XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Nəzakət Bağırova : -"Sandıq"dan görünənlər.
Ədəbiyyat 16:35 / 06.09.2021

    Əsərin bədii təsvirlərlə başlaması oxucuda Qarabağın füsunkar təbiəti haqqında geniş təsəvvür yaradır.

Əsər türk-erməni münaqişəsi üzərində qurulan sujet xətti ilə irəliləyir. Əzəldən ermənilərin türklərə qarşı nifrətinin səbəbləri elə erməni qadınlarının dili ilə açıqlanır. Ermənilərin dost görkəmli düşmənlikləri türklərin "şeytan azdıran yol”, ermənilərin "türk uçan yol” dedikləri "Çöl yolu” hadisəsində məharətlə təsvir edilir. Bu yol haqqında hərə bir söz deyir. Yazıçı bu məqamda "kişinin tufağını dağıtmaq istəyirsənsə qadının əli ilə dağıda bilərsən” ifadəsini işlədərək həyat gerçəklərinə sığal çəkir. "Bir adamı ələ almaq istəyirsənsə əvvəl həmin adamın etibarını qazanmalısan” ifadəsilə yenidən həyat gerçəklərinə dönürük. Əsərdə bunun kimi psixolojik məqamlar az deyil.

Bir gün xəbər gəlir ki, Taleh yanında bir erməni qızı ilə "Çöl yolu” deyilən yoldan dərəyə "uçub”. O vaxtdan bu yolun adı ermənilər arasında "türk uçan yol” kimi qalıb. Onların ölümünə hərə bir söz desə də, nəticə həmişə eyni olur: Burdan uçan ya dəmdən uçur, ya da ki qəmdən. Bir dəfədə ermənilər belə deyəndə "dəli Kərim” deyilən dəliqanlı bir kişi sözü onların "ağzından vurur” və "birdə bu sözü kimdən eşitsəm, yaxşı olmayacaq” deyir. Sonralar ermənilər bu sözü türklərin yanında işlətməyə çəkinsələr də öz aralarında deyirdilər.

Əsərin gedişində Anuşun ziddiyətli obrazı oxucunu düşündürür. O həqiqətən oğlunun qansızlıqlarına göz yuma bilmirdi? Yoxsa urvatsız öləcəyindən qorxurdu? Bəlkə də, İsmayılın xəyalının qabağında utanmaqdan çəkinirdi... Axı, o İsmayılı dərin məhəbbətlə sevirdi. Ona olan nifrəti belə sevgisindən yaranmışdı. Axı, nifrətdə bir duyğudur. Onun belə dəyəri var. Oğlunun İsmayıla bənzəməsini istəyirdi. Nolsun ki, Zorik İsmayılın oğlu idi, axı o, Aşotun əlindən su içmişdi. Türklərə nifrət hissi ona aşılanmışdı. Bir vaxtlar milis paltarına həsədlə baxdığı İsmayıla Aşotun "sən o türkün küçüyüsən” dediyi andan bəri nifrət edirdi. Axı, o heç bilmirdi ki, İsmayılın oğludur. Bəs niyə İsmayıl onların yanında deyildi? Niyə

oğluna qayğı göstərmirdi? Niyə onları Aşot kimisinin yanında "gözükölgəli" edirdi? Zorik bu sualları özünə verərək böyümüşdü. Bəlkə də, onu bu qədər qəddarlaşdıran şey sevgisizlik hissi idi. Nifrət olan qəlbdən yaxşı əməl çıxmaz. Romanın sətirlərinə qərq olduqca Zorikin qəddarlığının Anuşun əməllərinin əsəri olduğunu anlayırıq. Axı, Zori Balayanda bir vaxtlar uşaq idi, türk-erməni anlamırdı və onun qəlbini qaralayırdılar. Anasının əxlaqsız əməllərini görə-görə, Aşotun nifrətini dadaraq böyümüşdü. Aşotun türklərə qarşı olan nifrəti Zorikin qəlbinə ilmə-ilmə işlənmişdi. İlan belə zəhəri kərtənkələdən alarmış. Bunlara baxmayaraq bütün günahlar Anuş və İsmayılın idi. Axı, Zorik uşaq olanda anlamırdı ki, niyə İsmayıl türk arvadı və oğluna qayğıyla yanaşır. Anlamırdı ki, oğlu olduğu halda ondan niyə sevgi görmür. Məktəbə gedirdi və ona "türk bizim düşmənimizdir” düşüncəsi təbliğ olunurdu. Artıq heç nəyi anlamayan Zorik geridə qalmışdı. İndi onun qəlbi nifrətlə yanırdı. Körpə bir balanı anasının qucağından alıb oda atsa da, məsum bir uşağı mismarlarla divara çaxsa da sönmürdü bu nifrət. Nə fəryadlar, nə də ki qarğışlar dayandırırdı onu. İndi Anuşun tapdığı o cəhənnəm kitabı, onun yuxusunu əlindən alan sətirlər dolayı yolla olsa da, öz əlindən yazılmışdı. Dostun pis olarsa, onu qınaya bilərsən. Qohumun pis olarsa ona nifrət edə bilərsən. Hətta anan və atan pis olarsa onları da qınaya bilərsən. Amma, əgər övladın pisdirsə özünü qınamalısan. Çünki, təbliğ ailədən başlayır. Uşağın necə güldüyündən nəyə güldüyünə qədər hərşey ailənin əsəridir.

