XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Nurəddin ƏDİLOĞLU yazır: USTADI YAD ETMƏK İBADƏTDİR
YAZARLAR 11:28 / 19.08.2021


 

                        Görkəmli nasir və kinodramaturq Əhmədağa

                       Muğanlının 95 illiyinə

 

Əhmədağa Qurbanov və ya Əhmədağa Muğanlı... Həmişə bu ad çəkiləndə ilk növbədə "Dağlarda döyüş”, "Od içində vahə”, "Atları yəhərləyin”, "Doğma sahillər” bədii filmləri, "Şəhriyar əfsanəsi”, "Ömürdən yeddi yarpaq”, "Dağ dağa söykənər” kitabları yada düşür.

Vətənə sevgi hissi müstəqillik arzusu ilə yaşadığımız sovetlər dönəmində bizə Ə.Muğanlı kimi vətənpərvər ziyalılarımız tərəfindən  aşılanmışdır. Öz doğma torpağının hüdudları keşiyində ayıq-sayıq duran sərhədçilərə həsr olunmuş məşhur "Dağlarda döyüş” və "Doğma sahillər” filmləri   tarixə gömülmüş fölqəldövlətin – SSRİ-nin cənub sərhədlərini qoruyan insanlara həsr olunsa da, bu filmlərdəki milli ruh, Arazın o tayı, Cənub nisgili mövzusu, üstəlik, əsas qəhrəmanların soydaşlarımızın olması faktına görə Azərbaycan sərhədçilərinin həyatının kino inikası kimi qəbul edirik. Elə  buna görə də ölkəmiz müstəqillik qazandıqdan sonra, yəni ideoloji-mənəvi dəyərlərin dəyişməsi belə bu ekran əsərlərinə tamaşaçı marağını azaltmadı, əksinə, hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş  həmin filmlərə bu gün də baxarkən yüksək zövq alırıq.

 "Dağlarda döyüş”də qaçaqmalıçılara bələdçilik edən atasına güzəştə getməyən gənc sərhədçi Fərrux Əsədov, "Doğma sahillər”də sərhəd qoşunlarında general-mayor rütbəsi almış ilk azərbaycanlı Mustafa Nəsirovun  prototipi olan baş qəhrəman, polkovnik Musa Nəsibov cəsur sərhədçi obrazları ilə yaddaşımıza həkk olunub. Eləcə də Əhmədağa Muğanlının ssenariləri əsasında çəkilmiş "Bizim sərhədçilər”, "Mən sərhədçiyəm”, "Vətən sərhəddən başlanır” və "Vətənin keşiyində” sənədli filmləri də  gənclərimizdə sərhədçi peşəsinə sonsuz maraq doğurmuşdur.

...Biz  hələ orta məktəb illərində "Dağlarda döyüş” filminə dəfələrlə baxmışdıq. İlkin məlumata görə, o zaman SSRİ məkanında  bu filmi 23 milyondan çox tamaşaçı izləmişdi. Çox sonralar öyrəndim ki, Əhmadağa müəllim gənc yaşlarında sərhəd qoşunlarında hərbi xidmətdə olub. "Dağlarda döyüş” də elə onun hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı "Tikanlı məftillər" povesti əsasında ekranlaşdırılan ilk kino-ssenarisidir... Yetmişinci illərin ortalarında Əhmədağa Muğanlının yalnız bir əsərini - "Şəhriyar əfsanəsi” povestini oxumuşdum.

