XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



ZƏNGƏZUR QƏDİM AZƏRBAYCAN TORPAĞIDIR -Əvəz Məhmud Lələdağ yazır
YAZARLAR 08:45 / 15.10.2021


Mən Qərbi Zəngəzurun Qarakilsə(Sisiyan) bölgəsində dünyaya göz açmışam.Bu bölgənin hər daşında , hər qayasında, hər qarış torpağında, suyu diş göynədən bulağında, zümrüd yamacında, uca dağlarında, dərin dərələrində, allı-güllü yaylaqlarında uşaqlığımın , gəncliyimin, cavanlığımın silinməz izi qalıb, yaddaşıma əbədi həkk olunub doğma kəndim, Ağdü Kənd həyatı çox maraqlı olur.Ot çalmaq, taya qurmaq, basma tökmək, gərmə kəsmək, qalaq hörmək, təzək yığmaq , yapma yapmaq, bostan sulamaq, dəni yuyub sərmək,qurutmaq, dəyirmanda üyüdüb un eləmək, qoyun-quzu nobatına (nöbəsinə getmək) kəndin qayğılarından sayılırdı.Artıq yaşım 90-na yaxınlaşır, Dünyaya sığmayan insan Vətənə sığır deyiblər.Çünki Vətən anadır.Dünyaya sığmayan ananın əl boyda qəlbinə sığır.Ona görə də Vətən mənim gözümdə dünyadan böyükdür, əzəmətlidir.

Biləyimdən yapışıb məni neçə-neçə sınaqlardan, təhlükədən keçirir Ana Vətən!.Qeyrət ucalığından itirdiklərimə baxmağa məcbur edir məni.Dağ ucalığından görünən ürəyimi riqqətə gətirən mənzərələrə tamaşa edəndə nələr itirdiyimi dərk edirəm.Şirin əfsanələr diyarı, başı bəlalar çəkən məşəqqətlərə duçar olan qədimlərdən qədim ağsaçlı Zəngəzurum!Uca dağlar, gen dərələr, sərin bulaqlar, yaşıl yaylaqlar, aylı gecələr, qədim xalçalar sənə necə gözəl yaraşır doğma yurdum.Sənin görkəmini, hər dərdini, hər qəmini, cırıldayan cəhrəni də, burnu əyri dəhrəni də, tuluğunu, nehrəni də tabağını təhnəni də, təzəni də, köhnəni də, hər daşını, hər quşunu, enişini, yoxuşunu ilmə-ilmə, naxış-naxış, çərək-çərək, misqal-misqal, qarış-qarış ürəyimə çəkmişəm, gözəl məkan.

Ağırlıq bilmərəm üstümdə dağı,

Olsa bir zərrəsi Vətən torpağı.

Burnumun ucu göynəyir ,ürəyim nanə yarpağı tək əsir o yerlər üçün .Nələr qaldı o yerlərdə , ilahi ! Göylərə baş çəkən dəniz səviyyəsindən 3552 metr hündürlükdə olan qocaman İşiqlıdağ. Onun haqqında deyilən əfsanəni hələ uşaq yaşlarımda eşitmişəm .Eşitmişəm ki , Nuhun gəmisi burda işıq görüb , torpaq görüb , " İşıq dağ ”, – deyə seviniblər gəmidəkilər . Zaman keçdikcə bu dağın adı qalıb İşıqlıdağ .Amma üzdəniraq qonşularımız XX əsrin 60 cı illərində bu dağa " İşğansar ” adı qoydular . İşıqlıdağın zirvəsində " Şəfa” piri var . Biz xoruzun birinci banında oraya yola düşərdik . Gün çırtlayanda piri ziyarət edərdik .Pirin yanında suyu göz yaşı kimi dumduru bir bulaq var. Oradan baxanda Naxçıvandan , Arazdan tutmuş hər yan ayağımızın altında qalardı . İşıqlıdağın cənub –şərqində Qanlıca , Hacalı , Üçtəpə , Yantəpə yaylaqları , Arpaçuxuru , Səmədölən .Bozludərə , Abdalanlı gölü , Xəlilbulağı , elimizin – obamızın Xanım daşı , Göbəkdaş görünərdi .Bu daşdan şəfa umub elat camaatı .Uşağıolmayan qadınlar göbəklərini həmin daşa sürtərdilər, uşaqları olardı .

