XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Aqil ABBAS: İRAN MAŞINLARI QARABAĞA BURAXILMAYA BİLƏR
YAZARLAR 20:06 / 13.09.2021

Bildiyiniz kimi, İran İslam Respublikasının maşınları dayanmadan Xankəndinə yük daşıyırlar. Müdafiə  Nazirliyi də bununla bağlı Rusiyanın  Müdafiə Nazirliyinə məktub ünvanlayıb, yəni sülhməramlılar niyə öz missiyalarını  yerinə yetirmirlər?

Daxili İşlər Nazirliyi  artıq neçə gündür  Qafan-Gorus yolunun bizim ərazimizdən keçən hissəsində  öz  postunu  qurub. Və bu günlərdə Daxili İşlər  Nazirliyi posta belə bir  səlahiyyət  verdi ki, İran maşınlarını yoxlasınlar  və onların nə gətirdikləri  haqqında  dəqiq  məlumatımız olsun. Artıq bu  yoxlamalar da başlayıb.

Bəli, 30 il İran maşınları  işğal olunmuş ərazilərdən bizlərin ev-eşiyini, əmlakını, bizlərin  sərvətini   daşıyırdı.  Və hər ev üçün də 300-500 dollar  pul verirdi  ermənilərə. Din qardaşlarımız  evlərimizdən  daşıyıb  apardıqları  yorğan-döşəkdə necə yatırdılar və yatırlar, bizim qazanlarda necə yemək  bişirirdilər və bişirirlər və sair və ilaxır  bunu  bu gün də anlaya bilmirəm. Nə isə…

İranla Ermənistan   qardaşdı  və  bu aksiomadı. Və  1988-ci ildən bu günədək də Ermənistana  hər cür yardım ediblər və edir də.

Təbii ki, İran müstəqil bir  dövlətdir, istədiyi  ölkələrlə də iqtisadi  əlaqələrini  qura bilər. Heç kim İranı məcbur edə bilməz ki, sən Ermənistanla əlaqələrini  kəs.

Məscidləri dağıdan, məscidlərdə donuz saxlayan bir dövlətə bir İslam ölkəsinin  yardım  eləməsi və dayaq durması artıq  vicdan  məsələsidi.

Sabir hələ 115 il bundan  əvvəl İrana  öz möhürünü vurub, nə deyib onu  yaza bilmərəm, qorxuram. Yazsam ki, özü də bunu mən demirəm, Sabir deyir:

Ağladıqca kişi qeyrətsiz olur,

Necə ki, ağladı İran oldu.

Bax, bunu  yazsam İranın  trolları və tulaları məni parça-parça  edərlər, ona görə də yazmıram.

Bəli, İran  Ermənistana yanacaq, müxtəlif  nə  bilim nələr, eləcə də ərzaq göndərə  bilər, amma  həmin  maşınları  bir  başa Xankəndinə  sürə bilməz. Çünki Xankəndi beynəlxalq səviyyədə, eləcə də İranın öz tərəfindən  də tanınmış Azərbaycan dövlətinin  ərazisidir və Azərbaycan hökumətindən  icazəsiz heç  bir ölkənin nəqliyyat   vasitəsi   Azərbaycan torpağına  girə bilməz və Azərbaycan torpağından  keçə bilməz. Bunu  beynəlxalq  hüquq  tələb edir.

Buyur, göndərirsən İrəvana  göndər,  nə deyə bilərik? Qoy canları  çıxsın heç olmasa  öz maşınları ilə daşısınlar   Xankəndinə, necə ki  daşıyırlar. Və o yüklərin  altında nələr  aparırlar artıq bu barədə bizim də xüsusi xidmət orqanlarının   məlumatı var.

Kəsəsi,sülhməramlılar öz missiyalarını qətiyyən yerinə yetirmirlər. Necə olur ki, sühməramlılar ermənilər  üçün evlər tikir, su çəkir, yol çəkir, müharibədə ölənlərinin  qəbirləri  üstünə əklil qoyur. Təkcə   erməni kişilərinin  yox, erməni  qızlarının da quşun götürür, amma bizə öz doğma kəndlərimiz Umudluya, Narınclara, Sırxavəndə, nə bilim Bağlıpəyəyə doğma  ev-eşiyimizə getməyə  icazə vermirlər.

10 noyabr bəyanatında bu şərtlər  qeyd olunub  axı. Necə olur ki,  Laçın  dəhlizi işləyir, Ağdam-Şuşa və Ağdam-Kəlbəcər yolu  hələ də bağlıdır?

Necə olur ki, Laçın dəhlizi işləyir, amma Zəngəzur dəhlizi hələ də  açılmayıb?

İnşallah,  necə ki «lazım»ı gözləyirdik, o «lazım»   və gəldi 44 günün içində torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə  azad elədik, eləcə də  tezliklə həmin «lazım» gələcək, bu yollar da  açılacaq.

Vaxtilə bir anekdot yazmışdım. «Xəzərdənizgəmiçilik» İdarəsi neçə vaxtdır vergini ödəmir. Nazirlikdən dəfələrlə idarənin  rəisi Aydın Bəşirovdan xahiş edirlər vergini ödəsin, o da deyir ödəmirəm.

Bir gün nazir  Fazil Məmmədovla  Aydın Bəşirov dəniz qırağında rastlaşırlar. Nazir cumur  Aydın  Bəşirovun üstünə, başlayır  yumruqlamağa:

- Vergini  niyə  vermirsən?

Aydın Bəşirov:

- Ə, bir dayan!  Vergini  belə  istəyərlər, adam da verər.

İndi hələ ki Zəngəzur  dəhlizinin və digər yolların  açılmasını dialoq  yolu ilə həll etmək istəyirik. Dialoq  yolu  baş tutmasa, Dəmir Yumruq yolu da var.

Qaldı İran maşınlarına, hər halda  tezliklə   o maşınların da  yolu bağlanacaq.


2152 oxunub

InvestAZ