XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Aynur Qafarlı : - BARIŞA BİLMİRƏM HƏSRƏTİNLƏ MƏN
Ədəbiyyat 08:58 / 19.08.2021

                                           


                                    

BARIŞA BİLMİRƏM HƏSRƏTİNLƏ MƏN

 

Qanadı qırılmış «qu»ya dönürəm,

Üzləşib qalıram çox çətinlə mən.

Hər gecə bir ovuc suya dönürəm,

Barışa bilmirəm həsrətinlə mən.

 

Saxlayır içimdə ismət, ar məni,

Kəsir şaxta məni, döyür qar məni,

Sıxır səhər-axşam dörd divar məni,

Barışa bilmirəm həsrətinlə mən.

 

Ağlım tufanlarda sərgərdan gəzir,

Dilim topuq vurur, ürəyim əsir,

Məni həsrətinin soyuğu kəsir,

Barışa bilmirəm həsrətinlə mən.

 

Aynuram, könlümə yatmadı bu iş,

Ayrılıq hər yerdən diş qıcayıb, diş.

Ölüm aramıza düşməmiş yetiş,

Barışa bilmirəm həsrətinlə mən!


GƏLİRƏM

 

Ay sevgilim, çox darıxma,

Sənlə görüşə gəlirəm.

Yaman tutub dəcəlliyim,

Atıla-düşə gəlirəm.

 

Bir gün odam, bir gün suyam,

Gördüyünəm, elə buyam,

Göy sularda üzən quyam,

Ruhumda nəşə gəlirəm.

 

Kəsişmişik eyni xətdə,

Məna dolu bircə bənddə,

Özümü bu məhəbbətdə,

Salmışam işə, gəlirəm.

 

Duyğularım dərinləşib,

Çeşmə kimi sərinləşib,

Sənin üçün şirinləşib,

Dönüb kişmişə, gəlirəm.

 

Versələr də lap səs-səsə,

Baxmayacam mən heç kəsə,

Kimsə məndən yalan desə,

Düşmə təşvişə, gəlirəm.

 

Eşq bir Tanrı, mən bir bəndə,

Bir tor atdın, saldın bəndə,

Bir yol adın çəkiləndə,

Yüz dəfə cuşə gəlirəm.


DURNALAR CƏNUBA UÇMAMIŞ QAYIT

 

Saraldı həsrətdən gözümün kökü,

Ağırdır, sevgilim, tənhalıq yükü.

Yoxdur yandırmağa bir Simurq tükü,

Bir azdan düşəcək qarlı qış, qayıt,

Durnalar cənuba uçmamış qayıt.

 

Saxladı yolundan hansı an səni?

Səni istəyirəm, ay insan, səni!

Yerindən etmirmi bu fəğan səni?!

Unut nə düzgündür, nə yanlış, qayıt,

Durnalar cənuba uçmamış qayıt.

 

Harda daşa döndün, torpağa döndün,

Yarpağı tökülmüş budağa döndün?!

Mənimçün əl çatmaz bir dağa döndün,

Qonmaz o zirvəyə hətta quş, qayıt,

Durnalar cənuba uçmamış qayıt.

 

Köçündən ayrılıb, de, hara düşdün,

Kimin həsrətinin odunda bişdin?

Bir vaxtlar sən mənə "durnam” demişdin,

Yol var aramızda bir qarış, qayıt,

Durnalar cənuba uçmamış qayıt.

 

Demə ki, qəlbimdə kin yarası var,

Yar da, bax, salamat gör harası var?!

Aynuram, könlümün min yarası var,

Oynayır sinəmlə qanlı xış, qayıt,

Durnalar cənuba uçmamış qayıt.


              XƏYALLANMA EŞQİN ŞİRİN DADIYLA

 

Ədalıyam, sən dözməzsən ədama,

Əgər sənə naz eyləsəm, ölərsən!

Yavaş-yavaş öyrədərəm nazıma,

Sonra onu az eyləsəm, ölərsən!

 

Heyif, gəldin bu sevdanın gecinə...

Əriyərsən baxışımın gücünə,

Durub gendən gözlərinin içinə,

Baxıb sənə göz eyləsəm, ölərsən!

 

Çox danışma  Məcnun, Kərəm adıyla,

Xəyallanma eşqin şirin dadıyla.

Alışmasam həsrətinin oduyla,

Ürəyimi buz eyləsəm, ölərsən!

 

Qiymətim var, öz eşqimdə beş kimi,

İncitmədim, aldatmadım heç kimi,

Bir gün durub sənə olan eşqimi,

El içində söz eyləsəm, ölərsən!

 

İşvəm sənə, ədam sənə bəllidir,

Başım eşqdən havalıdır, yellidir.

Mən Aynuram, işvəm, nazım əllidir,

Hələ onu yüz eyləsəm ölərsən!


RUH ADAMLARI

 

Sədanız Tanrıdan gələn sədadır,

Söhbətin gözəli Haqdan nidadır.

Sizin söhbətiniz ruha qidadır,

Gəlin söhbət edək, ruh adamları.

 

Ürəkdən danışaq, gözdən danışaq,

Dolanaq başına, közdən danışaq.

Qəlblərin körpüsü – sözdən danışaq,

Gəlin söhbət edək, ruh adamları.

 

Bilən yox bu ömrün harasındayıq,

Bəlkə, ağındayıq, qarasındayıq,

Hansı könüllərin yarasındayıq?

Gəlin söhbət edək, ruh adamları.

 

Bünövrə eynidir, təməl eynidir,

Həm imza eynidir, həm əl eynidir.

Əqidə eynidir, əməl eynidir,

Gəlin söhbət edək, ruh adamları.

 

Aynuram, öz sözüm, öz ülviyyətim,

Saflığa köklənib arzum, niyyətim.

Deyirsiz şirindir sözüm-söhbətim,

Gəlin söhbət edək, ruh adamları.


 

 

BAŞINI QOY SİNƏMƏ

 

Başını qoy sinəmə,

Dinlə qəlbimin səsin.

Bircə anda qarışsın,

Nəfəsimə nəfəsin.

 

Tut eləcə, ayırma,

Əllərini əlimdən.

Uzaqlaşaq bir azca,

Hər bir dərddən, ələmdən.

 

Gəl birgə qalib gələk,

Həsrət boyda qoşuna.

Yaşanacaq bir ömrü,

Keçirməyək boşuna.

 

Başını qoy sinəmə,

Dinlə qəlbimin səsin.

Gör nə qədər sevgi var,

İçində bu qəfəsin.

 

Mənim üçün bu sevgi,

Həyat qədər şirindir.

Başını qoy sinəmə,

Ora sənin yerindir.

 

Başını qoy sinəmə,

Elə qalaq beləcə.

Heç bilməyək nə zaman,

Səhər oldu bu gecə.



Azərbaycan Dövlət Pedaqoji Universiteti
9749 oxunub

InvestAZ