XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



Qarabağın Zəfər dastanları - Nurəddin Muğanlı yazır
Ədəbiyyat 11:04 / 17.09.2021

          

                                

 

     Düşmən işğalından azad edilən yurd yerlərimizin qaynar günləri  davam  edir.  Vətən müharibəsində  qazanılan  Zəfər xalqımızın  qüdrətinin, ordumuzun  möhtəşəm qələbəsinin  davamı  olaraq  dövlətimizin başçısı tərəfindən  işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma, bərpa işlərinə ilin  əvvəlindən  start verildi. Erməni  vandalları  o doğma yerləri 30  il ərzində viran qoysalar da,  reallaşdırılan  infrastruktur  layihələri hesabına  Qarabağın  gündən - günə  gözümüzün önündə canlanmasının şahidi oluruq.

 

      ...İndi zaman bizim doğma Azərbaycanımızın  xeyrinə işləyir. Ədəbiyyatımız,  incəsənətimiz,  kinematoqrafiyamız  Qarabağlı  günlərin ab-havası ilə nəfəs alıb, yaşayır. Yazıçılar, şairlər  qələmə aldıqları  əsərlərdə  "Dəmir yumruq" əməliyyatını  Azərbaycan  xalqının iradəsinin ifadəsi kimi qiymətləndirir, oxuculara  erməni vandalizmini qeyri-insani kinin, faşist  ideologiyasının əlaməti kimi  təqdim  edirlər.  Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə çap olunan "Qarabağ dastanı" (30 ilin həsrəti- 44 günün Zəfəri) kitabı da  təntənəli zəfər ədəbiyyatımızın, qalib ruhlu nəşrlərimizin xoşqədəmli başlanğıcıdır. Kitab AYB-nin sədri, Xalq yazıçısı Anarın ideyası ilə ərsəyə gəlib.  Kitabda  toplanan  yazılarla tanış olduqca   görkəmli qələm  sahiblərimizin həsrətinin yekunu, böyük zəfərin sevinci, illərdir nisgilin qıfılladığı şirin xatirələrin bədii təcəssümünün şahidi oluruq.

        Kitabın "Qarabağ: dostlar və düşmənlər" adlı bölməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər günündə keçirilən paraddakı çıxışlarından hissələrlə başlayır. Bu hissədə Türk dünyası yazarlarının Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair bəyanatı da yer alıb. Türkiyə Yazarlar Birliyinin başqanı Musa Kazım Arıcan, Türkiyə Ədəbiyyatı Vəqfi İdarə Heyətinin başqanı Sərhat Kabaklı və "Türk Ədəbiyyatı"dərgisinin baş redaktoru Bəxtiyar Aslanın Xalq yazıçısı Anara ünvanladıqları məktublar da oxucuların nəzərinə çatdırılıb.

        Xalq şairi Sabir  Rüstəmxanlının  "Qarabağa dönüş" poemasının isə   bu kitabda toplanan bədii nümunələr içərisində xüsusi yeri var. Qalibiyyətdən sonra yazılmış ilk iri həcmli lirik poemadır.  Sabir  müəllim bu poema ilə tarixə nəzər salaraq xalqımızın mücadiləsini təqdir edir.  Eləcə  də  Xalq  şairinin "Biz qayıtmışıq" adlı yazısı da   oxucularda çox güclü təsir oyadır.

         Qarabağ  mövzusunda  müxtəlif  illərdə yazılmış şeirlər,  epik əsərlər "Qarabağ dastanı"na xüsusi rəng qatır. Xalq  yazıçısı Çingiz Abdullayevin "Zori Balayanın Vladimir Putinə ünvanlanmış açıq məktubuna aid qeydlər" adlı yazısında isə ermənilərin uzun illərdən bəri məntiqsiz- mahiyyətsiz ədavəti və bunun absurd səbəbləri barədə fikirlər öz əskini tapıb.

      Tarixi  Qələbəmizdən sonra paytaxtda və bölgələrimizdə  Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr  edilmiş qısa və tammetrajlı  sənədli filmlər çəkilir, sərgilər təşkil olunur. Xalq teatrlarında Qələbəmizə həsr olunmuş  virtual tamaşa-kompozisiyalar nümayiş etdirilir.

        Azərbaycan Televiziyasının istehsalı olan "Beşatılan” filmi isə  ölkəmizin ilk zəfər filmidir. Həyəcanlı  döyüş  epizodları  ilə  zəngin olan filmin baş məsləhətçisi Qənirə Paşayeva,  quruluşçu rejissoru Elçin Məmiyevdir.  Tanınmış aktyor və kinorejissor Elçin Məmiyev "Yanmış körpülər", "Oyunçu", "Susmuş vicdan", "Sevginin göz yaşları", "Boyunbağı" teleseriallarında  quruluşçu rejissor və  baş rolların ifaçısı olmaqla yanaşı, həm də bir çox filmlərin ssenari müəlliflərindən biridir. O, dəfələrlə  gənclər arasında vətənpərvərlik dəyərlərinin təbliğindəki fəaliyyətinə görə mükafatlandırılıb. "Beşatılan” filminın quruluşçu rejissoru və Aqşin rolunu ifa edən  E. Məmiyevdən aldığımız  məlumata  görə,  filmin  bəzi  döyüş səhnələri Tərtərin Suqovuşan kəndində  çəkilib.  Filmdə döyüş təcrübəsi olan 5  dost Vətən müharibəsinə gedir və Şuşa  uğrunda  vuruşurlar. Bu dostlar şimallı, cənublu, şərqli, qərbli,  bir də bakılı komandir (düşünən beyin) birlikdə "Beşatılan” deməkdir  - bütöv Azərbaycan deməkdir. "Beşatılan”ın həm də simvolik mənası var. Bu, bizim keçmişimizin əks-sədası, həm də qisasıdır.

       Düşmən üzərində tarixi  Qələbəmizə  həsr olunan "Beşatılan”  ikiseriyalı bədii filmi ilk dəfə qarşıdan gələn Anım Günü -27 sentyabr ərəfəsində və sonra televiziyada yayımlanacaq.

       Azərbaycanın qalibiyyətdən doğan Zəfər dastanları  bu gün  bizi  maqnit kimi özünə çəkən  Qarabağın   görməli, gəzməli  yerləri  qədər  çoxdur. Qarabağlı  şair  Əbülfət Mədətoğlunun  Şuşa şəhərində  təşkil  olunan  Vaqif Poeziya  Günlərində qələmə aldığı  şeir  isə  müqəddəs dua kimi səslənir:

 

Allahım, bu  ünvan  sənin də  evin

Mənim də  Kəbəmdi Şuşa  adında.

Allahım, mənim tək  sən də  bax, sevin –

Qalsın  Kəbə  Şuşa  sənin yadında!..

 

Allah Şuşanın havasını, suyunu dadmağı hamımıza nəsib etsin.

Amin.

                                             Nurəddin Muğanlı.


2391 oxunub

InvestAZ