(Esse)
Həyatda
elə hadisələr var ki, möcüzəyə bənzəyir. Mən də ömrümdə möcüzəyə bənzər hadisələrin
şahidi olmuşam. Qardaşımın əkdiyi yasəmən
ağacları da möcüzəli görünüb mənə. Sağlığında əkdiyi yasəmənlərin quruyub, 20
ildən sonra pöhrə verməsini, gül açmasını öz gözlərimlə görmüşəm. Bu möcüzənin
sirri nədir, ilahi ?! Yazını oxuduqca mətləb aydın olacaq...
Qardaşım
Almaz Sovet ordusu sıralarında qulluq edərkən avtomobil qəzası nəticəsində, 20
yaşında həlak olub. Bu, faciəli hadisədən artıq 44 il keçib. Onun yoxluğu həmişə
ailəmizi ağrıdıb. Onun dostları, yaşıdları arasında da necə sevildiyini,
sayıldığını eşitmək yox, gərək öz gözlərinizlə görəydiz...
***
Qardaşım əsgər
gedəndə bağçamızdakı yasəmənlər salxım – salxım gül açmışdı. O, yasəmənləri
doyunca qoxladı, ciyərinə çəkdi yasəmənlərin ətrini. Sonra məni əllərinin
arasına alıb başı üzərinə qaldırdı. Sinəsinə sıxdı, gözlərimdən öpdü. Əlindəki
yasəmən gülünü yaxama taxdı və dedi:
-
Bu
yasəmənlərə yaxşı qulluq et, vaxtlı – vaxtında su ver. Susuzluqdan qurumağa qoyma.
Dərslərini də yaxşı oxu! Uşaqlardan qorxma haa, kişiqırığı!..
Bir də yasəmən gülünün yanına qayıtdı. Gülə - gülə dedi:
-
Qismət
olsa, iki ildən sonra görüşərik, a Yasəmənim!..
Mənə elə gəldi ki, qardaşım Yasəmən sözünü bu dəfə xüsusi vurğuladı.
Canlı insana müraciət edirmiş kimi dindi, danışdı. Beləcə, Yasəmənə sözünü dedi,
getdi. Doqqaz qapısından çıxanda ona doyunca baxdım. Onunla vidalaşanların,
yola salanların arasında elə vüqarlı görünürdü ki... Yerişi – duruşu ilə, uca
boy – buxunu, qəddi – qaməti ilə, əsl kişi gözəlliyi, kişi yaraşığı ilə,
idmançı görkəmi ilə seçilirdi.
Qardaşım yaxşı güləşçi kimi
rayonda ad çıxarmışdı, tanınırdı. Dəfələrlə yarışlarda rayon birinciliyini
qazanmışdı. Rayonlararası yarışlarda rəqiblərinin kürəyini yerə vuranda,
birincilik qazananda Bolnisi rayonunun ( kəndimiz bu rayonun inzibati ərazisinə
daxildir) kəndlərindən gələn azərkeşlər də qardaşımın tərəfini saxlayır, onu
alqışlayırdılar. Çünki qardaşım Bolnisi rayonunun idmançılarını təmsil edir, bu
rayonun idman şərəfini qoruyurdu. Həm də şərəflə təmsil etdiyi üçün gürcü millətindən
olan güləşçilər də onun xətrini çox istəyirdi.
Qardaşımın yaxşı qarmon çalmağı vardı. Yaxşı futbol oynamağı vardı. Yaxşı
dostları vardı. Ona görə həyətimiz həmişə qələbəlik olardı. Belə günlərdə
qardaşım və dostları məni əldən düşənəcən " işlədərdilər”. Futbol topunu
daşımaq, mağazadan limonad, su almaq mənim boynuma düşən işlərdən idi. Yorulub əldən
düşsəm də bu işləri həvəslə görərdim. Onların əhatəsində özümü arxalı sayır, ürəkli böyüyürdüm.
Qardaşım kinoya gedəndə, rayona, şəhərə ( biz Tiflisə sadəcə
şəhər deyirdik) gedəndə məni də özü ilə aparardı. Mən birinci sinfə gedəndə
"Əlifba” kitabımı da, məktəbli paltarımı və çantamı da qardaşım almışdı.
