XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Coşqun XƏLİLOĞLU yazır : -Qəlblərdə yaşayan insan
Ədəbiyyat 11:37 / 23.10.2021


(Atam Xəlil Əziz oğlu İbrahimlinin əziz xatirəsinə ithaf)

Həyat qulağımdan bir məsəl asdı,

Qoy deyim, gərəyin olar bir zaman.

Ürəyə girməyi bacarmaq azdı,

Ürəkdə qalmağı bacarmalısan.

Məmməd Araz.

Uşaq ikən hər kəs valideynlərini daha güclü, daha ağıllı, daha imkanlı bilir. İnsan yaşa dolduqca həqiqətləri anlayır, bir zamanlar böyüklərinin, yaranmış müxtəlif vəziyyətlərdə etdikləri hərəkətlərin səbəblərini başa düşürlər. Zaman keçdikcə, insan müdrikləşdikcə valideynləri haqqında daha tez-tez düşünür.

Övladın valideynləri haqqında qürur hissi ilə danışması, onların həyatda olmadıqları vaxtlarda da hörmətlə, ehtiramla anması ailə xoşbəxtliyidir.

Atam – Xəlil Əziz oğlu İbrahimli haqqında çoxdan yazmaq istəyirəm. İstəyirəm, onun keçdiyi sadə, bər-bəzəksiz, şərəfli, halalıqla yaşanmış ömrünə bir daha nəzər yetirəm, onunla bağlı yada düşən xatirələrimi bir daha yada salam.

Atam 1931-ci ildə Ucar rayonunun Bağman-Bərgüşad kəndində anadan olmuşdur. lap körpə yaşlarından atasını itirmiş, uşaqlıq illəri Böyük Vətən müharibəsi illərinə, gənclik illəri aclıq və məşəqqət dolu bir dövrə təsadüf etmişdir. Buna baxmayaraq o, həyatı dərk edəndən halallıqla yaşamağı, minnətsiz ömür sürməyi, insanlara gərəkli olmağı özünün həyat qayəsi hesab etmişdir. Gün-güzəran, dolanacaq nə qədər çətin olsa da o, orta məktəbdə əla qiymətlərlə oxumağı bacarmış, nümunəvi davranışı ilə sinif yoldaşlarının və müəllimlərinin sevimlisi olmuşdur. Kitablardan bir an da ayrılmayan, çox gözəl xətlə yazmağı bacaran, aydın və səlis nitqə malik olan gənc Xəlil 1948-ci ildə ən böyük arzusuna – müəllim olmaq arzusuna çatmaq üçün sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutuna verir, qəbul imtahalarından əla qiymətlər alaraq tələbə adını qazanır. Dörd illik təhsil illərini yorulmadan, səy və inamla çalışan, görkəmli alimlərdən, məşhur pedaqoqlardan elmin sirlərini həvəslə öyrənən, mütaliədən yorulmayan atam 1952-ci ildə müəllimliyini təsdiq edən diploma sahib olur. Elmi axtarışlara marağını və yaradıcılıq qabiliyyətini nəzərə alaraq onu ali məktəbdə saxlamaq istəsələr də, X.İbrahimli təkidlə orta məktəbdə müəlim olmaq istədyini bildirir.

Atam kəndimizdə - Kürdəmir rayonunun Mollakənd kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirdi. Ali məktəbi bitirərək təyinatla kəndimizə gəlmiş, sonrakı həyatını, taleyini bu kəndlə bağlamışdır. Burada yaşamış, işləmiş, mollakəndli xanımla- anam Ceyranla ailə həyatı qurmuş, nümunəvi ailə başçısı, şagirdlərinin

sevimlisi olan müəllim olmuşdur. Sonsuz məhəbbətlə şagirdlərə Nizamini, Füzulini, Aşıq Ələsgəri, Sabiri, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı öyrətmiş, dilimizin şirinliyindən, zərifliyindən, gözəlliyindən danışmış, nəinki şagirdlərin, müəllimlərin, eləcə də kənd camaatının dərin hörmətini qazanmışdır. Atam çox çalışqan, zəhmətkeş, daim öz üzərində işləyən, olduqca səmimi və ciddi bir insan idi. Səliqəli geyinər, qalstuk taxar, üzünü hər gün qırxardı. Hər gün oxuyar, iş proqramı tərtib edər, uzun illər dərs deməsinə baxmayaraq növbəti dərsə ciddi hazırlaşardı. Yadımdadır, anam atama deyirdi ki, neçə ildir dərs keçirsən, eyni dərsi nə qədər oxumaq olar? Atam gülümsünərək cavab verərdi: - Mən hər dəfə oxuyanda nəsə öyrənirəm.