Gözümüzü gəzdirdikcə İşıqlıdağın ətəyində Yalyurd , Buzovyal , Balabəy çuxuru , onun çiynində qədim Şükürbəyli qəbristanlığı və qəbirstanlıqda Qoçdaşlar üstündə qəflə - qatır şəkilləri ,ərəb əlifbası ilə yazılmış baş daşları bizə boylanırdı.

Bir az da aşağı boylansaq , Kəndyeri . Maraldərəsi , Çınqıllı , Göyərçinlik , Kankan , Qırxbuğumluyal durardı gözümüzün qabağında . Cənub –qərbə doğru göz işlədikcə Niyazdüşən , Mikayıləkən , Məmmədalı gölü , Ağsaqqal çuxuru , Məşədiçınqıllısı ,

Asvarkahası , Mütəlimgölü , Arazdibək . Qaranlıqkaha , Qaraçılar , Quzukahası , Daşlı kaha , Beşgünlük , Əhmədlibəyi . Maldaş . , Dostalı dərəsi . Qaraçınqıl . Arpa , Buğda təpələri açıq – aydın görünərdi . Arpa , Buğda təpələri haqda əfsanə eşitmişəm . Danışırdılar ki, bərəkəti tükənməyən bu torpaqda bir varlının ildə Buğda təpəsi qədər buğdası, Arpa təpəsi qədər arpası ,Qaraçınqıl qədər var- dövləti olarmış . Zülmü ərşə dayanan varlı rəiyyətin qarğışına tuş gəlir , günəş göydən od püskürür , arpa ,buğda yanıb külə dönür ,mal – dövlət daş olub Qaraçınqılı yaradır . Arpanın külü qapqara olduğu üçün Arpatəpəsi həndəvərinə Qaraqumsal deyirdilər . Həmin varlı deyirmiş: " Arpa təpə arpam oldu , Buğdatəpə buğdam oldu , Qaraçınqıl var – dövlətim . Lakin axırda arxam şələli aşdım dağları . ”

Arxacgüney , Camışölən ,Duzdər , Su quyusu ,Qaragüney , Saçkahası , Qaybalıtəpəsi , Çobanəlləməsi , Çatallar , Qara molladin , Ağ duz , Ayaqçuxur , Mırıx , Ağyal , Göyuçuq , İtuçan , Gicitkanlı , Buzduq , Çuxurbağ , Əzgənli , Qosakaha , Şapalaqgüney , Qarapir , Zoğallıbağ , Qoşadəyirman , Dəvəboynu ,Sulutəpə , Qoşaoyuq ,Suqovuşan ,Ayılıq cənub tərəfindədir İşıqlıdağın . Bir qədər şimal –qərbə doğru irəliləsən Qarnıyarıq , Əriməz ,Əyriqar ,Qızılboğaz , Qiyamadınlı . Ala göllər, Seyidsuyu ,Qavlamabulaq ,Palantökən , Çömçətəpə , Sutökülən ,Bayramtəpəsi , Gəlinqayası görünər . Sonra da Bazarçay yaylaqları. Mərcanlı , Ağdaban ,Babalar dərəsi , Mahmudlu , Leyliqaçan ,Arxaşan . Qum arxası ,Xanlar taxtası ,Pəriçınqılı , Qotursuyu ,Hacı Feyzulla , Hacı Fərhad bulaqları , Məlikər , Saybalı və Şüküralı görünərdi . Həmin yaylaqlara 1950-ci illərə qədər Şükürbəyli , Rəsullu ,Şahsevənli , Qiyamadınlı , Əhmədallar , Kürmahmudlu ,Xəlfəli ,Korabazlar ,Hacalımuradlı , Ovşar , Böyük Mərcanlı elat tərəkəmələri gələrdi . Aşağı , orta , yuxarı çada yolları ,qoyun sürülərini , at ilxılarını , dəvə qatarını tutmazdı . Qadınlar dəvələrin üstündə fərməşlərin arasında oturub yun darayar , cəhrə qurub , ip əyirərdilər. Yaylağa çatana qədər xalça –palaz üçün tədarük görürdilər . Quyruq doğan kimi dəvələr ağzı arana yatardılar ..Camaat vaxt - vədəni bununla təyin edib yır – yığışa başlayar , barxanaları bağlayıb arana yola salardılar . Əlini günlük edib gözünün üstünə qoysan , Qaçaq Nəbinin oylağı səfalı Salvartı yaylaqları diqqəti cəlb edərdi . Lalayurd , Qanqallı yurd , Çalbayır , Ərəfsə, Çomartlı ,Qızılşəfəq ( Şıxlar ), Sofulu , Murğus , Dəstəyird , Ağ kənd ( Hasavan ) , dulusçuluq sənəti ilə bağlı olan Dulus kəndləri , bir də 1918-ci ildə Andronik tərəfindən dağıdılıb viran qoyulmuş Qıvraq , Pusək, Hortuyuz , Zabazadır ,Şukar , Ərikli , Pulkənd kəndlərinin kədərləri kalafalarını görmək olardı .Yaşlı nəslin yaddaşına hopmuş bu yer-yurd adları-toponimlər yer üzündə ziyakarlıqda, xəsislikdə, saxtakarlıqda, xəyanətdə analoqu olmayan haylar tərəfindən dəyişdirilmiş, erməniləşdirilmişidr.Sevindirici haldır ki, möhtərəm prezidentimiz İlham Əliyevin apardığı prinsipal və müdrik siyasətin nəticəsində həqiqət öz yerini tapır,saxtalaşdırılmış toponimlər, yaddaşlara hopmuş öz həqqi mənalatı ilə əvəz olunur.Axı bu yerlər bizim kimliyimizin, tariximizin, mədəniyyətimizin canlı nümunələridir.

