Əbülfət MƏDƏTOĞLU
Özünəqayıdışın
başlanğıcı
Mən o başlanğıcı 30 il
gözlədim
...Gözləmirdim...Amma
içimdə bir gözlənti var idi... Gözləmirdim... Ürəyimdə isə bir işıq közərirdi...Gözləmirdim...
Amma özünü...Gözləyən kimi göstərirdim... Gözləmirdim... Lakin gözləməyə də
bilməzdim.
Bəli, bax bu hislərin
içərisində məni o gözləntiyə, o gözləməyə kökləyən bir telefon zəngi oldu. Öncə yuxu kimi gəldi mənə bu zəng. Sonra mənə
ərki çatanlardan kiminsə zarafatı kimi... Nəhayət, ən doğma, ən güvənli
adamların zəngi təkrarladı o fikri, o deyimi. Və bütün bunlar məni gözləmədiyim,
amma əslində hamıdan çox gözlədiyim günə gətirib çıxartdı. Onda bir daha ümidin
ölmədiyinə, ölümsüz olduğuna, sadəcə dözüm tələb etdiyinə inandım, öz varlığıma
inandığım kimi... sənin varlığına inandığım kimi... Allahın böyüklüyünə inandığım kimi!..
Məni kəndimə,
doğulduğum ocağa, 30 il həsrətini yaşadığım, yuxularımda gördüyüm, xəyallarımda
canlandırdığım, gözümün önünə gətirdiyim və hər dəfə də «Allah qoysa», «Qismət
olsa», «İnşəallah» sözləri ilə diqqətə çatdırdığım Tuğa dəvət edirdilər. Daha
doğrusu, məni ora aparan karvan məni də öz sırasında görürdü. Bundan böyük xoşbəxtlik,
bundan böyük mükafat, bundan böyük sevinc ola bilməz!..
Mənə doğmalarım,
dostlarım dedilər ki, ölkə prezidenti Hadruta və Tuğa səfər edəcək. Sən də
orada cənab Prezidentlə görüşəcək nümayəndələr arasındasan...
...Bəli, belə bir xəbəri
eşitmək, belə bir informasiyanı almaq yəqin ki, həm ölçü, həm çəki, həm də bəxş
etdiyi sevinc baxımından nə demək olduğunu yəqin ki, siz də anlayırsınız. Bax, elə
bu duyğuların içərisində bir anlıq nə edəcəyimi bilmədim. Çünki xəbər mənə çatanda
Bakıdan xeyli uzaqda, qardaş Türkiyədə idim. Zaman qısa, yol uzaq, ürəyim isə bu
xəbərin sevincinə bürünmüş... Belə bir durumda qərar qəbul etmək o qədər də asan
deyildi. Daha doğrusu, vaxt baxımından sıxıntı qaçılmaz idi. Sonda yenə dostlar
köməyə çatdı. Türkiyədə qonağı olduğum dostum Əhməd bəy Varol Trabzondan Ərzuruma
yola düşən bir sürücüsü ilə əlaqə qura bildi. Və onun bu dəstəyi, bu köməkliyi
ilə mən həmin gecəni Ərzuruma yetişdim. Yağan qara, yolun sərtliyinə baxmayaraq,
mən xəyalımda Tuğa gedirdim. Ona görə də gözümün yuxusu da qaçmışdı, gecənin qaranlığı
da mənim üçün heç bir məna kəsb etmirdi. Sadəcə, tez-tez pəncərəyə özünü çırpan
qar dənələrinə baxıb Tuğda 30 il bundan öncə şahidi olduğum qarlı qış gecələrinin
xatirələrini yaddaşımda təzələyirdim...
Gecə yarısı təqribən saat
4 radələrində Ərzuruma çatdım. İndi növbə İqdıra yetişmək idi. Nabələd yol adamının
yaşadığı qayğıların içərisində nəhayət ki, Ərzurumdan İqdıra səhər saatlarında çıxan avtobusa bilet ala bildim. Avtobus saat
9-da yola düşəcəkdi. Gözləməyə isə o qədər də zamanım yox idi. Mən sabah saat
7-də Bakıdan Tuğa getməli idim. Bu qayğı ilə avtovağzalda var-gəl edirdim. Ərzurum
avtovağzalı sanki hansı hissləri keçirtdiyimi anladı və mən buradan İqdıra gedən
taksi sürücüsü ilə anlaşa bildim. Saat 7-də yola düşdük. Artıq hər tərəf işıqlandığından
mənə Ərzurumdan İqdıra qədər olan yolun mənzərələrini seyr etmək nəsib olmuşdu.
Yol boyu Qarabağla Ərzurum İqdır arasının
paralellərini, oxşarlıqlarını axtarırdım. Ən çox dümanın sığındığı dərələr, dağlar
və başı qarlı zirvələr mənə Qarabağı xatırladırdı. Təqribən saat 1 radələrində İqdır
avtovağzalına yetişdik. Burada Naxçıvandakı dostlarımı, şair qardaşım Asim Yadigarı,
yazıçı-publisist Hüseyn Əsgərovu, şair Hacı Firudin Süleyman oğlunu aradım. Asim
müəllimin tövsiyəsi ilə şəxsiyyət vəsiqəsinin surətini ona vatsap vasitəsilə çatdırdım.
