XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Xuraman Hüseynzadə “Uzaqlar yordu məni...”
Ədəbiyyat 16:15 / 20.08.2021


 

Nazim Əhmədlinin şeirləri haqqında

 

Torpaqlarımızın işğalı otuz ilə yaxın vətən dərdi, yurd həsrəti çəkmiş şairlərimizin yaradıcılığına təsirsiz ötüşmədi. Doğulduğu Laçın rayonu erməni qəsbkarları tərəfindən işğal olunmuş Nazim Əhmədli də o ağrını misralarla çəkən şairlərdəndir. Vətən ağrısı, el-oba dərdi, yurd-yuva nisgili onun da poetik dünyasına sirayət etdi, o da bu həsrəti şeirlərlə yaşamalı oldu.

N. Əhmədli "Vətən” şeirində yurd nisgilini, vətən həsrətini poetik ovqatla ifadə edir:

 

buludlar yaman qaralıb,

buludlar yaxına gəlir;

köyümüz adam şəklində

gecələr yuxuma gəlir.

 

Doğma yurd-yuvasını gecələr yuxuda görən Nazim Əhmədli düşmənlərin bağları da çapəb-taladığını misralarla oxuculara bildirir:

 

yaz gedib, qış qalıb qardaş,

yurd köçüb, daş qalıb qardaş;

bağların boş qalıb qardaş,

yağılar yığıma gəlir.

 

O. vətənin işğalının onun da gözünün yağını əritdiyini deyir:

 

düşüb çarığının bağı,

üzünü bürüyüb yağı;

əriyir gözümün yağı,

gözümün yağına gəlir.

 

Həm kür, həm də bəd olan N. Əhmədli fələyin çarxına vətəninin tuş gəlməsindən narahatlığını bildirir: 

 

həm kürəm, həm də ki, bədəm,

bir canam, bir də ki, bədən;

bilmirəm niyə bu Vətən

fələyin çarxına gəlir.

 

Artıq zaman da, dövr də dəyişdi. Vətənimizin işğalından otuz ilə yaxın vaxt keçdikdən sonra Ali Baş Komandan İlham Əliyevin və igid əsgərlərimizin sayəsində torpaqlarımız erməni işğalından azad olundu. Qəhrəman şəhidlərimiz, qazilərimiz o torpaqları canları, qanları bahasına xalqımıza qaytardılar. Bundan sonra daha şairlər də ən gözəl şeirlərini işğaldan azad olunmuş Vətəndə yazarlar. Nazim Əhmədli də yəqin bundan sonra Vətənin xoş günləri, gözəlliyi haqda şeirlər yazar. Onun daha nə gözünün yağı əriyəcək, nə də o,  Vətənin fələyin çarxınıa tuş gəldiyini görəcək. O günlər daha getdi. Daha şairlərin poetik ovqatı o əzablara, ağrı-acılara köklənməyəcək...

N. Əhmədli "Adsız liman” şeirində uçub-dağılmış yolu getməyin çətinliyindən söz açır:

 

yaman uçub, dağılıb,

necə gedim bu yolu;

pas atıb daş divarda,

yuxumdakı at nalı;

 

Yuxuda gördüyü at nalının daş divarda pas atmasının da səbəbi şairin yaşantıları, üzləşdiyi çətinliklərdir. O, alter eqosuna bu yolu getməyin çətinliyini bildirir...

Ötən eşqin odundan qalan ağrı-acıdan da danışan N. Əhmədli səma cisimlərinin səsindən narahatlığını da ifadə edir:

 

buludların səsindən,

qulağımda küy qalıb;

ötən eşqin odundan,

canımda kösey qalıb;

 

Bütün bu çəkdiklərindən sonra o, alnına nə yazıldığını bilmədiyindən də poetik ovqatla söz açır:

               

ruhum bir adsız quşun,

qanadından asılıb;

heç özüm də bilmirəm,

alnıma nə yazılıb;

 

Burada sublimasiya özünü göstərir və şairi motivasiyaya cəlb edir. Göy üzündən baxan yaşıl ulduzlar onun diqqətini çəkir:

 

bir ayrı göy üzündən,

yaşıl ulduzlar baxır;

lələk-lələk buludlar,

yellənir ağır-ağır;

 

O, bütün bu poetik müşahidələrindən sonra hər göyün özünəməxsusluğu haqda fikirlərini oxucularla bölüşür. Nədir o özünəməxsusluq, fərqlilik?

 

hər göyün öz tanrısı,

hər köyün öz adı var;

hələ yağışlar yağır,

qurumayıb buludlar;

 

Hər göyün öz tanrısı olduğunu deyən Nazim Əhmədli bütün bu gördüklərinin adı naməlum şəhərə və limana aid olduqları qənaətindədir: 

 

könlümə qubar dolub,

baxışımda duman var;

orda bir adsız şəhər,

bir adsız da liman var.

