XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



ÖMRÜMDƏN KEÇƏN ATLI - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 10:49 / 17.08.2021

... Telefonuma zəng gəlir. Açıram. Nemət Veysəllidi. Özünəməxsus şəkildə həmşəki həlim səsilə deyir:

- Əbülfət, bəy zəng vurmuşdu, Bakıdadı. Həmin yerdə axşam saat yeddidə bizə qonaqlıq vermək istəyir. Vaxtın varmı?

Mən də Nemətin xəbərinə elə həmişə olduğu kimi birbaşa cavab verdim:

- Bəy dediyin nədi, bəyənmədiyin nədi? Cağırıbsa, getməliyik, lap yağımız daşsa da!..

Bu cür zənglər çox olub. Hətta bir dəfə iş yoldaşım, dostum Rüstəm də dəhlizdə gülə-gülə mənə dedi ki, qardaşın gəlib, deyir hazırlaşsın. Mən də bildim ki, söhbət kimdən gedir. Ona görə tənbəllik etmədən gənc dostumuz Şamxalın da qulağına pıçıldadım ki, hazır ol, gedirik məclisə. Və onda mən ilk dəfə Şamxalı ona təqdim etdim. Görüşümdən sevindi. Çünki onun yazılarının "Ədalət”də çap olunan nümunələrinə Şamxal həmişə yaxşı dizayn verirdi və bu da onun həmişə ürəyincə olurdu. Çünki o, səliqə-səhmanın, təmizliyin xəstəsi idi. Hətta rayonlarda da görüşəndə axtarıb ən səliqəli yeri tapardı. Orda çay içməyi, çörək kəsməyi xoşlayardı. Yadımdadı, bir dəfə Ağcakənddə ailəmlə dincəlirdim. Hardansa xəbər tutmuşdu. Gördüm telefonuma zəng vurur. Hər zəngimdə də sözü bu cür başlayırdı:

- Qağa, haralardasan, nə iş görürsən?

... Və bunun ardınca da Ağcakənddə olanda dedi ki, gəlib Yevlaxdan keçmisən, heç deməmisən, bu ağsaqqal haralardadı, nə işlə məşğuldu. Canın sağ olsun, sən deməmisən, amma mən durub gəlmişəm Ağcakəndə. Ailəni də götür, gəl çayın qırağına, birlikdə çörək kəsək, hal-əhval tutaq bir-birimizlə.

Durub gəldim görüşünə. Həmişəki kimi səliqəli bir süfrə açılmışdı. Özü də qarşısında çay, çayı seyr edirdi. Öpüşüb-görüşdük. Dönüb sağa-sola baxdı. Bildim ki, uşaqları gətirmədiyimə işarə vurur. Vəziyyətdən çıxmaq üçün dedim:

- Uşaqlar böyürtkən yığmağa gedib. Evi mənə tapşırmışdılar, mən də görüşmək üçün yanına tələsdim.

Başını buladı. Hiss etdim ki, narazı qaldı. Amma yavaş-yavaş söhbət şirinləşdi. Az qala 4-5 saat fələkdən zaman oğurladıq. Özümüzdən, mətbuatımızdan, yazı-pozularımızdan danışdıq. İçimdə qalan bir sualın cavabını almaq üçün soruşdum:

- Çay kənarında bir-birindən yaraşıqlı yerlər var, niyə buranı seçmisən?

- Ay Əbülfət, düz deyirsən, yer çoxdu, xidmət də istədiyin qədərdi. Amma bu süfrəyə bax, onun təmizliyi, qab-qacağın adamın üzünə gülməyi, xidmətçinin səliqəsi... Bax, bunlar əsas şeydi. Onsuz da pulumuzu veririk, qoy səliqəli yerdə oturaq da, bunun nəyi pisdi?

... Bu xatirəni ona görə dilə gətirirəm ki, ustad sənətkarımız, mətbuatın özünəməxsus simalarından biri olan, imzasını 10 illərdi ki, Azərbaycan oxucusuna sevdirmiş Əməkdar jurnalist, yazıçı-publisist Ziyəddin Sultanov Bakıda da səliqə olan yerlərə üz tuturdu, hətta bir stəkan çay içmək üçün də!

Qayıdıram xatirələrimə. Orta məktəbdə oxuyurdum. Sözə könül vermişdim. O zaman qəzet-jurnal barmaqsayı idi. Və mən dövrün ən kəsərli silahı olan mətbuatın, xüsusilə "Kommunist” qəzetinin adamlar arasındakı nüfuzunu, insanların ona güvənini addımbaşı hiss edirdim. Bu qəzetin sayılıb-seçilən imza sahiblərindən biri də o vaxtlar indiki dildə desək, ofisi Xankəndində olan Ziyəddin Sultanov idi. Necə deyərlər, gözlərimin şahidiyəm. Onun doğulduğum Tuğ kəndinə, o vaxtkı Hadrud rayon mərkəzinə gəlişini dəfələrlə görmüşəm. Rayonun, kəndin erməni rəhbərləri "Kommunist” qəzetinin bölgə müxbiri Ziyəddin Sultanovun adı gələndə ayaqüstə dururdular. Bu mənə qürur verirdi. Çünki başqa vaxtlarda özlərini "əjdaha” sayan bu dığalar Ziyəddin Sultanovu görəndə əl tulasına dönürdülər. Bununla necə fəxr etməyəsən? Və mən də "Kommunist”in səhifələrində onun replikalarını, məqalələrini, oçerklərini oxuyanda zövq alırdım. Xüsusilə, hazırladığı tənqidi materialları birnəfəsə oxuyurdum. Ən böyük arzularımdan biri Ziyəddin müəllimlə tanış olmaq istəyi idi. Həyat elə gətirdi ki, bizim yollarımız məhz Dağlıq Qarabağda kəsişdi. Kənardan-kənara tanıdığım Ziyəddin Sultanovla 1988-ci ilin fevralında Xankəndində görüşdük. Bu görüş 2020-ci ilin avqustuna kimi dipdiri idi, canlı idi. Çünki biz telefonla söhbətləşəndə, üz-üzə gələndə mütləq o günü xatırlayırdıq, o günü yenidən həyata qaytarırdıq...



