XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU yazır : - Aid olduğun evin divar yazısı Qora bişirən ayın pıçıltıları
YAZARLAR 13:44 / 20.08.2021


 

Mənim inancıma görə həyatda elə an, elə məqam var ki, o təkcə bütün ömrünə bərabər olmur, həm də sənin doğum günün kimi yaddaşına yazılır. Və bu yazı heç vaxt pozulmur, hətta o yazının üstünə şeh də düşsə, toz da qonsa, onu birdəfəlik silmək, cırıb atmaq, unutmaq mümkünsüzdü. Axı, ömrə yazılıb, ürəyə yazılıb!.. Hə, mən bu bir cümləlik fikrimdə nə yazacağımı, nə deyəcəyimi öncədən çatdırmaq niyyətində deyiləm. Amma sadəcə bir içimdən gələn pıçıltını yazımın əvvəlinə çıxartdım...

Hər anı, hər dəqiqəsi olduğu kimi yadımdadı. Elə bil ki, kinoya baxıram. Fırlanır çarx gözümün önündə. Və mən də o fırlanan çarxla birlikdə dönürəm o günə, o ana. Gəlişini, ilk kəlməsini, hətta gözlərinin dibində gizlənib, oradan boylanan kədəri də görürəm... İlahi, o baxış, o kədər, o pıçıltı sanki qeybdən gəlirdi, qeybdən də görünürdü. Onu görməmək, onu duymamaq mümkünsüz idi. Mən nə qədər cəhd etdim, nə qədər görməmək, duymamaq istədim, mümkün olmadı. O anın özündə bir maqnit dalğası var idi. Yaxalamışdı məni, elə yerimdən tutmuşdu ki, tərpənə bilmirdim. Və bu günə qədər də maqnit dalğasının tutduğu yer mənə aid deyildi. Məndən qopub gedibdi. Elə məni də aparıbdı bəlkə də...

Hə, tarix elə bu yazının dünyaya gəldiyi günə təsadüf edir. Onda da avqust idi. Onda da qora bişirən öz işini görürdü. Və elə onda da mən başımı salıb aşağı kağız-qələmin ixtiyarına vermişdim özümü. Bilmirdim ki, bu kağız-qələm məni ona tərəf aparır, ona səmtləyir... Və mən də qələmin, kağızın ətəyindən tutub gedirəm. Əslində getmirəm ey. Mənə tərəf gəlir, onu qarşılamağa çıxıram... Və həmin an qarşılaşırıq, öncə baxışlarımız görüşür. Sonra... Bax, elə hər şey də o sonradan başlayır. Bu mənim doğum tarixinin yeni başlanğıcıdır. Soruşa bilərsiniz ki, nə baş verdi. Nədən dəyişdi doğum tarixi? Düzünü deyim ki, bu sualın cavabını hələ də tapa bilməmişəm. Ona görə də sizə heç nə deyə bilməyəcəm və məndən də yəqin ki, ağıllı bir cavab da ala bilməyəcəksiniz. Axı, insan niyə doğulduğunu özü bilmir və heç vaxt da bilməyəcək!

Sizi çox da maraqda qoymamaq, intizarda saxlamamaq üçün bircə anladığım bir gerçəyi, dərk etdiyim bir həqiqəti deyə bilərəm ki, həmin avqustda, həmin o qora bişirəndə mənim doğulmağım Allahın növbəti möcüzəsidi. Çünki dünyaya mənimlə birlikdə bir sevgi də gəlmişdi. O sevgi yeni şeirlərimin, yeni pıçıltılarımın, yeni duyğularımın ünvanı, bəlkə də elə özü idi. Əslində elə də var. Özü də bəlkəsiz, filansız!..

Bax, onda mən əlimi göyə açıb şükür duaları ilə Allaha və sənə təşəkkürümü çatdırdım. İndi o duaları da, o şükürləri də içində təkrarlaya-təkrarlaya yazıram:

 

Göydən düşən üç almayla

Bitdi mənim nağıl ömrüm.

Ondan nə mənə pay düşdü –

Nə də sənə ağıl, ömrüm!

 

Bədahətən söz deyərdim,

Öz yükümü çox bəyəndim.

Mən dəvə yox, mən küyəndim –

Belə gəldi, axır ömrüm!

 

De, o kimdi şəkili daşda?

Demirəm ki, başdan başla.

Gülə-gülə, əli qaşda –

Daş üstündən baxır ömrüm...

 

O həsrətə bu tabıyla,

Haqqa, sənə, xitabıyla...

Neçə-neçə kitabıyla -

Yüngül gəldi, ağır ömrüm!

