XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Əlisəfa Azayev : - ŞƏXSİ NÜMUNƏ
Ədəbiyyat 10:22 / 01.09.2021


Ta qədim zamanlardan belə olub... Şəxsi nümunə cəmiyyətin tərbiyə məsələsində əsas şərtlərdən biri, bəlkə də elə birincisidir. Dünyanın ən böyük dahiləri, fatehləri də bunu qeyd etmiş, öz yaxşı əməlləri ilə başqalarına nümunə olmuşlar. Makedonyalı İsgəndər, Napolion Bonapart, Əmir Teymur kimi... Müəllimi Arestotelin bu böyük fatehin həyatında, taleyində necə böyük rol oynayacağını deməyə ehtiyyac yoxdur. Çünki, onla sadəcə şagird yox, həyat üçün, cəmiyyət üçün əsil mənada şəxsiyyət tərbiyə edib, hazırlayırdılar. Gərək ki, şair Ələkbər Zəkətayın şeridir...Gözəl deyilib:

 

Böyük Arestotel dərs verərkən İskəndərə

Bir gün onun albomuna yazdı belə bir xatirə,

Həm nizədən, həm də oxdan qorxunc silah,

Gözəllərin hüsnündəki cazibədir ey Padişah,

Dərin bilik, parlaq zəka,

bir də ömrün ötmüş çağlara...

O zərbəni qaytaracaq

Bir qalxandır, olun agah!

 

Napolion Bonapart nəinki Fransa, dünya tarixində cəsurluğu, dözümlülüyü ilə qaldı, həm də böyük sərkərdə kimi anılacaqdır. Onun xalqı üçün, xüsusilə hüquqi məsələlərdə göstərdiyi xidmətləri əvəzsiz olub.

Əmir Teymur bir fateh kimi yaddaşlarda qalsa da, bəlkə onun ədalətli dövlətçilik pirinsipinə əməl etməsindən çoxlarının xəbəri yoxdur. Tüzüklərində deyildiyi kimi, fəth etdiyi əyalətdə ağsaqqalları toplayar, özlərinə başçı seçməyi əmr edərmiş. Bir də onun öz müəllimi Seyid Bərqəyə göstərdiyi xüsusi hörmət, etiram çox təsirlidir. Hətta öləndə vəsiyyət edib ki, onu öz sevimli müəlliminin ayaqları altında dəfn etsinlər. Vəsiyyətinə də əməl olundu. Səmərqənddə öz müəlliminin ayaqları altında da dəfn olunub.

Bütün bunlarla demək istəyirəm ki, böyük şəxsiyyətlərin xidmətləri əvəzsizdir. Əsl mənada onların xidmətləri xalqları üçün şəxsi nümunədir. Necə ki, Corc Vaşinqton Amerika xalqı, Şarl Deqol Fransa üçün əzizdirsə, Ümumi -milli liderimiz Heydər Əliyev də bizim üçün beləcə əziz bir insan, şəxsiyyətdir. Onun bütün fəaliyyəti, xidməti çoxlarımız üçün əsil mənada həyat məktəbi, örnək olmuşdur.

Orta məktəbdə oxuduğu illər, tələbəlik həyatı, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi sahədə gördüyü işlərlə yanaşı, sonrakı fəaliyyəti ərzində xalqı üçün etdikləri... Mən bu böyük şəxsiyyət haqqında həyəcansız danışa bilmirəm. Hələ gənc yaşlarından onun vurğunu olmuşam. Onun kənd əməkçiləri, neftçilərlə görüşü, sənət adamları ilə ünsiyyəti məni əsil mənada valeh edər, saatlarla onun çıxışlarına, məruzələrinə qulaq asar, səfərlərini izləyərdim.

İlahi, onun yüksək xitabət kürsüsündən etdiyi məruzələri, çıxışları necə bir gurultulu alqışlarla qarşılanardı. Bəlkə də Heydər Əliyevin ən məşhur dilçilərimizdən çox yaxşı Azərbaycan dilinin incəliklərinə bələd idi, onları yerli-yerində işlədə bilirdi. Respublika Yazıçılar Birliyinin qurultayında üç saata yaxın, bir qeydə, sənətə baxmadan məruzə edən bu böyük şəxsiyyət, heç xitabət kürsüsündən də yapışmadı. Beləcə əlləri yanında, bir əsgər, general kimi şax dayanmışdı. Onun yığıncaqların birində sabiq daxili işlər nazirinə etdiyi irad indiki kimi yadındadı.