Bu yerlərdə saysız-hesabsız Oğuz qalaları,alban məbədləri, məscidlər,pirlər,ziyarətgahlar, müqəddəs ocaqlar, at və qoç heykəli həkk olunmuş qəbirüstü abidələr, daş sanduqələr, künbəzlər Azərbaycan türklərinin yaratdıqları maddi mədəniyyətin tarixi abidələr deyilmi?Bizim hansı xalqa məsxus olduğumuzu, hansı etnosun Vətəni olduğumuzu torpağın yaddaşı olan toponimlər, Urud,Ağdu, Şəki qalaları künbəzlər Zəngəzurun qədim tarixi adibələri bir daha sübut edir..Hələ lap qədim dövrlərdən bu yerin Azərbaycan ərazisi olması şübhəsidir.Azərbaycanın qəhrəman oğlu Babək ərəb işğalçılarına məğlub olandan sonra Ağdü kəndindən Qara kilsədən (Sisiyan) keçib Şəki kəndinə öz doğma torpağının bir yerindən başqa yerinə gəlmişdi.Şəki kəndinin və qalasının sahibi Səh-ibn Sunbat onu öz hökmdarı kimi qəbul etmiş, bir müddət qulluğunda durmuş, sonra xəyanətlə ərəblərə təhvil vermişidr.Ağdü kəndində XVII əsrdə inşa edilmiş "Kümbəz” var.Onda bu yerlərdə erməni millətinin izi-tozu da tapılmazdı.Bu müqəddəs Künbəzdə Ağdü kəndində anadan olmuş Bədəlxan bəy və oğlu Rzaqulu bəy uyuyurlar.Bazarçayı boyunca baxdıqca səpələnmiş adları dəyişdirilmiş Əlili(Salvart), Məliklər (Spandaryan), Saybalı(Sarnaqun), Məzirə (Bartsravan) kəndərini, bir də, Ərikli, Şukar, Şukarlı, Mərcanlı, Ağdaban, Mahmudlu kəndlərinin xarabanalığını görmək olardı.

