XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Ətirsiz çiçəks- - Əlisəfa Azayev
Ədəbiyyat 12:10 / 06.09.2021


        (Hekayə)

...O gün oğlan ona çox vaxtsız zəng çaldı. Artıq hava çox qaralmış, kənddə gözə adam dəymirdi. Hamı iyul havasının yorğunluğundan sonra evdə idi, istirahət edirdilər. Kimi şam edir, kimi televizora baxır, kimi də indidən mürgüləyib yatmışdı.Telefon zəng çaldı. Dəstəyi Kəmalə özü götürdü:

-         Bəli, eşidirəm...

-         Alo...

-         Hə, mənəm...

Osman qəhərli bir səslə  dilləndi:

-         Bu sən?...Çox yaxşı... Sözümü deyim də ...  Bağışlayasan da gərək... Bizim ailə

şurasının  qərarıdı... Məni bir başqası  ilə  evləndirirlər...

-         ...

-         Burada mənlik  bir iş yoxdur.

-         ...

-         Atam təhkid edir...

-         ---

-         Anam da əlacsızdır...

Bununla da  əlaqə kəsildi, hər şey  tamamlanan kimi oldu. Kəmalə özünə  gəlmiş kimi  onun qarasına  söyüb-söyləndi.

-         Ay  əclaf, sözlərinə bax da!... Kişi deyilsən?!

Qız sonradan nə qədər zəng çalsa da, onunla əlaqə saxlaya bilmədi. Telefon işləmirdi. Görünür  Osman  bilərəkdən xətti ayırmışdı . İstəmirdi ki,  onları bu gecə vaxtı  narahat etsinlər.

         Qız  onsuz da  yuxusuz,  yorğun idi.  İştahı da yox idi ki,  bir tikə çörək yesin, bir stəkan su içsin. Səhərdən  kombaynların yanında olar, onlara çay qoyar, yemək bişirər,  hər bir qulluqlarında  durardı... İndi Osmanın bu sözləri ona  çox sarsıdıcı təsir etmişdi. Öz-özünə kövrəlib, deyirdi: "Bəs mən...Deməli, ətirsiz çiçəyəm də, xoşuna  gəlmədim... Ay insafsız niyə belə etdin?!.. Belə idi, niyə mənə xoş sözlər  deyir, imkan düşən kimi öpüb -oxşayır, əllərimi sığallayır, ətrli çiçək tək qoxulayırdın?..”

          Qız demək olar ki,həmin geceni yata bilmədi.Daha doğrusu yuxusu qaçan kimi oldu,gözlərini yuma bilmirdi. Elə hey Osmanı onun sözlərini yadına salıb,təsirlənir,həyacanlanır,ağlayıb göz yaşlar tökürdü.Onun nə qədər gözəl arzuları, xəyalları vardı. Hətta doğulacaq körpə tifillərinə ad da seçmişdi...

          Özünə qəsd etmək fikrinə düşdü... Hava küləkli idi. Tərs kimi işıqlar da söndü. Xeyli yuxu dərmanı atdı ki, bəlkə gözlərinə yuxu gedə, yata bilə... Axı səhər işə getməli idi.Beləcə ayaq üstə dura, çalışa, hərəkət edə bilməzdi.

          Gecenin bu vədəsi çayın sahilinə getmək istədi... Özünü boğub öldürsəydi, canı bu əzablı fikirlərdən qurtarardı. Ancaq həyətə düşəndə atası duyuq düşdü: "Hara, qızım?” Xəcalət içində qaldı, ayaq yoluna gedecəyini deyə bilmədi. Səsləndi:”Su içmək istəyirdim”...

       Evə qayıdanda gözləri yenidən doldu. Anası sağ olsaydı dərdini ona acıb deyər, bir təskinlik  tapardı. Atasına nə desin, nə sirr açsın? Gedib Osmanı öldürməzdimi? Hirsli, dəliqanlının biri idi. Onun qızına sataşmaq, yalan vədlər vermək olardımı?