O, yoxlama dəftərlərini gecə yarıdan keçənə kimi yoxlayar, qırmızı qələmlə qeydlər edərdi. Bir dəfə - o vaxt mən artıq ali təhsilimi başa vurmuşdum – atamdan soruşdum:

-Əgər şagird dörd səhifəlik inşanın ilk birinci səhifəsində iyirmi səhvə yol verib və onun qiyməti "iki”dirsə, yazını axıra qədər yoxlamağa ehtiyac varmı?

Atam cavab verdi:

-Şagird yazısını oxuyub bütün səhvlərini görməlidir.

O, özünə əziyyət verməkdən çəkinməz, şagirdlərini öyrətmək üçün müxtəlif metod və üsullardan istifadə edərdi. Atamın gözəl , aydın və rəvan nitqi var idi. Məktəbdə keçirilən müxtəlif tədbirlərdə, kəndin və məktəbin radio qovşaqlarında maarifləndirici mövzularda çıxışlar edər, mühazirələr oxuyardı.

O vaxt mənim 5-6 yaşım olardı. Təxminən 1965-1966-cı illərdə atam S.Vurğunun "Vaqif” dramının məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə tamaşasını hazırlamışdır. Kolxoz idarəsinin binasında (Tamaşa binanın balkonunda oynanılırdı.) keçirilən həmin tamaşaya kəndimizin yüzlərlə sakini toplaşmışdı. Tamaşa o qədər maraqlı hazırlanmış və nümayiş etdirilmişdi ki, kəndin yaşlı sakinləri bu gün də həmin hadisəni bayram kimi xatırlayırlıyırlar.

Atamın təşkilatçılığı ilə sevimli şairlərimiz Hüseyn Arif və İlyas Tapdıqla məktəbdə açıq havada, gözəl may günlərinin birində yaşıl ağacların altında görüş keçirilmiş, atam onların yaradıcılığını təhlil etmiş, Hüseyn Arifin o zaman çox məşhur olan "Yolda” poemasının məziyyətlərindən danışmışdır. Şagirdlər söz ustalarının şeirlərini əzbər söyləmişlər. Hər iki şair adi kənd məktəbinin müəlliminin yüksək səviyyəli çıxışını və təşkilatçılığını yüksək qiymətləndirərək ona təşəkkürlərini bildirmişlər. Hətta, H.Arif çıxışında kənd məktəbinin müəllimi olan atam haqqında elə gözəl ifadələr işlətmişdir ki, bu görüş iştirakçılarının sürəkli alqışlarına səbəb olmuşdur.

Atam uzun müddət, 1954-cü ildən 1986-cı ilə kimi məktəbin tədris işləri üzrə direktor müavini işləmişdir. O, bu vəzifədə olduqca məsuliyyətlə çalışır, tədrisin keyfiyyətini yüksəltmək üçün səy edir, müəlimlərə, xüsusilə də gənc pedaqoqlara dəyərli tövsiyyələrini verirdi. Hər gün ən azı 2 saat dərs dinləyərdi. Sinifdə arxa cərgələrdə əyləşər, qeydlərini edər, müəllimlərə məsləhətlərini verər, lazım gəldikdə iradlarını

bildirərdi. Müəllimlərlə birlikdə şagirdlər də 45 dəqiqə ərzində həyəcanlı olardılar. Belə həyəcanlı dərs saatları mənim də payıma düşərdi.

Atam tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün daim çalışır, müxtəlif yollar və üsullar axtarırdı. O, dəfələrlə rayon pedaqoji mühazirələrində, təhsillə bağlı konfranslarda çıxış etmişdir. Beş dəfə Maarif Nazirliyinin respublikamızın paytaxtı Bakı şəhərində keçirdiyi Respublika Müəllimlərinin Pedaqoji Mühazirələri adlı konfransda iştirak etmiş, mühazirələri bəyənilmiş və orta məktəb müəllimləri tərəfindən öyrənilməsi tövsiyyə olunan ədəbiyyat siyahısına daxil edilmişdir. Tədris və pedaqoji mövzuda yazdığı məqalələrinə "Azərbaycan məktəbi” və "Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnallarında həvəslə yer ayrılırdı. Daim yorulmadan, böyük şövqlə çalışan, yaradıcılq axtarışında olan atam "Azərbaycan Dilinin Dialoktoloji Lügəti”nin müəlliflərindən biri idi.