Funikulyorun nə olduğunu məni qardaşım özü ilə Tiflisə gəzməyə aparanda
bilmişdim.
Biz çoxuşaqlı ailə idik. On iki uşaq böyüyürdü
ailəmizdə. O, dördüncü qardaş idi. Qardaşlarımın sonbeşiyi isə mən idim. Bəlkə
də ona görə o, meylini daha çox mənə salmışdı. Bəlkə də... Həm də mən onun əlinin "sapand
daşı” idim...
Dostları da məni özlərinə
doğmadan - doğma bilirdilər. Onların xətri
mənə əziz idi. Bəlkə də zaman – zaman bu haqda yazası olsam, onların da könlünü
şad etmiş olardım. Dostlarından birinin haqqında isə fərqli düşüncələrimi qələmə
almaq heç ağlıma da gəlməzdi.. Amma yazmaya da bilmədim...
Elimizin qədirbilən oğlu, nəcib
insan, dəyərli ziyalı Eldar müəllim qardaşımı -
dünyadan vaxrsız getmiş uşaqlıq dostunu elə qədirbilənliklə anır ki...
Qardaşımın faciəli şəkildə həlak olması ürəyimi zaman – zaman göynədib. Elə
Eldar müəllim də onu yana – yana xatırlayır və qardaşımı mənə məndən yaxşı
xatırladır. Özü də qardaşımın qardaşı kimi mənə doğma görünür.
Onunla ilk tanışlığımız nəvaxt
olub, deyə bilmərəm. Amma onu bilirəm ki, ali təhsil almaq üçün Bakıya təzə gəldiyim
vaxtlar idi. Həmin günlərin birində Eldar müəllim məni isti ürəklə dindirdi:
-
Almazın
qardaşısanmı? – deyə soruşdu.
-
Hə,
- deyib uzaqlaşdım.
... Anamın illərdən bəri ağı deyib, oğul deyib ağlamasının təsirindən
elə kövrək olmuşdum ki... Mehrini qardaşımın əkdiyi yasəmən ağaclarına
salmışdı...Yaz, yay,qış, payız aylarında da anamı qardaşımın əkdiyi yasəmənlərin
yanında görmək olardı. Sanki qardaşımın ətrini o yasəmənlərdən alırdı.
Qardaşımın ölüm xəbəri gələn bir yay günündə yasəmənlər də qurumuşdu. Bircə
kötüyü qalmışdı. Gümüldənə - gümüldənə, qəribə bayatılar çağıra – çağıra
ağlayırdı anam:
Səməni,
Ya gül əkdim, ya səməni.
Qurudubdu yasəməni,
Fələk salıb yasa məni.
...Qardaşımın adını eşıdəndə
mənim ürəyimə bir mistik enerji gəlirdi,
hönkür – hönkür ağlayırdım. Və qəribədir ki, Eldar müəllim üç ildə, beş ildə
bir dəfə məni görəndə həmən soruşurdu:
-
Almazın
qardaşısanmı?
Guya bunu birinci dəfə
soruşurdu. Sanki bilə - bilə soruşurdu. Xatirələr təzələnirdi, dərd təzələnirdi,
tanışlıq təzələnirdi, yaddaş təzələnirdi və ən başlıcası qaysaq bağlamış
yaraların yeri təzələnirdi.
Hər dəfə də başımın işarəsi
ilə "hə” deyib uzaqlaşırdım. Bunu göz yaşlarımı gizlətmək üçün etsəm də, heç
vaxt özümə bağışlaya bilmirdim. Düşünürdüm ki, ağlamağım Eldar müəllimin xoşuna
gəlməz, məni tənbeh edər, "sən Almazın qardaşısan, axı...” Bir də ki, kişi
ağlamaz. Almaz igidcanlı oğlan idi, qorxmaz oğlan idi. Sən isə...” ( Yadıma gəlir,
Almaz lələm əsgərlikdən mənə göndərdiyi məktublarda yazırdı: " Qorxaq olma, dərslərini
yaxşı oxu.” O zaman mən orta məktəbin üçüncü sinifində oxuyurdum).
Digər tərəfdən də bu hərəkətim
mədəni insanlar üçün qəbul olunmuş etiket qaydalarına heç cür uyğun gəlmirdi.
