XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Cahangir Məmmədli yazır: - Reallığın və bədiiliyin vəhdəti: "Beşatılan"
Ədəbiyyat 07:36 / 08.10.2021


İctimai fikirdə belə bir sual mövcuddur: Qarabağ uğrunda mübarizəmizin, otuz illik həsrətimizin və nəhayət, 44 günlük Vətən müharibəsinin bədii əsərlərdə dolğun ifadəsi özünü niyə hələ də göstərməyib və nə zaman göstərəcək? Ürəyi Vətən sevgisi ilə çırpınan, otuz il müddətində yağı düşməndən, torpaqlarımızı işğal altında saxlayan Ermənistandan qisas gününü gözləyən adamlar bu suala bir tərəfdən haqq edirlər, digər tərəfdən onu da nəzərə almalıdırlar ki, bu cür hadisələrin bədii sənətdə öz əksini tapması müəyyən zaman tələb edir. Lev Tolstoy kimi dahi bir yazıçının 1812-ci il Rusiya Vətən müharibəsini "Hərb və sülh" romanında bədii sənət nümunəsi kimi ortaya qoyması həmin müharibədən keçən uzun illərdən sonra mümkün oldu...

Əlbəttə, bu da bir təsəlli deyil və əlbəttə, bizim sənətkarlarımız düşmənin otuz illik işğalçılıq siyasətini, xalqımızın otuz illik Qarabağ nisgilini, qaçqın və köçkünlərimizin ötən ağır illərini və nəhayət, bütün bunlara son qoyan Vətən müharibəsini bütün detalları ilə hekayələrə, povest və romanlara, dram əsərlərinə və bəlkə də mükəmməl bir epopeya, trilogiyaya çevirməlidirlər. Və bu yerdə ən çox səmərə verə biləcək vizual sənətə - kino sənətinə diqqət artırılmalıdır. Heç inkar etmək olmaz ki, Qarabağın işğal mövzusu sənət əsərlərimizdə özünü göstərmir. Belə əsərlərimiz xeyli mövcuddur. Təkcə istedadlı yazıçımız Aqil Abbasın "Dolu" romanını və bu roman əsasında yaradılan və bu gün də aktuallığını saxlayan "Dolu" filmini, Vaqif Mustafayevin ssenarisi əsasında, mərhum Ceyhun Mirzəyevin rejissorluğu ilə çəkilmiş "Fəryad" filmini qeyd etmək yerinə düşər. Bu və Qarabağ savaşını əks etdirən digər əsərlərin əsasını qarşıdakı mübarizə əzmi, xalqın öz torpaqları üçün keçirdiyi nostalji hisslər, erməni xislətinin iç üzü və s. məsələlər təşkil edir və hələ qabaqda olan, qələbə müjdəsi yalnız müəlliflərin estetik ideallarında təqdim edilir. Bu əsərlərin mahiyyəti xalq, millət nisgili motivləri ilə bağlıdır. 44 günün zəfər yürüşü, düşməni diz çökməyə məcbur edən rəşadətli ordumuz, bu ordunun "birinci əsgəri" (Mir Şahin), Ali Baş Komandanın başçılığı ilə qazanılan müqəddəs qələbə isə bədii sənətə tamamilə yeni format, yeni tematika verir. Yazıçı və şairlərimizin, kinematoqrafiyamızın tamamilə yeni bir sürətlə bu mövzuya girişmələri artıq göz qabağındadır. Bu mənada kino işçilərimizin getdikcə artan bədii filmləri bizi çox sevindirir. Və məni bu fikirlərə sövq edən bir film haqqında söhbət açmaq istəyirəm. "Beşatılan"! Bu filmi Azərbaycan televiziyası istehsal edib. Film iki hissədən ibarət olub hər biri bir saat həcmindədir.

İlk növbədə qeyd edim ki, "Beşatılan" bizim ilkin zəfər filmlərimizdəndir. Filmin bütün məzmununda xalqımızın Vətən uğrunda qalib mübarizəsinin təməli dayanır. Burada "beşatılan" sözünün iki mənası var: birincisi, beşatılan xalq silah nümunəsi kimi, ikincisi, beş nəfər dostun əlində silah torpaqlarımızın azadlığı uğrunda Şuşaya qədər getmələri və müqəddəs bayrağımızı azad edilmiş torpaqlarımızın uca bir zirvəsinə sancmaları.

