XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Əbülfət MƏDƏTOĞLU: Könül rahatlığımın ünvanları
YAZARLAR 09:02 / 02.11.2021

Səfər təəssüratımdan notlar

 

Hər dəfə xəyallarımı, istəklərimi və hətta içimdəki duyğuları bölüşmək istəyəndə, Bakıdan, evimdən, işimdən baş götürüb harasa getmək istəyirəm. Bu nə dəlilik deyil, nə də adamlardan, doğmalardan bezmək. Sadəcə olaraq bu tək qalmaq və bir də o təkliyə dəyər verənlərin nəfəsi çatan məsafədə dayanmaq istəyimdi mənim. Ona görə də içim yüklənəndə, ruhum sözümə baxmayanda yavaş-yavaş yır-yığış edirəm. Bir gün, beş gün, on gün çəkir bəzən bu yır-yığış. Bu da səbəbsiz deyil. Çünki bugünün yır-yığışı dərzinin köçməyinə bənzəmir. Yəqin bilirsiz də dərzi necə köçür. Bilməyənlərə xatırladım:

- Dərziyə, köç! – deyəndə iynəsini yaxasına taxır, qayçısını da qoyur cibinə.

Bax, budur onun köçü. Hara getsə, işini, çörəyini özü ilə aparır. Və ona görə də dərzinin köçü çox asan və sadədir. Bu gün isə mənim və bütün mənim günümdə olanların köçü sözün həqiqi mənasında ağırdan ağırdı. Bu ağırlıq da maddiyyat ilə bağlıdı. Adamlar evindən çıxanda əliylə cibini tutub sıxır, necə gedib necə qayıdacağını düşünmək ona əzab versə də, amma məcburdu cibini sıxmağa. Onun gediş-gəlişi həmin o cibdən asılıdı... Bax, bu mənada mən də səfərə hazırlaşanda, o hisləri yaşayıram. Dostların, doğmaların əl uzatması, yardım göstərməsi nə qədər xoş olsa da, bir yük, bir daş kimi ağırlıq gətirir adama. Ona görə də ürək ağrıdan, sızıltıdan qurtula bilmir və beləcə başlayır yolçuluq...

Bəli, mənim sevinə-sevinə, necə deyərlər, ürəyim atlana-atlana getdiyim iki ünvan var, iki bölgə var. Onlardan biri Naxçıvandır, biri də Trabzon. Hər ikisində özümü o qədər rahat hiss edirəm ki, sanki yenidən doğulmuşam, yenidən gəlmişəm dünyaya. Baş verənlərdən, olmuşlardan xəbərsizəm. Bax, bu hisləri məndə yaradan və yaratdığını da yaşadan hər iki ünvandakı  dostlarımdı. Təbii ki, coğrafi baxımdan da bu ünvanlar Bakıdan çox fərqlənir. Hər ikisindəki səliqə-səhman, təmizlik, gözəllik, hətta havanın, suyun özünün dadı, tamı belə fərqlidi. Bax, bu fərq orada yaşayan adamların səmimiyyətində də özünü göstərir. Halallıq adamın üzünə gülür, könlünü oxşayır. Bu da şəxsən mənim həm ruhuma, həm əsəblərimə, həm ürəyimə məlhəm olur. Və baxıb görürəm ki, rahatlığım məni qayğılardan xeyli uzaqlaşdırır, dilimdəki, qələmimdəki kədər bir az perikib...

Bunu ona görə xüsusi vurğulayıram ki, oxucu mənim ovqatıma köklənə bilsin. Ona bəlli olsun ki, mənim özümdən, Bakıdan, doğmalarımdan qaçmaq istəyimin kökündə nə dayanır, səbəb nədir? Axı səbəbsiz heç nə olmur. Məhz bu mənada mən hətta Naxçıvanla, Trabzonla, hətta telefon danışıqlarımda belə bir rahatlıq yaşayıram.  Deməli, mühit, çevrə və həmin o iki halın içərisindəki səmimiyyət insan üçün çox önəmlidir. Bu mənim illərcə sınadığım, yaşadığım gerçəklikdən çıxartdığım nəticədir. Və...

Bəli, yenə yolum Trabzonadır... Yenə ürəyimi götürüb gedirəm... Yenə həkimim, ürək doktorum Mustafa Hocanın qapısını döyəcəm. Artıq internet vasitəsilə yazışmışıq da. Bilirəm ki, gözləyir məni. Ən çox gözləyən isə can dostum, yer üzündə İNSAN-MƏLƏK adlandırdığım Əhməd bəy gözləyir. COVİD-19-un günahından artıq 3 ilə yaxındır ki, nə Mustafa Hocanı, nə də Əhmədi ziyarət edə bilməmişəm. Ona görə də səbirsizləndim və düşdüm yolun ağına...

