XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Əbülfət MƏDƏTOĞLU : - Özünəqayıdışın başlanğıcı - 4
YAZARLAR 08:29 / 08.11.2021

Mən o başlanğıcı 30 il gözlədim

...Mən yazımın əvvəlində xatırlatmışdım ki, 1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecə gözümün önündə yandırılan evimə baxa-baxa kəndimdən qovuldum. Doğrudur, bizə 30 il qaçqın dedilər. Amma mən heç vaxt bu fikirlə razılaşmırdım. Çünki biz qaçmamışdıq, bizi qovmuşdular, özü də bütün dünyanın gözü qarşısında! Hətta həmin gecənin ən gerçək və birmənalı şahidi həm də Allah idi! Mən onda yazmışdım ki:

Bir ev yanıb, od tutmuşdu o gecə,

Allah harda oturmuşdu o gecə?!

Həmin zaman yazdığım şeirin iki misrasını xatırlatmaqla həmin ağrılı-acılı gecənin mənzərəsini göz önünə gətirmək istəyirəm. Düşünürəm ki, yanan evimi dəhşətli bir acizliklə izləyən mənim durumumu siz də bir anlıq təsəvvür edəsiniz... Və...

Artıq maşın karvanı Hadrutdan Tuğa istiqamət götürüb. Meşə və dağlıqdan ibarət olan dolamaları qalxdıqca, Azər Süleymanov maşındakı gənclərə bu ətraf barəsində məlumat verir. Mən isə susub 30 il ürəyimdə daşıdığım, xəyalımda yaşatdığım, xatirələrimdə gəzib-dolaşdığım bu yerlərdəki dəyişiklikləri, yenilikləri görmək istəyirəm. Amma heç nə dəyişilməyib, bir az ağaclar böyüyüb...Bir az kol-kos artıb... Bir az da (bu mənim hələ də tam mahiyyətini ifadə edə bilmədiyim məqamdı – Ə.M.) dərələr sanki dərinləşibdi... Bəlkə də bu 30 il axan sel-suyun və bir də mənim həsrətimi yuyub apardığı həmin o çamurlardı... Həmin o erməni izləridi... Həmin o mənsizlikdi!

Axı, torpağın, o cümlədən də dağın, daşın, dərənin də yaddaşı var. O da yaddaşı ilə birlikdə yaşadığı kimi ovula da bilir, yuyula da bilir. Bax, bu dərələr kimi. Biz Hadrutun ən yüksək nöqtəsindən üzü Tuğa tərəf enəndə bir anlıq heç yanı görmək mümkün olmadı. Qatı duman bürümüşdü bütün Quruçay vadisini. Duman o qədər bəyaz idi ki, ağ saçlara bənzəyirdi. Belə bir anda Milli Qəhrəman İbad Hüseynov əlini telefona atdı. Bu vadinin şəklini telefonuna köçürtdü. Sonra hiss etdim ki, o videoçəkiliş aparır telefonu ilə. 100-150 metr üzü aşağı enəndən sonra həmin o duman qatı sanki bizim boyumuzdan, maşınımızın hündürlüyündən yuxarı qalxdı. İndi hər tərəf ovuc içi kimi görünür. Belə bir mənzərəni mən ancaq telekanalların dünyanın ecazkar məkanlarından apardığı çəkilişlərdə izləmişəm. Bir də Trabzonda Uzungöl vadisində görmüşəm... Bu məqamda söz acizdi, heç nə deyə bilmir, heç nə ifadə etmir, yalnız susmaq və  ... bir də seyr etmək lazımdı. Onda təbiətlə birbaşa, necə deyərlər, ürək-ürəyə, nəfəs-nəfəsə həmsöhbət olursan...

Bu sükutu Azərin şərhləri pozur. O, sağda, solda görünən kəndlər barəsində, bu meşəlikdəki bulaqlar haqqında, vadidəki saysız-hesabsız qoz və fındıq ağaclarının bərəkətindən, yola boylanan əzgil, zoğal ağaclarından danışır. Bu meşələrdə keçirtdiyim məqamları dilə gətirir. Mən isə onun səsinin ahəngində özümün həmin günlərimi xatırlayıram. Dönürəm vadidən qoz, fındıq, zoğal, əzgil yığdığım günlərə... Hə... Bu da Zəfər yolunun Tuğ yolu ilə kəsişdiyi nöqtə. Yol sağa Şuşaya, sola dönəndə isə Tuğa gedir. Burdan kəndimin mərkəzinə beş dəqiqəlik yol var. Tuğa dönən yolda ürəyimin döyüntüsü özüm üçün artıq eşidiləndi. Elə bilirəm ki, o çırpıntını yanımdakılar da eşidir. Yavaşca əlimi ürəyimin üstünə qoyub ürəyimi sıxıram. Yerindən çıxmaq, qopub məndən öndə qaçıb kəndə çatmaq istəyən ürəyimi idarə etməyə çalışıram. Amma mümkün deyil. Ən ağırlısı odur ki, bu kəndin girişindəki ilk ev mənim yaşadığım, atamın alın təri ilə tikdiyi, bizi böyütdüyü ocaqdı. Kənd mənim ata evimdən başlayır. Ona görə kəndin girişindəki üzüm bağları da, mal ferması da, toyuq ferması da gözümə görünmür. Onlara sanki baxmaq istəmirəm. Özümü inandırmaq istəyirəm ki, 30 il yanan mənim evim olmayıb. O bir yuxudur. Ev yerindədi, mən onu görəcəm, mütləq görəcəm. Amma...

