XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Səadət Kərimi : - Milli dəyər daşıyıcısı
YAZARLAR 09:59 / 01.11.2021


Professor Qulu Məhərrəmlinin doğum günü münasibəti ilə

Bu yay pandemiyadan azacıq nəfəs dərib Bakıya səfər etdim, bir müddət paytaxtda qaldım, gözəl Şuşamıza səfər etmək qismətim oldu, ən başlıcası paytaxtda mənə doğma və əziz insanlarla görüşə bildim. Bakıda görüşdüyüm ən dəyərli insanlardan biri də ekranlardan və sosial şəbəkələrdən tanıdığım, əvvəllər verilişlərini sevə-sevə izlədiyim rofessor Qulu Məhərrəmli oldu. Çox səmimi, insan, intellektual həmsöhbət, gözəl dost kimi onunla bu görüş məni çox məmnun etdi. Azərbaycanda belə müasir düşüncəli bir ziyalının, müəllim və alimin olmasına çox sevindim. Ölkədə populyar teleaparıcı, publisist, həm də teletənqidçi kimi tanınan Qulu Məhərrəmli filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədridir.

Çoxları onu televiziya ekranlarından bir aparıcı və siyasi şərhçi kimi tanıyır. Vaxtilə AzTV-də "1000 saniyə” və "24 saat” xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib. 1993-1995-ci illər arasında çox populyar olan "7 gün” analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının ("Təfsilat”, 1995) müəllifi və aparıcısı olub. 1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Bir müddət "Xəbərlər” baş redaksiyasına da rəhbərlik edib. Azərbaycan televiziyasında ən böyük xidmətlərindən biri yeni biçimli proqramlar yaratması və efirə plüralizm gətirməsi olub. Məsələn, indi də efirə gedən və maraqla baxılan "Səhər” musiqi-informasiya proqramını məhz Qulu Məhərrəmli yaradıb və 12 il bu proqramı hazırlayan redaksiyaya rəhbərlik edib.

Qulu müəllim 2007-ci ildə AzTV-ni tərk edərək fəaliyyətini Xəzər TV-də davam etdirib. 2007-2012-ci illər arasında Xəzər TV-də "Dost məclisi” və "Gündəm” proqramlarını aparıb. O dövrdə həmin televiziyanın qurulmasında iştirak edib, məsləhətçi və siyasi icmalçı vəzifələrində çalışıb.

Təpədən dırnağa kimi televiziyaçı olan Qulu Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli filmin ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib. Bir neçə xarici çoxseriyalı filmin Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub. 2016-2019-cu illərdə Gunaz TV-də yayımlanan "Mətbuat aynasında” proqramının aparıcısı olub və bu kanalın populyarlaşmasında ciddi rol oynayıb.

Elmi ictimaiyyət Qulu müəllimi nüfuzlu jurnalistika mütəxəssisi, nəzəriyyəçi-alim, bu sahənin aktual problemlərinə dair əsaslı tədqiqatların, dərslik və lüğətlərin müəllifi, Azərbaycan türkçəsinin müasir problemlərini araşdıran və Ana dilinin təmizliyi uğrunda əzmlə mübarizə aparan alim kimi tanıyır. 1982-ci ildən elmi fəaliyyətlə məşğul olan Q.Məhərrəmli 1989-cu ildə "Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə "Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Jurnalistika üzrə ölkədə ilk elmlər doktorudur. Elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi

nəzəriyyəsi, televiziya və radionun tarixi, aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur.

Milli dəyər daşıyıcısı olan Qulu Məhərrəmli həm də ölkədə Qarabağ və Cümhuriyyət mövzusunun gündəmdə qalmasına ən çox çalışan, bununla bağlı saysız-hesabsız məqalə və şərhlər yazan istedadlı publisistdir. Onun "Zamanın rəngləri” (2013) və "Gələcəyə ön söz” (2019) publisistik məqalələri toplanmış kitablarında əsas mövzular da elə bunlardır.

Mən Qulu hocamı həm də Azərbaycanda ziyalıları bir araya gətirən, müxtəlif görüşlü məslək adamları arasında körpü yaradan, milli məsələlərdə faydalı insanlarımızı tapıb üzə çıxaran ictimai şəxs kimi tanıyıram. O, İsveç televiziyasında ”Açıq Kanal” adlanan platformada həftədə bir dəfə bir saat efirə gedən ”Azərbaycan”proqramının hazırlanmasına təmənnasız yardım edir. Bu proqramı ərsəyə gətirən prodüser və rejissor, İsveçdə yaşayan soydaşımız Rahim Sadıqbəyliyə ən çox dəstək verənlərdən biri məhz professor Qulu Məhərrəmlidir.

Qulu Məhərrəmli ictimai xadimdir və onu milli dəyərləri yaşadan təşəbbüsləri ilə tanıyıram. Ən əsası isə AXC qurucularının irsinə sahibləndiyinə görə, ”Məhəmməd Əmin Rəsulzadə EV muzeyi” ictimai qurumun yaradılmasında olan zəhməti və təşəbbüskarlarından olduğu üçün özəlliklə Qulu hocamı çox sevirəm. Təşəbbüs qrupunun üzvləri Azərbaycanın Əməkdar rəssamı, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Solmaz Rüstəmova-Tohidi, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli, yazıçı-publisist, Rəsulzadələr ailəsinin tədqiqatçısı Nəcibə Bağırzadə, hüquqşünas, Milli Hüquq Evinin rəhbəri olmuş, bu ilin yazında koronadan rəhmətə gedən Nicat Gözəlov oldular. Bu gün qrupun bir çox dəyərli ziyalılardan ibarət üzvləri vardır. Mən də həmin ictimai qurumun bir üzvü olduğumdan çox məmnunam və bununla fəxr edirəm. Qurumun əsas məqsədi Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı, İstiqlal məfkurəsinin və "azərbaycançılıq” ideologiyasının yaradıcısı, görkəmli ictimai, siyasi və dövlət xadimi, ədib, publisist M.Ə.Rəsulzadəni Vətənə qaytarmaqdır. Bu işə ”qədirbilən Xalq, minnətdar Millət, şüurlu Vətəndaş Cəmiyyəti olduğumuzu sübut etməklə biz başlamalıyıq və biz də onu başa çatdırmalıyıq. Bu işin mənəvi və maddi məsuliyyəti da bizim öhdəmizdə olmalıdır! Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” layihəsi Dövlətlə Xalqın, Hakimiyyətlə Cəmiyyətin birliyinin ən bariz nümunəsi ola bilər” – ictimai qurum üzvlərinin ümumi fikri belədir.

Noyabrın 2-də dəyərli Qulu Məhərrəmlinin doğum günüdür. Mən hər zaman ədalət və həqiqətin yanında olan, həmişə bu cəmiyyəti maarifləndirməyə çalışan heç vaxt prinsipiallığını, qürurunu və illərdir qazandığı hörməti itirməyən ziyalımızı bu münasibətlə ürıkdən təbrik edirəm! Sizə bütün qəlbimlə sağlıqarzulayır, işlərinizdə daim uğurlar diləyirəm.

Səadət KərimiYazıda Səadət xanımın imzasını belə vermək lazımdır:

Səadər Kərimi,
İsveçin KTN universitetinin dosenti, riyaziyyat elmləri doktoru,
Aydınlar Ocağının sədri



6429 oxunub

InvestAZ