XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Səksəninci döngə
Ədəbiyyat 14:50 / 08.09.2021


 

Şair dostum, ustadım

Telman Hüseyn Anadilin

80 yaşına təbrik əvəzi

 

...  Dünyada iki döngə olduğunu bilirdim - biri sağa o biri sola. Amma daha bu qədər döngə olduğunu illər ötdükcə görməyə və anlamağa başladım.

         Onunla tanışlığımızı xatırlayıram: mənim ömrümün gənclik (hərbi xidmətdən yenicə qayıtdığım), onun həyatının cavanlıq döngəsi idi.

         Sonralar müxtəlif döngələrdə yollarımız qovuşdu. Bir gözəl və müdrik şair olaraq ona yaxınlaşır, təzə şeirlərimi qorxa-qorxa diqqətinə çatdırırdım.  Bu arada döngələr çoxalır və sayı unudulurdu. Onun sərt düzəlişləri ilə rastlaşır və "özümü düzəltməyə” çalışırdım. 

         Sonrakı döngələrdə (az zaman fərqi ilə) şair kimi, insan kimi də sevdim onu. Və özümə ustad kimi qəbul elədim.

         Onun üçün yolların eni, uzunu ömrün ölçü vahidi deyil. İllər aşırımındakı mənalı döngələrlə ölçülür ömrün mənası. Qəfil sevinclə (və bədii kədərlə) tarixləşir ömrün dolayları. Göz yaddaşımızda, səs yaddaşımızda, sabahlarımızın çaparı yuxularımızda qalır. Davamlı hönkürtülərin üstündən qanadlı  qəhqəhələrin döngələrində rahatlanırsan:

                                      " Mənə bəd xəbəri qəfil verməyin

                                        Kədərin ağlayan dili olaram

                                      Mənə şad xəbəri qəfil verməyin,

                                      Qəfil bir sevincdən dəli olaram.”

 

         Onu nə zaman görsən həzin addımlarının  "yol xəritəsinə” çevrilən alın qırışlarını bürüyən ömür döngələrini rahatca müşahidə eliyə bilərsən.

         O "xəritədən” acılı-şirinli xatirələrin döngələri özü sənə "gəl-gəl” deyir. Səni uzaqlara millənən, sonsuzluğa yüyürən yollar həsrət dumanına bələyər, sehirli ağuşunda gizləyər.

         ... Ömrünün şah döngəsindən qədim İrəvanın  Vedi rayonunda keçib—1941-ci ildə. Bu dünyaya gəlişi ilə doğmalarını sevindirib.

         Həyatının ən məşəqqətli, ən ürək dağlayan döngəsi (1941-1945) II Cahan müharibəsindən dönməyən atası Canbaxış kişinin ömür kitabının sonluğu döngəsidir. Bu əbədi ağrıları Əlahəzrət Sözün sehirli qanadlarında yaşatmalı idi. Yaşatdı da:

                            "Döyüşlərdə başa çatan ömrünün,

                            Davamıyam, sonrasıyam atamın

                            Zəfər səsi, səadəti, murazı

                            Qələbəsi, "ura”sıyam atamın.”

 

Bərdənin Otuzikilər kəndinə gələnnən sonra başlandı şair ömrünün məhsuldar və rəngarəng döngələri. "Təzə tanışlarım”, "Məni bağışla”, "Üşüyən nəğmə”, "Payın çox olsun dünya”, şeirlər və poemalar, "Çığırğandan gələn səslər” və "Ağ dəftər” xatirələr kitabları onun yazıçı və müəllim-pedaqoq, həmçinin bir sevgili insan kimi varlığının mütləqləşdirdi.

... Şənbə, bazar günlərində  şair Telman Hüseyn Anadili kəntdən gətirən yola çıxırıq ki, onu görək, onunla dərdləşib təzələnək. Onun dalğalı, bəyaz saçlarını, dərdin bozartmaq istədiyi gözlərini görək. Qışda canımızı isidən, yayda sərinlədən səsini eşidək.

Şairi yamanca "söhbətə tutduq”. Az qala zarafata salıb desin ki:

                   "Mən yol adamıyam

                   məni bağışla (yın)!”

...Həmişə ondan ayrılanda arxasınca xeyli məlul-məlul baxıram. İçimdəki qüssələr boğazıma tıxanır. Və birdən bu baxmaqlardan qorxuram... tez də dönüb Allaha baxıram...

Bu yaxınlarda (bu ilin fevralında) gözəl şairimiz Telman Hüseyn Anadili bir qədər aralıdan—ömrünün 80-ci döngəsində gördüm. Səsim çatan qədər dedim: "Əziz dostum, ustadım 100-cü döngədə görüşənədək!”

Böyük   Sevgilərlə,

                            Sizin Rizvan Nəsiboğlu. 

 


2657 oxunub

InvestAZ