-Nə mızıldanırsan, aydın danış!.. Axı sən generalsan!.. General kimi danış!..

Belə, Heydər Əliyev büyün fəaliyyəti ilə bizim üçün şəxsi nümunə olub, bundan sonra da belə olacaqdır. Prezidentimiz İlham Əliyev bugün öz gözəl, səmərəli fəaliyyəti ilə bizə şəxsi nümunə göstərmirmi? Onun daxili və xarici siyasət sahələrində gördüyü işlər alqışa layiqdir.

Hər birimizə uzun həyatda ilk növbədə şəxsi mümunəni ilk növbədə valideyinlərimiz, müəllimlərimiz, bizə yaxın olan adamlar göstərib. Şəxsən mən zəhmətkeş, əlləri qabarlı atama nə vaxt yatıb, nə vaxt durduğunu bilməzdim. Hey təsərrüfatda, torpaqla əlləşərdi. Bu gün də belədir. Anam mənim üçün səmimi, təmizkar, ailəcanlı bir qadın kimi həmişə əziz olub. Nənəm dini ayinlərə ciddi əməl etməkdə, ibadəti ilə seçilib, əziz olub. Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun.

Kəndimizin ağsaqqalı Səftər kişi həm də söz sərrafı idi. Onun qoşmalarına, bayatılarına, dastanlarına qulaq asmaq üçün başına cəm olardıq. Elçiliyə gedəndə, birisini barışdıran da həmişə bir həd gözləyər, soruşardı: "Bu qəlb, könül məsələsidi... Görün arvadarası söhbət, razılıq olubmu...”

Dünyalar qədər xətirlərini istədiyim müəllimlərim Bahadur müəllim, Kərim müəllim, Novruz müəllim mən necə unuda bilərəm? Orta məktəb illərində direktorumuz Məmməd Qorçıyev bizim üçün əsil şəxsiyyət, rəhbər idi. Çalışqan, fəal, zəhmətkeş. Onun ciddi səyi ilə Mollakənd kənd orta məktəbində necə bir intizam, səliqə-səhman vardı. Dil, ədəbiyyat müəlimim Xəlil İbrahimov, tarix müəllimimiz İbrahimxəlil Hüseynov öz ixtisas sahələrinin əsil mənada biliciləri idilər. Səbəbsiz deyil ki, Şamaxı Pedoqoi məktəbinə daxil olub, ilk dərs günü sorğu-sual edəndə bütün suallara mən əl qaldırıb cavab verəndə, bu fəallığıma məktəbin direktoru Əziz Kərimov heyran olmuş, soruşmuşdu:

-"Əyləşmə,.. De görüm haradan gəlmisən?”

-"Kürdəmirdən?..”

-"Hansı məktəbi qurtarmısan?”

-"Mollakənd kənd orta məktəbini, tarix müəllimi də İbrahimxəlil Hüseynov olub...”

Hamının böyük hörmət etdiyi Əli müəllim də bir gün sinifdə mənə irad  tutdu:  "Ə, bura sənin yerin deyil axı... Bir il gec olaydı, çıxıb institutda gedə bilməzdinmi...” Tarix müəllimimiz Teymur müəllim fəaliyyətimi xüsusilə qeyd edər, mənə "müavinim” deyərdi. Axı, radio-verilişdə vaxtaşırı tarixi mövzularda çıxış edən mən, tarix dərnəyini təşkil edib keçirənlərdən biri, pedaqoji məktəbin bütün tədrislərinin aparıcısı idim...

Bütün bunlarla demək istəyirəm ki, yaxşı müəllimin öz şagirdlərini ruhlandırması, onda özümə inam hissi yaratması başqadı.

Üniversitetin hüquq fakültəsini oxuduğum illərdə dekanımız Məmməd Xələfov, partiya tarixindən dərs deyən Seyfəddin Qəndilov, fəlsəfə müəllimimiz Fuad Qasımzadə unudulmazdı. Aspiranturada oxuduğumuz illərdə isə elmi rəhbərim Murtuz Ələsgərovun, Firudun Səməndərovun, Məmmədxan Rəsulovun xeyirxahlıqlarının şahidi olmuşam. Məsumə Məlikova imtahan vaxtı dedi:

-Bu gənclərin hər ikisinin cavabları mənə xoş gəldi. Hansı kənarda qalsa, mən öz kafedrama aspirant götürəcəm...”

