XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



Əbülfət MƏDƏTOĞLU yazır :- Bağışla məni
Ədəbiyyat 15:19 / 11.10.2021


Mən Kəmalə Abıyevanın yaradıcılığına çox-çox uzun illərdir ki, müraciət edirəm və bu da səbəbsiz deyil. Çünki Kəmalə xanım mənim aid olduğum ədəbi camiənin ən istedadlı qələm sahiblərindən biridir. Xüsusilə onun könüllər oxşayan sevgi şeirləri, dillər əzbəri olan mahnı mətnləri hər bir oxucunu zaman-zaman özünə çəkir. Ona görə də ruhuma doğma olan bu poetik dünyanın sakinlərindən biri kimi hər zaman gözüm onun imzasını axtarıb. Axtarışlar da bəhrə verib. Mən onun yeni şeiri ilə, yeni fikirləri ilə, yeni sözü ilə qarşılaşmışam. Təbii ki, bu qarşılaşma da ovqatıma ovqat qatıb.

Təqribən bir ay bundan öncə Kəmalə xanımla üz-üzə gəldik. «Azərbaycan» nəşriyyatında, «Ədalət» qəzetində mənə aid olan hücrədə başımı yazı-pozu ilə qatdığım zamanda dəhlizdən tanış və doğma bir səs eşitdim:

- Bu Əbülfət harda oturur, onun yeri-yurdu haradır?

Dərhal səsə çıxdım, dəhlizdə qarşıladım Kəmalə xanımı. Otağa dəvət etdim. Oturduq üzbəüz. Öncə uşaqlardan, nəvələrdən danışdıq. Sonra ədəbiyyatdan, yaradıcılıqdan. O hətta ərklə məni danladı da. Dedi ki, hər səhər feyzbukda səni oxuyurdum, üç aydır itib-batmısan, yoxsan ortalıqda. Sənə sevgi şeirlərini gözləyənləri intizarda qoymusan...

Beləcə söz-sözü çəkdi və mən Kəmalə xanımın son yaradıcılığı ilə bağlı durumun necə olduğunu soruşdum, təzə kitab istədim ondan. Dedi, elə yeni bir kitabım var şəhidlərlə bağlı. Onun bir az normal qiymətə çap olunması üçün gəlmişəm. İstədim sənin də fikirlərini bilim. Təbii ki, bu mövzuda məsləhətləşdik və mənim arzumu, istəyimi nəzərə alan Kəmalə xanım çantasından sonuncu kitabı çıxarıb avtoqrafla mənə bağışladı. Həmin avtoqraf belə idi:

- Əzizim, gəncliyim Əbülfət Mədətoğluna sevgilərlə!

Kəmalə xanımı yola saldıqdan sonra oxuduğum bu avtoqraf məni uzaqlara çəkib apardı. Mərhum şairimiz Vaqif İbrahimi xatırladım. Onun rəhbərlik etdiyi dərnək və dərnəyin üzvləri gəlib durdu gözümün önündə. Tez-tez görüşdüyüm Maşallah Məftun düşdü yadıma. Necə deyərlər, zamanı da qınadım, vaxtsız itkiləri də. Amma sevindim ki, söz yaşayır. Dünyasını dəyişən qələm dostlarımın ruhu qarşısında baş əyərək sözlərinə uzun ömür dilədim içimdə.

Açdım Kəmalə xanımın mənə verdiyi kitabı. İlk oxuduğum şeir «Bağışlama məni» idi. Bilmirəm bu təsadüf oldu, yoxsa. Bunun özü də həyatımızın bir tələbatıdı, bir hökmüdü. Axı zamanın onun iqtisadi problemlərinin və bir az da laqeydliyimizin ucbatından bir-birimizi az arayıb axtarırıq. Bir-birimizlə görüşməyə gah vaxt tapmırıq, gah da həvəs göstərmirik. Ona görə də Kəmalə xanım doğru deyir:

- Bağışlama məni!

İndi qayıdıram qarşıma çıxan ilk şeirə:

Nə olsun qayıtdım, əlindən tutdum,

nə olsun ki, sənə «bağışla» dedim.

Məni bağışlama, qurbanın olum,

bağışlama məni, qoy çıxım gedim.

Baxma sevgi yağan baxışlarınla,

mən sənin dünyanı yıxıb getmişəm.

Sən həsrət qaldın baxışlarıma,

özgə bir dünyanı yığıb getmişəm.

Sənin üzündəki qəmin izləri,

mənim üzümdəki qəmdən dərindi.

Ağarmış saçların, nəmli gözlərin

qatili olduğum ayın-ilindi.

Ömründə yer vermə, indi sən məni ölən arzuların qoy arasına.

Mən də öz dünyama qoy çıxım gedim,

gedim xəyalların xarabasına.

...Ömrün baharı da qarlı qış oldu,

bir də o bahara dönə bilmərik.

Bağışlama məni, qurbanın olum,

biz xoşbəxt hekayə yaza bilmədik.

Bir parçasını təqdim etdiyim bu şeirdəki duyğuları bir araya gətirmək və onu dupduru su kimi, dağ havası kimi oxucu ruhuna hopdurmaq heç də asan deyil. Amma bu asan olmayanı Kəmalə xanım o qədər ustalıqla gerçəkləşdirib ki, deməyə söz qalmayıb. Sadəcə bu şeiri həm içində

oxumaq, həm də nəğmə kimi zümzümə etmək adamın bu qayğılardan, bu yüklərdən xilasına bir açardır.

Barəsində fikirlərimi bölüşdüyüm bu kitabın adı «İrəvanda diz qoysam» adlanır. Doğrusu, bu adın hardan qaynaqlandığını özündən soruşmaq istəyirdim. Amma sonra kitabdakı şeirlərin düzülüşünə, onun mövzu dairəsinə fikir verib anladım ki, Kəmalə xanım bu kitabda torpağa, vətənə, onun daşına, suyuna, bayrağına, əsgərinə, tarixinə və bir də insanına olan sevgilərinin ifadəsini, cizgilərini toplayıb. Yəni bu sevgilər bütövləşib və sonda zaman-zaman yaddaşımızda, ürəyimizdə bizim olub. Amma bu gün erməni paytaxtı kimi təqdim edilən İrəvana bir bayraq kimi sancılıbdı. O bayrağın altında da özü diz çöküb – yəni Kəmalə Abıyeva.

Əl boyda bir kitab barəsində fikirlərimi atüstü qeyd etməklə mən həm Kəmalə xanıma, həm də onun oxucularına demək istəyirəm ki, hər ikiniz xoşbəxtsiniz. Biriniz şair kimi, biriniz isə o şairin dünyasının əzizləri, əziz qonaqları kimi. Deməli, bu kitabın təbriki hər iki tərəfə düşür. O ki qaldı sonuncu sözümə, Kəmalə xanım, kitabınız barəsində bu kiçik yazıya görə və bir də bu fikirləri mətbuata bir az gec çıxartdığıma görə məni bağışlayın.


3403 oxunub

InvestAZ