XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Süni paritet vəziyyəti daha da gərginləşdirir -Mehman CAVADOĞLU yazır
YAZARLAR 09:15 / 07.09.2021

İkinci Qarabağ Savaşında ordumuzun zəfər yürüşünün tam olaraq başa çatdırılmasının qarşısını almış 10 noyabr Üçtərəfli razılaşmasından sonra bölgəyə yeridilən Rusiya sülhməramlılarının fəaliyyəti mətbuatda, ekspert dairələrində və sosial şəbəkələrdə son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib.

Razılaşmadakı imzaların mürəkkəbi qurumamış gecəylə bölgəyə daşınan bu ordunun hansı şərtlər və mandat altında fəaliyyət göstərəcəyi ilə bağlı heç bir sənədin olmaması elə ilk anlardan ciddi suallar doğurmağa başladı və cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşdı ki, hərbi əməliyyatların gedişi vaxtı rəsmi Moskvanın özünə xas olmayan bir təmkin nümayiş etdirməsi və Putinin Güney Qafqazda əsası I Pyotr tərəfindən qoyularaq bu günə kimi davam eləyən ənənəvi erməni siyasətinin çərçivəsindən kənara çıxan obyektiv açıqlamaları məhz bu planın gerçəkləşdirilməsinə hesablanmışdı. 

Artıq rus qoşunlarını bölgəyə təşrifindən 10 ay keçsə də onun statusunun müəyyənləşdirilməsi məsələsi nəinki öz həllini tapmayıb, ümumiyyətlə, bunun rəsmi instansiyalarda müzakirə olunub-olunmaması belə son günlərə kimi sirr olaraq qalırdı. Nəticədə bitərəflik missiyasını yerinə yetirməli olan kontingentin birtərifliliyi  gündən-günə əndazəsini aşır, özü də bunu gizlətməyə və pərdələməyə nəinki heç bir cəhd göstərilmir, hətta həyasızcasına reklam olunur. Bütün bunlar azmış kimi müstəqilliyini və ərazi bütövlüyünü tanıdıqları bir ölkənin qanunlarına açıq-aşkar həqarət edərək bölgənin toponimlərindən tutmuş orda yaradılmış saxta siyasi və inzibati təsisatların adlarına kimi nə varsa hamısını seperatçıların arzu və istəklərini uyğun işlədir, bununla bağlı Azərbaycan ictimaiyyətinin davamlı etirazlarını saya salmırlar. Bu günlərdə müdafiə nazirliyinin saytında yer alan "Dağlıq Qarabağ Respublikası” ifadəsiylə bağlı olduğu kimi, bəzən cəhvlərini xala xətrin etiraf eləsələr də  sonradan onu düzəltməyə cəhd də eləmirlər. 

Ancaq Azərbaycan Respublikası prezidentini köməkçisi, Prezident adminstrasiyasının Xarici siyasət məsələri şöbəsinin müdiri Hikmət Hacıyevin BBC-yə bu həssas məsələylə bağlı bəzi fikirlər səsləndirməsi göstərir ki, hər halda mövzu Azərbaycan hakimiyyətinin daimi diqqətindədi. Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli Üçtərəfli bəyanatına əsasən həyata keçirildiyini qeyd edən şöbə müdiri öz müsahibəsində deyib:  "Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir"... Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir"... Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər".

Təbii ki, bu açıqlamada xeyli ümidverici məqamlar var, sadəcə olaraq, 10 ay ərzində ortada real nəticələrin olmaması və prosesin nə vaxtadək uzanacağının qeyri-müəyyənliyi xeyli narahatlıq doğurur və suallar yaradır.

Axır vaxtlar müharibə başa çatandan bir müddət sonra bölgədə hökm sürən nisbi sakitlikdən əsər-əlamət qalmayıb. Bir neçə lokal və qısa çəkən hərbi əməliyyatlar dövrünü istisna eləsək, Bişkek protokolu imzalanadan bəri atəşkəs heç vaxt indiki intensivliklə pozulmayıb. Üstəlik, onun coğrafiyası da xeyli dəyişib, Qarabağdakı keçmiş təmas xəttindəkə mövqeləri aşaraq əsasən Azərbaycan-Ermənistan sərhədlərinə və  Naxçıvan-Türkiyə sərhəddinin yaxınlığına qədər  "sürüşdürülüb”. Məqsəd primitivdi – demilitasiya və demarkasiya prosesini mümkün qədər uzatmaq və öz himayədarlarını bu prosesə cəlb eləmək. Metodsa ənənəvidi – yalan, qıy-qışqırıq, vay-şüvən qoparmaq, yazıq və əzabkeş cildinə girərək həmin himayədarların, onsuz da, heç vaxt bu millətdən əskik olmayan mərhəmətinə sığınmaq.   