Ədəbi fəaliyyət illərində yazıçı Əlfi Qasımovun, əmək fəaliyyəti illərində isə Südabə xanım Həsənovanın xeyirxahlığının canlı şahidi olmuşam. Yazıçı Əlfi Qasımova uzaq Saratov vilayətindən hərbi xidmət vaxtı məktub yazmış, o da mənim hekayəmi " Azərbaycan gəncləri” qazetində dərc elətdirmişdi. Sonra da ilk kitabımın çapına... Təmannasız adam idi. Allah ona qəni-qəni rəhmət eləsin, məzarı nurla dolsun...

Məni notariat işinə Südabə xanım Həsənova Ədliyyə Nazirini əvəz edəndə göndərmişdi. Tanışlığa da ilk səbəb Kürdəmirdə onun iştirakı ilə keçirilən tədbirdəki çıxışım səbəb olmuşdu... Sonradan mən onun qəbulunda olub, sıxıla-sıxıla bir rayon payı ilə hörmət etmək istədiyimi bildirəndə dedi: "O vəzifəyə səni mən təyin etmişəm... Mənim kadırımsan... Əgər sən orada işləyib ailəni dolandıra bilirsənsə, elə mənim baş ucalığımdır... Əgər nəsə artırmısansa, onu yenə də ailənə, yaxınlarına sərf elə...”

Əhsən belə vəzifə sahiblərinə, min əhsən! Bu sözlərindən sonra Südabə xanım Həsənova mənim gözlərimdə, nəzərimdə mənəvi cəhətdən çox-çox yüksəklərdə dayanan bir insan oldu. Allah ondan razı olsun.

Ədliyyə nazirliyində işlədiyim müddətdə idarə rəislərim, xüsusilə nazirlərimiz mənim üçün xeyirxah timsallı insanlar olublar. İş prosesində yaranan gərginliklər nəzərə alınmasa, həmişə onların qayğısını hiss etmişəm.

Vaxtı ilə bizə əmək, kimyadan dərs demiş Novruz müəllim, müəllim işləyəndə rus klasiklərindən- Lev Tolstoydan, Çexovdan, Dostayeviskidən, Turgenevdən söhbət açardı... O " Anna Karenina” , "Hərb və sülh”, "Cinayət və cəza” əsərləri haqqında elə ürəklə, təsirli danışar, təhlil edərdi ki, sanki onları özü yazmışdı.

Şamaxı Pedaqoji məktəbində oxuyanda "Gənc sabirçilər”...ədəbi dərnəyi ... Bəlkə də məni ədəbiyyata, sənətə o illər bağladı.

Bir dəfə Kürdəmirdə onuncu sinifdə oxuyan bir şagirdin qeyd dəftərində bu sözlərə rast gəldim... O, " Sizin idealınızdır?” sualına cavab yazmışdı: "Əli  Ağayevin " Gecəyarı sui-qəsd” povestindəki müstəntiq Azər Babayev sürəti”...

Siyəzəndə isə biz on birinci sinif şagirdinin inşasını mənə göstərdilər. İnşanı mənim haqqımda yazdığı mövzuya həsr etmişdi:

"Həyatda insanlar yaxşı və yaman olurlar. Yəni öz gözəl işləri, əməlləri ilə özlərinə yaxşı ad qazanır və ya bədxah əməlləri ilə hamının nəzərində yaman görünürlər. Yaxşıları hamı sevir, onlara rəğbət bəsləyir, pislərin heç yerdə yeri olmur. Hamının nəzərindən düşürlər. Bu o zaman olur ki, onların pis əməlləri aşkara çıxır. Bəli, həyatda yaxşı və pis ad qazanan insanlara münasibət tamamilə bir-birindən fərqlənir. Yaxşılara rəğbət bəsləyirsən, sonra heyran olmuya bilmirsən. Mən həmin yaxşılardan danışmaq istəyirəm. Həyatda valeh olduğum yaxşılardan. Amma bu yaxşılarda inandım ki, ataların dediyi söz doğrudur. Həyat yaxşı insandan hali deyildir. Belə yaxşı insanlardan biri əsərlərini sevə-sevə oxuduğum Əli Ağayevdir.