         Daha çox elə özünü günahkar, təqsirli bilirdi. Nahaq ilk gündən ona meylli oldu. O qədər onu istəyənlər, qapılarına elçi gələnlər olmuşdu ki... Nə bilsin ki, bir vaxtlar saçlarını arxadan partaya bağlayan bu oğlan, ata  əsarətindən çıxa bilməyəcək. Nənik, çürük, kənək qoz olacaq...

         Səhər bütün bunları onun özünə deyəcəkdi... Həttda lazım gəlsə bu hərəkətləri üçün lap üzünə tüpürəcəkdi. O, onun üçün oyuncaq – yad idimi bəyəm... Oynada, sonra da gərəksiz bir şey kimi tullaya... Yox- yox, o buna razılıq verəsi deyildi...

         Dan yeri ağaranda atası qalxıb həmişə olduğu kimi mal-qaranı örüşə buraxanda  soruşdu:

-         Deyəsən, hələ də yatmamısan?

-         Yox...

-         Niyə ki?

-         Nə bilim... Belə də...Başım ağrıyır.

-         Özünü gözlə də...Yəqin səni gün vurub...

-         Ola bilər

-         Onda bu gün işə getmə. Qal istirahət  elə.

-         Çətin...

-          Mən briqadirə deyəcəm.

        Atası getsə də, o, bir söz deyə bilmədi. Evdə qalmaq fikiri yox idi. Bu gün hökmən Osmanla qarşılaşmalı, ona sözünü deməli idi. Lap bu hərəkətinə görə onun üzünə yağlı bir şillə, qapaz çəkməyə hazır idi. Qoy özünə gəlsin. Dediyi sözlər üçün ona cavab versin. O nə vaxt kişi olacaq?!.

       Osman da səhərlər tez işə gələn idi. Bəzən kombaynına əl gəzdirmək, bəzən də elə onunla görüşmək, söhbətləşmək üçün. Odur ki, gözləri yaşarmış halda sumkasını götürüb yola düşdü. İstəmirdi ki,  onun bu tezlikdə işə getdiyini görən olsun. Ancaq qonşuları Zabikə arvad onu biçin yerinə az qalmış söhbətə tutdu:

-         Belə nə tez, a qızım?...

-         Onlara çay qoymalı, xörək bişirməliyəm də.

-         Bu  gödənbullar evdə yeyib- içib gələ bilmirlər? Sən günortanın hazırlığını gör də.

Qadın  sözləri ilə, onu lap utandırdı. O da elə əsasən nahar üçün hazırlıq görəsi idi. Qadın gülə-gülə dedi:

-         Mən də cavanlıqda bu işlə məşğul olmuşam. Bişirdiyim xörəklərin dadı –tamını indi də tərifləyirlər.

-         Hə...

-         Bəs nə...  İşimdə nümunəvi idim. O xörəklərdən yeməyə kolxoz sədri də gəlirdi.

-         Çox yaxşı...

-         Ancaq bir az ehtiyatlı ol ha, kişilər içində baş çıxarmaq hər qıza, qadına nəsib olmaz...

-         ...

-         Bilirsən də qadın zəif məxluqdur. Bəzən tez təsir altına düşür, aldanır ...

-         ...

-         Əslində elə bu onun dəhşətli silahıdır... Kişiləri ram edir də...

Kəmalə ondan ayrılanda  lap sevinən kimi oldu. Kombayına çatıb, başını  onu iri yan təkərinə söykədi. O ki, var kövrəldi, ağladı, göz yaşları tökməyə başladı. Osmana xitabən deyib- danışır, qəhərlənir, hıçqırırdı:

-         Belə niyə etibarsız, insagsız oldun, ay əclaf?!. Biz ki, əhd-peyman bağlamış, 

sədaqət andı içmişdik!... Kasıbçılıq içində yaşasaq da, bir – birimizdən ayrılmamağa söz vermişdik!... Sənin əhdin –ilqarın bu imiş?!.