 

Bəli, mən bütün yazılarımın, bütün xitablarımın və bütövlükdə ömrümün mənasını həmin o gündə, o anda tapdım və qibləmi də bir daha müəyyənləşdirdim. Elə bilməyin ki, həmin ana qədər asi idim. Yox, mən onda Allahın adi, sadə, iddiasız başıaşağı bir bəndəsi kimi yaşayırdım ömrümü. Məhz, həmin o doğum günümdən içimdən bir iddia boy verdi. Bu iddianın adı Məcnundan artıq Məcnunluq idi. Bugünə qədər də böyük Füzulidən min dəfələrlə üzr istəməklə, özümü Məcnundan böyük Məcnun sayıram. Düşünürəm ki, mənim sevgim, mənim səcdəm birmənalıdır, dəyişməzdir və onun hansı bucaq altında təqdim etməyimdən asılı olmayaraq, o, mənə aid olmaqla yanaşı, həm də təzədi, tərdi. Baxmayaraq ki, yazmışam:

 

Təklik dəyirman daşıdır,

Üyüdür bildiyin kimi.

Ağrıyan dərdin başıdır –

Böyüdür, bildiyin kimi...

 

Dörd divar həm də çəpərdi,

Canda tükənən təpərdi.

İlahi, Aysperq dəbərdi –

Keyidir, bildiyin kimi...

 

Bir damla su da sızmayan,

Yarasını özü duzlayan.

Kədər ürəyin sızlayan

Neyidir, bildiyin kimi...

 

Bəli, ürək kiməsə bir parsa ətdir, kiməsə yumruq boyda daşdır, kiməsə tez sınan şüşədi və kiməsə elə-belə heç nədi. Yəni, insan bədəninin bir əzasıdı. Amma ürək həm də bütöv bir dünyadı. Duyğuların, hisslərin, ağrıların, sevinclərin, kədərlərin, vüsalların, həsrətlərin, bir sözlə, insana aid olan hər şeyin həm bələyidi, həm beşiyidi, həm də elə özüdür ki, var. Deməli, ürək həm də Allahın sənə tikdiyi evdi. Sən də o evin həm özüsən, həm də müsafiri, sakini. Deməli, elə ürək həm də Sənsən!

Sən olan yer heç vaxt qaranlıq ola bilməz, darısqal ola bilməz, soyuq ola bilməz, ümidsiz ola bilməz, işıqsız ola bilməz! Bilirsən niyə? Ona görə ki, Sən olan yeri Allah sənə aid edib! Və Allahın aid etdiyi yerdə işıqsız, susuz, havasız olmur axı. Bax, bütün bu dediklərim, yazdıqlarım pafoslu da çıxa bilər, sərsəmlik kimi də görünə bilər, hətta bayağı da adlanmaq şansında da qorunmur. Amma kim nə deyir-desin, kim hansı qiyməti verir-versin, heç vecimə də deyil. Bilirsən niyə? Ona görə ki, səni Allah çıxartdı qarşıma. Sənə aid olan yeri Allah müəyyənləşdirdi. Və səni ömrümə Allah hopdurdu. Mən və bütün bəndələr Allah qarşısında həm acizik, həm də heç kimik. Ona görə də Allahın iradəsinə qarşı çıxmaq qeyri-mümkündür və mən bunu heç ağlıma da gətirmirəm. Çünki həyatımın bütün anları Allaha və Sənə aiddi!

Ona görə də mən nəyi nə vaxt yazmağı və necə yazmağı da heç kimdən soruşmuram. Çünki yazdıran da, pıçıldayan da Allah və Sənsən. Bax, elə indi yazdığım şeir də o pıçıltılardan biridir.

 

Yenə təkliyimlə pıçıldaşıram,

Bir az dünənimdən, bir az bugündən.

Ağrı baltasını itiləyibdi -

Kəsib ümüdümə düşən düyündən...

 

Üst-üstə gəlməyən kipriklərimi,

Əyməyə çalışır nəm ağırlığı.

Ağırlıq barədə bildiklərimi -

Alt-üst eləyibdi qəm ağırlığı...

 

İçimdə-çölümdə külək at çapır,

Təklik qamçılayır zənnimcə onu...

Büdrəyən bəndəni, demək tez tapır -

Ölümdən tez gəlir adamın sonu...

 

Bu pıçıltıların arxasında bir ömür dayanır. Əl barmaqlarının sayını keçmiş ömür. Yəqin o sayı sən də bilirsən. Allahın bildiyi sayı deyirəm!.. Yəqin bu pıçıltıların arxasında sonu görünən ömrün kimə aid olduğunu da gözündən qaçırmırsan. Çünki onu Allah da artıq bilir və bir də ömrün alt-üst olması təzə bir fikir deyil və təzə söz də sayılmaz. Amma qəmin bütün ağırlığı ilə vücuda hopması hər adamın ömrünə yazılan yazı deyil. Buna birmənalı inanıram. Ona görə ki, ömrü yazan yer üzündəki bütün insanları fərqli yaratdığı kimi onların yazısını da fərqli qələmlə, fərqli fikir və cizgilərlə yazır. Kimi insan ömrü yaşayır, adidən adi. Kimi Məcnun ömrü yaşayır, aşiqdən aşiq və yaxud dəlidən dəli. Kimi də yenidən doğulur öz sevgisi ilə. Elə mənim kimi! Deyəsən, çox təriflədim özümü, çox «mən-mən» dedim.

