XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



Aqil ABBAS: HACIBƏYLİ, YOXSA HACIBƏYOV?
YAZARLAR 21:18 / 17.09.2021

Deməli, baxıram son zamanlar Üzeyir  bəyin soyadı  müzakirə  mövzusu  olub və ziyalılar da  iki  yerə bölünüb. Bir yarısı  deyir Hacıbəyov  olmalıdır, digər  yarısı da deyir ki, Hacıbəyli.

Üzeyir bəy yazılarının, ümumiyyətlə, əsərlərinin altında «Hacıbəyov» imzası qoyurdu.  Bunu həmin zaman  tələb edirdi.  Həm inqilabdan əvvəl Rusiyanın, həm də inqilabdan sonra Sovet hökumətinin tələbi görünür belə olub.  Üzeyir bəy  bəy oğlu bəy olub, hələ soyadında «bəy» sözünü  saxlamaq, xüsusilə inqilabdan  sonra,  böyük cəsarət  tələb edirdi. Və Üzeyir bəy  elə bir  şəxsiyyətdir ki  və  elə bir  zirvədir ki, onun soyadının «bəyov», yaxud «bəyli» olması   heç nəyi  dəyişmir.

Rəhmətlik Abbas əmi (Abbas Abdulla) deyirdi ki, Hacalovlar da  (Abbas  əminin  familiyası  Hacalov idi və Gürcüstanda  igid kişilərdən  olmuş Qaçaq Acalın  nəslindən  idi) Hacıbəyovlarla  bir nəsildəndirlər.  Və əslində  soyadları  Hacıbəyovdur. Amma Gürcüstanda sənədləşmə gedəndə Hacıbəydən  «bəyi» yazmayıblar və rus gilində  «h» hərfi  olmadığından  «h»nı yazmayıblar və kəsəsi,  Acalov  yazıblar. Bunu  elə bir xatirə kimi  yazdım.

Bir məsələ də var. Əgər Hacıbəyovun  familiyasını  milliləşdiririksə, onda gərək Mirzə Fətəli Axundovu da «Axundlu», Əbdürrəhim  bəy Haqverdiyevi «Haqverdili» və ya  «Haqverdibəyov», Nəcəf bəy Vəzirovu  «Vəzirli», Kərim bəy Mehmandarovu «Mehmandarlı» və sair və ilaxır  yazaq.

Və sonda. Mən mübahisəyə  qarışmaq istəmirəm, yetim  oğlanam.  Amma onu bilirəm ki,  bütün dünya Üzeyir bəyi  Hacıbəyov kimi  tanıyır.

«Leyli Məcnun» operasının ilk tamaşasının  afişasını da dərc edirik, orda da «Hacıbəyov» yazılıb.

P.S. Xeyrəddin Qoca, sən də çox dərinə getmə ey, qoy nə təhər məsləhətdi, elə olsun.


1683 oxunub

InvestAZ