XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Fəridə Rəhimli yazır : Zorən sevgi
YAZARLAR 10:34 / 26.08.2021

Heç nə əvvəlki kimi deyildi. Qadın şübhələrini dəfələrlə dilə gətirsə də, ona yanıldığını anlatmaq üçün hər vasitəyə əl atır, ürəyində yuva salmış şübhənin kökünü kəsməyə çalışırdı. Şair nə qədər dil töküb, onu əvvəlki kimi sevdiyini söyləsə də, əməlləri bunu isbat etmirdi. Nə əvvəlki kimi qadını səhər erkən öpüşləri ilə yuxudan oyadır, nə ona həsr etdiyi şeirlərinə fikir bildirməsi üçün həyəcanla gözləyirdi. Qaşqabaqla dolaşaraq problemlərini bəhanə gətirir, səbəbin bunlar olduğunu söyləyirdi. Onun problemləri əvvəllər də var idi, amma o zamanlar qadının bir baxışı ilə gözlərinə işıq gələr, bütün problemləri unudulardı. Bir təbəssümü  ilə işinin uğurlu başlayacağına əmin olar, onu özünün şans mələyi hesab edərdi.

İllər beləcə ötürdü. Artıq əvvəlki münasibət qalmamışdı. Bir-birinə sadəcə hörmət edirdilər. Evləndikdən üç-dörd il sonra sevginin azaldığını, nəhayət yoxa çıxdığını, bunun yerini qarşılıqlı hörmətin, sayqının tutduğunu bildirən mütəxəssislərə etirazını bildirib, sevginin ən böyük ilahi güc olduğunu və heç vaxt tükənmədiyini söyləyən şair indi özü də yanıldığını hiss edirdi. Onun yaradıcılıq üçün yeni ilham pərisinə ehtiyacı vardı. Və...bir oxucu zəngi onu, axtarışında olduğu ilham pərisinə qovuşdurdu.

Oxucu mesajla onun yazılarına, şeirlərinə hava, su kimi ehtiyacı olduğunu, hər sabah onun sevgi şeirləri ilə oyandığını, hər gecə qucağında onun kitabı ilə yuxuladığını yazırdı. Bu, şairə yeni ümidlər, macaralar vəd edirdi. Birinci mesajdanca özünü belə, görmədiyi o qadına marağı, vurğunluğu başladı. Qadın onun ürəyini oxuyurmuş kimi, hislərini duyur, istəklərinin nələr ola biləcəyini sadalayır, hər mesajda onun elə öz misraları ilə xoşbəxt edirdi...

Artıq evə, ailəyə münasibəti tamam soyumuşdu. Bütün gün gözü telefonda qalır, gizli aşiqindən yeni sevgi etirafları gözləyirdi. Süstləşmiş, yorğun görkəminə gözəgörünməz bir qüvvənin əli ilə bir ruh, gənclik həvəsi gəlmişdi.

İlk vaxtlar, bir zaman dəli kimi sevdiyi qadınına etdiyi bu xəyanət üçün vicdanı onu bir az incitsə də qadını, sevgisinin çox hissəsini övladlarına sərf etməklə onu ikinci plana keçirməkdə, qadın kimi özünə fikir verməməkdə günahlandıraraq özünə haqq qazandırırdı. İndi yalnız evin maddi tələbatlarını ödəməklə borcundan çıxdığını zənn edən şair üçün əsl həyat ailədənkənar dünyası idi.

Mesaj yazan xanımdan onun nədən zəng etmədiyini, nədən görüşmək istəmədiyini soruşarkən o, tələsməməyi, hər şeyin bir zamanı olduğunu, səsini eşidəcəyi, üzünü görəcəyi günün çox da uzaq olmadığını yazırdı. Bu gizlilik, sirlilik onu daha da qıcıqlandırır, macara həvəskarı şair özünü on beş yaşlı oğlan kimi hiss edirdi.

Xanımı ondakı bu dəyişikliyi üzə vurmurdu. Özü də bu sahənin adamı olduğundan ərinin yaradıcılığına müsbət təsir edən bu «dəyişikliyi» səbrlə izləyirdi. Amma içini gəmirən qısqanclıq hissiylə də bacarmırdı. İki yolun arasında qalan qadın hələ ki, öz hisslərini qurban verir, sevdiyinin bir gün peşman olaraq onun qiymətini anlayacağına inanırdı. Günlər üzücü keçirdi. Əvvəllər paltarını dəyişdirməyə, tüklü üzünü qırxdırmağa güclə nail olduğu  həyat yoldaşı indi üst-başına xüsusi fikir verməyə, hər gün üzünü qırxmağa, bahalı ətirlər istifadə etməyə başlamışdı.  Bir gün gizli aşiqi görüşməyə razı olar deyə, hər gün səliqəli olmağa çalışırdı.

O gün isə çox təlaşlı idi. Gizli aşiq ona  görüşməyi təklif etmişdi.

Həyəcandan ürəyi sinəsindən çıxacaqdı sanki. Görüş təyin olunan yeri xəyalında min dəfə gəzib gəlmişdi. Mesajlar əsasında təsəvvür etdiyi  xanımla görüşünə  anlar qalmışdı. Ona aylardı yeni macara yaşadan, yeni arzular bəxş edən, yeknəsəq həyatına rəngarənglik gətirən bu xanımın ayaqlarından öpməyə hazır idi.

Nəhayət vədələşdikləri yerə yaxınlaşdı. Qadın nə geyinəcəyini tərif etdiyindən onu uzaqdan görən kimi tanıdı. Qadın arxası ona tərəf otursa da, sarı rəngli saçları, marka mal olduğu kənardan bilinən yaraşıqlı paltarı, hündürdaban ayaqqabısı, laklı dırnaqları, son moda əl çantası ilə çox cəlbedici görünürdü.

Şair həyəcandan yıxılmaqdan özünü güclə saxlayırdı. Ürəyinin döyüntüsü qulaqlarında guppuldayırdı. Sənəti ancaq sözdən ibarət olan şair nə deyəcəyini, necə başlayacağını bilmirdi.

Nəhayət qadının oturduğu skamyaya çatdı. İlk görüş maraqlı alınsın deyə, qadının arxasında dayanıb adətləri üzrə mesaj atmaq istədi. Bu zaman qadın arxaya çevrildi. Şair gözlərinə inanmadı. Söz boğazında düyünlənib qalmışdı. Bərəlmiş gözləri ilə, təəssüflə ona baxan qadını izləyirdi. Bu qadın onun xanımı idi...



2517 oxunub

InvestAZ