Bədəlyanın Xorenlə yola çıxması əsərin ən həyəcanlı məqamıdır. Yazıçının qüsursuz bədii təsvirlərilə bu hissə oxucunun gözündə film epizodu kimi canlanır. Səhifələri vərəqlədikcə hər an oxucu həyəcanla nə olacağını gözləyir. Xoren müharibədə həlak olanları İrəvana çatdırırdı. Bu vəzifəsinə görə sanki insanlar ona daha çox nifrət edirdi. Amma insanların nifrətinin tək səbəbi bu deyildi. Xoren çox boş, çox alçaq bir adam idi. O qədər bədnam idi ki, Bədəlyan həlak olmuş dostu üçün pis olanda belə "bu zəmanədə dosta görə kimdi pis olan? Hərə öz başını girələyir. Bəlkə də haxçisi o, döyüşdə olanda qaçıb gedib. Kimdi axı əsgər yolunu gözləyən. Bu da üz vurub deməyə çəkinir” deyə düşünür. Xorenə başqalarının ölümü heç də üzücü gəlmirdi. Müharibədə həyatını itirməsə də, insani duyğularını itirmişdi. Bəlkə də, illərlə müharibədə olduğundan artıq bunu vecinə almırdı. Bədəlyanla yol getdiyi zaman onun dedikləri və etirafları Xorenin bütün mənəvi iyrəncliyini ortaya çıxarır. İllər öncə etdiyi iyrəncliyi Bədəlyanın kim olduğunu bilmədən etiraf edir. Yazıçı "qisas qiyamətə qalmaz” deyərək Xoreni Bədəlyanın əliylə mat edir.

Əsərin sonunda Anuşun İsmayılın ruhuyla üzləşməsi onların bəlkə də ilk və son səmimi görüşü idi. Bu son görüşdən yeni etiraflar doğur. İsmayıl Anuş haqqında

ilk dəfə əsl düşüncələrini deyir. Anuş ilk dəfə İsmayıla nifrətinin səbəblərini açıqlayır. İsmayıl erməni qadının vəfasızlığını onun üzünə vurur. "Yaxşı ki, sən gəlin kimi qapımızın kandarından keçməmisən” deyərək onun qadınlıq qürurunu yerlə bir edir. Yazıçı "kişi gərək qadının qüruru ilə hesablaşmağı bacarsın” deyir. İsmayıl isə sanki bunu bilə-bilə Anuşu alçaltmaq istəyirdi. Anuşun İsmayıla nifrət dolu sözlərinin altında isə ona olan sevgisinin, həsədinin qığılcımlarını müşahidə edirik. İsmayılın da müsbət bir obraz olduğunu deyə bilmərik. Türk-erməni münaqişəsi başladığı dövrdə bir çox türk-erməni cütlükləri kimi onlar da ayrılmışdılar. Bəs niyə İsmayıl buna baxmayaraq Anuşun evinə getməyə davam edirdi? Aşot bir yana, Anuş bunu necə qüruruna sığışdıra bilirdi? Bütün bunların cavabını yazıçı, Zori Balayanın nifrətində sorğulamışdı.

İsmayılın xəyalı bir daha dönməmək üzrə gedir. Anuş onu izləyərək cənnətlə cəhənnəm arasına gəlib çatır. İsmayılı gözdən itirsə də, özünü İsmayılın nəvəsi kimi təqdim edən bir qız onu cənnətə aparmaq istəyir. Bura elə bir yer idi ki, səslər danışmır, sanki düşüncələr danışır. Anuş bu qızın Zorikin günahsız yerə oda atdığı qız olduğunu anlayır. "Anasına nə cavab verəcəm axı, kaş ki, onun yerinə oğlum yansaydı” deyə düşünərək ayağa qalxır və "insan gərək öz yerini bilsin. Cənnətdə xəcalət çəkə-çəkə yanmaqdansa cəhənnəmdə yanmaq yaxşıdır” deyərək vahiməli səslərin alovun işığıyla rəqs etdiyi səmtə gedir.

Beynəlxalq Münasibətlər və Regionşünaslıq, Jurnalistika fakültəsinin

II kurs tələbəsi

Nəzakət Bağırova


3387 oxunub

InvestAZ