XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Ay camaat, Şuşaya gedirəm - Əbülfət MƏDƏTOĞLUNDAN üçüncü yazı
YAZARLAR 08:12 / 07.09.2021

Gecəni birtəhər yola verdim. Daha doğrusu, gecə mənim içimdən, canımdan bir Şuşa çəkib çıxartdı üzü sabaha. O Şuşanı mən 30 il bundan öncə tərk edib gəlmişdim sonuncu dəfə. Şuşanı may ayında görmüşdüm. Özü də ilk günündə. Elə kədərli, elə qəmli idi ki, sanki, ayrılacağımızı, onu qoyub gedəcəyimizi, əsirlik yaşayacağını duymuşdu. Hara baxırdımsa, gözümə ancaq ayrılıq, kədər, nisgil, tənhalıq və bir də unudulmaq görünürdü. Bəlkə də bu indi yazılması, deyilməsi asan olan adi sözlərdir. Amma inanın ki, o zaman, yəni 1992-ci ilin mayında o vaxtkı Dağlıq Qarabağda, Şuşada həqiqətən bir vida, bir ayrılıq dalğası sağa-sola at çapırdı.

Ona görə də bütün gecəni məhz həmin o son Şuşalı günlərimi, son ayrılıq məqamında yaşadığım nələr varsa, hamısını təkrar yaşadım. Və bir də gördüm ki, səhər saat 5-dir...nəvəm Nigarın üzündən öpüb evdən çıxanda dərhal yuxudan oyandı, qaçıb özünün balaca fincanında mətbəxdən su götürdü. Arxamca atıb «yaxşı yol, baba» dedi. Onun bu hərəkəti onsuz da içimdəki dolmuş buludu bir az da kövrəltdi. Axı nəvəm ilk dəfə idi ki, arxamca su atırdı və onun xeyir-duası ilə mən Şuşaya gedirdim...

12-ci mərtəbədə lifti gözləyərkən istədim qışqırıb hər kəsi oyadam, hər kəsin yuxusuna bir haram qatam. Güclə özümü tutdum. Qışqırmasam da liftin içərisində özüm-özümün eşidəcəyimdən də bərk bir səslə dedim ki, ay camaat, mən Şuşaya gedirəm...

Hamıdan tez gəlib çatmışdım Respublika otelinin qarşısına. Elə ilk gələnlərdən biri kimi də təkrar testdən keçdim. İçəridə bütün bu proseslərə nəzarət edən məsul şəxslərdən biri dedi ki, müəllim, avtobuslar filarmoniyanın həyətində gözləyir, zəhmət olmasa, oraya gedin...

Bir azdan hər kəs yol çantasını çiyninə aşırıb avtobusların dayandığı məkana üz tutdu. Mənimlə yanaşı addımlayan qələm dostlarımın çöhrəsinə nəzər saldım. Doğrusu, bu çöhrələrdəki ifadələri ilk anda oxuya bilmədim. Ola bilsin ki, bunun bir səbəbi də mənim bütün gecəni yaşadığım anlar idi və təbii ki, nəvəmin ardımca atdığı bir fincan su... Həmin qarışıq duyğuların içərisində bir köməyimə çatan şair qardaşım Barat Vüsal oldu:

- Hə, ay qağa. Axır ki, Qarabağa, Şuşaya getmək sənə də, mənə də nəsib oldu. İnşallah, Tuğa da gedərik birlikdə – dedim.

- İnşallah, qardaş, - dedim. Söhbətimizə Asim Yadigar da qoşuldu:

- Hə, Əbülfət, hər dəfə sənə deyirdim ki, bir az da döz. Sənlə birlikdə gedəcəm Qarabağa. Gördün, Allah arzumuzu necə çin elədi. Özün təsəvvür elə ki, iki gün öncə Bakıda müalicəm bitirib Naxçıvana qayıtmaq üçün təyyarəyə bilet də almışdım. Elə hava limanına üz tutanda zəng gəldi ki, Şuşaya – Vaqif poeziya günlərinə dəvətlisən... Bileti necə geri  qaytardım, necə yenidən doğmalarıma bu xəbəri çatdırmaq üçün evə döndüm, onu hələ də xatırlamıram. Çox şükür, bu qismətə, bu günə. İnanıram ki, Naxçıvandan Zəngəzur yolu ilə gələcəm Şuşaya, Tuğa. Sən də maşınını sürüb istədiyin vaxtı gələcəksən Naxçıvana...

