Vətən müharibəsi
qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, şəhid Camal İsmayılovun oğlu
Alparslana məktubu.
Bir gün yağışda islandım, xəfif əsən mehlə
dinclik tapdım. Bir qış günü idi, güclü qar
yağırdı, mən üşüdüm, torpağa uzandım, qar üstümü örtdü. Ancaq mən üşümədim.
Torpağın istiliyi məni soyuqdan qorudu. Mən torpaqla böyüdüm, torpaqla bütövləşdim,
oğlum...
İndi sənin gözlərində özümü görmək istəyirəm.
İstəyirəm ki, kirpiklərin üzümə batsın. Ətrini uzaqlardan alıram, oğlum.
Uzaqlar, səni heç vaxt qorxutmasın. Sizə uzaqları yaxın etdim, özüm sizdən
uzaqlara düşsəm də... İndi Qarabağda azad günlərin sevinci yaşanır, indi Şuşada
bayramdı, bayrağımız Laçında, Ağdamda dalğalanır. Bu məni çox sevindirir. Nə
yaxşı ki, torpağımız, yurdumuz,elimiz, obamız var... Oğlum, torpaq, yurd,el,
oba hər şey deməkdir. Torpaqsız, yurdsuz biz heç kimik... Bunu yadında saxla...
Sənin adını hələ səfərə çıxmadan öncə
düşünmüşdüm. Düşündüm ki, oğlum olsa, adını "Alparslan” qoyaram. Vətənə, millətə
xeyirli övlad olar, mənim oğlum. Yolumu davam edər, haqq uğrunda yaşayar, halal
böyüyər, başımızı uca edər. Elə də olacaq. Çünki o, mənim oğlumdu. Adını da təsadüfən
düşünməmişəm. "Alparslan”! Necə də ürəyimə yatır. Sənin adını çəkəndə sanki
göydə şimşək çaxır, düşmənin başı əzilir, qara buludlar çəkilir, Günəş doğur
üzümüzə...
Növbəti tapşırıq gəldi. Qarşıda görünən
yüksəklik alınmalıdı. Ən böyük yüksəklik isə "şəhidlik” zirvəsidi, oğlum. İnsan
dünyanın ən uca zirvəsini fəth edə bilər, ancaq "şəhidlik” zirvəsi hər kəsə
qismət olmur. Bunu da heç vaxt unutma. Qəlbimi dinlə, yoluma nəzər eylə, məni
duymaq üçün torpağın ətrini içinə çək, torpaq ətri dünyanın ən gözəl ətirlərindən
biridi, oğlum...
Bayrağımız ucaldıqca, mənim gözlərim
dolur. Axı bayrağımız bizim kimliyimizdi, mən kövrəlirəm, sən kövrəlmə, oğlum.
İstəmirəm, sənin ürəyində mənimlə bağlı kövrəklik yer tutsun. Atanı həmişə
sevinclə, gülərüzlə xatırla... Mən sənin kimi uşaqların üzü gülsün deyə bu yola
çıxdım. Yolum uzundu hələ, oğlum...
Bir də ümidlərim var... Sənə danışacağım
ümidləri, sən də yaşat, oğlum. Gələcəklə bağlı ümidlərimi səndə ürəyində
pıçılda... Qarabağda, ilk gündə ayağım torpağa dəyəndə özümü göyün yeddinci
qatında hiss elədim. Dünyalar mənim idi, kainatı əlimdə saxlayırdım sanki... O
zaman məndə bir ümid yarandı, o ümidin adı "Qələbə” ümidi idi... Ümidim boşa
çıxmadı, oğlum. Bilirdim ki, qələbə bizimdir, ancaq tələsmək istəmirdim. Bu günə
çox şükür...
Sənə ala bilmədiyim oyuncaqları, məktəbə
apara bilmədiyim yolları düşünürəm. Düşündükcə, sənin yanında olduğumu bilməyini
istəyirəm. Məni yanında hiss etməyini istəyirəm. Bil ki, hər zaman səninləyəm,
oğlum, sizinləyəm, oğlum...
Göy üzündəki buludlardan sənə balınc,
çölün düzündəki çəmənlikdən sənə döşək hazırladım, oğlum. Başımı qoyduğum hər
daşın üstündə sənin adını yazdım, bu Vətənin hər nəyi varsa sənin adınla
çağırdım, sən bildim, əzizlədim, oxşadım, sevdim... Bu məni sakitləşdirdi,
ruhlandırdı, inandırdı, deyim biləsən... Hər gün bir az da yaxınlaşıram, öz
arzuma. Hər gün bir az da bütövləşirəm. Hər gün bir az da olsa, sənə doğru gəlirəm,
oğlum...
Bir
çox dostlarımı Qarabağda qazandım, Qarabağda da itirdim. Onların yoxluğuna alışa bilmədim. Dostluq çox
vacib məsələdi, oğlum. Kiminlə dostluq etdiyinə diqqət elə. Dostluq, çıxdığın
yolda səni hansı ünvana aparacığını müəyyən edir. Dostluqda möhkəm ol, sadiq
ol, haqqı nahaqın ayağına vermə, oğlum. Bu mənim həyat devizimdir. Sənin də həyat
devizin olsun...
Bir dəfə təlimdə idim. İsti yay günlərindən
biri idi. Bir qurtum su içib, dincəldik. Sonra bərk külək əsməyə başladı. Külək
əsdikcə təlim meydançasındakı bayrağımız elə dalğalanırdı ki, baxdıqca
qürurlanır, köks ötürürdüm... Elə bil dəniz kükrəyirdi, elə bil böyük bir dalğa
özünü sahildəki qayalığa çırpırdı. Bu səhnə uzun müddət mənim hafizəmdən
çıxmadı. Bunu unutmadığım üçün sənə deyirəm, oğlum, məni həmin andakı
bayrağımız kimi xatırla...
Gün gidende ay gelende gel
oğlum
Cihan yanar sen gülende gül oğlum
Bir yol vardır hakk yoludur bul oğlum
Yeri bilmek göğü bilmek bil oğlum
Çabuk büyü çabuk yetiş tez
oğlum
Çakal gezen şu dağlarda gez oğlum
Çabuk büyü çabuk yetiş tez oğlum
Hayin gezen şu dağlarda gez oğlum
Gez oğlum
Vatanına göz dikeni ez oğlum.!
Dostun kim düşmanın kim sez oğlum
Tarihini şerefinle yaz oğlum
Yaz oğlum.!