Bu bölgələrdəki atəşkəs pozuntularına qarşı sülhməramlıların səssizliyi başa düşüləndi, çünki hadisələr onların məsuliyyət zonasından kənarda baş verir. Amma son günlər atəşkəsin pozulmasıyla bağlı məlumatlar daha çox məhz onların məsuliyyət zonasına daxil olan yerlərdən, düz onun mərkəzindən, Şuşakənd istiqamətindən gəlməyə başlasa da susqunluq davam edir. 10 noyabr anlaşmasına uyğun olaraq qanunsuz erməni silahlı birləşmələrini tərksilah eləmək əvəzinə Xankəndinə su daşıyırlar. Unudurlar ki, bura hansısa sosial-humanitar missiya dalınca yox, məhz atəşkəsə nəzarət etmək və baş verənlər haqqında ictimayyətə obyektiv məlumat vermək üçün gəliblər. Təbii ki, nəyin necə, kimin günahı ucbatından baş verdiyini yaxşı bilir və bunu öz rəhbərlərinə olduğu kimi ötürürlər. Müdafiə nazirliyinin rəsmiləri təbii ki, Kremldən gələn göstərişlə baş verənlər haqqında ümumi və pariteti gözləməklə öz saytlarına miyanə məlumatlar yerləşdirirlər.

Təzə üslub deyil, sovetdənqalma ənənədir. Elə vaxtilə bu münaqişədə Ermənistanın tərəfini tutduqları hər addımından bəlli olan Sovet liderləri danışıqlarında və rəsmi açıqlamalarında saxta paritet yaratdıqları üçün proses məcrasından çıxaraq qanlı səhnələrə meydan oldu. Putin Sovetin ölkəni dağlan son başçılarına rəğbət bəsləməsə də, bu rejimi çox sevdiyini hər fürsətdə bəyan eləyir. Amma unudur ki, özü onun səhvlərini təkrar edə-edə situasiyanı get-gedə qəlizləşdirir, böhranı daha da dərinləşdirir və son nəticədə öz nüfuzunu zərbə altına qoyur. 

Atəşkəsə nəzarət eləmək üçün bölgədə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir. Elə sülhməramlıların mandatı kimi onun da mandatının konkret nədən ibarət olması barədə yetərincə bilgi yoxdu. Düzdü, Türk əsgərinin Azərbaycanda belə bir rəsmi missiya altında çalışması unikal geosiyasi hadisədi və İkinci Qarabağ Müharibəsinin möhtəşəm nailiyyətlərindən biridi. Şübhəsiz ki, bu qurumda təmsil olunanlar bölgədə gündən-günə gərginləşən durum barədə öz hökumətlərinə mütəmadi olaraq dəqiq məlumatlar verirlər. İctimayyətəsə heç nə demirlər. Ümumiyyətlə, ictimayyəti məlumatlandırmaq onların görəvinə daxildi, yoxsa yox? Bu da bilinmir.

Hərçənd, indiki həssas dönəmdə vəziyyəti normallaşdırmaq üçün açıq və dəqiq informasiya qədər ikinci bir təsir mexanizmi tapmaq çətindi. Bəzən hər hansı münaqişənin nizamlanmasında elə bir siyasi mərhələ yetişir ki, şəffaf informasiya (informasiya diversiyası yox!) siyasi-diplomatik və hətta hərbi vasitələrdən daha effektli olur. Bu elə həmin mərhələdi və ondan düzgün istifadə eləmək lazımdı. Təbii ki, ortada həqiqi istək varsa... Ancaq indi meydanın baş hakiminin belə bir istəyi hiss olunmur. O daha çox öz ölkəsinin hamıya tanış olan ənənəvi siyasətini davam etdirməkdə israrlı görünür. Bunu açıq söyləməməsinə aldanmaq lazım deyil. Adam çox vaxt əsl niyyətini sözlə yox, hərəkətlə ifadə eləyir. Xüsusilə siyasət adamı.   

M. Cavadoğlu


4817 oxunub

InvestAZ