Bəli, artıq səfərin təşkilatçıları əllərindəki vərəqlərdə yazılmış adlara baxıb hər kəsin təhkim olunduğu maşınlara yönəldirdilər. Mən 6 nömrəli maşınla gedəcəkdim. Bu maşında mənimlə birlikdə Qafar Cəfərli, Yusif Nəğməkar, Elxan Zal Qaraxanoğlu, Zahid Abbasov, Vasif Quliyev, Yusif Rzayev, Şəhanə Müşfiq, Seyfəddin Hüseynli, Qafar Qərib, Vüsal Nuri, İntiqam Yaşar və Beyləqan təmsilçisi Fazil Əsəd də sərnişin idi.  Karvan polis maşınının müşayiəti ilə yola düşdü. Çevrilib arxaya, ardımızca gələn maşınlara baxdım. Sonda təcili yardım maşını gəlirdi. Məhz həmin an ağlıma ilk gələn o oldu ki, maşınlar çox yavaş gedir, sanki heç hərəkət eləmir. Mənim keçirdiyim hissləri duyan və artıq dəfələrlə Şuşada olmuş Zahid Abbasov gülümsəyərək dedi:

- Ə, qardaş, sa elə gəlir ki, maşınlar getmir, iməkləyir. İlk dəfə gedəndə mən də elə hiss eləmişdim. Bir azdan keçib gedəcək bu hiss. Çətini Bakıdan çıxıncadı.

Həqiqətən, belə də oldu. Bakıdan, yəni, Bayıl döngəsindən keçəndən sonra mənə elə gəldi ki, maşınlar hərəkət sürətini artırır. Bunun bir səbəbi də yəqin ki, yol-yoldaşım, həmkarım Seyfəddinin verdiyi suallar idi. O gah Zahid müəllimdən, gah məndən, gah Vasif Quliyevdən Qarabağla bağlı müəyyən suallar verir, özü də hansısa bir məsələyə münasibət bildirirdi. Bu da artıq bizim əyləşdiyimiz maşın, sözün yaxşı mənasında, müzakirə zalına çevrilmişdi. Təbii ki, söhbət də, müzakirə də yolun körpüsü sayılır. Həmin söhbətin qanadlarında biz yavaş-yavaş Sahil qəsəbəsinə yaxınlaşırdıq. Amma...

Amma maşınımız elə şəhərdən çıxanda onun nəsə bir narahatlıq olduğunu hər birimiz hiss etməyə başlamışdıq. Daha çox da Yusif Nəğməkar tez-tez sürücümüz Mehmana üz tutub soruşurdu ki, ay Mehman, maşındakı nə səsdi? Mehman da təmkinli şəkildə narahat olmayın müəllim, həll edəcəyəm. Və mən ona diqqət yetirəndə görürdüm ki, o telefonla kiminləsə maşın barəsində danışır. Bir azdan Mehman maşını yolun kənarına çəkib saxladı. Və üzünü salona tutub elan etdi:

- Zəhmət olmasa, arxadakı maşına keçin.

Mən indi anladım ki o, Şuşaya gedən karvanın rəhbərliyi ilə əlaqə saxlayıb, vəziyyəti onlara deyib və karvana ehtiyat üçün qoşulan maşın bizi mənzil başına aparır. Düzü, Mehmanla artıq dil tapdığımıza ondan ayrılmaq o qədər də xoş olmadı. Bunu Mehman da hiss etdi və dedi ki, müəllim, heç narahat olmayın, maşının xırda problemi var, həll edib, sizdən bir az sonra mən də özümü Şuşaya çatdıracam, qayıdanda da sizi özüm Bakıya gətirəcəm.

Biz yeni maşında öz  yerlərimizi tutduq və karvan hərəkətə başladı...