Bazarçay öz mənbəyini Kiçik Qafqaz dağlarından götürür.Bu çay Qubadlı ərazisinə kimi Bazarçay, sonra Bərgüşad adlanır.Bərgüşad da Həkəri çayı ilə birləşib Araza, kürə

qovuşur.Xəzər dənizinə çatmağa can atırlar.Bazarçayda qızılbalıq, göybalıq, bığlıbalıq, dabanbalıq yaxşı inkişaf edirdi.Lakin ermənilər bu çayı da zəhərlədilər.1950-ci ildə Qarakilsə (sisiyan) bölgəsinin Dəstəgird kəndində Molibden mədəni tapdılar.Onun zəhərli suyu Bazarçaya axıdıldı, balıqlar zəhərlənib kütləvi qırıldılar.Sağ qalanların, taleyinə bizim kimi didərginlik yazıldı, çayaşağı köçüb getdilər.1960-cı illərdə şərəfsiz ermənilər Bazarçayı Voratançay, qədim Urud kəndini də Voratan kənd adlandırdılar.Amma biz orda yaşayan azərbaycanlılar 1988-ci ilə kimiermənilərin dəyişdiyi adları dilimizə gətirmədik.Bazarçay, İşıqlıdağ, Urud və başqa kəndlərin qədim adı dilimizdən düşmürdü.Bəli erməni adı ilə nə bir dağ, nə bir yaylaq, nə də bir bulaq tapmazdın bu yerlərdə.Bəs necə oldu ki, qədim Azərbaycan torpağı Zəngəzur yağılara qaldı?

Qədim Azərbaycan torpağı olan qərbi Zəngəzurun Qarakilsə bölgəsində ən böyük kənd bizim kənd olub.800 evli Ağdü kəndi qonaqpərvərliyə, sədaqətə, mərdliyə görə dillər əzbəri idi.Öz tarixi mədəniyyətini, adət-ənənəsini, milli mənəvi dəyərlərini qoruyub saxlamaqda öndə gedirdi.Ağdü kəndi həmişə vuran, tutan, qoçaq, igid kişiləri ilə məşhur olub.Təsadüfi deyil ki, 1905-ci ildə daşnak Qazar Stepaniyanısın (el arasında ona Stepan deyirdilər) Qarakilsə bölgəsinə hücum edən qoşununu darmadağın edən, özünü cəhənnəmə göndərən də Ağdü igidləri olubdu.Vaxtı ilə Ağdü qərbi Zəngəzurun basılmaz qalası sayılıb.

Azar vəd edir ki, Ağdünü , Vağədini, Urudu, Şamı, İrmisi, Bəhlulu, Darabası(bunlar azərbayncanlılar yaşayan kəndlərdi) işğal edib, əhalisini qılıncdan keçirib, Darabasda nahar edəcəm.Qazar Stepanyanısı səbirsizliklə gözləyən ermənilərin sevinci yasa çevrilir.Ağdü igidləri qələbə çaldıqları üçün bayram edir saz tutub söz qoşurlar.

Ağdü igidləri bır qurğu qurdu,

Daşnak Stepan başından vurdu.

Hayın getdi, vayın qaldı, Stepan

Butulkada payın qaldı,Stepan.

(Butulkada payın qaldı Darabasdakı ziyafətə rişxəndlə deyilib)

Stepan davasında satqın, faşist,Vətən xaini Qaragin Nijdenin, Dro Kamayanın yırtıcı əlləri günahsız insanların qanına batib,kəndimiz 98 şəhid verib.Üzbaşı Səttar Əhmədov da erməni terrorunun qurbanı olub.Ağdü toponiminin özü türk mənşəlidir.Akademik Budaq Budaqov, Qeybulla Qeybullayev ,Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti kitabında yazırlar:

-Ağdü Azərbaycanın Yelizavetpol quberiyasının Zəngəzur qəzasında (indiki Ermənistanın Sisiyan rayonunda) kənd adıdır.Ermənistan ərazisində ən qədim, türk mənşəli toponimdir.Ağdü sözünün mənası türkcə ağ, düzənlik , təpəlik, ucalıq və çəpər mənasındadır.Ağ sözü ilə başlayan Ağdüz, Ağyazı, Ağyal, Ağbulaq, Ağtəpə,Ağsu, Ağdaş, Ağdam toponimləri mövcuddur.Lakin mənfur qonşular Ağdü kimi gözəl toponimi dəyişib Aqxitu qoyublar.Amma unutmasınlar ki, kəndimizin adı Ağdüdür.