Qarabağ hadisələrinin ağır məqamlarında Ziyəddin müəllimlə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda dəfələrlə görüşdüm. Sonuncu dəfə onunla Zəngilana birlikdə getdik. Yol boyu baş verən hadisələrdən, proseslərin inkişafından və bir də təbii ki, mətbuatımızdan söhbət etdik. Sonra ailələrimizin durumunu dilə gətirdik. Məni əməlli-başlı danladı, "uşaqları kənddən çıxar, nə indiki zamana, nə də ermənilərə etibar yoxdu. Bir də gördün ki, iş işdən keçdi, onda heç bir şey edə bilməyəcəksən”. Sanki onun ürəyinə dammışdı. Biz Zəngilandan geri qayıdandan bir xeyli sonra kəndimiz işğal olundu, evimiz yandırıldı. Və mənim ailəmi odun-alovun içərisindən qonşular, qohumlar çıxardılar. Bu günə qədər də onlara vaxtında əl uzada bilmədiyimin xəcalətini çəkirəm. Ziyəddin müəllimin sözünə zamanında reaksiya verməmişdim. Bunu da ona sonra etiraf etdim. Və ailəmin Beyləqanda məskunlaşmasında Ziyəddin müəllimin də xidməti oldu. Rayon rəhbərliyinə mənim barəmdə danışmışdı...

Ziyəddin Sultanovla bağlı içimdə saysız-hesabsız xatirələr, sözlər, söhbətlər var. Və hər dəfə bu yazını yazmağa qərar verəndə o xatirələr, o sözlər yaddaşımda təzələnir. Mən hardan başlayıb, harda qurtaracağımı bilmədiyimdən dolaşıq düşən fikirlərin içərisində aciz qalıram. Lap son xatirəmiz ikilikdə oturub içdiyimiz çaydı. Özünün xəbəri olmadan söhbətə tutmuşdum. Sonra bunu müsahibə kimi "Ədalət”də çap etdim. Həmin söhbət zamanı cavan bir oğlan yaxınlaşdı Ziyəddin müəllimə. Əl uzadıb mənə də salam verdi. Ziyəddin müəllim dedi:

- Kürəkənimdi, sənin qohumlarındadı, Xocalıdandı.

Həqiqətən kürəkəni ilə söhbətləşəndə xalam uşaqlarıyla yaxınlığını öyrəndim. Və mən də zarafatla dedim:

- Ziyəddin müəllim, bizi sınayıb necə etibarlı olduğumuzu bildiyinizə görə, yəqin bu qohumluğa razı olmusunuz!

Təbii ki, o da gülə-gülə dedi:

- Kürəkənim olduğuna görə demirəm, çox ağıllı, tərbiyəli oğlandı.

... Onun ölüm xəbərini eşidəndə bir anlıq heç nə deyə bilmədim. Hətta dostum, həmkarım, Ziyəddin müəllimin qayını Rüstəmə də başsağlığını çatdırmaq gücümü itirdim. Çünki adam ömrünə, gününə, ürəyinə hopmuş şəxslərin bir gün qopub gedəcəyini bilsə də, ancaq buna inanmır, inanmaq istəmir. Mən də Ziyəddin Sultanovun ömrümdəki Qarabağ atlısının bir gün çaparaq gedəcəyinə inanmamışam. O məqama kimi ki, həmin günün axşamı Nemət Veysəlli zəng vurdu mənə:

- Ay Əbülfət, bəy bizi qoyub getdi...

Bəli, bu, əbədi ayrılığın başlanğıcı oldu. İndi Ziyəddin Sultanov Tanrı dəgahındadı, əbədi ünvanındadı. Mən isə burda... onun barəsində xatirələrimin bir hissəsini adda-budda bilgisayara diqtə edirəm. Yazdıqlarımı diqtə edə-edə də onun dünyasını dəyişməsinə inanmamağa çalışıram. Amma, əfsus!...


P.S, Bəli, Ziyəddin müəllim. bir  ildir ki. atını Cənnətdə  çapır...Bir  ildi ki, telefonuna zəng  çatmır...Və  bir  ildirki, Nemət Veysəlli zəng  edib  demir ki, ay Əbülfət, bəy  Bakıya  gəlib...

6508 oxunub

InvestAZ