 

"Əllərimdən” şeirində o, əllərinin bəzən fələyin oynu qarşısında aciz qaldığını poetik ovqatla oxuculara bildirir:

 

bərk yapış

nə qapı, nə baca var,

hardan girim saraya;

barılar çox qəlbidi,

əl çatmır yuxarıya;

 

Təbiəti sevən bütün şairlər kimi o da məqamı çatdıqda təbiəti vəsf edən epitetlərdən yararlanır: 

 

körpü bir tağın üstə,

qar yatıb dağın üstə;

ruhum yarpağın üstə,

payız düşüb araya;

 

Qarın dağın üstündə yatdığını deyən şair, ruhunun yarpağın üstə olmasını bildirir və payızın araya düşməsini də poetik ovqatla oxucuların nəzərinə çatdırır... 

Nazim Əhmədli təbiəti, islam dinini tərənnüm edən yaşıl rəngə sevgisini də onu başqa rənglərə dəyişməməklə bildirir:

 

çıxıb getdim naxıra,

kim qalıbdı axıra;

mən yaşıla baxıram,

üzüm dönmür sarıya;

 

Yaraya niyə qaysaq gəlmədiyini də təbiətə olan sevgisi ilə ifadə edir N. Əhmədli:

 

kimdə bir az can qalıb,

nə dağ, nə aran qalıb;

ortalıqda qan qalıb,

qaysaq gəlmir yaraya;

 

Yolların açılmasını istəyən şair bunun da acı nəticəsini ömürün yarıya çatması kimi izah edir:

 

qayıdın, açın yolu,

ağaclar saçın yolub;

ürək yarıcan qalıb,

ömür çatır yarıya;

 

Nazim Əhmədli lirik qəhrəmanının onun əllərindən bərk yapışmasını ayrılıqlardan uzaq olması üçün istəyir:

 

hər çiçəkdə min naxış,

buludlar yağış-yağış;

əllərimdən bərk yapış,

ayrılıqlar qarıyar.

 

Onun şeirlərində təbiət mənzərələri önəmli yer tutur. N. Əhmədlinin buludlara tez-tez müraciət etməsi günəşli mavi səmaya və buludlara olan sevgisindən irəli gəlir. "Gedim kimi oyadım” şeirində o, ağ buludların da bəzən əzaba mübtəla olmasını onların yanaqlarında gördüyünü poetik ovqatın uğurlu ifadəsi kimi oxucuların diqqətinə çatdırır:

 

gedim kimi oyadım,

gün çırtdadı bir udum;

üfüqdə ağ buludun,

yanaqları qanadı;

 

Buludlar göy üzündən çəkildimi, ya çəkilmədimi, o, bunu da poetik duyğularla oxucuların diqqətinə çatdırır:

 

buludlar çəkilməyib,

bir yanı uçuq qalıb;

gəldiyim göy üzünün

qapısı açıq qalıb;

 

Gəldiyi göy üzünün bir tərəfinin açıq qaldığını poetik ovqatla ifadə edən Nazim Əhmədlinin şeirlərində bu cür antiteza məqamlarına məqamı yetişdikcə rast gəlmək mümkündür. O, bu epitetlərdən maraqla istifadə edir.

N. Əhmədli məhəbbət lirikasında da təbiəti unutmur. "Mənə sevgidən danış” şeirində o, dənizlərin onun yuxusuna girdiyini çiçəklərin ağında könlünün köçü qalması ilə izah edir:

 

uzaqlar yordu məni,

bir az qayıt yaxına;

qərib-qərib dənizlər,

gəlib girir yuxuma;

 

ömür bir biçim qalıb,

dərd içim-içim qalıb;

könlümün köçü qalıb,

çiçəklərin ağında;

 

Təbiətin küskün, qəmli fəsli olan payızın gəldiyi üçün ürəyinin sınmasından qorxan Nazim Əhmədli lirik qəhrəmanına bunu bildirir:

 

gəldi payız küləyi,

soldu dağın küləyi;

birdən sınar ürəyim,

ürəyimə toxunma;

 

Çəkdiklərinin alnına yazıldığını poetik əhval-ruhiyyə ilə oxuculara bildirən N. Əhmədli lirik qəhrəmanına  sevgidən danışmasını istədiyini deyir:

 

uzun yollar içində,

çəkdim dərdi içimdə;

yazılıb bu biçimdə,

alnımın varağına;

 

yol tutdum, qarış-qarış,

ağrılar qarımamış;

mənə sevgidən danış,

qəmli şeir oxuma.

 

Lirik qəhrəmanından poetik əhval-ruhiyyə ilə qəmli şeir oxumamasını, sevgidən danışmasını istəyən Nazim Əhmədli ona sətiraltı mesajla sevginin daha gözəl olduğunu bildirir... 

 

 

 


2725 oxunub

InvestAZ