Bəzən hər hansı bir sənətkarın əsərini oxuyanda, tanıyanda yaratdığı əsərə görə ona valeh olursan. Hətta həmin sənətkarı sevdiyin ədəbi qəhrəmanın surətində görürsən. Ancaq həmin sənətkarı tanıyanda fikirləşirsən ki, heç də bu sənin valeh olduğun insan deyil. Əli Ağayev isə əsərlərindəki səmimiyyəti, təmizliyi, saflığı özündə əks etdirir. Mən məktəbimizdə bu gözəl insanla keçirilən görüşdə onun səmimi söhbətlərində bunun şahidi oldum. Başa düşdüm ki, həyatın da öz ədəbi qəhrəmanları vardır. İnsanlığı sevən və özünü insanlara sevdirən qəhrəmanlar. Mən həyatın belə qəhrəmanlarının vurğunuyam. Belə insanlar nəinki, özləri pis olmurlar, pisləri də düz yola çəkməyə çalışırlar. Belələri bəşər övladını saf bir məxluq kimi görməyə çalışırlar.”

Qubanın 1 saylı şəhər orta məktəbinin  şagirdi Vəliyeva Günay Şamil qızından aldığım məktubda əksər kitablarını oxuduğunu qeyd edir və bildirirdi:

"Mən sizin bir hüquqşünas-yazıçı olaraq yazdığınız bütün əsərlərinizi dönə-dönə, sevə-sevə oxumuşam. Etiraf edirəm ki, bu illər ərzində oxuduğum kitablar içərisində ən çox sevdiyim də məhz sizin yazdığınız kitablardır. Mən bu kitablar haqqında çox şey yaza bilərəm. Ən əsası isə bu kitablardakı hadisələr real həyatdan götürüldüyünə görə oxucu üçün olduqca maraqlı və yaddaqalandır. İlk dəfə yeddinci sinifdə oxuyan zaman əlimə keçən kitab da sizin " Gecəyarı sui-qəsd” povestiniz oldu. Bu kitabla da kitabxanaya daimi üzv yazıldım. Bütün əsərlərinizi oxumuşam. Yenə əsərlərinizi oxumaq istərdim... Özüm dərs əlaçısıyam. Arzum gələcəkdə hüquqşünas olmaqdır. Sizin kitablardan öyrəndiklərimin mənə gələcəkdə bir hüquqşünas kimi lazım olacağını indidən dərk edirəm. Buna görə də, hörmətli Əli müəllim, sizə, bu həyat həqiqətlərini açıb müasir gənclərə çatdırmağı özünə şərəflə borc bilən səmimi bir hüquq işçisinə öz dərin təşəkkürümü bildirirəm...”

Bütün bunlarla bir daha demək istəyirəm ki, yazıçı əməyi, zəhməti heç vaxt hədər getməz. O zərrə-zərrə öz təsirini göstərməkdə, insanları daha böyük işlərə, əməllərə ruhlandırmaqdadır.

Səbəbsiz deyil ki, mərhum prezidentimiz Heydər Əliyev cənabları onların zəhmətinə xüsusi önəm verirdi. Mərhum şair və yazıçılarımız Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov, Məmməd Araz, İsmayıl Şıxlı, Qabil... Azərbaycan ədəbiyyatında hamsının öz xüsusi yeri, adı var... Allah rəhmət eləsin onlara. Dünya durduqca adları, əməlləri yaşayacaq... Sənətkar cismən dünyasını dəyişir, mənən ölmür haqq sözdür.

Bu gün bu estafeti sözün əsl mənasında hörmətli yazıçılarımız Anar, Elçin, Fikrət Qoca, Çingiz Abdullayev, Zəlimxan Yaqub, Fikrət Sadıq, Sabir Azəri, Ramiz Rövşən, Afaq, Seyran Səxavət, Mustafa Cəmilli və başqaları daşıyır.

Onların hər bir əsəri olduğu kimi, şəxsiyyətləri, gördükləri işlər, fəaliyyətləri də gənclər üçün bir örnəkdi.

