XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU yazır : - Təqdimatı sevməyən yazıçı-publisist Nemət Veysəlli ilə günümüzün söhbəti
MÜSAHİBƏ 14:53 / 27.10.2021


Həmsöhbətimi sizə təqdim etməyə ehtiyac duymuram. Ona görə ki, Azərbaycanda sözlə, mətbuatla təması olan publisistikanın mahiyyətini bilən hər kəs Nemət Veysəlli imzasını tanıyır. Asta-asta danışmağı, elə danışdığı kimi də fikirlərini, düşüncələrini oxucuya hopdurmağı bacaran Nemət Veysəlli yazıçı-publisist kimi sözə çiyin verib, onu həmişə üst qatda saxlayıb. Və şəxsən mən hər gün öyrəndiyim Nemət Veysəllinin yazısına, publisistikasına aşağıdan yuxarı baxıram. Bu baxışda həm sevgi var, həm də bir az yumşaq desəm, həsəd. Elə bu yerdə onu da xatırladım ki, Nemət Veysəlli təkcə qələmi ilə, düşüncələri ilə, yazıçı-pozusu ilə deyil, həm də öz varlığı ilə vətənə bağlı adamdır. Təsəvvür edin ki, yaşının 50-ni ötüb 60-a tərəf yol getdiyi zamanda o, Bakıdan, isti ev-eşiyindən, populyar «Ulduz» jurnalındakı şöbə müdiri vəzifəsindən ayrılıb, birinci Qarabağ müharibəsinə hərbi jurnalist kimi getdi və səngəri də, ölüm-itimi də, barıt qoxusunu da, hətta, sinəsinə sıxıb ağladığı yaralının, şəhidin son sözlərini də eşitdi...

Bu qısa təqdimatdan sonra keçirəm mətləbə. Demək istəyirəm ki, həmişə özümə ağsaqqal, həm də müəllim saydığım Nemət Veysəlli ilə söhbət etmək mənim üçün çox asanddır. Çünki Nemət Veysəlli özü adamı danışdırır. Üstəlik, o elə bir şərait yaradır ki, həmsöhbəti şəraitə deyil, Nemətin ovqatına köklənir. Və beləcə bir də baxırsan ki, vaxt əriyib gedib, yaddaşda da Nemət Veysəllidən, sözün yaxşı mənasında «çırpışdırdığım» xatirələr, fikirlər, örnəklər qalıb. Elə bu söhbətimizdə də belə oldu:

- Nemət müəllim, biz və eləcə də bütün vətəndə vətənsiz olan qaçqın, köçkün soydaşlarımız nəhayət ki, yurda dönüşün başlanğıcındayıq. İkinci Qarabağ savaşı böyük Zəfərlə bizə qələbənin dadını yaşatdı. İndi geriyə - yurda köç dövrüdü. Yəni, onun astanasındayıq...

- Əbülfət, gəl belə danışaq. Mən içimdəkiləri deyəcəm, qalanını özün necə bilirsən, elə də sıralayarsan...

- Buyurun.

- Əvvəlcə başlayıram redaktor məsələsindən. Mən ömrümün çox hissəsini mətbuata həsr etmişəm və birmənalı şəkildə deyirəm ki, bütün sahələr üzrə kadr tapmaq mümkündür, yalnız redaktordan başqa. Redaktor olmaq, redaktor tapıb ortaya çıxarmaq çox çətin məsələdi. Azərbaycan mətbuatında mənim gördüyüm Anar, Cəmil Əlibəyov, Nəriman Həsənzadə, İntiqam Qasımzadə və sənin işlədiyin «Ədalət» qəzetinin redaktoru – Aqil Abbas. Bu adamlar qəzeti də, qəzetçiliyi də bildikləri kimi, onu nüfuzda saxlamağı da çox gözəl bacarıblar. Son 30 ildə mən nə yazmışamsa, onun demək olar ki, hamısı «Ədalət» qəzetində çap olunub. Mən hansı xarakterin sahibiyəm, özün bilirsən. Yəni məndə kiməsə yarınmaq yoxdur. Artıq 80-i də haqlamışam, bundan sonra da heç kimə yarınası deyiləm. Bunu ona görə vurğulayıram ki, mənim Aqil Abbasa, onun «Ədalət» qəzetinə hörmətim yalnız mətbuatdakı dürüst yoluna görədir. Hətta

məndən soruşublar ki, Nemət, sənin bu yazılarını çap edən qəzet nədənsə narahatlıq keçiribmi? Demişəm ki, onu redaktordan və qəzetdən soruşun. Bilirsən niyə? Ona görə ki, mən heç bir yazını nəyinsə xatirinə və ütülü yazmıram. Ütülü olmayan yazı da tək-tək redaktorun xeyir-duasını alır. Bax, bu səbəbə görə mən cəsarətli redaktorlara həmişə sayqı ilə yanaşmışam.

Hə, indi gələk sənin dediyin məsələyə. Yəni, yurdumuza dönüşə. Mən Yuxarı Veysəllidə uşaqlığımı, xatirələrimi, anamın qoxusunu, atamın ruhunu qoyub gəlmişəm. Tağbəndimiz qalıbdı, divarımız qalıbdı, ağaclarımız qalıbdı. Bunların hamısı üçün çox darıxmışam. Müharibə dövrü yaşadıqlarım, şahidi olduğum hadisələri yazanda mən o torpağı qarış-qarış tanıyan qələm adamı kimi təkcə yazı borcunu yerinə yetirmək xatirinə yox, həm də olanları gələcəyə ötürmək üçün heç nəyi gözdən qaçırmamağa çalışmışam. Bir az açıq deyim. Bakıda, Sumqayıtda, hansısa bir bölgədə oturub Qarabağdan, müharibədən yazmamışam. İndi də həmin şəhid, baş leytenantın səsi qulağımdadır. Yaralı vəziyyətdə sinəmə sıxmışdım, dedi ki, müəllim, sizi and verirəm Allaha, olanları, gerçəkləri yazın. Qoy, bilsinlər ki, biz havayı güllənin qurbanları deyilik, biz döyüşmüşük.

