostlarından, doğmalarından onsuz yaşadıqları
bu bir ilin ayrılıq nüanslarını, münasibətlərini öyrənirəm. İlk öncə Məmməd müəllimi
yaxından tanıyan Aslan Mehdiyevə üz tuturam:
- Məmməd müəllim mənim həyatımda əsl ziyalı, əsl qarabağlı kimi bir yer sahibi
olub. Bu kişi ilə söhbətlərim, zarafatlarım, müəyyən mövzular ətrafında fikir mübadilələri
etməyim heç vaxt yadımdan çıxmır. Ona görə ki, hər kəsə açıq adam idi. Heç bir sualdan
yayınmırdı. Danışanda da, fikir bildirəndə də elə əsaslandırırdı ki, daha ikinci
suala yer qalmırdı. Görünür, həm müəllim, professor kimi, həm də həyatın bütün çətinliklərini
görmüş insan kimi o özünü zaman-zaman xoş günlərə, uğurlara hazırlayırmış. Nəticədə
də məqsədinə, məramına çata bilmişdi. Necə
deyərlər, həyatın həmlələrinə, zərbələrinə öz dözümü və iradə ilə qalib gələn bir
alim kimi yadımda qalıb Məmməd Məmmədov. Məkanı Cənnət olsun!
Nəbi Muxtarov: - Həm qohum kimi, həm ziyalı kimi, həm də qonşu kimi Məmməd
müəllim bütün parametrləri ilə mənə çox doğma olubdur. Biz bəzən nərd oyununda da
ailənin, rayonumuzun elə məsələlərini müzakirə etmişik ki, onu yalnız Məmməd müəllim
kimi uzaqgörən, həyatın bütün mahiyyətini bilən kişilərlə etmək mümkündür. Hətta
bir-birimizin həyətində hansısa bir ağacı əkəndə də, onun ilk meyvəsini dərəndə
də onu məsləhətləşər, bir-birimizə xeyir-dua verərik. Məmməd müəllim həm də öz çevrəsi
ilə, münasibətdə olduğu adamlar ilə elə bir
təmas xətti yaratmışdı ki, hər kəs öz yerini bilirdi. Bu da mənim dostumun,
qohumumun, əzizimin insanları tanımaq və dəyərləndirmək bacarığının bir göstəricisi
idi. Ümumiyyətlə, Məmməd müəllim haqqında günlərlə danışmaq mümkündür. Çünki o,
həyatının bütün məqamlarında mütləq bir müsbət nələrisə gerçəkləşdirmişdi.
Mətanət xanım: - Mən bu ailənin gəlini olsam da, əslində Məmməd müəllim məni
öz qızlarından daha çox istəyirdi. O, ailədə elə bir şərait yaratmışdı ki, hər kəs
yerini bildiyi kimi, o da hər kəsi layiq olduğu yerdə tuturdu. Ona görə də onun
yoxluğunu bütün ailəmiz kimi mən də hiss edirəm. Çünki onun yeri görünür. Bir dəfə
mənə dedi ki, sənətlərini hazırla. Maraqla üzünə baxdım. Bir də təkrar etdi ki,
sənədlərini hazırlayıb qoyarsan yazı stolumun üstünə, işə gedəndə özümlə götürəcəm.
Təbii ki, dediyini etdim. Bir neçə gündən sonra məlum oldu ki, mən artıq öz ixtisasıma
uyğun olaraq həkim kimi daha məsuliyyətli
sahədə çalışacam. Bu mənə həm də öz elmi işimi tamamlamağa və namizədliyimi uğurla
müdafiə etməyə imkan yaratdı. Yadımdadı, tibb elmləri namizədi adını alanda ailəmizdə
hamıdan çox sevinənlərdən biri də Məmməd müəllim idi.
Ömrünü başa vuranda Məmməd müəllim artıq nəvə, nəticə sahibi idi. Adını daşıyan
nəvəsi Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdu. Onun baba sevinci
aşıb-daşırdı. Digər nəvələrinə nümunə kimi Məmmədi göstərib demişdi ki, oxumaq,
elm sahibi olmaq lazımdır. Həyat, yaşamaq savadlı insanlar üçün daha gözəl olur.
Bu mənada Məmməd müəllimin ömür-gün yoldaşı Həqiqət xanım da, qızları da,
ümumiyyətlə bütün ailə üzvləri onsuz keçən bu bir ilin hər anını öz-özlərində
«Ömür filmi»ni xatırlaya-xatırlaya başa vurublar. Necə ki, mən professor Məmməd
Məmmədov haqqında bu yazını qələmə alanda «Ömür filmi»ni izləyirdim. Çünki o
film gözlərimin önündə idi. Məkanı Cənnət olsun!
P.S. Məmməd müəllim ömrünün son iki ayını böyük sevinclə yaşayırdı.
Çünki o, Füzulinin, Qarabağın işğaldan azad olunmasının şahidi idi. Və əlini
Allaha açaraq dua edirdi ki, bu xoşbəxtlik ona nəsib oldu.