Əmək fəaliyyətinə başladığı dövrdən etibarən atam yaradıcılq və jurnalistlik fəaliiyəti ilə də məşğul olur. O vaxtlar Kürdəmir rayonunda çıxan "Qalibiyyət yolu” və "İrəli” qəzetlərində müntəzəm olaraq məqalə, oçerk və bədii yazılarla çıxış edir, qəzetin ştatdankənar müxbiri olur. O, rayon mətbuatı ilə kifayətlənmir, respublikanın mərkəzi mətbu orqanlarında çıxış etməyə başlayır. "Kommunist”, "Azərbaycan gəncləri”, "Azərbaycan müəllimi”, "Bakinskiy Raboçi”, "İnşaatçı”, "Cik-Cik” qəzetlərinin, "Təşviqatçı”, "Kooperativ işçisi,” "Gənc müxbir”, "Gənc fəhlə” jurnallarının ən fəal müxbirlərindən idi. Məşhur satirik "Kirpi” jurnalında "Xəlil Əzizoğlu” imzası ilə dərc etdirdiyi felyetonlar oxucuların dərin marağına səbəb olurdu. 1964-cü ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunan atamin - istedadlı qələm sahibinin yazıları dövrü mətbuatda dərc olunmaqla yanaşı, müntəzəm olaraq radio dalğalarında da səsləndirilirdi.

Bir dəfə rayon icraiyyə komitəsinin sədri atama amiranə şəkildə demişdi:

-Xəlil müəllim, tənqidi yazılar yazmasan, olmur? Axı bu rayonumuzun adına xələl gətirir. Nə qədər tərifli işlərimiz var...

-Tənqidi yazılar ümumi inkşafımıza kömək üçün yazılır, atam cavab vermişdi.

Təbii ki, belə yazıları rəhbər işçilər sevmirdilər.

Atam bir il yay tətili dövründə "İrəli” qəzetinin məsul katibi işləmişdir. Həmin vaxt görkəmli saz və söz ustası Aşıq Əhməd də həmin qəzetdə bir müddət ədəbi işçi kimi çalışmışdır. El şənliklərinin mahir aparıcısı Aşıq Əhməd kütləvi toylarla əlaqədar olaraq bir neçə gün işə gəlməmişdir. Aşıqdan üzürsüz səbəbdən işə gəlmədiyinə görə izahat tələb edilmiş, atam isə aşığı bu vəziyyətdən çıxarmışdır:

-Biz də xalqın maariflənməsinə xidmət edirik, Aşıq Əhməd də... O, işə gəlməsə də mədəniyyətimizin təbliğinə xidmət etmişdir.

Söz var dağa qaldırar, söz var dağdan endirər... Aşıq Əhməd bu hadisəni ömrü boyu minnətdarlıqla xatırlayırdı.

Xəlil müəllim şagirdlərdə çörəyə, torpağa məhəbbət hissi aşılamaq üçün məktəbdə şagird və valideynlərin köməyii ilə zəngin eksponata malik "Çörək muzeyi” yaratmışdır. "Çörək -insan zəkasının ən böyük kəşfidir” fikrini tez-tez təkrarlayırdı. Saysız-hesabsız məqalələri, maraqlı şeir və hekayələri ilə oxucuları sevindirən atam-vətəndaş ziyalı kimi, 1995-ci ildə "Şirvannəşrdə” nəşr olunan Kürdəmir rayonunun ədəbi qüvvələrinin yaradıcılıq nümunələrini toplamış, "Çörəkli Kürdəmir, şerli Şirvan” almanaxının araya-ərsəyə gəlməsində böyük zəhmət çəkmişdir.

Biz ailədə yeddi uşaq böyüyürdük. Atam bizi əməyə, zəhmətə məhəbbət ruhunda tərbiyə edirdi. Yay tətili günlərində kolxozçularla birlikdə pambığın becərilməsində çalışır, məhsulun toplanmasında iştirak edirdik. Mal-qara, toyuq-cücə saxlayır, həyətyanı sahədə tərəvəz əkirdik. Bütün işlərdə atam nümunə göstərirdi. Onun, nə qədər maddi çətinliklər olsa da, həyatımız boyu bir adamdan borc aldığını, nəsə xahiş etdiyini görmədik, eşitmədik. O, övladlarının təhsil almalarına qayğı və tələbkarlıqla yanaşırdı. Uşaqlarından altısının ixtisas, o cümlədən dördünün ali təhsil haqqında diploma malik olmaları buna əyani sübutdur.