- Nemət müəllim, mən cəbhədə, döyüş bölgəsində sizin nələrdən keçdiyinizi və onların samballı kitablara çevrildiyini yaxşı bilirəm. Bu barədə sizinlə mübahisə etmək mənə görə ağılsızlıq olar. Lakin etiraf edək ki, ikinci Qarabağ müharibəsi bizi kimliymizə qaytaran müharibə oldu. Birinci müharibədə biz fərd idik, ikincidə millət, xalq olub döyüşdük...

- Doğru deyirsən, mən ikinci müharibənin getdiyi günlərdə Beyləqanda idim. Ordan Horadizə getdim. Elə istəyirdim ki, səngərə atım özümü. Orda baş verənləri üç addımlıqdan izləsəm də, döyüşə gedənlərin təbəssüm dolu sifətləri, onlardakı ruh yüksəkliyi və bir də yol boyu keçən hərbi kalona adamların verdiyi paylar – kimi siqaret, kimi meyvə, kimi çörək və s. uzadırdı – məni uşaq kimi ağlatdı. Düzdü, əsgərlərin ona ehtiyacı yox idi. Adamlar əsgərlər üçün nəsə eləmək istəyirdi. Bax, onda inandım ki, döyüşən oğulun yanında təkcə ata-anası yox, həm də bütün xalq dayanıb. O əsgər qalib gələcək və qalib də gəldi!

- Nemət müəllim, biz köçün nə olduğunu bilirik...

- (sözümü kəsir) Bilirəm, yadımdadı. Əvvəl də bu məsələyə toxunmuşdun. Yadımdadı, Horadiz-Beyləqan yolu. Cəbrayıldan, Zəngilandan, Füzulidən, Hadrutdan qovulanlar. Sənə bir detalı deyim. Bir araba gəlirdi. Arabaya başqa bir qoşqu da qoşulmuşdu. Onun içərisində bir neçə toyuq-cücə, iki quzu və bir də balaca bir qız uşağı oturmuşdu. Sən bu mənzərəni təsvir edə bilirsən? İnsan evindən qovulur və özü ilə apardığı bunlardır. O qız uşağının baxışları bu gün də gözümün önündədi və bu gün də yuxumdan çıxmır. Bəlkə də o qız indi ailə sahibidi və yəqin ki, üzü geri qayıdanda baxışları tamam fərqli olacaqdır. O ki, qaldı mənim başlanan böyük köçlə bağlı fikirlərimə... Mən dövlətdən heç nə istəmirəm, yazıçıyam, övladlarım böyüyüb, təqaüd alıram. Sadəcə bircə istəyim var. Kəndimdəki həmin yerdə atamın, anamın ruhu dolaşan o ünvanda öz bünövrəmin üstündə gücüm çatan bir ev tikim. Daşı da özümdən, qumu da özümdən, hətta fəhləliyi də özüm edərəm. Bilirsən ki, Bakıda müəyyən şəraitim var, amm yaşımın bu çağında ora qayıtmaq, o evin tağbəndində oturub xəyala dalmaq, o evin pəncərəsindən ətrafa baxmaq ən şirin arzularımdandır. Hələ ki, dizimdə təpər, qolumda güc var. Kəsilən ağaclarımızın yerinə ağac da əkə bilərəm. həyət-bacamızda səliqə-səhman da yaradaram. Təki Yuxarı Veysəllidə, öz daşımın üstündə oturum.

Mən Nemət Veysəlli ilə etdiyim söhbəti diktafona yazmışdım. Amma bu yazını kağıza köçürəndə diktafonu qoydum bir kənara. Bəlkə də buna görə də Nemət müəllim məndən inciyəcək. Amma içimdən bir səs gəldi ki, Nemət Veysəlli ilə etdiyim söhbətdən yaddaşımda qalan, sənin ruhuna hopan nə varsa, onu yaz. Mən də belə etdim.

Və sonda «Ədalət»in oxucularına onu da demək istəyirəm ki, artıq 80 yaşını haqlamış müharibə veteranı Nemət Veysəlli yazıçı-publisist kimi, ziyalı kimi, təkcə doğulduğu Yuxarı Veysəlli kəndini yox, həm də bütün Azərbaycanı çox yaxşı tanıyır. Üstəlik, bu insanın yaddaş kartında yurdumuzun, adamlarımızın, qaçqınlığımızın, müharibəmizin elə anları yaşayır ki, onun hər biri barəsində saatlarla danışmaq mümkündür. Xüsusilə Nemət Veysəllinin birinci Qarabağ müharibəsinə aid xatirələri özünün kitaba çevrildiklərindən də qat-qat çoxdur. Və düşünürəm ki, Nemət Veysəlli o yaddaş kartındakılardan hələ bizə çox yazacaq və çox danışacaqdır. Yəni, onunla yenə həmsöhbət olacağıq.


3121 oxunub

InvestAZ