Etiraf edim ki, bu povest məndə ədəbi yaradıcılığa böyük həvəs yaradan əsərlərdən biri olub. Hərbi xidmətdən sonra universitetin jurnalistika fakültəsinə daxil olanda Əhmədağa Muğanlı ilə yaxından tanış olacağımı xəyalıma da gətirməzdim. Bakıda yaşayan həmkəndlimiz, atamın xalası oğlu, Sosialist Əməyi Qəhrəmanı, Əməkdar inşaatçı Məmməd Hüseynovun (hamı ona Ağa deyə müraciət edərdi) Əhmədağa müəllimlə çox möhkəm dostluq əlaqəsi vardı. Onların hər ikisi dəfələrlə Bakı şəhəri Oktyabr rayon XDS-yə deputat seçilmişdi. Günlərin bir günü mənim mətbuatda çap olunan yazılarımın bir-iksini gözdən keçirəndən sonra Məmməd Hüseynov Əhmədağa müəllimə zəng elədi: "Mənim bir xalam nəvəsi var, xahiş edirəm, yazılarını oxu, ona düzgün istiqamət ver...”

Ertəsi gün Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının həyətində Əhmədağa müəllim məni çox səmimi və mehriban qarşıladı. "Ağanın (Məmməd Hüseynovun –N.Ə) özünün də maraqlı həyat hekayəsi var” –deyib bir anlıq fikrə getdi. O an Əhmədağa müəllimin ürəyindən nələr keçdiyini deyə bilmərəm. Amma hiss etdim ki, bizim Ağa dediyimiz Məmməd Hüseynovla dostluqlarının mayasında halallıq, kəsdikləri duz-çörəyə xətir-hörmət dayanır. O gün Əhmədağa müəllim mənim utana-utana təqdim etdiyim "Yandırılmış ürəklər” adlı kinopovestimin əlyazmasını çantasına qoydu. Sonra ev telefonunu və ünvanını yazıb mənə verdi: "Bir – iki günə oxuyub fikrimi bildirərəm”dedi. Çox həyəcan keçirirdim: "Görəsən, Əhmədağa müəllim yazım barədə nə fikir deyəcək?” Kinopovest adlandırdığım yazımı vaxtsız dünyasını dəyişən üç orta məktəb yoldaşlarımın xatirəsinə həsr etmişdim. Məktəbi bitirər-bitirməz onların bir-birinin ardınca qəfil ölümü çoxumuzun ürəyini yandırıb-yaxmışdı. Mən də bu hadisədən çox təsirlənmişdim, hərbi xidmətdə olduğum müddətdə imkan tapandan-tapana "Yandırılmış ürəklər”i yazmışdım...

Bir həftədən sonra Əhmədağa müəllimə zəng elədim. Salam-kalamdan sonra o, məni evinə dəvət etdi. Bir xeyli söhbət etdik. Əhmədağa müəllimin səmimi təbəssümü, sadə həyat tərzi, qayğıkeşliyi və səbirli kişi obrazı səsiylə-söhbətiylə birlikdə yaddaşıma əbədi həkk oldu. "Dağlarda döyüş”ün ssenarisini yazan kişidə əzəmətli bir dağ vüqarı gördüm. Yazım barəsində yalnız bunu dedi: "Görünür, bu mövzunu işləyəndə baxdığın hind filmlərinin təsirindən çıxa bilməmisən...” O, bu fikri yaşıl qələmlə əlyazmamın bir qırağına da yazmışdı. "Çalış, əvvəlcə kiçik həcmli hekayələr yaz”, - deyə məsləhət və tövsiyələri ilə məni yazmağa  ruhlandırdı.

 Əhmədağa müəllimin o "bir saatlıq yaradıcılıq dərsindən” sonra hekayələr, bir neçə sənədli filmə ssenari yazdım. Aradan bir müddət keçəndən sonra ustadın "Ağanın da maraqlı həyat hekayəsi var” fikrindən bəhrələnib dostu Məmməd Hüseynov haqqında "Halal adam” sənədli povestini də yazdım.

  Təəssüf ki,  həmin kitabımı görmək onların hər ikisinə qismət  olmadı. Bir az mən yubandım, bir az da ölüm tələsdi. Məmməd Hüseynov 74, Əhmədağa müəllim isə 75 yaşında bu dünya ilə vidalaşdılar.

