XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Ramiz Göyüşov: - Vaqif yenidən Şuşaya qayıtdı
Ədəbiyyat 14:11 / 08.09.2021


 

                                                                   "Mən əminəm ki, Şuşa işğaldan azad olunacaq və

Molla  Pənah  Vaqifin   məqbərəsi də öz xalqına qayıdacaq”

                                                                                              Heydər Əliyev

Azərbaycan Xalqının Ümumilli lideri

 

         2021-ci il avqustun 30-da, 30 ildən sonra Şuşada Vaqif Poeziya Günləri bərpa olundu. Bu tədbirin keçirilməsi çox mühüm ədəbiyyat və mədəniyyət hadisəsi olmaqla, həm də böyük əhəmiyyət kəsb edən siyasi hadisə idi.                "Əziz dostlar! Bu gün ölkəmizin həyatında çox əlamətdar gündür. Biz böyük Azərbaycan şairi, siyasi xadim, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışını qeyd edirik. Bu münasibətlə Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirin açılışında, çıxışının əvvəlində bu fikirləri səsləndirməklə, əslində bu hadisəni miqyasını, və əhəmiyyətini bütün ictimaiyyətə və dünyaya təqdim etmiş oldu.           Təbii ki, Molla Pənah Vaqifə 1982-ci ilə qədər, həm müasir ədəbi dilimizin formalaşmasında müstəsna xidmətləri olan  böyük şair, həm siyasi  xadim, həm Qarabağ xanının vəziri, həm də fonemenal şəxsiyyət kimi, yazıçılarımız, tarixçilərimiz, şairlərimiz, elm və dövlət adamlarımız yüksək dəyər vermişdilər. Lakin, Böyük şairə onun məzarı üstündə məqbərə və abidə ucaltmaq, Heydər Əliyevə müyəssər oldu.                                                                   Etiraf etməliyik ki, 1982-ci il yanvarın 14-də qarlı-şaxtalı bir gündə Azərbaycanın qədim şəhəri, Qarabağın incisi, keçmiş Qarabağ xanlığının mərkəzi  Şuşada, Qarabağ xanının vəziri üçün bu işləri görmək o dövr üçün ideoloji baxımdan fövqəladə bir iş idi. Heç şübhəsiz Molla Pənah Vaqifin yaradıcılığına, fəaliyyətinə və şəxsiyyətinə ən böyük dəyəri bu işləri görməklə  Ümummilli liderimiz Heydər Əliyev vermiş  və bununla Molla Pənah Vaqifə münasibətini nümayiş etdirmiş oldu.                                                                          Sual oluna bilər. "1717-1797-ci illərdə xanlıqlar dövründə yaşayıb-yaratmış Molla Pənah Vaqifin fəaliyyətində nə möcüzə vardı ki, Heydər Əliyev kimi nəhəng bir şəxsiyyəti özünə cəlb etmişdi?”                                                       Fikrimcə,  səbəblərdən biri o idi ki, ümumilli lider liderimiz Heydər Əliyevin Vaqif şəxsiyyətinə bir şair kimi də, dövlət xadimi kimi də, hələ gənc yaşlarından böyük sevgisindən, Səməd Vurğunun yaratdığı "Vaqif” dramına, əsərdəki  Vaqif obrazına (həm də təkcə bu əsərə yox Azərbaycan ədəbiyyatının bütün kassiklərinin əsərlərinə)  məftunluğundan qaynaqlanırdı və hətta həmin əsərdə Heydər Əliyevin məktəb səhnəsində Vaqif rolunu oynaması barədə məlumatlar da vardır.                                                                                      Ümümilli lider Heydər Əliyev bir fenomenal şəxsiyyət olaraq Azərbaycan tarixini, ədəbiyyatın, musiqisini çox gözəl bilirdi və onun bu dəyərlərə xüsusi münasibəti var idi. Məhz bu münasibətin nəticəsi idi ki, 1969-cu ildə Azərbaycanda rəhbər vəzifəyə gətirildikdən sonra sadalanan sahələrə, Azərbaycanın tarixi şəxsiyyətlərinə, ədəbiyyatımızın, poeziyamızın, musiqimizin, görkəmli nümayəndələrinə diqqət və qayğını Ümummilli liderimiz öz fəaliyyətinin prioritet sahələrindən biri hesab edirdi. Heydər Əliyev onu da çox gözəl bilirdi ki, xalqın tarixində, ədəbiyyatında musiqisində, ümumiyyətlə, mənəvi varlığında iz qoymuş şəxsiyyətlərin yaşadılması və təbliği həm də gələcək nəsillərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması və  formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan Ulu öndərimiz Azərbaycanın klassiklərinin keçmiş SSRİ və dünya miqyasında tanıdılması, onlara dəyər verilməsi, əsərlərinin xarici dillərə tərcüməsi, adlarının əbədiləşdirilməsi, görkəmli şəxsiyyətlərimizə fəxri adların verilməsi, onlara diqqət və qayğı göstərilməsi sahəsində müstəsna xidmətlər göstərmişdir.               