Ona elə gəldi ki, yaxınlıqda nəsə var. Qız hədsiz qorxub vahimə içində öz-özünə

düşündü:  İlahi, birdən canavar olar bu?!. Dərhal kombayna qalxıb, kabinaya girdi, əyləşdi. Burada da oğlanı sözlərini xatırlaya-xatırlaya  hey ağladı, göz yaşları tökdü... Yenə də yuxu dərmanı atdı ki, bəlkə bircə anlıq mürgüləyə... Ancaq yata bilmədi... Öz-özünə pıçıldadı: " O görünən çaqqaldı, yoxsa  tülkü?!.” Bəzi çaqqallar elə canavardan betər olur. Səbəbsiz demirlər ki, çaqqallar qarın yırtır, canavarın adı betdamdı. İndi Osman da onun nəzərində bu səviyyəyə düşmüşdü. Lənətləmişdi...

    Birdən uzaqdan səs eşitdi. Gələn Osman idi. Özü də tək deyildi. Bunun belə olmağını istəmirdi, onun bu vaxtı oğlanın yanında görsünlər. Ona görə də cəld kombayın bunkerinə tərəf hərəkət etdi. Elə onun içində gizlənəcəkdi. Başqa yer tapa bilməmişdi...

     Osmanın narazı səsi eşidildi:

-         Ə, bu kombayın... Satunn yığıb məni boğaza da. Sən də bax, gündə bunun neçəsini

dəyişirəm.

Həqiqətən də o əslində taxtadan yonulub hazırlanmış ehtiyat hissəsini tutmuşdu. Mexanik İdris dilləndi:

-         Eh... Bu köhnə... Sovet kombayınlarında hamsında belə, bir xəstəlikdi də...

-         Daha bunun kimisi yox da...

-         Yer də çox alaqlı, sarı güllü, biyanlıdı. Çoxu elə ona görədi...

Onlar kombayın satunun dəyişib yerinə qoya-qoya xeyli söhbət etdilər. Tərs kimi onu da asqıraq, öskürək tutur, özünü güclə saxlayır, hərdən onların heyrət dolu səsləri eşidilirdi:

-         Bu kim ola?.

-         Burda adam var bəyəm?.

Kombayının matorunun işə düşməsi bu xoşagəlməz söhbətə son qoydu. Kəmalə

yuxusuz, yorğun idi. Bir yandan da xeyli yuxu dərmanı atmışdı.Kombayın sirkələndikcə sanki ona lay-lay çalırdılar. Qəlbində Osmanla deyişə-deyişə, gileylənə-gileylənə sanki dərin yuxuya getdi. Kombayının yerindən tərpənib hərəkət etməsindən, başına yağan bərəkət yağışından da xəbərsiz oldu...

Osman kooperativdə zərbəçi idi. Birinciliyi əldən vermək istəmirdi. O biri kombayınçılar həmişə olduğu kimi ondan xeyli sonra gəldilər. Onu salamladılar, əl etdilər, siqnal verdilər.

Yenə də Kəmalə ayıla, özünə gələ, canını qurtara bilmədi... Sanki qız elə indidən orada canını tapşırmış, ölmüşdü. Ağır-ağır nəfəs alıb, qımıldansa da, hələ də hərəkətsiz idi. Onun taxılını  Ziya adında hay-küyçü bir sürücü daşıyırdı. Dedi:

-         Elli, gəlsənə bu taxıldab bir bunker kuza kombayını çıxardım aradan. Yarısı sənin, yarısı mənim...

Osman onun sözlərindən incik halda dedi:

-         Haramla işim yoxdur.

-          Niyə, toyuq dəniniz olar da.

-          Fikir eləmə, payımdan sənə verərəm.

Sürücü pərt halda maşınını sürüb getdi. Yolda toz-duman göründü. Hiss olunurdu ki, dilxor olmuşdu. Yük maşınını çox sürətlə sürürdü. İndidən yolda toz ərşə qalxmışdı...Elli qayıdanda əsəbi, hirsli halda dedi:

-         Oğlan, belə də iş olar?!.. Elə bilərlər ki, onları mən çırpışdırmışam. Taxıl xeyli

əskik gəldi. Əlli kiloqramadək çatmadı...

