XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Həzi Həsənli yazır: Əyyar müəllim
YAZARLAR 11:20 / 23.08.2021


Ağsaçlı, nurani, gözlərində, simasında xoş və mülayim, həm də sakit bir ifadə var bu insanın. Yerişi, duruşu, sözü – söhbəti ilə ziyalılıq təlqin edir. Ömrünü bütünlüklə xalqımızın uşaqlarının maariflənməsinə həsr edib. O, şagirdlərinə təkcə ixtisas fənnindən dərs keçmir. Onun uşaqlara öyrətdiyi dərslər həm də ruhən və mənən həyat dərsləridir.

...Elə ilk tanışlıqdan Əyyar müəllimin insanpərvərliyi məni heyran etmişdi. O vaxt ( hardasa üç – dörd il bundan əvvəl) Əyyar müəllimi ilk dəfə idi ki, görürdüm və ilk dəfə idi ki, həmsöhbət olmuşduq. Əyyar müəllimin sözündə - söhbətində doğulub boya – başa çatdığı torpağa məhəbbət, el – obasına böyük sevgi hissləri önə çəkilirdi. Doğma yurduna bağlılığını xoş duyğularla elə dilə gətirirdi ki, onun söhbətlərindən ayrılmaq və doymaq olmurdu. Elə o vaxtlardan Əyyar müəllimi kəşf etməyə başlamışdım. Hiss etmişdim ki, Əyyar müəllim həyata ağlın gözü ilə baxan, yaxşını – yamandan seçməyi bacaran, ürəyini el – oba, Vətən dərdləri ilə yükləyən bir ziyalıdır. Qəlbində şeirə - sənətə sevginin də xüsusi yeri var. Nəvaxt yaxşı bir şeir oxusa, şeirin ovsununa düşür, şeirin ovqatı ilə yaşayır. Ona görə sözündə - söhbətində həmişə bir istilik hiss olunur. Danışdıqca ürəyində kövrək hisslər baş qaldırır. Qayğılı sifəti təbəssümlə işıqlanır. Yaxşı şeirin hikmətindən heyrətlənir, ülviyyətinə vurulur, zərif, incə duyğular aləminə qovuşur.

Olduqca sadə, səmimi və saf insan təsiri bağışlayır. Söz – söhbətindən təravət qoxuyur. Onun üçün vicdanlı həyat etalonu, yaşamağın meyarı yalansız yaşamaq, doğruçuluq, düzlük, halallıqdır. Hərdən də elə düşünürdüm ki, bəlkə ilk təəssüratlarım məni aldadır?! Amma illər keçdi, mən Əyyar müəllimi elə düşündüyüm kimi gördüm; sadə, səmimi, saf, etibarlı... Onun insanlığına ilk bələdçiliyim illər sonrası özünü doğrultdu. İndi Əyyar müəllim mənim üçün sayılıb – seçilən mənəviyyat adamlarından biridir. Onun el – obasında, işlədiyi kollektivdə özünəlayiq yeri var. Doğrudan da şəxsiyyətin ləyaqəti zamanın sınağından çıxaraq, öz içindəki nuru, işığı ilə insanlar arasından işıq saçır, seçilir, hər kəsi layiq olduğu yerdə göstərir. Əyyar müəllim belə ləyaqətli, belə dəyərli şəxsiyyətdir.

... Hərdən Çingizə (Əyyar müəllimin oğlu, jurnalist Çingiz Səfərli) deyirdim ki, Əyyar müəllim səndən etibarlıdır. O, məni sənin dostun kimi tanıyıb. Əvvəl biz səninlə vaxtaşırı telefon əlaqəsi saxlayırdıq. İndi bayramdan – bayrama hal - əhval tuturuq. Amma Əyyar müəllim Ordubaddan vaxtaşırı telefonla zəng edir, hal - əhval tuturuq, bayramlarda bir – birimizi yada salırıq, bir – birimizə təbrik ismarıcları göndəririk. Sən isə Bakıda yaşayırsan və işləyirsən, amma buradan – bura zəng etmirsən, hal - əhval tutmursan...

Çingizə belə deməkdə ərkim vardı. Çünki Əyyar müəllimdən əvvəl Çingizi tanımışdım. İllər öncəsi Çingiz məni öz kəndlərinə - Ordubadın Əndəmic kəndinə qonaq apardığı zaman onun valideynləri ilə tanış olmuşdum. Atası Əyyar müəllim də, anası Rəsmiyyə bacı da mənə o qədər doğma təsir bağışlamışdılar ki...Məşhur Qrdubad qayğanağını da mən ilk dəfə Əyyar müəllimgilin evində yemişdim. Ordubad limonu ilə samovar çayını da ilk dəfə onların axarlı – baxarlı, gül – çiçək ətrinə bələnmiş həyətlərində içmişdim. Əyyar müəllimin ömür – gün yoldaşı Rəsmiyyə bacının əllərinə sağlıq! Onun bişirdiyi təamların damaq dadı, dəmlədiyi çayın ətri yüksək tərifə və ən xoş sözlərə layiqdir.