Bilirdim ki, hərəkətim qarşımdakına aydın olmaya bilər. Eldar müəllim nədənsə
bu hərəkətimi bir dəfə də olsun üzümə
vurmadı. Doğrudan da hər gün insan
üçün yeni bir həyatdır. Günlərin birində ...
O söhbətdən illər ötüb,
çox – çox illər ötüb. İllər ötsə də, "düz sözə yalan qatmaq qızıla başqa metal
qatmağa bənzəyir”. Bu, hansısa dahinin müdrik kəlamıdır.
... İllərdən bəri quruyub, təkcə
kötüyü qalmış yasəmənlər kötükdən pöhrə verməyə başladı. Qardaşımın əllərinin
sığalına, qayğısına, nəvazişinə öyrəşən yasəmənlər hansı ilahi hikmətin təsirindənsə
salxım – salxım gül açmışdı.
Anamın gözləri yenə yaşlı
idi. Hıçqıra – hıçqıra yenə yasəmənlərə ağı deyirdi:
-
Balam
sizi Qarayazıda sürücülük məktəbində oxuyarkən oradan gətirib əkmişdi. Orta məktəbin
səkkizinci sinfindən çıxıb, sürücülük məktəbində oxumağa getmişdi. Əsgərliyə
gedənə qədər az bir müddət sürücü işlədi. İdarə etdiyi həmin maşını elə təmiz
saxlayırdı ki... Baxanlar elə bilirdi ki, o maşın indicə zavoddan çıxıb.
Dostları deyirdi ki, sevdiyi qızın adı da Yasəmən olub. Anamın bu
sözləri isə hələ də qulağımdan getməyib: " Ey, ay balam, bir yasəmən ağacı qədər
də ömrün olmadı. Allah səni könlünün ən xoş saatında vermişdi. Sonra da fələk əlmidən
alıb ürəyimə dağ çəkdi.”
Qardaşım Almazın vəfatının 20 ili tamam
olandan sonra birinci oğlum dünyaya gəldi. Dedilər ki, Allah əvəzini verib. Mən
onda dərk etdim ki, qurumuş yasəmənlərin kötüyündən düz 20 ildən sonra cana gəlməsi,
pöhrələnib şaxələnməsi, hansı sirli – sehrli hikmətdən xəbər verirmiş. Qardaşım
20 yaşında həlak olmuşdu. Ölüm xəbəri gələndə isə yasəmənlər qurumuşdu. Bir
müddət sonra qəbrinin üstündə əkdiyimiz
yasəmənlər isə boy verib salxım – salxım gül açdı.
İndi qardaşım Almazın adı
oğlumun adında yaşayır. Hər iş haqqın əlində, haqqın əməlindəymiş. Bu, mənim və
anamın sevinci və təsəllisi idi. Bir şeirdə deyildiyi kimi:
Sevinci görürsən, qəmi də danma,
Həyatın tutumu bəzən kədərdir.
Qəmsiz şair görsən ona inanma,
İnan ki, sevincdən o, bixəbərdir.
Yaxşı ki, hər şey vaxta
baxır, vaxt heç nəyə baxmır. Vaxtı Tanrı yazır, axı! Və nə yaxşı ki, özümü "qəribə”
aparmağıma rəğmən Eldar müəllim bunları üzümə vurmadı, irad tutmadı. Bilir ki,
şairlərin davranışı rəndəyə gəlmir, çərçivəyə sığmır. Dağınıq fikirlər yazı –
pozu adamlarının ürək yoldaşı, yol yoldaşı olur həmişə. Yazmaq üçün doğulanlar,
sözün acı olanlar, söz üçün yaşayanlar adi insanlardan fərqli düşünənlər, fərqli
yaşayanlardır. Bəlkə də qələm adamları başqa insan növüdür?! Bəlkə bütün təbiiliklərin
qeyri – adiliklərdə olduğuna görə belədir?! Allahın yer üzünə göndərdiyi xüsusi
təbiətli insanlar da var, əlbəttə...
