XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Bəxtiyar ƏLİYEV : - Qarabağ müharibəsi Vahid Məhərrəmovun yaradıcılığında
Ədəbiyyat 15:58 / 19.08.2021

         

Bədii yaradıcılıq həm də Tanrının bəndəyə verdiyi fitri istedadı. Çoxlarınıa yaradıcılıq adi, sıradan bir qabiliyyət kimi görünsə də əslində belə deyil. Yaradıcılığın da özünə məxsus çətinlikləri, enişi-yoxuşu  var.  Bədii yaradıcılıq da  belədi. Bu və ya digər peşəni öyrənməyə başlayanda insan mütləq onun mürəkkəbliyinə varır. Əlinə qələm alıb bu peşənin başlanğıcından bütün maneələri "addım-addım keçib” sona çatan sənətkar olur. Son 30-40 il əvvəl yaradıcılığa başlayan və bu günə qədər fasiləsiz fəaliyyət göstərən qələm sahiblərin  sırası xeyli seyrəlib. Yazıçılar müxtəlif mövzulara daha həvəslə müraciət edir. Elə bil məmləkətimizdə müharibə olmayıb. Dövrümüzün ən ağır və ağrılı problemi olan Qarabağ mövzusundan yazan jazarlarımız çox nadir hallarda daha "iri” janrlara da müraciət edəni görürük. Öz yaradıcılığında hərbi mövzuya geniş yer ayıranlar isə az olub.

Ömrünün böyük hissəsini bədii yaradıcılığa həsr etmiş və bu gün də tükənməz enerji ilə milli mətbuatımızda daha çox Qarabağ, hərbi mövzu ilə oxucuların görüşünə gələn Vahid Məhərrəmovun 60 yaşı tamam olur. El arasında bu yaş dövrünə "qocalığın uşaqlıq çağı” da deyilir. Uşaqlıq – doğruluq, saflıq anlamıdır, zənnimcə. Son otuz ildə erməni vandalizmi, xalqımıza qarşı torədilmiş faciələr, bəşər tarixinin misli görünməyən vəhşilikləri Vahidin yaradıcılığında bədii əksini dolğunluğu ilə tapdı.  Yazıçı bədii sözün qüdrəti ilə ermənilərin  törədikləri faciələri tarixləşdirərək ən yeni tarix  yazıb.  

 Yazıçı yaşadığımız dövrün hadisələrini  ya sənədli,  ya da bədii üslubda oxucuya təqdim edir. Bu,  Vətənə, vətəndaşa xidmət deməkdir.

Son otuz ildə ən çox "Qarabağ” və ”müharibə” mövzularından yazmışıq. Belə müəlliflərdən biri də hərbi jurnalist  Vahid Məhərrəmovdur.

Söz sənətkarının bədii yaradıcılığı obraz baxımından zəngin və özünəməxsusdur. Ömrünün altımış illiyi Vahid Məhərrəmov sənətinin yeni mərhələsidir desək, yanılmarıq.  Yazıb yaratdıqlarına qısa nəzər salmaqla görürəm ki, bir xalq, bir millət olaraq zaman-zaman erməni vəhşiliklərindən söz açmışıq. Çəkdiyimiz faciləri, başımıza gətirilən müsibətləri daha dərindən araşdırıb qiymətləndirməliyik. Erməni vandalizmi, Qarabağ müharibəsi Vahid Məhərrəmovun yaradıcılığına balacalıqdan hopub.  

Vahidin doğulub, boya-başa çatdığı Zəngilan rayonu iyirmi yeddi ildən artıq erməni  işğalı altında qalıb. Bu illər ərzində Vahid nələr çəkib - onu yazdıqları deyir.

Vahid Məhərrəmovun jurnalistikaya gəlişi Qarabağ müharibəsinin başlandığı ilk dövrə təsadüf edilir. Sovet ordusu sıralarında hərbi xidmətdən sonra doğma Babaylı kəndinə qayıdıb.  Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Oxumaqla yanaşı işləməyi də qərara alıb. Uşaqlığından əməyə alışmışdı - hələ körpə ikən atasını itirmişdi, ailə yükünü  anası daşımışdı. Həm oxumaq, həm də işləmək tələbə üçün çətin olsa da bir növ əzab idi. Bu çətin günlərinin də sonu olacağına inanırdı. Bu inam təmkin idi, ümid idi. Neft mədənlərində neftçi kimi əmək fəaliyyətinə başladı. Çox keçmədi Qaradağ rayon qəzetində ilk məqaləsi çap olundu.  Az sonra o, neft mədənlərində həm yaxşı neftçi, həm də jurnalist kimi tanındı. Aylar ötdükcə Vahid Məhərrəmovun imzası dövrü mətbuatda da görünürdü.   

