XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



EVDAR KİŞİLƏR - Fəridə RƏHİMLİ yazır
YAZARLAR 09:50 / 23.08.2021
Biz leksikamızda "evdar qadın" ifadəsini işlədib, ona öyrəşmişik və bu ifadənin antonimi, yəni "evdar kişi" isə dilimizdə işlənməyən ifadədi. Həmin söz işlənməsə də, gerçək həyatda rast gəldiklərim o ifadəni mənə tez-tez xatırladır. Şahidi olduğum reallığa əsaslanıb, bu gün məhz "evdar kişilər" barəsində yazmaq istəyirəm.
Dünya tarixindən bəllidi ki, qadınların hökmranlığı, idarəçiliyi müəyyən bir zamanı əhatə edib. Məhz həmin zaman içərisində bütün hökmranlıq qadına, yəni matriarxal qaydaların sahibinə məxsus idi - qəbilənin, ailənin daxili düzənini həll etmək, yemək hazırlığı, uşaq böyütmək, "tərbiyəsi" və sairə ilə məşğul olurdu. Bu da özlüyündə kişinin mövqeyini ikinci plana keçirirdi. Amma müəyyən bir dövrdən sonra matriarxal qayda yerini güclü cinsə verdi. Bununla da cəmiyyətdə və tarixi proseslərin inkişafında artıq güclü cinsin həm hökmranlığı başladı, həm də qadının əzabları, ağır işlər görməsi müəyyən qədər azalmış oldu. Qadın daha çox bir anaya, qadına aid olan işlərlə məşğul olmağa başladı. Bəlkə də elə evdar qadın fikri həmin o andan üzübəri gəlməkdədi. Cəmiyyətdə qadın daha çox evdarlıqla məşğul olub. Sivilizasiyanın inkişafının yüksək mərhələsinə çatandan sonra qadınların da üzünə qapılar açılıb. Onlar da elmin, həyatın müxtəlif sahələrində öz imkanlarını nümayiş etdirmək imkanı qazanıblar. Nəticədə də ailənin bünövrəsi möhkəmlənib, birgə yaşayışın stimulu artıb. Çox təəssüf ki, biz bu gün bütün bunları unutmuşuq.
Bir anlıq gözümüzün önünə bugünkü reallığını gətirək. Bəli, gerçəklik bundan ibarətdir ki, indi böyük iş yerləri yoxdu. Bunu özünə problem edən,bu yükün altında əzilən, hətta ən sanballı diplomları gizlədib daş daşıyan, palçıq qarışdıran, alnının təriylə, əlinin qabarıyla evinə çörək aparan kişilər çoxdu. Ziyalılqdan doğan qürurunu, diplomunu, iddialarını bir kənara qoyub ən ağır işlərə də girişirlər. Təki ailədə hər şey yerində olsun, maddi tələbat təmin olunsun, ailənin təməli sarsılmasın. Bu addımı böyük hərflərlə yazılması zəruri olan kişilər edir.
Amma etiraf edilməsi çətin olsa da, yenidən matriarxal qaydaların bərpa olunduğu göz önündədi. Əhalinin əmək fəaliyyəti ilə məşğul olan  hissəsində  qadınlar  getdikcə  üstünlüks təşkil edir. Və evdə boş-boş oturan kişinin, çalışıb evə qazanc gətirən, ailənin maddi təminatını ödəyən qadının əlinə baxması artıq adi hal olub. Bu da matriaxal qaydaların həmin ailəyə qayıdışı deməkdi.
Evin, ailənin maddi tələbatını ödəyə bilməyən kişilər hörmətdən düşməyə məhkumdu. Artıq qadınlar səhər durub işə tələsirkən çox kişilər "iş yoxdu" deyərək yatırlar. Qadın səhər açılar-açılmaz uşaqların səhər yeməyini hazırlayıb, paltarlarına əl gəzdirib, sonra işlədiyi ünvana tələsir. Çünki işini itirməkdən qorxur. O, çalışdığı kafedə, şiniyyat, çörək sexlərində, camaşırxanalarda, hətta şəxsi evlərdə onu gözləyən işlərə tələsir. Ayın sonunda isə gətirdiyi zəhmət haqqını masanın üstünə qoyur. "Kişi" də utanmadan pulu götürüb çayxanaya, damino oynamağa, pivə içməyə tələsir, sanki belə də olmalıdı. Evdə heç bir işin qulpundan tutmayan, övladlarının dərslərinə baxmağa belə həvəssiz, vaxt öldürməklə məşğul olan bu evdar kişilər daha çox qeybət etməklə, ailə dolandıran qadınların arxasınca hədyan danışmaqla günlərini keçirirlər. Özlərini qeyrət, namus keşikçisi sayan (özü də iddialı, kobud, hökmranlığını əldən vermək istəməyən, yalançı namus keşikçisi olan) "evdar kişilər" ailəyə çörək gətirən qadının öz kişi iş yoldaşı ilə bir kəlmə söhbət etməsini, avtobusa birlikdə minməsini az qala müharibəyə çevirir, müəyyən bir toplantıya qatılmalarını rəzalət, namussuzluq hesab edirlər. Əllərini ağdan qaraya vurmayan bu kişilər bütün gün istirahət etmədən qarda çovğunda, qızmar gündə çalışaraq ev dolandıran, ailə saxlayan qadınlara ləkə atmaqla ən böyük şərəfsiz olduqlarını etiraf etmiş olurlar.
Amma belə kişilərin evdarlığı da bir şeyə yaramır. On iki-on dörd saat işləyib, evə yorğun qayıdan qadın tələsik yemək hazırlamağa, təmizlik işlərinə, uşaqların dərslərinə vaxt sərf edərək öz istirahətlərini, sağlamlıqlarını düşünməz olurlar. Bizim evdar kişilər bu əziyyətlə başa gələn yeməyi yedikdən sonra rahatca divana uzanıb qadının çay gətirməsini gözləyirlər. Sonra isə onun yığışdırdığı süfrəyə, yuduğu qablara nəinki kömək edirlər, tez bitirmələri üçün əsəbləşirlər də...
Hələ bu "evdar kişilər"in səhər xanımı işə gedərkən yataqdan boylanıb: "Bu nə geyimdi?"qışqırmasına baxasan!!! Axşam evə dönərkən: "İş yoldaşımın maşınıyla gəldim" deyən qadının sözü bitər-bitməz mərəkə salar, təhqir də edərlər. Bəzən düşünüb təəssüf edirsən ki, qeyrət sözünün mənası, anlamı da arxivə verildimi...
"Yaxşı kişilər yaxşı atları minib hara getdilər?" Dönəcəklərmi...
Əvvəllər işləyib ailəsini dolandıra bilməyən kişi qınanar, haram yolla qazananlardan uzaq gəzilər, qeybət edən kişilər ələ salınardı. İndi bunlar adi hal olub.
Uşaqlarının maddi təminatını, təhsilini, müalicəsini düşünən ananı buna nail olmaq üçün həmişə doğru yolmu gözləyir? Evdə böyüyən, tərbiyə alan oğlan uşağı atanı evdə yatan, televizor izləyən, anasının qazancı ilə bütün gün siqaret tüstülədən, damino oynayan görəndə kimdən "kişi xasiyyəti" götürəcək?
İlk baxışdan maddiyatın üzərində görünən bu hal cəmiyyətin gələcəyini təhlükə altına almırmı?

7976 oxunub

InvestAZ