XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLUNDAN : - Həsrətinin yaşını bilən şairə məktub
YAZARLAR 08:11 / 27.10.2021

ahiri Rzanın yeni kitabı barəsində ilk təəssürat

Bəri başdan deyim ki, Tahir müəllimlə tanışlığımın və sonra da bugünkü dostluğumun kökündə HALAL SÖZ durur. Dünyanın müəyyən hissəsini, sifətlərini gəzib görmüşəm. Necə deyərlər, altmışın kürəyini yerə vurduğumdan dünyadan və onun əməllərindən də az-çox xəbərim var. Ona görə də sözün çəkisini də, onun qiymətini də bir az öyrənmişəm. Bax, elə o bir azın içərisində HALAL SÖZ mənim üçün həmişə önəmli olubdur. İstər söhbətlərimdə, istər yazı-pozumda istəmişəm ki, HALAL SÖZÜN üstünə toz qonmasın. Bu mənada dostlarımın, özümə simsar bildiyim hər kəsin sözündə də həmin nüansları önəmli saymışam və...

Tahir müəllimin ictimai-siyasi fəaliyyəti seçicilərinə, Azərbaycan mühitinə məlumdur. Amma onun bədii, elmi yaradıcılığı təbii ki, oxucularına, bir də elmi ictimaiyyətə bəllidir. Mən də Tahir Rzanın oxucusu olaraq, onun şeir kitablarının demək olar ki, əksəriyyətini mütaliə etmişəm. Və hətta oxucu kimi də həmin kitablara söhbətlərimdə də, yazılarımda da münasibətimi müəllifə çatdırmışam. Ona görə də Tahir Rza yaradıcılığı barəsində danışmaq, yazmaq mənə çox da çətin deyil. Dediyim kimi, bunun da başlıca səbəbi onun ədəbi mətbəxinə bələd olmağımdır.

Bugünlərdə Tahir müəllimlə yenidən həmsöhbət oldum. Daha dəqiq desəm, onun hələ mətbəə qoxusu canından çəkilməmiş «Həsrətimi yaşı dünya qədərdir» şeirlər kitabı ilə baş-başa qaldım. Həmişəkindən fərqli olaraq, Tahir müəllimin bu kitabındakı şeirlər bir növ qələmə alındığı zamanın ardıcıllığı ilə düzülüb. Yəni, müəllif öz şeirlərini hansısa fəsilə, hansısa mövzu qrupuna ayırmayıbdı. Ona görə də şeirləri oxuduqca tez-tez mövzu baxımından ayrı-ayrı mühitə düşməli olursan. Məsələn, müəllif yazır:

Bir anlıq çevrilib, keçmişə baxdım,

Tarix kül üfürdə gözümə mənim.

Köksümdə kükrəyən təşvişə baxdım,

Bir kimsə gülmədi üzümə mənim.

Bu şeirində şair zamanla özünü qarşılaşdırır, dünənlə bugünü üz-üzə gətirir. Və poetik şəkildə bildirir ki, tarix nə qədər təkrarlansa da, hadisələr nə qədər bir-birinə bənzəsə də, amma onların hər birinin hökmü, qərarı, məhz zamanın içərisində güclü olur. Yəni, zamanın hökmünü dəyişmək mümkünsüzdü. Deməli, o adamlar uzaqgörən və qalibdirlər ki, onlar zamanın nəbzini öz nəbzi kimi duyur. Nəticədə də kimsə ilə, hətta tarixin özü ilə də çəkişməli olmur. Və yaxud başqa bir şeirində şair vurğulayır:

Dərdin heykəlini ucaldan olsa,

Baş əyib önündə səcdə edərəm.

Vusalım, sevincim dərddən doğulsa,

Ən çətin yolları keçib gedərəm.

İlk baxışdan sadə, həm də poetikdir. Amma məna yükü, təbii ki, ona varsan, görərsən ki, çox tutumludur. Axı dərdin heykəlini heç kim ucalda bilməz. Bu, mümkünsüz bir istəkdir. Onu yalnız Yaradan özü ucaldır və özü də görür. Biz bəndə olaraq, hər birimiz öz boyumuza biçilmiş dərdi biçirik. Lakin şair təkcə öz boyuna biçilmiş dərdi yox, bütövlükdə insanlığın probleminə, qayğısına, yükünə çevrilən dərddən söhbət açır, onun heykəlini görmək istəyir. Ən maraqlısı budur ki, Tahir Rza bununla kifayətlənmir. O, həm də oxucuya bildirir ki, mənim vüsalım, sevincim dərddən doğulub dünyaya gəlsə, mən onun əlindən tutub bütün çətinlikləri yarıb keçərəm. Ona görə ki, özümün olan dərd həm də dayağımdı, həm də güvəncimdi. Bax, mənə görə HALAL SÖZ və onun gücü də məhz budur.

Tahir Rzanın «Həsrətimin yaşı dünya qədərdir» kitabında vurğuladığım kimi mövzular rəngarəngdi. Onun kitabda yer alan qoşmalarında da özünü ifadə həmin o rəngarəngliyin fonunda diqqəti çəkir. Yəni, poeziyamızın bəlli üslublarından biri olan qoşmanın Tahir Rza qələmində yeni nəfəsdə ortaya çıxması az, amma dəyərli yaradıcılıqla məşğul olan şairin sözə yanaşmaq ustalığından, sözə dəyər vermək peşəkarlığından qaynaqlanır. Məsələn, şair yazır:

Yanır qəlbim yağı – dedim,

Dağ çəkməz bu dağı – dedim.

Öz-özümə ağı dedim,

Güldüm, ağlaya-ağlaya.

Və yaxud

İnsansansa fərqinə var,

Hər bir sözdə hikmət axtar.

Səni görəndə qoysunlar

Adam yerinə yerinə.

Mən dəyərli millət vəkilimiz, dostum, qardaşım Tahir Rzanın bu poeziya çələngi barəsində, necə deyərlər, atüstü, isti-isti ürək sözlərimi, oxucu fikirlərimi sizinlə ona görə bölüşdüm ki, ədəbi mühitimizə şairin bir qom bənövşə ətirli şeirlərinin qonaq gəldiyindən xəbəriniz olsun.





5105 oxunub

InvestAZ