Kəndlər arasında kəndimiz şahdır,

Kəbə,Kərbəladı, bir qibləgahdır.

Onsuz yaşamağım, vallah günahdır,

Həmişə onunla qürrələnmişəm.

Kəndimizdə karlı kişilər olub.27 dəfə həcc ziyarətinə getmiş Hacı Əbdüləli kəndimizdə öz vəsaiti hesabına dördillik rus tatar məktəbini 1886-ci ildə açdırmağa nail olub.İstedadlı alimimiz Abbas Zamanov deyirdi:

-Tblisidə arxivdə araşdırma apararkən Hacı Əbdüləlinin məktəb açması barədə yazdığı ərizəsini özüm oxudum.

Hacının açdırdığı məktəbə müdirlik edən Mirzə Əbdülrəhim olub.O, Təbrizdən gəlmiş imiş.Xalq yazıçısı Əli Vəliyev , geologoya-mineralogiya elmləri doktoru, akademik Həsən Əbdüləli oğlu Əhmədov həmin məktəbin yertimələri idilər.

İstedadlı yazıçımız Əli Qaraoğlu Vəliyev məktəb haqda ağız dolusu danışırdı:

-Mənim əlimi çörəyə çatdıran Hacı Əbdüləlinin açdığı 4 illik rus-tatarı məktəbi, bir də Mirzə Əbdülrəhimin verdiyi savad oldu.

Qərbi Zəngəzurda tanınmış maarifpərvər, xeyriyyəçi, xalqının balalarını oxutmaq, savadlandırmaq, açdığı məktəbin inkişafı üçün əlindən gələni əsirgəməyən bu xeyirxah insanı-Hacı Əbdüləlini bolşevik rejimi, Stalinin amansız qanunu "Kulak” adı ilə həbs edirlər, məktəbi bağlayırlar,müəllimlərini pərən-pərən salırlar.

Kəndimizdə ikinci məktəbi qız məktəbini Hacının qardaşı Kərbəlayı Mürsəl 1892-ci ildə öz vəsaiti hesabına açır.Kərbəlayı Mürsənin açdığı məktəbə müdirlik edən Türkiyədən gəlmiş erməni Dran Papazyan olur.Əlbəttə sovet idealogiyası bu məktəbləri yer üzündən sildi, müəllimləri "Dini təbliğ edir” damğası ilə işdən kənarlaşdırdılar.Bu məktəblərin yerinə yeni üsulla ibtidadi təhsil verən məktəblər açırlar.Camaat bu məktəbi birmənalı qarşılamır.Bəlkə də ,rəhmətlik Mirzə Ələkbər Sabir " Vah! Bu imiş dərsi-üsuli cədid?” şeirini buna görə yazmışdı

Vah! Bu umuş dərsi-üsuli cədid?

Yox , yox ,oğul məktəbi üsyandı bu.

Molla deyil burdakı təlim edən,

Əlhəzrət et, bir yeni şeytandı bu,

Dur, qaçaq, oğlum, baş-ayaq qandı bu!

Aşağıda göstərilən tarixi abidələr bir daha Ağdünün qədimliyindən xəbər verir. VII əsrin yadigarı qəbirüstü abidə XII əsrdən qalma "Qala”,

VII əsrdə inşa edilmiş Künbəz , XVIII əsrdə tikilmiş 400 nəfər tutan Məscid bizim Ağdü kəndindədir.Kəndimizdə iki qədim qəbirstanlıq var idi. "Ağyazı” qəbirstanlığı və "Ağdüz” qəbirstanlığı.Ağyazı qəbirstanlığı daha qədimdir.Burada

at və Qoç heykəlləri ,qəbirüstü abidələrdaş sanduqələr , diqqəti cəlb edirdi.Min dörd yüz ilə yaxın tarixi olan bu