Bir dəfə Siyəzəndə bir gənc işdən qayıdanda yaxınlaşaraq mənə dedi:

"Müəllim, inanın, heç bir o qədər kitab oxuyan olmamışam. Bəlkə də elə oxuduğum sizin kitablardı. Düz ikisini oxumuşam... Çox sağ olun...”

Mən onda ünvanıma deyilən bu xoş sözlərdən də çox, oğlan üçün sevindim ki, heç olmasa ona iki kitab oxutdura bilmişəm.

Bir dəfə də bir yaşlı neftçi söhbət zamanı bildirdi: "Çox sağ ol... Heç olmasa sənin o "Qatarda hadisə” hekayələr kitabını hecalaya-hecalaya, oxuya-oxuya latın qrafikasını oxumağı öyrəndim...”

Təzəkənd bələdiyyəsinin üzvi isə söhbət zamanı demişdi: "O kitablarından varsa, mənə ver. Bizim kənddə onu növbələşib oxuyurlar...”

Xaçmaz kitabxanasında olanda öz gözlərimlə gördüm. Kitablar oxunmaqdan xeyli haldan düşmüşdülər. Xüsusilə "Prokuror qızı” ... "Sahildə qəsd” povestləri kitablarının hər birində yüzdən artıq oxucu qeydi vardı...

Hər evdə azı beş nəfər bu kitabı oxuyubsa, bu beş yüz nəfər oxucu deməkdi.

Siyəzən şəhər iki saylı orta məktəbində "Əsgər anası” kitabı müzakirə olunanda, onlardan bədii parçalar deyiləndə, səhnəciklər göstəriləndə bir qadının necə də kövrəldiyi indiki kimi gözlərim önündədir.

Həmin kitab Siyəzən şəhər üç saylı orta məktəbində müzakirə olunanda itkin atası Səttar kişinin gözləri necə dolmuş, qəhərlənmişdi, bir Allah bilir...

"Qanlı gündəlik” povesti haqqında Siyəzən şəhər bir saylı orta məktəbində xoş sözlər dedilər. İndiki kimi yadımdadır... Qusar şəhər mərkəzi kitabxanada mənimlə keçirilən görüşdə bir kitabxanaçı dedi:

-Bir yaşlı qadın məndən kitab istədi... Sizin "Qürbət ellərdə” romanınızı aparıb verdim... Bir neçə gün sonra qarşılaşanda qadını tutqun, gözləri yaşarmış gördüm... Gözləmədiyim halda, kövrəlmiş halda, titrək səslə dedi: " Məmiş öldü... Məmiş öldü...”

Bəli, əsərin baş qəhrəmanı, Sovet İttifaqı qəhrəmanı Məmiş Şahbaz oğlu Abdullayevin beləcə qəhrəmanlıqla son anda dünyasını dəyişməsi həmin ləzgi qadını olduqca sarsıdıbmış.

Xızı hərbi komisarlığında bir qız yalan-gerçək dedi ki, o romanı düz 5 dəfə oxuyub. Çünki şəxsən mən özüm, bir əsəri ikinci dəfə çox çətinliklə oxuya bilirəm.

Siyəzən rayonunun Yanıq Ələz kəndindən Əlmirzə kişinin gəlişini isə heç vaxt unutmuram. Söhbət zamanı dedi: - "Mən iş üçün yox... Elə sənə minnətdarlıq etmək üçün gəlmişəm. Gəlmişəm deyəm ki, "Çox sağol, o cürə gözəl əsərlər yazmısan. Sənin düz beş kitabını oxumuşam. Təzə kitabın çıxanda mənə göndər... Lap elə xəbər elə, özüm gəlib aparım...”

Bugünkü nəslin təlim-tərbiyəsində əvəzsiz xidmətləri olan belə insanları görəndə adamın ürəyi dağa dönür. Axı ona görə ki, puldan, sərvət toplamaqdan başqa amalı olmayan, mənəviyyatca kasıb bəzi müəllimlərdənsə, yeri gələndə bu cürə savadsız, mənən isə zəngin adamlar ətrafdakılarına daha ciddi təsir göstərir, əsil örnək olurlar.

Durğunluq illərində öz mübarizələri ilə diqqəti cəlb edən Əlövsət müəllim, xalq hakimi Elman Hüseynovu bu gün də minnətdarlıqla xatırlayıram.