 …Əhmədağa müəllim cəfakeş qələm sahibi kimi çox dəyərli keyfiyyətlərə malik sənətkar idi. Onun istər kinematoqrafiya, istər ədəbiyyatdakı yaradıcılığında elə bir əsəri yoxdur ki, orada vətənərvərlik, torpağa məhəbbət, insanın yaşadığı el-obaya fayda vermək kimi keyfiyyətləri önə çəkilməsin. Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin təbirincə desək, ömrünü milli kinomuzun inkişafına həsr edən Əhmədağa Muğanlı "Qələminin fəhləsi olub, şəxsiyyəti ilə yaradıcılığı vəhdət təşkil edirdi”. Bəli, şəxsiyyətlə yaradıcılıq vəhdəti hər əhli-qələmə nəsib olmayan mənəvi ucalıqdır.

46 il kinostudiyada ssenari şöbəsinin redaktoru, Xronikal-Sənədli və Elmi-Kütləvi Filmlər Birliyinin baş redaktoru vəzifələrində çalışan Əhmadağa müəllim bir çox Azərbaycan filmlərinin, o cümlədən "O olmasın, bu olsun”, "Qızmar günəş altında”, "Koroğlu”, "Böyük dayaq”, "Əhməd haradadır?”, "Dədə Qorqud”, "Xoşbəxtlik qayğıları”, "Sevinc buxtası”. "Arxadan vurulan zərbə”, "Babək”, "Qızıl uçurum”, "Nizami”, "Əlaqə” bədii filmlərinin, çoxlu sayda sənədli filmin və dövrü kinojurnalların redaktoru olmuşdur.

 Xalq şairi Süleyman Rüstəmlə birlikdə yazdıqları ssenari əsasında ekranlaşdırılan, el qəhrəmanı Qaçaq Nəbidən bəhs edən "Qanlı zəmi” ("Atları yəhərləyin”) tarixi-macəra filminə görə Dövlət Mükafatına layiq görülmüşdür.

Əməkdar mədəniyyət işçisi fəxri adı da Əhmədağa Muğanlının halalca haqqı idi, çünki o, həmişə gənc nəslə, özünün mənəvi varislərinə milli kimliyimizi, tariximizə, klassik ədəbiyyatımıza, musiqimizə yorulmadan sevgi hissi aşılayan böyük RUH yiyəsi idi. Bu gün onun yaradıcılıq yolunu oğlu Araz və nəvəsi Nigar xanım davam etdirirlər. Araz Qurbanov tanınmış araşdırmaçı – jurnalist, bir çox maraqlı kitabların müəllifidir. Nigar Rzayeva isə Azərbaycan Televiziyasında (Az.Tv) çalışır. Araz Qurbanov həm də universal biliklərlə zəngin olan gözəl müsahibdir. Onun Azərbaycan ədəbiyyatını fransızdilli xarici ölkələrdə təbliğ edən mərhum tərcüməçi –alim Əziz Gözəlsoyla  dəfərlərlə maraqlı söhbətlərinə şahid olmuşam (o vədələrdə Araz Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdi).

…Yaxşı insanların özlərindən sonra adları və əməlləri yaşayır. Ona görə də anadan olmasının 95-ci ildönümünü ustad sənətkarımız, yazıçı və kinodramaturq Əhmədağa Muğanlını bu kiçik yazımla xatırlamağı özümə mənəvi borc bildim. Şəxsiyyəti halallıqla süslənmiş belə insanları tez-tez xatırlayıb yad etmək, yaşatmaq da ibadətdir. Şübhəsiz, Əhmədağa Muğanlı öz sənəti  - nəsr əsərləri, ssenariləri üzrə çəkilmiş filmlər ilə milli kinomuzun tarixində özünə əbədi yaşamaq haqqı qazanıb...

Ruhuna və şəxsiyyətinə böyük ehtiramla

 

                                   Nurəddin  ƏDİLOĞLU,

                                                 yazıçı-jurnalist

 


8599 oxunub

InvestAZ