XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Əbülfət MƏDƏTOĞLU yazır: Özünəqayıdışın başlanğıcı - 3
YAZARLAR 10:50 / 30.10.2021

YA

Mən o başlanğıcı 30 il gözlədim

 

Qarabağ otelinin ümumi mənzərəsi və oradakı uyut elə bizim həsrətini çəkdiyimiz yerlərin müəyyən mənada oxşarı idi. Və biz bu oteldə yerləşəndən sonra həyətə düşüb Bəxtiyar Qaraca ilə söhbət edə-edə ətrafı gözdən keçirtdik. Necə deyərlər, məkanımızla bir az yaxından tanış olduq. Tələbəlik dostum Eyvaz müəllim həmişəki isti yumoru ilə mənə tərəf bir söz atdı:

- Şair, nədi yenə baş-başa vermisiniz?

Mən də elə həmin səmimiyyətlə cavab verdim:

- Biz elə həmişə  baş-başayıq, sözümüzü, fikrimizi bölüşürük. İnd idə sizin qonağınızıq. Gəlmişik, fikir çevrəmizi bir az da genişləndirək, tələbəlikdə olduğu kimi həm şeirdən danışaq, həm özümüzdən, həm də günümüzdən.

- Bu gün şeirdən danışmayacağam. Mövzumuz ancaq Qarabağdı, Tuğdu. Ona görə də gəlin, süfrə başına, qonaqlar hamısı artır əyləşib. Sonra istədiyiniz qədər söhbətləşərik. Qarşıda uzun bir gecə var – dedi Eyvaz müəllim.

Qarabağ otelində açılmış süfrə başında yerimizi tutduq. Sağ olsunlar əziyyət çəkənlər. Zövq oxşayan, ən vacibi isə adama qayğı və diqqətlə hazırlanan bu məclis əsl ziyafət idi. Özü də Tuğa gedən yolun başlanğıcındakı ziyafət! Bunu unutmaq, buna dəyər verməmək şəxsən mənim tərəfimdən nankorluq olar...


Bəli, yeməkdən sonra yenə müxtəlif mövzularda söhbət, fikir mübadiləsi Asif müəllimlə Mübariz həkimin, Elman müəllimin, təbii ki, Eyvaz müəllimin hakimliyi ilə nərd oyunu həmin gecənin şənliyinə, ovqatına xüsusi bir istilik qatdı. Demək olar ki, az qala gecə yarıya qədər bizim qarşılıqlı fikir mübadilələrimiz səngimədi. Sonra hər kəs öz otağına çəkildi. Mən, Bəxtiyar Qaraca və Mübariz həkim də öz otağımıza...

Səhər sübhdən oyandıq. Yenə testdən keçdik və səhər yeməyindən sonra artıq saatın əqrəbləri 8:30-u göstərirdi. Biz Hadruta gedirdik, karvan yola düşmüşdü. Mən belə düşündüm ki, yəqin Horadiz yolu ilə gedəcəyik Hadruta. Amma hərəkətin istiqamətini izləyəndə gördüm ki, Zəfər yoluna qayıtdıq. Əhmədbəylidən Füzuliyə, oradan Şuşaya gedən yola. Yolun rahatlığına heç kimdə şübhə olmasın. Bu yolda adamı sıxan yalnız düşmənin viran qoyduğu dağılmış yurdlarımızın görüntüləridi. Hətta üzüm bağlarını da doğrayıblar. Tək-tək evlərin uçuq divarları qalıb. Qəbir daşları da çiliklənibdi... Baxdıqca adamın ürəyi od tutub yanır. Dilinə, ağlına ən acı, ən təhqiramiz sözlər gəlir. İnsanlıqdan uzaq bir  qəbilənin törətdiyi bu cinayətin adını tapmaq mümkünsüzdü...Yol gedə-gedə hardansa yadıma hələ 1992-ci ildə yazdığım kiçik bir esse düşür. Onda yazmışdım ki:

Ana qucağından

isti yer,

Körpə qığıltısından

həzin musiqi -

Varmı dünyada?!

Ana – Ana  

torpaq,

Övlad-əsgər.

Başını söykədiyin

sinəyə

sevgini göstər...

Ağrısını süd kimi əm!

Qəmin kəm,

Ana, qəmin...