-         Ola bilməz...

-         Olanda olur da...

-         Bu da sənədi, bax da...

Bu vəziyyət ikinci reysdə də təkrar olundu. Özü də bu dəfə daha çox. İndi çatışmamazlıq yüz kiloqramadək göstərilmişdi... Əlacsız qalıb sürücü deyinə-deyinə kombayının bunkerinə baxmaq üçün qalxdı:

-         Ə, qəribə oğlansan...Orada onun içində nə ola bilər?!. Bəlkə kisə doldurub

qoymusan?

-         Həə... Ehtiyacım var...

Bu an sürücü qorxmuş halda çığırdı. Bağırtısı eşidildi...Az qaldı ki, özünü oradan yerə tullasın:

-         Ay evin yıxılmasın, bunkerindəki bu nədi?! Vallhi ki, o adama- özü də qıza, qadına

oxşayır... İstidən şişib nə boyda olub... Deyəsən, sağ deyil, ölüb...

Osman əvvəl onun sözlərini zarafat bilib hətta güldü də:

-         Boşla...

-         Vallah düzünü deyirəm...

-         Söz danış mənə...

-          İnanmırsan, qalx, bax da...

Kişini hədsiz qorxudan, vahiməli baxışlarla baxmasını görüb, cəld yuxarı, kombaynın bunkerinin üstünə tərəf qalxdı...Ora baxanda sanki dünya gözlərində qaraldı... Bu həqiqətən də insan idi... Özü də bir başqası yox, Kəmalə idi. Canını çoxdan tapşırdığından, istidən şişib dama dönmüşdü...Əlində kağız parçası vardı. Onu elə möhkəm sıxıb saxlamışdı ki... Güclə barmaqları arasından çıxara bildi. Orada yazılmışdı: " Axşamki sözlərin nə idi, a biqeyrət?! Sən məni istəmirdinmi?!. Sən nə vaxt kişi olacaq, öz sözlərini deməyi bacaracaqsan?! " Mən sənin üçün ətirsiz çiçəyəm də?!”

O kağız əlində hələ də hönkürüb ağlamaqda, hədsiz göz yaşları tökməkdə idi ki, sürücü soruşdu:

-         Orada nə yazıb ki?

-         ...

-         Ver bir mən də baxım da...

-         ...

-         Bunu sənə yazıb?!.

Bir anda bu ağır hadisə barədə kəndə xəbər çatdı. Hamı hadisə yerinə, kombayın tərəfə tələsirdi. Cavanl-qocalı, qadınlı-kişili hamı heyrət, həyəcan içində idi:

-         Məgər, ölüb?!.

-         Hə də...

-         Buy başıma xeyir...

-         Bu ki, qəşəng qız idi. Niyə belə olub?

-         Yəqin zorlayıb, boğublar da...

Tibbi həkim müayinəsi isə hadisənin heç də bu səbəbdən olmadığını sübut eləsə də, çoxları yenə də  şübhədə qaldı. Kəmalənin  yazısı ələ keçdi. Osman  təqsirlənildi...

     Nə qədər çalışsa da öz təqsirsizliyini sübut edə bilmədi. Qızın  ölümünə səbəb  olmaqda onu günahlandırırdılar. Bir neçə il həbs  cəzası aldı. Həbsxanadan buraxılb, evlərinə gələndə   yolunu qəbirstanlıqdan saldı. Torpaq məzarı qucaqlayıb, necə də kövrəlmişdi:

-         Məni bağışla Kəmalə...Bu illər  ərzində xəyalən həmişə mənimlə olmusan. Heç

vaxt səni unuda  bilməmişəm... Sən mənə əziz bir adamsan... Məzarını özüm düzəltdirəcəyəm... Bağışla məni... Səhvim olub... Səndən ayrılmamalı idim...

 

 

 

 

 

 

 

 

 


3780 oxunub

InvestAZ