Yuxularım heç vaxt çin olmayıb. İndi yuxu hesab etdiyim, daha doğrusu yuxu olacağına inandığım evimin yanmaması barəsindəki istəyim də çin olmadı. Maşın kəndə girəndə özümdən asılı olmadan oturduğum yerdən qalxdım və sürücüyə «bir az yavaş» dedim. Sürücü öz aləmində idi. Ona görə də dediyimə heç əhəmiyyət də vermədi. Amma mən bu avtobusda olanların hamısına (Azər Süleymanovdan başqa – Ə.M.) baxın, bura mənim evimdir, - dedim. Baxın, kol-kos basıb, yoxdur orda ev, - dedim. Yoxdur indi mənim xatirələrim, sığınan ocaq. Amma torpaq var, kol var, ağac var, daş var, bütövlükdə Tuğ var... var...var...

Bu, bəsimdi. Şükür, çox şükür. Gördüm Tuğu. Gördüm ocağımı, gördüm yuvamı, gördüm kəndimi...

Kəndin ortasında dayandı maşın karvanı. Biz az qala qaçaraq düşdük avtobusdan, kəndi bağrımıza basmaq üçün. Qoyub getdiklərimizi, doğulduğumuz yerləri öpmək, ziyarət etmək üçün. Şəxsən mən hansı tərəfə baxacağımı, ilk nəyi görmək istəyəcəyimi təxmin edə bilmirəm. Özümdən asılı olmadan yanımdakılara deyirəm:

Baxın bu evə, görürsünüz, mən burda doğulmuşam...

Bu an qrupun rəhbəri Niyaz müəllimin səsi eşidilir:

- Cənab Prezident gəldi!

Dərhal hamımız bir yerə toplaşırıq. Azərbaycan Prezidenti maşından düşüb gülə-gülə bizə tərəf yaxınlaşır:

- Tuğa xoş gəlmisiniz! Görürsünüz, Cənnətdi bura! Həqiqətən Cənnətdi. Mən bura gələndə bu gözəllikdən doymuram. Görün, ermənilər bu Cənnətə nə qədər ziyan vurublar...

Hamımız yığışmışıq Prezidentimizin ətrafına. Mən özümdən asılı olmadan deyirəm:

- Cənab Prezident! Mən bu evdə doğulmuşam. Bura mənim babamın evidi. Sağ tərəfdəki məktəbdə oxumuşam. Çox təəssüf ki, indi nə ev var, nə də məktəb...

- Bilirəm, ötən səfərimdə baxmışam buralara. Düşmənin nə qədər qəbilə təfəkkürlü olduğunu, faşist kimi davrandığını hamı yaxşı bilir. Bütün dünya bilir. Bu gözəlliyi məhv etməyə çalışıblar. Amma onlar yanılıblar. Çünki artıq torpağın sahibi qayıdıb. Tuğ indi əvvəlkindən də gözəl olacaq. Biz buranı sanatoriyalar tikib, adamlarımızın, arzu edənlərin istifadəsinə verəcəyik. Bu kənddə hər şey öz ilkinliyini saxlayacaq. Füzulidə hava limanı istifadəyə verilib, oradan bu kəndə 15 dəqiqəlik yoldu. İstəyən buyurub gəlib istirahət etsin, zövq alsın bu gözəllikdən. İndi gəlin göstərim sizə Tuğu.

Biz cənab Prezidentin ardıca məktəbə tərəf gedirik. Pilləkənləri qalxanda yenə Ali Baş Komandana müraciət edirəm:

- Cənab Prezident! Burada bulaq var idi, indi də qalır, amma suyu gəlmir. Bu məktəbdə erməni və Azərbaycan bölmələri eyni vaxtda dərs keçirdi. Biz onlarla bir məktəbdə oxuyurduq. Bu məktəb binası Tuğ bəylərinə məxsus mülk olub. Onların varislərindən Tamella xanım, Mübariz həkim də buradadır.

Bu məqamda professor Mübariz Əliyev söhbətə qoşulur:

- Cənab Prezident! Kəndin söykəndiyi bu dağın ən yüksək nöqtəsindəki o qayalıqda arı pətəkləri var idi. O vaxtlar həmin pətəklərdən balı götürmək üçün kəndirlə yuxarıdan aşağı sallanmaq lazım gəlirdi. Elə gözəl bal olurdu ki, orada...

Ardı var.




12121 oxunub

InvestAZ