nəhəng qəbirüstü abidə zamanın çox küləklərinə sinə gəlib gərdişinə dözüb insanları həyəcanlandırıb dünyanın şamiliyi, məhəbbətin, sənətin əbədiliyi haqqında nümunə olub, indiyə qədər salamat qalıb.Bu abidə üç mərtəbəlidir.Abidənin birinci mərtəbəsi geniş meydançanı xatırladır.Meydançanın sonunda iki giriş qapısı olan tağvari ibadətxana diqqəti cəlb edir..İkinci mərtəbə yanlardan dördbucaqlı şəklində iki sütundan, ortada isə səkkiz bucaqlı şəkilində bir sütundan ibarətdir.Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdir.Üçüncü mərtəbə gözəl memarlıq quruluşuna malik olan iki sütundan ibarətdir.Abidənin cənub qülləsindəki daş saat maraqlıdır.Daşın üstündə düzəldilən saat əqrəbinin yerinə bir çöp taxsan vaxtın neçə olduğunu çöpün kölgəsi sənə göstərirdi.VII əsrdə daşa həkk olunmuş saata biz gün saatı deyərdik.

Qarakilsədən gələndə (Qareysə deyirdik) "Qarabulaq” "Yellicə” "Düldülün ayaq izi” (Həzrəti Əlinin atının adı Düldülümüş) Məhəmməd Peyğəmbərin dəvəsinin iri sal daşı üstündə çəkilmiş ,ayaq izləri "Dəvəboynu”, "Qarapır” camaatın inanc yeri idi.Ərəb istilasından qalan bu ziyarətgahlar müqəddəs sayılardılar.Qazar ölən dərəyə çatanda yerli əhali lənət oxuyur,düşmənə nifrət edirdilər.

Dağ cığırları adamın biləyindən yapışıb gah dərəyə endirir, gah da qolundan tutub əlçatmaz zirvələrə qaldırır.Bizim kəndimizdəki "Qala” çox qədimdir.Qalanın dörd tərəfi uçurum və sərt qayalardan ibarətdir.Onun üstünə çıxmaq üçün bircə yeraltı yol var imiş.Həmin yeraltı yolla həm də qalaya Bazarçaydan su daşıyarlarmışlar.Qalanın şimala baxan hissəsində min baş qoyun tutan təbii kaha var.Kahada çıraq yeri, ocaq buxarısı var idi.Qalanın üstü Cıdır düzünü xatırladır.Uçub dağılmış damlar, batmış kalafa yerlərini görən camaat qalanın adını "Qalayeri” qoyublar.Dağılmış kəndə "Kəndyeri” deyildiyi kimi,XX əsriin əvvəlinə qədər bizim kənd Ağdü 800 evli olub.Evlər bir-iriniə bitişik tikildiyi üçün Əlmərdan bulağından Cəlil bulağına qədər adamlar damların üstü ilə gediş-gəliş edirmişlər.

Andronik Torosinin quldur dəstəsi 1918-ci ildə 824 ağdülünü ağır işgəncələrlə qətlə yetirib ,dinc əhalini məscidə yığıb yandırıblar.Tblisidə nəşr olunan "Qruzuya” qəzeti 9 noyabr 1918 tarixli sayında dərc etdiyi rəsmi xəbərdə yazırdı:

-"Qərbi Zəngəzurun Qarakilsə bölgəsində Andronikin quldur dəstəsi Qarakilsə, Dəstəgert, Dulus,Ərəfsə,Şukaar, Ərikli,Ağdü , Vəğədi,Urud, Pulkənd, Şəki kəndlərini yandırmış, dağıdılmış, kəndlərin əhalisi soyqırıma məruz qalmış, yurd-yuvalarından didərgin düşmüşdü.Ümumiyyətlə ,Andronikin vəhşiləri 1918-ci ildə Zəngəzur qəzasında 130 kəndi talan etmiş , dağıtmış, od vurub yandırmışlar.Bu faciə zamanı 7729 nəfər müsəlman öldürülmüşdür.Onlardan 3257 kişi, 2276 qadın, 2196 uşaq olmuşdur.1060 kişi ,794 qadın, 485 uşaq şikəst olmuşdur....