Atam olduqca qayğıkeş idi. Amma bunu büruzə verməzdi. Nəvələri dünyaya gəldikdən sonra onun necə kövrək ürəyə malik olduğunun şahidi olduq. Halbuki, o, bizi heç zaman öpməz, həmişə məsuliyyətli, dəqiq, düzgün və intizamlı olmağı tələb edərdi.

Azərbaycan Jurnalistlərinin IV qurultayının, Azərbaycan Müəllimlərinin V qurultayının nümayəndəsi olan atam "Rəşadətli əməyə görə” və "Əmək Veteranı” medalları ilə təltif olunmuş, çoxlu fəxri fərmanlara və təşəkkürnamələrə layiq görülmüşdür. Metodist müəllim adına layiq görülmüş Xəlil müəllim olduqca təvazökar, çox az adamda ola biləcək keyfiyyətə - heç bir vəzifəyə can atmamaq keyfiyyətinə malik bir insan və əsl pedaqoq idi. Dəfələrlə məsul vəzifə təklif edilsə də o, kənd məktəbində müəllim kimi çalışmağı ən böyük vəzifə hesab edirdi.

Yadımdadır, 1969-1970-ci tədris ilində atamı Mollakənd orta məktəbinin direktoru vəzifəsinə təyin etmək üçün Bakıya, Maarif Nazirliyinə çağırmışdılar. Atam qətiyyətlə etirazını bildirmişdir. Hələ gənclik dövründə onu Rayon Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə təyin etmək istəyəndə də, sonralar rayon qəzetinə redaktor təyin edilməsi təklifi ediləndə də atam "Yox” demişdir.

Atama qarşı haqsızlıqlar da çox olmuşdur. Onun istedadına, ədəbi-bədii yaradıcılığına, məhsuldar jurnalistlik fəaliyyətinə qısqanclıqla yanaşan maarif şöbəsinin rəhbərləri atamın layiq olduğu mükafatları almasına imkan verməmişdilər.

Torpaqlarımızın işğalı, xain qonşularımızın və onların havadarlarının riyakarlığı atama çox pis təsir etmişdi. Amma o, torpaqlarımızn geri qayıdacağına çox inanırdı. Bu gün xalqımız düşmən üzərində şanlı zəfər çalmışdır. İnanıram ki, atamın da ruhu şaddır.

Atamın övladları və nəvələri təhsil, mədəyyət və xalq təsərrüfatının müxtəlif sahələrində çalışır , müstəqil vətənimizin çiçəklənməsinə öz töhfələrini verirlər.

Amansız ölüm 1999-cu ilin dekabrın 10-da Xəlil İbrahimlini yaxınlarından, doğmalarından və şagirdlərindən ayırdı. Şərəfli ömrünün demək olar ki, yarım əsrini xalqın maariflənməsinə həsr etmiş atam bir daha təsdiq etdi ki, ölüm nisbi anlayışdır və əsil insanlar bəşəriyyətin əbədi qanunlarına tabe olaraq cismən həyatdan köçsələlər də, mənən ölmürlər, ürəklərdə, xatirələrdə, əməllərdə yaşayırlar. Şagirdləri arasında mühəndis də, hüquq işçisi də, müəllim də, alim də, yazıçı da var və onların hər biri keçmiş müəllimlərini həmişə xoş duğularla xatırlayırlar. Atamın əziz xatirəsinə həsr etdiyim, valideynə - ataya böyük məhəbbətlə qələmə aldığım "Atam mənim” poeması 2000-ci ildə həmyerlimiz, görkəmli uşaq şairi, yazıçı-publisist Qəşəm İsabəylinin rəhbərlik etdiyi "Şirvannəşrdə” kitab halında işıq üzü görmüşdür.

Atam haqqında yazdığım kiçik hekayələr onun xaraktenin açılmasına kömək edə bilər.

HAMIDAN BÖYÜK

İkinci sinifdə oxuyurdum. Atam məktəbimizdə müəllim işləyirdi. Ailədə və məktəbdə çox ciddi olan atamı uşaq ağlımla hamıdan böyük hesab edirdim.

Lakin məktəbimizin şagirdlərini pambıq yığımına apardıqda tez- tez "katib gəldi”, ”katib belə göstəriş verdi” sözlərini eşidirdik. Atam da şagirdlərin rəhbəri kimi başqa müəllimlərlə birlikdə pambıq yığımına gedirdi. Uşaqlarla söhbətdən başa düşdüm ki, katib rayonda ən böyük vəzifə sahibidir. Bir dəfə atamdan soruşdum:

-Ata, səni katib vəzifəsinə göndərsələr, gedərsən?