Dövrün ən ağır fiziki əmək sahəsi  neft sənayesi idi. Əmək və yaradıcılığının ilk astanasında olan gənc yazar daha sonra hərbi xidməti seçdi.

Ölkədə siyasi gərginlik tüğyan edirdi. Ermənilər Qarabağı Azərbaycandan qoparmaq istəyirdi. O zaman hər bir gənc orduya – Vətənə, dövlətə özünün mükəmməl bildiyi  sahə üzrə töhfə vermək istəyirdi. Yeni formalşmaqda olan ordu sıralarına könüllü yazılan Vahid Məhərrəmov öncə Daxili Qoşunların orqanı olan "Əsgər” qəzetində xidmətə başladı. Sonra xidmətini Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan Ordusu” qəzetində davam etdirdi. Qarabağ müharibəsinin alovlandığı ilk illərdə  "Azərbaycan Ordusu” qəzetində "leytenant Vahid Məhərrəməov” imzası ilə məqalələr dərc olunmağa başladı.  Bununla da o, taleyini ömürlük orduya bağladı. Qarabağ müharibəsinin ən gərgin dövründə Vahid Məhərrəmov Goranboyda, Ağdərədə, Fizulidə və başqa istiqamətlərdə gedən qızğın döyüşlərin şahidi oldu. Döyüşçülərimizin qazandığı qələbələrdən reportajlar, məqalələr hazrladı. Bu həm də Vahid Məhərrəmovun həyat və yaradıcılığının yeni mərhələsi oldu.

Hərbi xidmət dövründə dəfələrlə qaynar nöqtələrdə olub və xalqımızın igid oğul və qızlarımızn döyüşlərdə göstərdikləri qəhrəmanlıqları görüb  yaxından izləyə bilib. Onlarla döyüş meydanında görüşüb təsüratlarını öyrənib. Dövrü mətbuatda onun cəbhədən hazırladığı məqalələr, müsahibələr, oçerklər və başqa janırlarda yazıları işıq üzü gürürdü. Vahid Məhərrəmov döyüş meydanında gördüyü və eşitdiyi hadisələr  əsasında   "Müharibənin bir ili” adlı ilk kitabını çap etdirdi. Kitabda cəbhədə döyüşən əsgər və zabitlərin qəhrəmanlığı, gündəlik döyüş fəaliyyəti təbliğ edərək onu olduğu kimi əks etdirməyə çalışıb.  "Səngərdə yazılmış sətirlər” kitabı da bu qəbildəndir. Müharibədən, qəhrəman zabit və əsgərlərimizin döyüşlərindən bəhs edən kitab hərbi jurnalistə uğur gətirib. "Qələbə naminə”, "Ölməzlik zirvəsi”, "Pulemyotçu Nurəddin”, "Erməni əsirliyindən dönənlər”, "Qanlı gecə-qanlı tarix”,  "Hər addım uğrunda”, "Kəsilməyən atəş səsləri” kitabları da müəllifə böyük yaradıcılıq uğurları gətirib.

Vahid Məhərrəmov hərbi xidmətdə olduğu müddətdə də tərxis edildikdən sonra da cəbhə bölgəsinə xidməti ezamiyyətlərində görüşüb həmsöhbət olduğu zabit və əsgərlərdən eşitdiyi maraqlı hadisələri ustalıqla qələmə alır, hekayələşdirir.  "Qanlı məktəbli çantası” hekayəsi  də bu qəbildəndir. Ata məktəb yaşına çatan oğlu Qaliblə alış-veriş üçün dükanları gəzir. Məktəb ləvazimatları satılan mağazadan uşağın bəyəndiyi yaşıl rəngli çanta nisbətən yuxarı sinif şagirdləri üçün olur. - Başqa yerdən  daha yaraşanını alacağam, - deyib ata, oğul ilə dükanı tərk edir.

Ertəsi gün atanı - Dönməzi cəbhəyə səfərbər edirlər. Dönməz həm də ehtiyatda olan zabit olduğu üçün onu  Goranboya - döyüşə aparırlar. Dönməzin vuruşduğu hərbi hissə qısa müddətdə bir neçə kəndi düşməndən azad edir. Onun komandir olduğu taqım da döyüşlərdə fərqlənir.

Yeni dərs ili başlanmışdı. Bir gün ata  Goranboyda mağazalardan birində oğlunun bəyəndiyi yaşıl çantasını görür və alır. Həmin ərəfədə döyüşlər də ara vermişdi. İcazə alıb evə baş çəkməli idi. Lakin cəbhədə qəflətən vəziyyət gərginləşir. Dönməz oğluna aldığı məktəbli çantasını üzərində gəzdirirmiş. Düşmən hücumunun qarşısını almaq üçün Dönməzgil yenidən döyüşə atılırlar. Gərgin keçən döyüşlərdən birində Dönməz şəhid olur. Məktəbli çantası da qana boyanır. Döyüşçü dostları şəhidi evə gətirəndə oğluna aldığı qana boyanmış məktəbli çantasını da gətirirlər.