... Hələ gənclik illərindən məndə Ordubad ellərinə qəribə bir maraq vardı. Bilirdim ki, Qrdubad ellərindən qədimliyimiz, tariximiz boylanır. Mən Ordubaddan əvvəl Naxçıvanın özünü, bir neçə rayonunu və kəndlərini görmüşdüm. Amma o illərdə Ordubadı görmək mənə qismət olmamışdı. Əlbəttə, Ordubad haqqında da çox kitablar oxumuşdum, çox məlumatlardan xəbərdar idim. Qədim tarixə, zəngin mədəniyyətə malik olan Naxçıvanın adı gələndə ilk yada düşənlərdən biri də Ordubad rayonudur. Əyyar müəllim sağ olsun, məni Ordubadla yaxından tanış etdi. Onların özünün yaşadığı Yuxarı Əndəmic də Ordubadın gözəl kəndlərindən biridir. Gözəl təbiəti, münbit torpağı var.

Ordubadın bir neçə kəndini və o kəndlərin yerləşdiyi mənzərəli yerləri birlikdə qarış – qarış gəzib təbiət gözəlliklərindən zövq aldıq. Bəstəboy, qıvraq, cəld hərəkətli Əyyar müəllimlə özünün işlədiyi məktəbə də baş çəkdik, təbiətin qoynuna da çıxdıq. Ordubadın gəzməli – görməli yerlərinə də ekskurs etdik. Yolboyu söhbətimiz zamanı hiss etdim ki, Əyyar müəllim həm də yaxşı həmsöhbətdir. Çox məlumatlı, zəngin biliyə malik və erudisiyalı müəllimdir.

Əyyar müəllimlə kənd müəlliminin bugünkü vəziyyəti bağlı söhbətimiz də maraqlı oldu. Dedi:

- Vaxtilə müəllimə el atası deyirdilər... Hər şey insanın özündən asılıdır. Elin gözü tərəzidir, yaxşını – yamanı yaxşı anlayır.

Əyyar Səfərov 1966 – cı il, iyulun 6 – da Ordubad rayonunun Yuxarı Əndəmic kəndində fəhlə ailəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra (eksperiment yolu ilə), 1983 – cü ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) mexanika – riyaziyyat fakültəsinə qəbul olunub. Universitetdə kurs əlaçısı olub, şəkli universitetin "Şərəf lövhəsi”ni bəzəyib, ictimai işlərdə fəal iştirak edib. Universitetin ikinci kursunu bitirdikdən sonra 1985 – 1987 – ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirib. 1990 – cı ildə universiteti riyaziyyat müəllimi ixtisası üzrə bitirib. Sonra da öz doğma kəndi Yuxarı Əndəmic kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. Qrup tərbiyəçisi, müəllim, hərbi rəhbər və uzun illər təlim – tərbiyə işləri üzrə direktor müavini kimi çalışıb.

... Milli ordumuzun yeni yarandığı vaxtlarda rayon hərbi komissarlığının çağırışına könüllü qoşularaq, 1999 – 2000 – ci illərdə zabit kimi xidmət edib. Azərbaycan Silahlı Qüvvələrindən tərxis olunduqdan sonra da doğma məktəbində direktor müavini kimi fəaliyyətini davam etdirib.

İllər beləcə arxada qalır. Əyyar müəllimin ömür xəritəsinə nəzər yetirdikcə, həyat kitabını vərəqlədikcə hiss edirsən ki, ömrünü bihudə yaşamayıb. Onun həyat kitabının hər səhifəsi məzmunlu və mənalıdır.

Bundan əvvəl də Əyyar müəllimin haqqında məqalələr yazılıb. Onun haqqında məlumatlar əldə edərkən belə məqalələrdən biri diqqətimi çəkdi. Orada oxuyuram: " Otuz ildən çox pedaqoji fəaliyyətini davam etdirən Əyyar müəllim hər bir şagirdə xüsusi qayğı ilə yanaşır. Onları layiq olduqları ən uca zirvədə görmək istəyir, şagirdlərində həmişə vətənpərvərlik, insansevərlik, milli iftixar, mənəvi təmizlik kimi yüksək əxlaqi keyfiyyətlər tərbiyə etməyə, onlarda müstəqil düşünmək, yaradıcılıq, axtarış meyllərini gücləndirməyə çalışmışdır. Özünün dediyi kimi, məktəb həyatı, uşaq aləmi sirli – sehrli bir dünyadır. Hər bir uşaq dünyasına baş vurmaq, hər bir uşaq qəlbinə yol tapmaq heç də asan deyil. İstedadlı, bacarıqlı uşaqlarımız çoxdur. Bunlar həm orta məktəblərimizdə, həm də məktəbdənkənar tərbiyə müəssisələrimiz üzrə keçirilən çoxsaylı müsabiqə, yarış və sərgilərdə üzə çıxır. Onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək isə biz müəllimlərdən çox asılıdır. Belə uşaqlar və onların