İkincisi, Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi və tarix elmini, xüsusilə, Azərbaycanın dövlətçilik tarixini mükəmməl bilirdi. O, Qarabağ xanlığının tarixinə də, sonradan Qarabağın və Şuşanın başına gətirilən faciələrə və bəlalara da  yaxşı bələd idi. Bu baxımdan Qarabağın Azərbaycan torpağı, Şuşanın Qarabağ xanlığının mərkəzi və Azərbaycan şəhəri olduğunun sübutlarından biri kimi Qarabağ xanının vəziri Vaqifin məqbərəsin ucaltmaq məsələsi Heydər Əliyevin bu istiqamətdə apardığı işlərin tərkib hissəsi olmaqla mühüm addımlarından biri idi.                                 Tarixdən məlumdur ki, 1752-ci ildə əsası qoyulmuş Şuşa şəhəri, Qarabağ xanlığı ləğv edilənədək (1822) xanlığın mərkəzi - paytaxtı olmuş və şöhrəti xanlığın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. 1828-ci ildə Türkmənçay sülh müqaviləsilə - Azərbaycanın Rusiya ilə İran arasında iki yerə bölünməsi və Qarabağ xanlığının da Rusiyanın tərkibinə daxil edilməsi başa çatdı. Yaxın Şərqdən, İran və Türkiyədən ermənilərin Azərbaycana böyük köçü başladıqdan sonra Qarabağda etnik ermənilərin sayının çoxaldılmasını qarşısına məqsəd  qoyan Çar Rusiyası Qarabağı erməniləşdirməyə, burada ermənilərin sayını artırmağa cəhd göstərir və bir çox hallarda buna nail olurdular. Bu baxımdan ermənilər öz havadarları ilə Qarabağın mərkəz şəhəri Şuşanı da erməniləşdirməyə, eyni zamanda həm də Şuşanın bölgədəki nüfuzunu  kiçiltməyə çalışırdılar.  Bunun nəticəsi olaraq 1840-cı ilə qədər dairə mərkəzi olan Şuşa şəhəri 1867-ci ildə vahid siyasi – inzibati idarə statusunu itirərək kiçik bir qəza mərkəz idi.                                                                                1920-ci ildə Azərbaycan Demokratik Cumhuriyyətin süqutundan sonra hakimiyyətə gələn bolşevik-daşnak ermənilər öz  havadarlarının, beynəlxalq güclərin və yeni yaranmış bolşevik hökumətinin təzyiqi ilə Azərbaycan SSR-nin tərkibində erməni muxtariyyəti yaratmaq arzuları axır ki, 1923-cü ildə reallaşdı.  Qarabağın bir hissəsində paytaxtı Xankəndi (sonra isə Stepanakert adlandırıldı) olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bununla da, Şuşanın inzibati mərkəz statusu ləğv edildi.                                                                          1987-ci ildə Ümumilli liderimiz Heydər Əliyev xain Mixail Qorbaçov tərəfindən Moskvadakı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra hökumətdə yüksək vəzifə tutan  ermənilər, SSRİ hökumətinin başında duran ermənipərəst rəhbərlərin dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana birlədirmək ideyasını gerçəkləşdirməyə başladılar və bu proses 90-cı illərin əvvələrində Dağlıq Qarabağın, o, cümlədən Şuşanın, Dağlıq Qarabağ ətrafındakı rayonların və Şərqi Zəngəzurun işğalı ilə yekunlaşdı.     Ermənilər işğal altında olan ərazilərdə tarixdə görünməmiş vəhşiliklər törətdilər.Təkcə Şuçada 600-dən çox tarixi abidələr,o cümlədən Molla Pənah Vaqifin məqbərəsi,məzarı və abidəsi məhv edildi.                                                                                                         …Azərbaycan düz 26 il ərzində münaqişənin həlli ilə münaqişənin həlli ilə əlaqədar sülh variantına sadiq qaldı. Bu illər ərzində Ermənistan hər dəfə danışıqların həlledici məqamında bir bəhanə gətirərək və ya bir hadisə törədərək danışıqları dalana dirədi.                                                                                                          Düşmən tərəfi nə qədər danışıqları pozsa da, status-kvonu uzatmağa çalışsa da, Azərbaycana qarşı yeni ərazi iddiaları niyyəti ilə təxribatlar törətsə də, Cənab İlham Əliyev dözmək həddinə, dözüm sərhədinə qədər dözdü. Nəhayət onların növbəti təxribatının qarşısı qətiyyətlə alındı.2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycanın Böyük və Müqəddəs qələbəsi təmin edildi. Bu qələbə nəticəsində müstəqilliyimiz də,  ərazi bütövlüyümüz də təmin edildi. Qarabağın incisi Şuşa düşmən işğalından azad edildi.                                                                                                                Hələ oktyabın 16-da Türkiyənin "A Haber” kanalına müsahibəsi zamanı Cənab Prezident deyirdi: "Amma Şuşasız bizim işimiz yarımçıq qalar… Şuşanın azad edilməsi bizim hədəflərimiz arasındadır, nə zaman olacaq, bunu görərik.”