O, gülümsündü:

-Yox, oğlum, əgər mən katib olsam, uşaqlara ədəbiyyat dərsini kim deyər? Hamı katib ola bilər, amma müəllim olmaq çətindir.

Atamın cavabına inandım və qürurla onun hamıdan böyük olduğunu bir daha zənn etdim.

MÜBARİZ

Məktəbin radio qovşağına "Mübariz” adı verilmişdi. Böyük tənəffüslərdə və istirahət günlərində radio qovşağı ilə kiçik həcmli verilişlər hazırlanır, məktəb şagirdlərinin ifasında şeirlər səsləndirilirdi. Radio qovşağında verilişlər bu sözlərlə başlanırdı:

– Diqqət! Diqqət! Danışır Mübariz! Danışır Mübariz!

Radio qovşağında dərs hissə müdiri Xəlil müəllimin qohumu Mübariz adlı şagirdin danışdığını zənn edən Gülnigar nənə:

– Öz qohumunu hər gün danışdırır. Elə bil Mübarizdən başqa adam yoxdur, deyərək narazılığını bildirir.

Keçmiş şagirdin məktubu

Atam şagirdlərinə qətiyyən şişirtmə qiymət verməzdi. Yaşlı nəslin nümayəndələri indi də danışırlar ki, Xəlil müəllimdən buraxılş imtahanlarından "3” qiymət alanlar ali və orta

ixtisas məktəblərinə qəbul imtahanlarında həmin qiyməti, bəzən isə "4” qiyməti asanlıqla ala bilirdilər. İmkanlı valideynlərdən birinin övladı olan şagirdlərdən birinin biliyi orta məktəbi bitirərkən Xəlil müəllim tərəfindən "3”-lə qiymətləndirilir. Həmin şagird hansı yollarlasa ali məktəblərin birinə qəbul olunur. Özündən razı bu gənc ali məktəbdə oxuyarkən keçmiş ədəbiyyat müəlliminə məktub göndərir ki, bəs, sən, haqsızlıq edərək mənə orta məktəbdə oxuyarkən, "3” qiymət vermişdin, indi mən institutun əlaçı tələbəsiyəm. Qrup nümayəndəsiyəm, şəklim şərəf lövhəsindən asılb.

Xəlil müəllim, məktubu diqqətlə oxuyur, dərs verdiyi şagirdin birdən-birə necə "savadlı” olmasının səbəbini araşdırır. Bir səhifəlik məktubda 21 hərf və qrammatik səhvə yol verən keçmiş şagirdin yazısını qırmızı qələmlə "boyayan” təcrübəli pedaqoq məktubu müəllimlər otağında həmkarlarına göstərsə də onu geriyə-"savadlı tələbəyə” göndərməyi məqsədə uyğun saymır.

"Fərasətli məzun” ali məktəbi bitirir, öz fitri istedadı ilə vəzifə pillələrində yüksəlməyə başlayır. Amma günlərin birində cinayətə yol verir. Elə ilişir ki, nə "fərasəti”, nə də "fitri istedadı” ona kömək edə bilmir.

Atamın anadan olmasının 90-cı ildönümündə onun çoxşaxəli yaradıcılığının kiçik bir hissəsi olan bir neçə bayatısı ilə yazını tamamlayır və "Həmişə qədirbilən insanların qəlbində yaşayacaqsan”, deyirəm.

Gəlin gedək Ağdama,

Şəki, Şirvan Ağdama,

Yurduma göz dikənin

Gözlərinə ağ dama.

Əzizim, atmaq olmaz,

Arxayın yatmaq olmaz,

Vətənin torpağını

Yadlara satmaq olmaz.

Əzizim, qala qaldı,

Kənd köçdü, qala qaldı.

Mərdlər ölümə getdi,

Namərdlər dala qaldı.

Bülbül qondu budağa.

Başladı oxumağa.

Mən ki, dağ görməmişdim,

Necə dözüm, bu dağa.

Dağlarının qarı var,

Bağlarının barı var,

Zəhmətsiz varlanmağın,

Yüz cürə azarı var.

Əzizim, bal təkidir,

Şəkər tək, bal təkidir,

Zəhmətlə başa gələn

Çörəyim bal təkidir.


Coşqun XƏLİLOĞLU

Azərbaycan Yazıçılar Birliyinin üzvi



6077 oxunub

InvestAZ