XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Həzi Həsənli yazır: - Vəfadar Vətənpərvər gənclərimiz
YAZARLAR 10:07 / 01.09.2021

 

    Hər kəsin vətənpərvərlik duyğusu Vətəninə olan sevgisi, məhəbbəti boydadır. Vətənini ürəkdən – candan sevən gənc bu şərəfli yolda hər cür fədakarlıq etməyə hazır olur. O da şagirdləri ilə apardığı  tərbiyəvi söhbətlərdə Vətən sevgisini önə çəkir. Bunu özünə bir vətəndaşlıq borcu bilir. Ölkəmizin tarixi, mədəniyyəti haqda şagirdlərini asan başa düşüləcək tərzdə məlumatlandırır. Bu məlumatlar  uşaqların vətənpərvərlik ruhunda böyüməsi üçün mühüm əhəmiyyət kəsb edir.

  Ümummilli lider Heydər Əliyevin dediyi kimi : "Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik!.”

   Elə ən böyük sevgi də Vətən sevgisidir. Vəfadarın  məramı səmimiyyətdən, Vətənə sədaqətdən yoğrulub. Onun auditoriyada şagirdlərinə aşıladığı hisslər onların qəlbində dövlətə və dövlətçiliyə inamını artırır.

   Vəfadar Xəlilov gənc yaşlarından Vətənin şöhrət yolunu deyil, Vətənə  xidmət yolunu seçib. Öz doğma kəndində yaşamağa, öz doğma məktəbində  işləməyə üstünlük verib. Universiteti bitirib, təzəcə qönçələnən gəncliyin ümidli, arzulu tələbəlik illərini başa vurub, Vətən qarşısında əsgəri borcunu yerinə yetirdikdən sonra, vaxtilə orta təhsil aldığı məktəbdə əmək fəaliyyətinə başlayıb. Saatlı rayonunun Sarıcalar kənd tam orta məktəbində müəllim işləyir, informatika fənnini tədris edir. İşlədiyi müddət ərzində təhsil uğurları da qazanıb. Qazandığı uğurlarla fəxr edir. Bildiklərini şagirdlərinə aşılamaqda əlindən gələni əsirgəmir. Kənd müəlliminin maaşı az olsa da,  Vəfadar  şikayətlənməyi xoşlamır. Başqalarından fərqli olaraq,  şəhərdə qalıb işləməyə, artıq məvacib qazanmağa üstünlük verməyib.  Ürəyindəki sevgi bağları ana torpağın vəfalı oğlu kimi, onu doğma yurda  qırılmaz tellərlə bağlayıb.

     Müəllim kimi fəaliyyətinin ilk günlərindən şağirdlərini ürək həyanı bilərək,  öz işindən zövq almağa başlayıb. Onların Vətənin layiqli övladları kimi yetişməsi üçün əlindən gələni əsirgəmir və bir müəllim kimi özünü xoşbəxt sayır.

      O, kənd – kəsəyə çox bağlıdır. Sarıcaların icma rəhbəri  kimi kəndarası yolların çınqıl daşları ilə təmir olunmasında yaxından iştirak edib. Kənddə futbol meydançasının yenidən qurulması, Bankomat və Milliön aparatlarının quraşdırılması da onun təşəbbüsü ilə mümkün olub. Övladlarına da  vətənpərvərlik duyğularını kəndinin, el – obasının insanlarına bir vətəndaş kimi gərəkli olması ilə aşılayır.  Onun məktəbdə əla qiymətlərlə oxuyan, azərbaycan dili və ədəbiyyatı fənnini sevə - sevə öyrənən qızı Vəfanın da Vətənə olan sevgisini hərarətlə yazdığı  bir bənd şeirindən duymaq olur:

Neçə ildir mirasdır bu bayram, bu ənənə,

Xalqımızın yadından heç çıxmayan təntənə...

Bu gün bayram keçirək, Laçında, Kəlbəcərdə,

Birdəfəlik son qoyaq bu nisgilə, bu dərdə...