Qəmin kəm torpaq,

Qəmin kəm...

 

Bilmirəm, hardan düşdü yadıma bu esse. Amma əsgər – Övlad aldı Ananın qisasını. Aldı torpağın qisasını... Və Ananı ziyarət etdi, başının üstünə qaldırdı. Onu Ana ucalığına yüksəltdi – Əsgər! 

Biz Fuzuli şəhərini keçib gedirik. Mən yol boyu bu yerlərə o qədər qəribə nəzərlərlə, duyğularla baxıram ki, elə bil gördüyüm hər şeyi köçürmək istəyirəm, hopdurmaq istəyirəm varlığıma, gözlərimə. Bunun səbəbi də məlumdur. 30 il həsrətini çəkmişəm. Hər qarışına bələd olduğum bu yerə 30 il tamarzı qalmışam... Ona görə «acgözlük» edirəm. Biz Zəfər yolunu Tuğ kəndinə yaxın ərazisindən Hadruta tərəf dönürük. Yolumuzun sağ cinahından Tuğ kəndi boylanır. Başında bir topa bəmbəyaz bulud olan, bəmbəyaz duman olan Tuğ kəndi. Gənc dostlarım bu yerləri görməyiblər. Çünki onların uşaqlığı Vətəndə Vətənsizliyə qurban gedib.  Yurddan, yuvadan uzaqda böyüyüblər. Bu səbəbdən onların Tuğ vadisinə, Quruçay çökəkliyinə necə qeyri-adi bir gözlərlə baxdıqlarını, telefonlarının kamerasına köçürməyə cəhd etdiklərini izlədikcə içimdə həm qürur hissi, həm də məhz bu gənclərin qəhrəmanlığı sayəsində yurdun azad olmasını böyük fəxarətlə yaşayıram. Onlara bir dəli minnətdarlıq gəlib keçir ürəyimə. Tez-tez hər ağacın, hər daşın görünüşünə münasibət bildirən, fikir soruşan Milli Qəhrəmanımız İbad Hüseynovun, Ceyhun Əliyevin, adaşım Əbülfətin sualları, istəkləri bu yolu müqəddəs bir ziyarətin yolundan da önəmlidir mənim üçün. Çünki biz 30 ildən sonra qovularaq getdiyimiz yerə qalib kimi qayıdırıq. Və bu qalibiyyəti Azərbaycana yaşadan Ali Baş Komandan da bizimlə məhz burada görüşmək qərarını qəbul edib. Biz həm Hadrutu, Tuğu ziyarət edəcəyik, həm də Komandanımızla görüşəcəyik!

Bu da Hadrut qəsəbəsi. Dolamaları qeyri-adi meşə mənzərəsini keçib daxil olmuşuq bu qədim yaşayış məskəninə. Elə ilk diqqətimizi çəkən də bu qədim ünvanda tikintiyə hazır edilmiş meydançadı. Qeyri-ixtiyarı yol-yoldaşımız Azər Süleymanovdan soruşuram:

- Azər, burda nə tikiləcək?

- Cənab Prezidentimiz burada məscid binasının təməl qoyulmasını edəcək.

İnanın ki, bir anlıq susdum və sanki içimə hardansa bir işıq doldu. Demək, özümüz qayıtdığımız yerə inancımız, dinimiz də möhtəşəm bir şəkildə qayıdır. Bax, bu qələbənin mənə görə ən önəmli atributlarından biridir. Çünki Hadrutdan Azan səsi yüksələcək və bir də mənə məlum olan Hadruta dair tarixdə heç vaxtı bu ərazidə məscid olması barədə fikirə rast gəlməmişəm. Məncə, bu İlkdir!