Filmin quruluşçu rejissoru Elçin Məmiyev, ssenari müəllifləri Firudin Məhərrəmov, Nurəddin Ədiloğlu bu sənət əsərində reallığın və bədiiliyin sintezindən məharətlə istifadə edərək bizə otuz ilin həsrətindən, 44 günün qürurundan doğan mükəmməl bir sənət nümunəsi təqdim etmişlər.

"Beşatılan" torpaqlarımızın düşmən tapdağından azadlığı uğrunda canından keçməyə hazır olan, bu yolda heç bir düşmən atəşindən qorxmayan beş dostun xarakterində xalqımızın Vətən sevgisini ümumiləşdirmişdir.

Filmin çəkilişində kollektivin hansı çətinliklərlə üzləşdiyinin bəzi məqamlarına mən də bələdəm. Lakin bu kollektivin səyi, peşəkarlığı və ən əsası, vətənpərvərliyi hər cür çətinliyə qalib gəlir. Bu kollektivin, xüsusilə rejissorun və ssenari müəlliflərinin seçdikləri çəkiliş məkanları, döyüş səhnələri, dağlar, dərələr, gecəli-gündüzlü hava şəraiti reallıqla çox uyğunlaşır və tamaşaçı bütün epizodlarda özünü milli mediamızın, telekanallarımızın müharibənin gedişində təqdim etdikləri reportajlardakı əyani məkanlarda hiss edir.

"Beşatılan"ın əsas qəhrəmanları - beş dostun bədii obrazları ordumuzun qəhrəman əsgərlərinin real xarakterinə çox yaxındır. Və belədə, Qarabağ uğrunda döyüşlərin real və bədii təfəkkür birləşməsi sənədliliyin bədiiliklə birgəliyinə zəmin yaradır.

Xüsusi vurğulamaq istərdim ki, rolların ifaçıları - Qarabağ döyüşlərinin xarakterini, Vətənə, millətə sevgisini peşəkarlıqla ortaya qoyurlar. Və bu məqamda rolların əsas ifaçıları - Elçin Məmiyevin, Anar Şuşalının, Vaqif Kərimovun, Əliqulu Səmədovun, Lətifə xanım Əliyevanın, Flora Hüseynovanın, Fidan Axundovanın və digərlərinin peşəkarlıq səviyyəsini xüsusi vurğulamaq lazımdır.

Filmin sonunda tamaşaçı Qarabağ döyüşlərində cəsarətlə vuruşan beş dostu qəhrəman əsgərlərimizin, kəşfiyyatçılarımızın ümumiləşdirilmiş obrazları kimi qəbul edir. Beş dostun rollarında olan Elçin Məmiyev, Rövşən Kərimduxt, Habil Xanlarov, Rauf Ağakişiyev, Ümid Abbas yüksək peşəkarlıq və özlərinə məxsus xarizmaları, empatiyaları ilə tamaşaçının rəğbətini qazanmışlar. Müzəffər ordumuz, onun əsgərləri döyüşdə heç nədən qorxmadan vandal düşmənin sonuna yetdilər. Filmdəki beş dost - müharibənin gedişində çox vacib bir fakt olan

kəşfiyyatçılar ən qorxulu yerlərdən keçib döyüşən əsgərlərimizin komandanlığına dəqiq informasiyalar ötürürlər. Onlar bu informasiyaları bəzən düşmənin lap gözünün önündən əldə edirlər ki, bu da qəhrəman əsgərlərimizin reallıqlarından biridir. Filmin uğurlu alınmasında ssenari, rejissor işi nə qədər vacib keyfiyyət olsa da, aktyor peşəkarlığı bu faktorlardan heç də geri qalmır.

Filmin kompozisiyası ustalıqla qurulub. Filmin lap əvvəlində öz kəşfiyyatçı vəzifələrini yerinə yetirmək üçün avtobusda hərbi hissəyə yollanan beş dostun xarakteri elə bu andan başlayaraq filmin sonunda düşmənin murdar bayrağını külə döndərib yerində Azərbaycan bayrağını dalğalandıran aktyorların bizə təlqin etdikləri Vətən sevgisi birə-beş artaraq milyonların amalına çevrilir. "Beşatılan"ın əsas məqsədi isə bu amaldan ibarətdir.

Cahangir MƏMMƏDLİ,

BDU Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri,

filologiya elmləri doktoru, professor


3497 oxunub

InvestAZ