XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Ramiz Məmmədzadə:- Ağdamlı şeirlər
Ədəbiyyat 10:04 / 16.09.2021


 

 

 

 

 

 

 

 

 

                                                                                                                                               

 

 

AĞDAM

 

Mənə ögey baxan, ay bizim elli,

Babam kim, nənəm kim,

                                  yurd-yuvam bəlli.

Atam Seyidlidir,

                               Anam Çəmənli,

Nəslimin qibləsi, piridir Ağdam!

 

                                           Ağdamı şəhərlər şahı bilmişəm!

                                           Adından qorxubdur düşmən həmişə...

                                           Mən də bir balası,

                                                                       varam, gəlmişəm,

                                            Qorxmazlar, dönməzlər yeridir Ağdam!

 

Dağları, çölləri qəşəngdən qəşəng

Çiçək nəfəsində doğma bir ahəng

Sağ əlində qılınc

              Çiynində tüfəng

Qalib əsgərlərin biridir Ağdam!

 

                                          Mən ondan almışam gücü-qüvvəti!

                                          Anamdır!

                                                         El bilir bu həqiqəti!

                                        Andımız, sevdamız,

                                                                   cəngimiz qəti!

                                       Qalxdı, çalxalandı,

                                                              yeridi Ağdam!  


 

 AĞDAM CÜMƏ MƏSCİDİ

 

Rəhmətlik Molla Mürşüd babamın

                                    and yeri, iman yeri.

Çiçək nənəm Gözəlin

                           ümid yeri, güman yeri

                           Ağdam Cümə məscidi.

Əliqurumuşlar

                        Sənə əl uzatdılar

Onlar bəşər deyil,

                          ayrı kafir zaddılar...

Diddilər, yedilər səni...

Yox, boğmasın qəhər səni!

Allah götürməz qəti

                      Bu günahı, xəyanəti!

Nurlu, təmiz məscidim!

Doğma, əziz məscidim!

Gözün aydın! Göylərində

Dalğalanır əzan səsi!

Görüşünə əlində "Quran” gəldi

Millətimin zəfər çalmış

                                  Sərkərdəsi!

Yollarına düzülməkdə

          Şahbulağın ağ daşları.

Sənə salam göndərməkdə

                              İstanbuldan

Bütün məscid qardaşların!

Gəl, sevindir ayrılıqdan

Həsrət çəkmiş gözləri sən!

Aç qolunu, biz gəlmişik

Bağrına bas bizləri sən!

 

  

Milli Qəhrəman Allahverdi Bağırov

 

Qəssab Teymur kişinin

                               oğluydu,

Özü boyda nəfəs alan,

yeriyən bir dağdı

               Allahverdi Bağırov!

Köküylə, budağıyla

               Qarabağdı

                Allahverdi Bağırov!

Torpağının sahibiydi,

            Bu torpaqda boy atmışdı

Öz bəxtinin dünyasını yaratmışdı...

Sən işə bax!

Çox qudurdu qonşuluqda

Bir ovuc şeytan sürüsü

Yalı bizdən "yan” sürüsü...

Qarabağa od ələndi,

Xocalıda

                uşaq, böyük güllələndi!

Darda qalmış məmləkətin

Bu cəngavər, igid oğlu

Özü kimi igidləri

               yığdı başına.

Barmaqları gülləsiydi,

Qolunu tüfəng eyləyib

             çıxdı qarşıya...

Dönüb dağlar qartalına

Qanad açdı Allahverdi.

Elə bil ki, döyüş üçün

Doğulmuşdu Allahverdi!

Yerlər, göylər parçalandı,

Ərənlərin yuvasında.

Həlak oldu Allahverdi

Öz elində, obasında...

...İndi ruhu rahat gəzir

Qarabağın göylərində

Bu ilahi məhəbbətin

Təməl daşı çox dərində...

Nə yaxşı ki,

                    Ağdamdakı

Tənha qəbri

              Qəzəbindən, hiddətindən

Bomba kimi partlamadı...

Əsrlərdən, əsrlərə,

        Nəsillərdən, nəsillərə

addımlayır

Teymur oğlu

       Allahverdi Bağırovun

                     Doğma adı!

 

 

  Köçəri oğlu Səlim

 

Əməkdar müəllim Səlim Əzimovun

unudulmaz xatirəsinə

 

Ay bizləri Qarabağa

          görüşlərə çağıran

Qarabağa Günəş doğub,

               gözlərin aydın!

Gəlirik eyy,

Kaş möcüzə baş verəydi

Uzundərə, Göytəpə yollarında

Qarşımıza çıxaydın...

Sən ağdamlı qamətinlə,

Dosta, yara ülfətinlə,

Düşmənlərə nifrətinlə

Aztapılan bir adamdın...

               Köçəri oğlu Səlim!

Sən dipdiri, sən qapqaynar,

               bir Ağdamdın,

              Köçəri oğlu Səlim!

Bir zamanlar Novruzluda

             Evin vardı, bağın vardı...

Danışanda Göy qopardı,

Yeriyəndə Yer əsərdi,

Yaşamağa tələsərdin...

Aşıb-daşan çağın vardı...

Dörd yanında balaların,

bəxt qismətin, könül varın...

Məktəb, uşaq, isti ocaq...

Qarabağın ağ günləri...

...Qara yellər əsib keçdi,

itdi, bitdi, yoxdur, hanı?

Günəş çıxdı Göy üzünə

Günəş aldı bu dünyanı!

Sən bizləri Qarabağa

              Səsləyərdin, Köçəri oğlu Səlim!

Qarabağa Günəş doğdu

               Gözlərin aydın!

Kaş möcüzə baş verəydi

Uzundərə, Göytəpə yollarında

                     qarşımıza çıxaydın,

                         Köçəri oğlu Səlim!

 

 

 

 

 

Ağdam şəhər 1 N-li orta məktəbin himni

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 28 may 2021-ci ildə düşmənin darmadağın etdiyi Ağdam şəhər 1 N-li orta məktəbin yeni binasının təməlini qoydu.

 

Bu işıqlı sönməz ocaq

Öz adını daşıyacaq.

Dünyalarca yaşayacaq

Bir nömrəli məktəbimiz.

 

                             O, anadır, biz övladı

                             Çox əzizdir doğma adı

                             Bizə ağ gün arzuladı

                             Bir nömrəli məktəbimiz.

 

Dava vaxtı darda qaldı...

Köçdü, orda-burda qaldı.

Sarsılmadı harda qaldı

Bir nömrəli məktəbimiz.

 

                            Döyüşlərdən qorxan deyil!

                            Bizə ögey baxan deyil,

                            Yadımızdan çıxan deyil

                            Bir nömrəli məktəbimiz.

 

Ürəyi bizimlə vurar.

Taleyində şərəf, vüqar.

Ən birinci yerdə durar

Bir nömrəli məktəbimiz!

 

                                                                                          Şüvəlan, iyun-avqust 2021-ci il


1630 oxunub

InvestAZ