Hər nədirsə, Eldar müəllim
qardaşımın qardaşı kimi, mənim üçün dəyərini itirməyən insandır. Dünən də belə
idi, bu gün də belədir, sabah da belə olacaq. O, qardaşımın elə keyfiyyətlərindən
söz açıb ki... Hərdən düşünürəm ki, mənim kimi yüz oğul olsa belə, qardaşım
Almazın yerini verə bilməz. Qardaşımla bağlı Eldar müəllimin dediklərinin
hamısı yaddaşıma yazılıb. Qardaşımla qardaş olanların doğmalığı da unudulan
deyil. Dəyərli, unudulmaz insanın dostu olanlar Allahın dostlarıdır. Çünki belə
insanlar dünyadan nakam getmiş dostlar haqda xatirələr danışanda onları
unudulmazlar zirvəsinə qaldırırlar.
Faxralı bulaqlarının
suyundan içənlər el – oba qədri bilən olub həmişə. Mən hələ uşaq yaşlarında
olanda Eldar müəllimgilin ailəsi Bakıya köçüb. Onu kəndimizdən illər, qərinələr
ayırsa da, qəlbi bircə gün də eldən – obadan, kəndimizin adamlarından
ayrılmayıb. El – obanın özəl doğmalığını, əzəl doğmalığını ruhunda, canında yaşadır.
Dost adı, el – oba adı ürəyini dilləndirir həmişə. Ona görə də Eldar müəllimə
minnətdarlıq hissi ilə bu şeiri yazdım:
Sənə minnətdaram, Eldar müəllim,
Dəyərli eloğlum, mehriban ellim.
İsti sözlərindir mənim təsəllim,
Dindirəndə qardaş kimi dinirsən.
Xatirə yaşadan ürək boş deyil,
İnsanı kövrəldən qəlbdi, daş deyil.
İlqarsızla heç könülün xoş deyil,
İlqarsızı ilqarınla yenirsən.
Qəlbində dostunun yeri göründü,
Anıldıqca qəbri nura büründü.
Bu dostluğun kökü elə dərindir,
Sən dost üçün ucalardan enirsən.
Qardaşım Almazı gətirib yada,
Ehtiram bəslədin həddən ziyada.
Vəfalı dost tək – tək olur dünyada,
Sən dostluğun heykəlinə dönürsən.
Bu, bir həsrət yazısıdır.
Bilmirəm, necə dəyərləndirəcəksiniz, Eldar müəllim?! Bu düşüncələrimi etiraf kimi də qəbul etmək olar.
Nəvaxtsa bunu yazacağım ağlıma da gəlmirdi. Yəqin heç siz də gözləmirdiniz.
Amma bu, insani dəyərlərə hesablanmış yazıdır. Mən könlümdən keçənləri yazdım.
Könüldən gələnlərdən ruh ətri gəlir. Ruhunuz yenilməz olsun!
***
Qardaşım Almaz onun adına yazdığım şeirlərdə və xatirələrdə yaşayır.
Qardaşımın xatirəsinə həsr etdiyim şeirlərdən birində yazmışdım:
Gecə yuxusundan qatarlar keçir,
Baxıb arxasınca anam ağlayır.
Yuxudan qatarlar qübarla keçir,
Keçir, nə fit verir, nə də saxlayır.
Səni bir yaz günü aparan qatar
Ananı baladan ayırdı getdi.
Cəhrətək fırlanan o dəmir təkər
Anamı yumaqtək əyirdi getdi.
Könlünü hər gələn qatar ovutmaz,
Gözləri yol çəkir, oğul gözləyir.
Bilir gələn deyil, bilir qayıtmaz,
Nağıla inanır, nağıl gözləyir.
Qatarlar getdilər üzü qürbətə,
Gedən qatarların biri gəlmədi.
Çəkilib ağladı hər gün xəlvətə,
Sənsiz bircə gün də üzü gülmədi.
Sən getdin... o qərib arzularınla
Anamı yaxıla – yaxıla qoydun.
Yaşadı həsrətin, intizarınla,
Şəklini böyüdüb daxıla qoydu.
Gedər gəlməz oldu qürbət qatarı,
O qatar bəlkə də əsirdi, qardaş?!
Nə gəlir anamın həsrət qatarı,
Nə də sən gəlirsən, nə sirdi, qardaş?!