Yadıma düşən bir məqamı burada xüsusi qeyd etməliyəm. Belə ki, maşınlara əyləşdiyimiz məqamda Zahid Abbasov da, Vasif Quliyev də bildirdilər ki, şəhəri ilk dəfə görəndə, dağlara ilk dəfə baxanda adam çox qəribə hisslər keçirir. Sənə elə gəlir ki, uzaq, əl çatıb ün yetməyən, vəhşilərin talan edib tərk etdiyi bir diyara düşürsən. O diyarda hər şey sənə doğmadı, hər şey sənə tanışdı. Amma səni qoyub gəldiklərin, sənin öpüb ayrıldıqların deyil. Ona görə ürəyində narahatlığı olan hər kəs gərək dərmanını ovcunun içində saxlasın...

Bu sözlər yadıma Beyləqanın Haramı düzündə baxıb həsrətlə ah çəkdiyim Ərgünəşi, Kirsi salıb, gözümün  önünə gətirdim. Həmin məqamlarda hava o qədər aydın, göz üzü o qədər açıq olurdu ki, obrazlı desəm, o dağların zirvəsindən qanadlanan qartalı da az qala görmək mümkün olurdu. Mən də əlim qaşımın üstündə baxa-baxa üzümü dağlara tutub pıçıldayırdım:
 

Çoxmu boynubükük duraq,

Baxaq ağlayan dağlara?

Əlimizlə sığal vuraq –

Sinə dağlayan dağlara...

 

Udaq dəli hönkürtünü

Çıxaq yağı söndürdüyü –

Ocaqdakı son kötüyü

Girov saxlayan dağlara.

 

Gəzək, tapaq izimizi

Vuraq yerə dizimizi

Qurban deyək özümüzü

Qara bağlayan dağlara.

 

Alovlanaq, oda dönək,

Kola, kosa, ota dönək.

Ölək, amma ora dönək –

Bizi haylayan dağlara.

 

Bəli, bəzən özüm-özümdən soruşuram ki, bu dağlara olan sevgim, bu dağlara olan güvənim niyə məni elə o dağların qoynunda sıxıb saxlamadı? Niyə almadı o ormanlar, o çəmənlər, o bulaqlar məni qoynuna? Niyə yaşatdılar mənə 30 ilin həsrətini? Sonra da özüm-özümə cavab verirəm. Dağın, daşın, ormanın, bulağın nə günahı? Bir alın yazısı var, bir də insanın o alın yazısından qopub ayrılmaq, bir az dəliqanlı, dəlisov olmaq cəhdi. Təəssüf ki, mən nə dəliqanlı ola bildim, nə də dəlisov. Bəlkə də olsaydım, ruhuna and içdiyimiz şəhidlərin sırasına qoşula bilərdim... Nə isə...

İndi yolumuz Şuşayadı. Maşın karvanı bizim təxmin etdiyimiz yolla deyil, Kürdəmirdən İmişliyə dönməklə gedir  Şuşaya. Yolumuz Şuşayadı, maşınımızın içərisindəki söhbətin qəhrəmanı da, mövzusu da Şuşadı. Bir topa adam içindəki Şuşanı 30 il həsrətini çəkdiyi Şuşaya aparır.

...Və mən Şuşasız günlərimdə içimin ağrısını şeirə çevirəndə yazmışdım ki:

 

Yüz dərdim dərmansız keçər,

Bir dərdə dərman – özüməm...

Yüz dərdim yadımdan çıxıb,

Bir dərdin fikrin çözürəm.

 

Ocağım, közüm qaralıb,

Qan damıb – gözüm qaralıb...

Utancdan üzüm qaralıb –

Büzüşüb dərdə dözürəm...

 

Əriyir ömrüm, yaşım da,

 Əriyir dağım, daşım da!..

Papağım düşmən başında –

Bakıda papaq gəzirəm...

 

Quruyan heyrət damarım,

Daşlaşan qeyrət damarım...

Oyansın, dadım – tamlanım –

Dişimlə sıxıb, əzirəm...

Bu şeirin adı indiki kimi yadımdadı. Yazmışdım ki, «Utandığım dərdin şeiri». İndi isə... Şuşaya gedirəm...

                                                                                      

Ardı var



5576 oxunub

InvestAZ