     Bu misralar məktəbli balamızın  saf duyğularından və obrazlı təfəkküründən süzülüb gələn fikir qönçələridir. Burada poetik düşüncə ilə yanaşı, səmimi bir etiraf var. Bu körpə etiraf onun Vətənə olan körpə sevgisindən boylanan hürkək bir əsintidir. Nə bilmək olar, bəlkə neçə - neçə illər sonra, bu gün boy atan Vəfa balamız yeni zəfər dünyamıza aid yeni – yeni şeirlər yazacaq?! Ona bu yolda uğurlar diləmək də uca könüldən gələn bir arzudur.

    Gənc müəllim Vəfadar Xəlilov  normal bir kənd evində, valideynləri və öz ailəsi, üç gül balası ilə xoşbəxt yaşayır. Yaz olanda həyətlərində gül – gülü, çiçək – çiçəyi çağırır. Vəfadar təbiət gözəlliklərinin vurğunudur. Hər gün səhər tezdən oyanır, həyət – bacaya əl gəzdirir, inəklərini yemləyir, su verir. Həyətdə yaşıllığa qulluq etməkdən, əkdiklərini becərməkdən, suvarmaqdan xüsusi zövq alır. Su qıtlığı ilə əlaqədar, çətinliyi aradan qaldırmaq üçün həyətlərindəki arteziandan istifadə edir. Sonra da məktəbə - ulduz gözlü uşaqların münbit qəlbinə nur – işıq bəxş etmək üçün dərsə tələsir. İşlədiyi məktəbdə 600 – dən çox şagird təhsil alır. Ümumilikdə birincidən on birinciyədək 21 sinif var. O, bütün siniflərə  dərs keçir. Məktəbdə yaradılan şəraitdən də razılıq edir. Deyir:

-      Yaxşı  şəraiti olan məktəbdə təhsil almaq şagirdlər üçün rahatlıq deməkdir. Müasir tipli məktəbdə, əlbəttə, müəllimlər də həvəslə işləyər. Belə məktəblərdə tədris də, davamiyyət də yaxşı olur. Məktəb binası təmir olunduqdan sonra şagirdlərin təhsil almaları üçün hər cür şərait yaradılıb. Təhsil ocağı lazımi avadanlıqlarla təchiz edilib.  Burada sinif otaqlarından başqa emalatxana, laboratoriya, hərbi hazırlıq otağı, idman zalı və s. mövcuddur. Məktəbin ərazisində abadlıq işləri  və səliqə - səhman  göz oxşayır.

      Vəfadar çox gülərüz və mehriban oğlandır. O, mənəvi ehtiyacları maddi ehtiyaclardan üstün tutur. Onun vətənpərvərliyi, bir kənd müəllimi kimi ictimai fəallığı xoşuma gəldiyi üçün haqqında yazmaq qərarına gəldim.  Vəfadar  bunu biləndə hürkək bir sevinc ovqatına kökləndi. Gözlərindəki gülüş, sifətindəki xoşbəxtlik nuru biraz da artdı. Süfrə başında oturub, isti  çay içdiyimiz anlarda Vəfadarın ilıq nəfəsi, isti sözləri qəlbimizi isindirdi.

        O, günün tələbləri ilə yaşayıb işləməyə çalışan, həyata fəal müdaxilə etməyi bacaran bir gəncdir. Həyatda gördüklərinə və təhsildə rast gəldiyi problemlərə seyrçi mövqedən yanaşmır. Müasir həyatımızın  ciddi ictimai problemlərinə də vətəndaşlıq mövqeyindən yanaşaraq münasibət bildirir. Sözündə - söhbətində "Vətənin qəlbini döyündürən” arzularını dilə gətirir. Onun ən ümdə sevgisi də, ümidi, inamı da Vətənə bağlıdır. Ürəyi Vətən eşqi, yaşayıb yaratmaq, həyatda yaxşı ad – san qazanmaq həvəsi ilə döyünür. İkinci Vətən müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsində təkidlə  cəbhəyə getmək istədiyini bildirmişdi. Amma obyektiv səbəbdən cəbhəyə getməyi alınmasa da, ikinci Vətən müharibəsi zamanı arxa cəbhədə fəal iştirak edib. Bu münasibətlə Saatlı rayon Gənclər və İdman İdarəsinin diplomuna layiq görülüb.

