XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Əbülfət MƏDƏTOĞLU : - Nur dolu kitab
Ədəbiyyat 15:06 / 19.08.2021


 

Hər bir kitab təkcə söz toplusu, fikir mücrüsü deyil. O həm də yaxşı bir həmsöhbət, yol yoldaşı və dostdur. Bu mənada nəşriyyatlarımızın oxuculara hədiyyə etdiyi yeni çap məhsulları həmişə maraq doğurur. Təbii ki, söz adamları, yazı-pozuya meyilli insanlar bu işdən daha çox qazanırlar. Onların qazancı yeni həmsöhbət tapmaq, yeni söz dünyasına baş vurmaqdır.

«Azərbaycan» nəşriyyatında yerləşən və özünün çap etdiyi məhsulları ilə həmişə diqqəti çəkən «Maarif» nəşriyyatının direktoru İsmayıl müəllim bugünlərdə mənə bir kitab bağışladı. Əlboyda olan bu kitabın üstündə qirayət edən oğlan uşağının şəkli var. Doğrusu, kitabın üz qabığındakı şəkil mənə çox maraqlı gəldi. Elə kitabın adı da maraq doğururdu. Qeyd edim ki, «Yol» adlanan bu kitab «Seyid Hüseyn oğulları» tərəfindən 2021-ci ildə Tovuz şəhərində hazırlanıb və paytaxtda çap olunubdur. Onu araya-ərsəyə gətirən gənc naşir dostum Fariz bəydir. Bütün bunları ona görə ən xırda detallara qədər vurğulayıram ki, kitab həqiqətən dəyərlidi. Kitab hər kəsin diqqətini, sevgisini qazanmış və ölkənin imanlı təbəqəsinin yaxşı tanıdığı İmam Əlidən bəhs edilir. Daha doğrusu, məhz İmam Əlinin ən məşhur kəlamlarından biri olan «Elm şəhərin qapısıdı» deyiminə istinadla hazırlanıb və həm də kitaba «İmam Əlinin qısa kəlamları» adı verilibdir. O ki qaldı, «Yol» adına, bu, əslində həmin kəlamlardan nəticə çıxarıb, öyrənib, elmin yolu ilə sabaha getməyə bir çağırışdı. Kitabda İmam Əlinin 345 kəlamı yer alıb. Onların hamısı da insanlığa, mərifətə, elmə, dostluğa, sevgiyə, sədaqətə köklənib. Məsələn, İmam Əli söyləyir ki, «Əvvəl yol-yoldaşını tap, sonra yolu axtar» və yaxud «Ağıl o qədər kifayətdir ki,  zülümlərdən səni işığa çıxardır», «Arzulara bənd olmayın, insanları aldadandır», «Layiqli həmdəm tapmaq gözəl səadətdir» və s.

Bəli, hər kəsin hətta cibində gəzdirə biləcəyi bu ibrətamiz kəlamlar kitabını araya-ərsəyə gətirən naşirlərə, ona maliyyə dəstəyi verənlərə mən bir oxucu olaraq təşəkkürümü bildirirəm. Sonda onu da vurğulayım ki, kitab pulsuzdur, satılmır, ancaq bağışlanır.

 

 

                                          


3707 oxunub

InvestAZ