Vahid Məhərrəmovun bədii yaradıcılığında təsiredici, gərgin süjetlər, hadisələr çoxdur. "Erməni əsirliyindən dönənlər” kitabında müharibənin getdiyi müxtəlif illərdə həm mülki vətəndaşlarımız, həm də hərbçilərimiz döyüşdə düşmənə əsir düşüblər. Yazıçı onların hər biri ilə görüşüb əsirlikdə hansı işgəncələrə məruz qaldıqlarını onların öz dilindən eşidib. Ötən əsrin sonlarında bəşər tarixində misli görünməyən erməni işgəncələrinə məruz qalan soydaşlarımızın dediklərini toplayıb kitab nəşr etdirib. Bu kitabı oxuduqca belə qərara gəlirsən ki, yer üzündə erməni kimi qəddar, qaniçən, amansız, insana zərrə qədər rəhmi gəlməyən ikinci millət yoxdu.

Yazıçının "Ölüm vaxtı” povesti orjinal əsərdir. Müəllif ermənilərin iç üzünü Xankəndi bazarının müdiri olmuş Aşotun və onun dostlarının timsalında daha aydın şəkildə təsvir edir.  Qarabağ hadisələri başlamazdan əvvəl Aşotun bazara satmaq üçün  hər gün yeni kənd məhsulları gətirən Bəhruz  məlum hadisələrdən sonra qardaşı ilə əsir düşür. Bazarkom Aşot da bazarı buraxıb daşnakçılara qoşulmuş, silahlı quldur dəstəsinə başçılıq edirmiş. Əsir düşmüş Bəhruzu görəndə Aşot dəstə üzvlərinə ona ən ağır işgəncələr verməyi tapşırır. Qardaşı ermənilərin verdikləri işgəncələrinə dözə bilməyib həyatını itirir.

Vahid Məhərrəmov yaradıcılığı təkcə müharibə mövzusu  ilə məhdudlaşmır, əksinə - əsərlərində yumor da, sevgi də geniş yer alıb.

İlk dəfə çar rusiyası dönəmində Qafqaza ayaq açan ermənilər həmin andan azərbaycanlıları, türkləri özlərinə əbədi düşmən bilərək Qafqazın aborigen xalqı olan türklərin həyatına həyasızcasına soxularaq uydurduqları cəfəng ideyalarını həyata keçirmək üçün zaman-zaman hərəkətə keçiblər. Bu, yalnız erməniliyin məhsulu deyil, həm də türk xalqlarının güclənməsini, inkişafını həzm edə bilməyən mənfurluğun diqtəsidir.

  Yazıçının yaradıcılığında bu mövzular da geniş yer alıb. Hadisələr araşdıralaraq ətraflı izah edilib. Vahid Məhərrəmov Ermənistan-Azərbaycan konfliktinə, Qarabağ münaqişəsinin törətdiyi faciələrə, arxada qalan illərə obyektiv qiymət verib. Erməni vəhşiliyi, erməni vandalizmini onun əsərlərində olduğu kimi oxuya bilərik.

"Müharibənin qanlı kölgəsi” romanı həm həcm baxımından, həm də Qarabağ müharibəsinin başlandığı ilk günlər ermənilərin azərbaycanlıları öz dədə-baba yurdundan, ev-eşiklərini yandıraraq didərgin saldıqları günlər geniş şəkldə verib.   Əsərin baş qəhrəmanı müharibədə canla-başla iştirak edən Həcər qeyrətli Məleykənin və qardaşı Kamandarın, bir sözlə, bu ailənin dramının – ailə faciəsinin bədii əksidir.

 Bu günlərdə çapdan çıxmış "Ölməzlik yolunun yolçusu” kitabı  44 günlük Vətən müharibəsinin rəşadətli döyüşçülərindən biri olan şəhid baş leytenant Həsən Rzazadənin döyüş yolundan bəhs edir.

Qələmdaşım, şəxsiyyətinə hər zaman hörmət bəslədiyim Vahid Məhərrəmovun 60 yaşı tamam olur. Yazıçının yaradıcılıq həyatı barədə qısa məlumat verməklə onun necə tükənməz enerjiyə malik olduğunu, yazdığı əsərlərində də görmək mümkündür. Onun daha bir kitabı da bu günlərdə işıq üzü görəcək.  Həyat dolu eşqlə, ilhamla yazıb – yaradan yazıçının bu yaşda olduğuna inana bilmirsən...  

 


2210 oxunub

InvestAZ