         ...Və budur Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, Şuşanın işğaldan azad edilməsi günü, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də səhər-səhər müjdə verir: "Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm...                                          ... Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”...                                   Artıq 18 ildir ki, cənab İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin başladığı, lakin yarımçıq qalmış işləri mərdliklə, qətiyyətlə, uğurla və sədaqətlə başa çatdırmaqdadır. Hələ 1992-ci ildə Ümumilli liderimiz görüşlərinin birində  deyirdi:  "Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq...”                                 

         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Molla Pənah Vaqif öz ənənələri ilə seçilən, ədəbi məkəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir...Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir” deyərək, 2017-ci ildə Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayanda da, TÜRKSOY-un qərarı ilə 2017-ci il "Vaqif ili” elan ediləndə də, indi 2021-ci il avqustun 30-da Molla Pənah Vaqifin məqbərəsini və abidəsini bərpa edib açanda da, möhtəşəm "Vaqif Poeziya Günləri” keçirəndə də və  bu ildən başlayaraq, hər il Şuşada bu tədbirin keçirilməsi barədə göstəriş verəndə də, O, bu işlərin Ümumilli liderimiz Heydər Əliyev tərəfindən başlandığını və onları davamı və bərpası olduğunu nümayiş etdirir.                                                   Təbii ki, Prezidentimizin gördüyü çoxsaylı misilsiz işlərin fonunda Vaqifin məqbərəsinin bərpası, abidəsinin qoyulması və  "Vaqif Poeziya Günləri”nin keçirilməsi kiçik görünə bilər. Lakin bu işlər də Qarabağda, Şərqi Zəngəzurda və Şuşada başlanmış nəhəng quruculuq və bərpa işlərinin bir hissəsi olmaqla, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və dövlətçiliyi  tarixində mühüm hadisədir, Cənab İlham Əliyevin adı ilə tariximizə həkk olundu. Bütün bu işlər insanda qürur hissləri yaratmaqla, Prezident İlham Əliyevə ümumxalq sevgisi və məhəbbəti qazandırır.                                                                                      İllər ötəcək, xalqımız  Prezident İlham Əliyevin  Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti qarşısındakı bu xidmətlərini də minnətdarlıqla yad edəcək.

                                                                                            Ramiz    Göyüşov

                                                                                              AYB-nin üzvü

 

                                                                   

                                                       

 



2063 oxunub

InvestAZ