Bəli, Hadrut qəsəbəsini yol-yoldaşlarıma təqdim edirəm. Bu Hərbi Komissarlığın binasıdı... Bu milisin... Bu raykomun... Bu xəstəxananın və s. Biz Hadrutun mərkəzindəki böyük çinarın dibindən keçəndə bir xatirə yadıma düşür. Deməli, bu ağacın dibində gözəl bir çayxana  var idi və çayxanada işləyən erməni qadın da elə çinarın dibindəki bulaqdan da su götürüb qaynadıb satırdı müştərilərinə. Amma qəndi o qədər xırda doğrayırdı ki, yalan olmasın düyüdən, buğdadan bir az böyük. Səbəbini soruşanda deyirdi ki, ara, siz elə qəndi yeyirsiniz. Ona görə belə doğrayıram. Biz də onun acığına erməni qadın başqa masaya yaxınlaşanda, qəndi ovucla atırdıq ağzımıza.  Guya ki, erməni arvaddan qisas alırıq. Həmin xatirəmi yol-yoldaşlarıma danışdım. Necə deyərlər, onları da bu çayxanaya, keçmiş illərimə çəkib apardım.

Hadrut qəsəbəsinin ortasından axan Qozluçayın sağ sahilində hazırlanmış meydançada Ağ Çadır qurulub. Bu çadıra baxanda yadıma Dədə Qorqud dastanındakı məqamlar düşdü...

Bir azdan hamımız çadıra daxil olub öz yerlərimizdə əyləşirik. Hamı kimi mən də həyəcanlıyam. İlk dəfədir ki, Ölkə Prezidenti ilə bu qədər yaxın məsafədə, bu qədər gözəl aurada 30 il həsrətini çəkdiyim ünvanda görüşəcəm. Onun nitqini, tövsiyyələrini, təkliflərini dinləyənlərdən biri də Hadrutda mən olacam... Budur, Ali Baş Komandan Ağ Çadıra daxil olur. Onu ayaq üstə qarşılayırıq. Səmimi bir təbəssümlə Ölkə Prezidenti hamımıza «Xoş Gəlmisiz!» deyir və bu gözəl yerdə qoruyucu maskalarınızı çıxara bilərsiniz. Hətta bu səmimiyyətə bir az da əlavə təbəssüm qatacaq bir söz də dilə gətirir. Azad olunmuş torpaqlarımızı bizə heç kimin gücü çata bilməz!

Həmin görüşün təəssüratı, orada yaşadıqlarım, dinlədiklərim ömrümə yazılan və ömrümdə yaşayan bir tarixdir. Onu sözə çevirmək, onu sözlə ifadə etmək o qədər də asan deyil. Və mən hələ ki, Hadrutda yaşadıqlarımı bütünlükdə ifadə edəcək gücü özümdə toparlaya bilməmişəm. Bircə onu yaza bilərəm ki, həmin gün mən yer üzünün ən xoşbəxt, ən güvənli bəndəsi idim. Çünki Qarabağda idim! Çünki Hadrutda idim! Çünki yanımda Ali Baş Komandan dayanmışdı! Mən bir əsgər olaraq bu qürurun mahiyyətini ifadə etməkdə yalnız bir söz tapa bilirəm. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ordumuz və Onun Ali Baş Komandanı!  

Bu görüşün yekununda cənab Prezidentimiz hər kəsi Tuğa dəvət etdi və dedi ki, gəlin, Hadrutda da birlikdə bir xatirə şəkli çəkdirək və sonra gedək Tuğa!

Bu cümləni oxuyanda sizin hansı hissləri keçirtdiyinizi deyə bilmərəm. Amma mən onda da, elə indi də özümü anasının üstünə yüyürən uşaq kimi hiss edirəm. Axı mən kəndimə gedirəm. Elə yol boyu da ağlıma gələn misralar bu oldu.

 

Kərpic-kərpic, hörə-hörə həsrəti -

Zirvəsinə ucalaraq yaşadım.

Əritdikcə gözümdəki ümidi –

Mən illəri qocalaraq yaşadım.

 

Hər anını yüz illiyə tay tutdum,

Varlığımdan ünvanına pay tutdum.

Sapand atdım, nə də vallah yay tutdum –

Son dözümü bac alaraq yaşadım.

 

Dizim yerdən, gözüm göydən asıldı,

Qəm sinəmə damğa kimi basıldı.

Düz 30 il göz yaşımla yazıldı –

Şeirlərim, qıc olaraq yaşadım.

 

Şükür gəldim, şükür gördüm və bir də,

Bildim, xoşbəxt yoxdur məndən bu yerdə!

Ürəyimdən qanadlanan şeirlə –

Vətən! – deyib, güc alaraq yaşadım.

 

Ardı növbəti şənbə sayımızda


10193 oxunub

InvestAZ