Əlövsət müəllim Kürdəmir rayonundakı Köhnəbazar kənd orta məktəbinin direktoru idi. Katiblərlə əsil mənada qoç kimi döyüşərdi. Elə-belə, yersiz mənada yox, onların haqsız, yersiz işlərinə, əməllərinə görə... Yeri gələndə səsini ucaldır, sözünü deyirdi. Bu səbəbdən rəhbərlik etdiyi məktəbdə əsassız yoxlamalara məruz qalırdı. Bir dəfə raykomda lap hövsələdən çıxıb iclas zalını özbaşına tərk etmişdi. Pambıqla "baş kəsilən” o vaxtlarda bu hərəkəti hər adam edə bilməzdi. Katibin qəzəbinə tuş gələ bilərdi.

Əslən Astaradan olan xalq hakimi Elman Hüseynov da o illərdə beləcə bir prinsipiallıq nümayiş etdirdi. Onların arasındakı bu ziddiyət, mübahisə, narazılıq nə səbəbdən yarandığını indi də xəbərsiz olsam da, ancaq onu deyim ki, bu qyri-bərabər çəkişmədə gənc xalq hakimi öz vəzifəsini itirsə də, güzəştə getmədi, əsil prinsipiallıq nümayiş etdirdi. O vaxt katiblər əsil mənada kiçik Allahlıq edirdilər axı...

1981-ci ildə Kürdəmir rayon daxili işlər şöbəsinə siyasi işlər üzrə müavin ştatı verilmişdi. Katib Bilal Mahmudov da ilk " Yeddi il sonra” kitabını nazir müavininə göstərərək mənim həmin vəzifəni tutmağımı istəyirdi, razılıq da vermişdi. Sonradan qaynatasının səhlənkarlıq üstdə məhkumluq məsələsi ortaya çıxanda, mənə formal da olsa kəbini pozdurmağı bildirsələr də, mən bu yolu tutmadım! "Vəzifəyə görə, tərcümeyi-halına ləkə sala bilmərəm” dedim. Onda kiçik yaşlı üç qızımız da vardı: Xatirə, Xalidə, Validə.

Məni təsirlənirən hadisələrdən biri də Qarabağ cəbhəsinə getmək üçün Mərkəzi Komitənin nümayəndəsinə rəsmi ərizə verməyim oldu. Onda Siyavuş Vəliməmmədov Qarabağ Təşkilat Komitəsinin tərkibində işləyirdi. Kürdəmir rayon Partiya Komitəsinin Konfiransında nümayəndə kimi iştirak edirdi. Məktubum onu da təsirləndirmiş, plenumda mənim ünvanıma xoş sözlər demişdi.

Məni onda ağrıdan bir də o oldu ki, bəzi nadanlar bunu özünü göstərmək kimi başa düşdülər, rayon qazeti bu barədə bir kəlmə də yazmadı. Bəli, güllə qabağına getmək istəyən bir adamı, onlar necə başa düşəydilər axı. Nə biləydilər ki, mənim köksümdə yaradıcı adama məxsus bir ürək çırpınır.

"Kürdəmir şəhidləri” kitabını yazanda heç bir köməklik göstərilmədi. Hətta nəqliyyat məsələsində də... Məzuniyyətə çıxıb, Kürdəmir rayonu 61 kəndindəki 80 ailəyə baş çəkəsi oldum. Onda da payızın axırı, soyuq, yağışlı günlər idi. Böyük Kəngərli kəndindən qısa yolla Bağman kəndinə gedəndə yolda maşın, ona köməyə gələn traktor da batdı, güclə çıxarda bildik. Kitab hazır olub, çap olunandan sonra icra işçiləri elə yaxın durdular ki... Başçılar satılmış kitabın pulu üstündə bir-birini ittiham etdilər... Müəllif kənarda qaldı. Xəcalətdən daha dinib-danışmadım.

Bu günki gözəlləşən, inkşaf edən Azərbaycanımız isə hər birimizə əsil örnək olmuşdur. Qoy, o daha da nurlansın, işıqlansın. Nəinki Şərqin, bütün Avropanın, dünyanın sayılıb-seçilən bir dövləti, Respublikası olsun!

Biz də onda deyək, fəxr edək ki, belə bir Respublikada yaşayırıq. İnşallah belə də olacaqdır!  Çəkilən zəhmət heç vaxt itmir!

 

                                              

 


2718 oxunub

InvestAZ