Bir azdan Naxçıvandan Bakıya uçacaq günün sonuncu təyyarəsi üçün mənə Asim müəllim
bilet sifariş etdi. İndi bir az arxayınladım. Bircə qalırdı Naxçıvanda COVİD-19
testindən keçmək.
İqdırda olarkən Naxçıvana
getməyə tələsən iki cavan oğlanla rastlaşdım. Onlarla birlikdə İqdırdan Naxçıvana
bizi gətirəcək taksi də tapa bildik. Sürücü də Naxçıvandan idi. Bu məni əməli-başlı
sevindirdi. İndi yolu zarafatla, şirin söhbətlə davam edirdik. Demək olar ki, Naxçıvan
Türkiyə Gömrük Keçid Məntəqəsini rahatlıqla adlayıb təqribən saat 5-də Naxçıvana
çatdıq. Asim müəllim məni gözləyirdi. Onunla birlikdə Naxçıvanda öncədən dostların
danışdığı ünvanda testdən keçdim. Necə deyərlər, artıq ağlım başımda, biletim də
cibimdə idi. Ona görə də testin cavabını süfrə arxasında rahatca oturub gözləyirdik.
Bu cavab da özünü çox gözlətmədi. Və... Gecə saat 11:10-da Naxçıvandan Bakıya uçan
günün sonuncu təyyarəsi ilə paytaxta qayıtdım...
Səhər-səhər öncədən deyilmiş
ünvana, Prezident Administrasiyanın yanındakı Respublika Mehmanxanasının qarşısına
gəldim. Artıq səfər yoldaşlarım bu ünvana gəlməyə başlamışdılar. İlk öncə həmkarım,
dostum Bəxtiyar Qaraca ilə görüşdüm. Sonra adı ilə, xidmətləri ilə fəxr etdiyim
Asif Cahangirov və Mübariz həkim gəldi. Və beləcə komanda yavaş-yavaş otelin önündə
toplaşıb bir-biri ilə hal-əhval tutur, səfərlə bağlı düşüncələrini bölüşürdü. Təbii
ki, səfər yoldaşlarımın arasında cavanlar da var idi. Mən onları Xocavənd rayonunun
gənc istedadları kimi tanıyırdım, özlərini isə ilk dəfə görürdüm. Bu cavanların
hər biri Xocavəndin fəxr etdiyi istedadlar, qalib idmançılar idi. Onların səsi-sorağı
artıq Azərbaycanın hüdudlarını aşmışdı. Baxmayaraq ki, onlar qalib idilər. Onlar
təkcə yaşıdlarının arasında deyil, bütövlükdə respublika idmançıları arasında seçilənlərdən
idilər. Amma heç bir hərəkətləri, danışıqları ilə bunu büruzə vermirdilər, təmkinli,
ədəb-ərkanlı... Dəstəmizə Azərbaycanın Milli
Qəhrəmanı İbad Hüseynov da qoşuldu. Onun gəlişi buradakı xocavəndlilərin əhval-ruhiyyəsini
bir az da yüksəltdi. Çünki İbad öz döyüş yolu ilə, öz xidməti ilə Xocavəndi Azərbaycanda,
Azərbaycanı da dünyada tanıdan qəhrəmanlarımızdan biridir. Üstəlik, İbadın sadəliyi,
hamı ilə qaynayıb-qarışması da Hadruta toya gedəcək insanların xoş ovqatını, necə
deyərlər, daha da artmasına, yüksəlməsinə
səbəb oldu. Bu işdə Xocavəndi təmsil edən millət vəkili Elman Məmmədovun şirin söhbətləri
də təbii ki, böyük rol oynadı.
Maşınlara əyləşəndə öz aramızda
təbii bir seçim etdik. Gənclər bir avtobusda, yaşlılar digər avtobusda. Necə deyərlər,
hamı üçün sərbəstlik, rahatlıq qərarı ədalətli qərar idi. Ona görə də cavanlar dərhal
öz yerlərini tutdular, yaşlılar da öz təmkinləri
ilə.
Bakıdan Tuğa avtobus yola
düşür... Bu cümləni yazmaq mənim üçün iki məqamda önəmli və düşündürücüdü. Ona görə
ki, 30 il bundan öncəyə qədər Bakıdan hər gün Tuğa avtobus gedirdi. Bakının köhnə
avtovağzalından səhər saat 7-də qarşısına «Bakı-Tuğ» yazılmış ikarus avtobusu yola
düşürdü. Və Tuğ yeganə kənd idi ki, paytaxtdan
ora hər gün avtobus gəlirdi. Və mən özümün «Bakıdan Tuğa avtobus yola düşür...(mür)»
adlı yazını yazanda yaşadığım hissləri ifadə etməyə gücüm çatmamışdı. Doğrudu, həmin
yazıya görə mənə «Media» müsabiqəsinin qalibi
diplomunu vermişdilər. Amma inanın ki, avtobusun yola düşməməyi məhz bu ilin
noyabr ayının 8-ə qədər məni ağrıtmış, üzmüş, həyatımı qaraltmışdı. İndi isə 30
ildən sonra Bakıdan həqiqətən Tuğa avtobus yola düşür. Yola düşən 20 sərnişinin
içərisində mən də var idim...
(Ardı olacaq)