Həmişə Trabzona Qırmızı Körpüdən, Batumdan keçib getmişəm. Bu dəfə isə yenə COVİD-19-un günahından yolumu, marşrutumu dəyişməli olmuşam... Naxçıvana uçacam. Ordan keçib gedəcəm üzü Trabzona. Bir neçə gün öncə şair qardaşım Asim Yadigara zəng etdim. Naxçıvana gələcəyimi bildirdim. Təbii ki, hər zaman ürək açıqlığı ilə «Gəl, qardaş, gəl!» deyən Asim Yadigar bu dəfə də həmin ovqatla «Gəl!» dedi. Ondan xahiş etdim ki, Naxçıvandan Türkiyəyə gedən avtobus üçün mənə öncədən yer sifariş etsin. Narahat olma, - dedi. Sən gəl, biz səni yola salarıq, - söylədi. Və...

Bu da sentyabr ayının 28-i. Günorta saatlarında Bakı-Naxçıvan təyyarəsi ilə yola düşdüm. Göyün yeddinci qatına yaxın bir məsafədə olanda ağlıma ilk gələn bir məqam oldu. Bunu yazmasam olmaz. Düşündüm ki, görəsən, hamının dostları mənim dostlarım kimidi, yoxsa, mənim dostlarım SEÇİLMİŞLƏRDƏNDİR?!  Çünki mən onlardan hər zaman layiq olduqlarımdan qat-qat artıq diqqət və sevgi, sayqı görmüşəm. Bu məni şərəfləndirdiyi qədər də həm də daha diqqətli olmağa kökləyib. Elə göyün yeddinci qatına yaxın məqamda da Allahımdan dilədiyim də Ürəyimdəkinə, dostlarıma olan duyğularımın son anıma qədər məni tərk etməməsi istəyi oldu.  Təyyarə Naxçıvan hava limanına enəndə təbii ki, uçuşlardan o qədər də xoşlanmayan bir sərnişin kimi mən dərindən nəfəs alıb özümü dost görüşünə hazırladım. Hava limanında Asim Yadigar gözləyirdi məni. Məni qarşılayan bu böyük insanın, böyük şairin, böyük dostun üz-gözündəki təbəssüm, açılan qolları mənim üçün çox şey demək idi. Onu yazmaq, onu etiraf etmək bəlkə də yersiz görünə bilər. Amma həqiqət nə vaxtsa dilə gətirilməlidi. Mən də bu həqiqəti indi yazıram...

Dost görüşünün bayram olduğunu hamı deyir, hamı yazır. Mən də deyib və yazıram. Onu da  əlavə edirəm ki, bu təkcə bayram deyil, həm də ölçüsüz, davamlı bir yaşamdı. Çünki bayram bir gün, beş gün olur. Amma dost görüşü hər gün xatırlamalarla, telefon zəngləri ilə, yazı-pozu ilə, şəkillərlə, bir sözlə, müxtəlif səbəblərlə uzanır, ömrün böyük bir hissəsinə çevrilir. Ona görə də Asim qardaşımla görüşüb Naxçıvan Yazıçılar Birliyinin binasına yola düşəndə onun dediyi ilk kəlmə mənə tam səmimi deyim ki, yüksək sayqının ifadəsi idi. Asim söylədi ki, Hüseyn də, Əbülfəz də səni qarşılamağa gələcəkdi. Sadəcə olaraq Əbülfəzin səhhətində, Hüseynin isə işində olan səbəblər buna imkan vermədi. Amma bir azdan hamımız yığışacağıq bir yerə. Sənin bilet məsələn də danışılıb, həll edilib. Artıq bizim bircə işimiz var. O da yol çantanı oteldəki otağına qoymaq və sonra...

Bəli, sonrasını mən zaman-zaman Naxçıvanda yaşadığımı artıq onu nə Asim demədi, nə də mən deməsini istəmədim. Çünki bu ikimizə də bəlli olan mövzu idi. Öncə  Naxçıvan Yazıçılar Birliyinə baş çəkib, Asimin iş otağında bir Naxçıvan çayı içdik. Elə bu binada yerləşən Naxçıvan Ağsaqqallar Şurasına, daha doğrusu, şair dostum, ağsaqqal qardaşım Hacı Firudinə baş çəkdim. O da bu gözlənilməz səfərdən çox məmnun oldu, hal-əhval tutdu.  Və qayıtdıq artıq işini başa vurub Yazıçılar Birliyinin həyətində bizi gözləyən yazıçı-publisist, məni həmişə «Mədətoğlu» deyə salamlayan qardaşım Hüseyn Əsgərovun yanına...

Ardı var.



12199 oxunub

InvestAZ