Bunu günaha yazma, günahdan sayma. Özündən razılıq hesab etmə. Bil ki, mən Allahın və Sənin nəzərlərinin altında olmaqla yanaşı, həm də sizdən aldığım impulsların işığında yazıram, danışıram...

Bu məqamda hansısa bir yanlışlıq baş versə, o, artıq mənim hisslərə tabe ola bilməməyim, onları idarəetmə gücümü itirməyimin sayəsində baş verə bilər. Axı mən də daşdan, dəmirdən deyiləm. Və günahlarımı da bilərəkdən, düşünülmüş halda ortaya çıxması, məhz həmin o gücümün tükəndiyi, iradəmin zəiflədiyi, duyğularımın ipə-sapa yatmadığı anın nəticəsidir. Yenə təkrar edirəm ki, mən mələk doğulmamışam və bu dünyada günahsızların olub-olmadığını düşünmədən etiraf edirəm ki, günahlarım kifayət qədərdir. Onun cəzası da boynumun haqqıdır və həmin o günahlarım məni imtahan etdiyi məqamda təkrar əlini göyə açır və üzümü sənə tuturam:

 

Həsrətin bütöv adını

Hecalara bölüb, demə.

Əbülfətin varlığını,

Gizli anıb, ölüb! – demə...

 

Gəlib dəmi, gücün çatsa,

Ovut qəmi! – gücün çatsa.

Bu həmdəmi, gücün çatsa –

Baxıb, çərxi çönüb, demə...

 

 Həyatımda bir an olub,

Öz-özündən viran olub...

Sən hakim, ya tiran olub –

O, özünü gömüb, demə.

 

Bəxtə bəlli bir avqust var,

İndi ona yağıbdı qar.

Tumurcuqkən düşərsə bar –

Tay sonuna gəlib, demə.

 

Bütün bu yazı boyu mən içimdə sanki ələk əliyirdim. Bunu ona görə xüsusi qeyd edirəm ki, həmişəkindən fərqli olaraq sözü seçməyə, fikri təqdim etməyə bütün gücümlə çalışırdım. Məqsədim, məramım da bu ildi ki, artıq sözə, artıq fikrə yol verməyim, yer ayırmayım. Kimsə həmin o artıq sözdən, yersiz fikirdən yapışıb haralarasa gedib çıxmasın. Məhz bu səbəbdən yazının üstündə nanə yarpağı kimi əsmək dərəcəsinə gəlib çıxmışdım. Hətta özüm-özümə bir az acıyırdım da. Özümün-özümə bir az yazığım da gəlirdi. Axı, heç kimə bəlli olmayan, heç kim üçün maraq doğurmayan, yenidən doğulmağımın, kağıza köçürməyimin nə mənası var? Amma yox, təkcə yazılanın yadigar olması, qalması baxımından yox, həm də yazılanın bir təbrik, bir xatırlatma, dünənə dönüş olmasıdır. Mən də məhz təbrik üçün, dünənə dönüş üçün yenidən həmin avqustdan 2021-ci ilin avqustuna gəlmək üçün düşüncələrimi sözə çevirdim və yazdım. Hər halda bu yazı ad günü təbriki kimi də oxuna bilər, xatirə kimi də!

Bəli, yazının əvvəlində dedim ki, heç kim doğum gününü doğulacağı andan öncə bilmədiyi kimi, təkrar doğulacağını da bilmir. Allah nəsib etdi, mən təkrar doğulmağımın şahidi oldum, elə Sən də! Və ömrümdəki Fərəh, Sevinc, Kədər, Ümid, Həsrət, bir sözlə, nə varsa hamısı həmin günlə bağlıdır. Və onların hamısı hər bir an mənimlə baş-başa, mənimlə birlikdədir. Mən də onlarla. Elə yəqin ki, Sən də!..

 P.S. Yazını «19 avqust» şeirimin bir bəndi ilə bitirirəm. Həmin şeir «...ancaq O» kitabındandır.

 

Kiminsə diqqətin qoy çəkməsin heç,

Mənim taleyimə vurulan möhür!

Əbədi sevgimdi – doğulsa da gec –

19 avqustdan boylanan şeir...

 

 


2652 oxunub

InvestAZ