1988-ci ildə bizim kənddə 312 ev var idi ki həmin evlərdə də , 2400 nəfər o evlərdə yaşayırdılar.Kənddə dünya standartlarına cavab verən yeni tipli 300 nəfərlik mədəniyyət evi, 700 şagird yerlik yeni məktəb, 1 kitabxana, 2 mağaza, 1 bufet, tibb məntəqəsi, su dəyirmanı, elektrik dəyirmanı əhalinin istifadəsində idi.Kəndin küçələrinin əksəriyyəti asfaltlanmış, hər evin həyətinə su krantı çəkilmişdir.20 elmlər doktoru , kifayət qədər elmlər amizədi Ağdü kəndindən pərvazlanıblar.

Anti Azərbaycan cəbhəsini yaran, 1954-cü ildə Qarakilsə bölgəsində ilk "Əməkdar müəllim” adına layiq görülən ağdülü Ağaqulu Nəcəfov olmuşdur. Kəndin əhalisi firavan bir həuyat yaşamaqda idi..Doğma kəndlə son vidalaşma 1988-ci ilin dekabr ayında qarlı-şaxtalı gündə oldu.Ağdü camaatının növbəti didərginlik həyatı başladı.Köç karvanı qarlı dağlar aşaraq Azərbaycana üz tutdt.Qarlı, boranlı dağı aşanda xeyli insan tələf oldy.Qarabağ savaşında kəndimiz 10 nəfərdən çox şəhid verib.33 ildir doğma yurda həsrətik.Bu qalan ömrümün inan, hər anı inamla boylanır Vətənə sarı.Heç vaxt doğma ellərə qayıtmaq inamımızı itirməmişik, doğma Ağdünü unutmamışıq.İnşallah yaxın vaxtlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, müzəffər ordumuzun qüdrətiylə türk qardaşlarının dəstəyi ilə qərbi qədim Azərbaycan torpağı Zəngəzura, doğma dədə-baba torpaqlarımıza qayıdacağıq.

ZƏNGƏZUR

Dünyada nə çoxdur gözəl yer, məkan,

Mənimsə qəlbimdə birdi Zəngəzur.

Dolanam başına Kəbə daşıtək,

Ocaqdı Zəngəzur, pirdi Zəngəzur.

Dağlarının sinəsində qar yatar,

Yaylağında dövlət yatar, var yatar,

Tər güllərin qucağında yar yatar,

Sevincə çevirər dərdi Zəngəzur.

Zirvələri ağ çarşaba bürünər,

Yamacıyla qatı duman sürünər.

Bulaqları ayna kimi görünər,

Hələ açılmamış sirdi Zəngəzur.

Dağların sirrini çobanlar bilir,

Arılar çiçəyin gözünü silir.

Gölünə yaşılbaş sonalar gəlir,

Qonaq qarşılayan yerdi Zəngəzur.

Koroğlu nərəsi var qayasında,

İldırım iz qoyub hər qayasında

Qoymaz məskən sala sar qayasında,

Dəyişməz namərdə mərdi Zəngəzur.

Gözüm yolda qalıb qulağım səsdə,

Hicrinə dözməyib olmuşam xəstə.

Nə qədər bülbülüm qaldı qəfəsdə,

De, kimə söyləyim dərdi ,Zəngəzur?

Hələ sərt küləklər əsir qoynunda,

İgidlər saxlanır əsir qoynunda

"Çobanbinə” haylar gəzir qoynunda,

Kim səni güdaza verdi, Zəngəzur?

İnsafsız, mürvətsiz zamana gəldi,

Namərdin oxları köksünu dəldi

Sərçə qəh-qəh çəkib qartala güldü,

Sənə də çaqqqallar hürdü, Zəngəzur.

Ağdü Zəngəzurun kilid-açarı,

Ox kimi atılar düşmənə sarı

Yağı aşa bilməz bizim hasarı,

Yağı qabağında nərdi Zəngəzur.

Lələdağ, göz yaşı tökmək əbəsdir,

Edilən sitəmlər yurduma qəsdir

Zəngəzur sağdırsa, o sənə bəsdir,

Günəş parçasıdır, nurdu Zəngəzur!



Əvəz Məhmud Lələdağ

Şair,dramaturq,publisist

SDU-nun müəllimi


5782 oxunub

InvestAZ