     Ümumiyyətlə, Vəfadar Xəlilov həm gənc müəllim, həm də içtimai fəal kimi bir neçə diplom və sertifikatlara layiq görülmüşdür. O cümlədən,  "İlin müəllimi” diplomuna, Heydər Əliyev Fondunun "Regionların inkişafı” ictimai  birliyinin birinci könüllülər proqramında iştirakına, eləcə də təhsil kurikulumu üzrə təlim kurslarında ikinci, müəllimlər arasında bilik yarışmasında birinci yerə çıxdığına görə sertifikatlara layiq görülmüşdür.

   ... Mən şəhər tünlüyündən yorulanda, vaxt olduqca Vətənimizin gözəl təbiətinin qoynuna səyahət etməyi çox sevirəm. Könlüm  ana torpağı qariş - qarış dolanıb gəzdikcə içimdəki narahatlıq duyğusunu tərk edirəm. Xüsusilə yaz aylarında nərgiz – bənövşə ətirli, füsunkar Azərbaycan təbiətinin çənli – dumanlı dağlarının mənzərəsi məni maqnit kimi özünə çəkir. Amma  Muğan düzündə, Sarıcalar kəndində də aran sübhünün  başqa  bir əfsunlayıcı duyğusallığını gördüm. Oradakı sərin sabah nəsimi, qönçələri açan güllərin, çiçəkləyən meyvə ağaclarının nübar qoxusu, nizam – intizamlı, mehriban, gənc bir kənd müəlliminin yaşantıları, həyat və fəaliyyəti, eləcə də sükut dolu çöllərdə yazın gəlişindən xəbər verən şanapipiklərin səsi hələ də xoş bir təəssürat kimi qəlbimdə yaşayır. Böyük şairimiz Səməd Vurğunun məşhur  - "Nə gözəl yaraşır Muğana Ceyran” misraları  da təəssüratlarıma çalar qatır. Elə bu xoş təəssüratdan Vəfadarla aramızda bir doğmalıq körpüsü yarandı. Məni Muğan torpağına aparan o yolla Bakıya qayıdarkən ruhumun havasına köklənib bu şeiri yazdım:

Mən keçib gəldiyim Muğan yoluymuş,

Vurğunun gəzdiyi Muğan uluymuş.

Ürəyin sevinclə, nurla doluymuş,

Olmasın qəlbinin qübarı, dostum!                          

 

Tanrı töhfəsidir gülən gözlərin,

Dostluğun dərindir, ülfətin şirin.

Sən könül həmdəmi oldun şairin,

Unutmaz bu əhdi, ilqarı, dostum!

 

Vəfadar naxışdır sənin adında,

Bax, belə qalasan elin yadında!

Bəzəkdir ömrünə üç övladın da,

Övladdır atanın vüqarı, dostum!

 

Muğan Muğan olmaz ümmandan ayrı,

O çöllər gözəli Ceyrandan ayrı.

Dağ da qəribsəyər insandan ayrı –

Gəl gəzək səfalı dağları, dostum!

 

Ərmağan edirsən hər cür incini,

Həziylə bölürsən öz sevincini.

O gözəl bağçanda alıb dincini,

Solmasın bağçanın baharı, dostum!..

 

  PS : Bu günlərdə Vəfadar müəllimin yeni yaşı tamam olur. Yeri gəlmişkən, yeni dərs ilinin başlanması və yeni yaşının tamam olması münasibətilə Vəfadar müəllimi səmimi qəlbdən təbrik edirəm!

 Əziz dostum, sənə həyatda möhkəm cansağlığı, uzun ömür və işlərində yeni – yeni uğurlar diləyirəm...

 

 


9046 oxunub

InvestAZ