müəllimləri haqqında ürəkdolusu danışan Əyyar müəllim istedadlı uşaqlarla fəxr etdiyini bildirir. Hər bir şagird sabahın qurucusu, müəllimi, həkimi, sənətkarıdır. Gərək hər bir şagirdə əsl müəllim yanğısı ilə yanaşasan, onu özünün sevdiyi, seçdiyi istiqamətə düzgün yönəldə biləsən. Bu gün mən xoşbəxtəm ki, öz yetirmələrimiz olan gənc müəllimlərlə çiyin – çiyinə çalışıram. Bir çox məzunlarımız isə gənc mütəxəssis kimi iqtisadiyyatın müxtəlif sahələrində və məsul vəzifələrdə çalışırlar. Onlarla həmsöhbət olmaq, onların istək və arzularına qulaq asmaq, onlara kömək etmək, hətta ailə qurmalarında onlara yardımçı olmaq, məsləhət və tövsiyyələr vermək mənimçün olduqca xoşdur.

Biz onu da öyrəndik ki, bütün bunlar təsadüfi deyil. Əyyar müəllimin həqiqətən pedaqoji kollektivlədə, rayon ziyalıları arasında, el içində böyük hörməti var. El – obasının xeyir işlərində, toy - düyünlərində həmişə başdadır. Çox böyük məharətlə, yüksək zövq və şirinliklə məclislər aparır, qonaqlara xoş ovqat bəxş edir, yeni ailə quran gənclərimizə özünün ziyalı, müəllim təmkinliyi ilə xeyir – dua diləyir...”

Əyyar Səfərov 2010 – cu ildən kənd bələdiyyəsinin sədri seçilib. Bələdiyyə sədri kimi gördüyü işlər kənd camaatının sevincinə səbəb olub. Çünki Yuxarı Əndəmic kəndində görülmüş bir sıra abadlıq və təmizlik işləri, səliqə - səhman, quruculuq işləri Əyyar müəllimin adı ilə bağlıdır. Ən əsası da kəndarası yolların abadlaşdırılmasına həmişə səy göstərib, içməli su xətlərini, ata – baba bulağını təmir etdirib, kənd arxını bərpa edib, mobil rabitə xidmətinin kənddə təşkilinə nail olub. Davamlı olaraq el – obanın dəfn və yas mərasimlərinin təşkilinə yardımçı olur, vətəndaşların müraciətlərinə, xahiş və haqlı tələblərinin yerinə yetirilməsinə daim həssaslıqla yanaşır. Elə bunun nəticəsidir ki, iki dəfə ona etimad göstərib Milli Məclisə deputatlığa namizədliyi irəli sürülüb.

Bütün bunlarla yanaşı Əyyar müəllim həm də nümunəvi ailə başçısıdır. İki oğul, bir qız atasıdır. Böyük oğlu Nurlan Naxçıvan Dövlət Universitetinin informatika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hazırda Ordubad rayon İcra hakimiyyətində böyük məsləhətçi vəzifəsində çalışır. Kiçik oğlu Çingiz Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasını, daha sonra isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Hazırda jurnalist fəaliyyəti ilə məşğuldur. Qızı Xanım Naxçıvan Dövlət Universitetinin ingilis dili fakültəsini bitirmiş və atasının yolunu davam etdirərək pedaqoji fəaliyyətlə məşğuldur.

Əyyar Səfərov artıq üç ildir ki, Ordubad rayon Yuxarı Əndəmic kənd orta məktəbinin direktorudur. Həqiqətən də Əyyar müəllim geniş qəlbə, dərin kamala, yüksək insani dəyərlərə malikdir. Nurlu, qürurlu, söz – söbətindən təravət qoxuyan nəcib bir insandır.

Əyyar müəllimin 55 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, məsul işlərində daha böyük uğurlar diləyirəm.

Tanrının ona bəxş etdiyi ömür payının müdriklik çağını öz müəllimlik sənətindən zövq alaraq yaşayan Əyyar müəllim dedi:

- Müəllimlik şərəfli peşədir. Dahiləri də müəllimlər yetirir. Müəllim elə bir varlıqdır ki, o, öz ömrünü çox böyük səxavətlə milyon – milyon ömürlərə paylayır. Yetirmələrinin sevincinə, uğuruna sevinir, özününkü bilir.

Bəli, müəllim haqqında dediyi bu uca sözlərin hamısını Əyyar müəllimin özünə şamil etmək olar. O, əsl müəllimdi


11374 oxunub

InvestAZ