XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU : - Ömür yollarının kəsişməsində
YAZARLAR 14:28 / 16.08.2021

              

 

Mən yenə də onu təbrik etməyə tələsdim

 

Həyat özünün qəribəlikləri ilə həmişə diqqəti çəkir, gah könül oxşayır, gah ürək ağrıdır, gah da adamın əlindən tutub balaca uşaq kimi özü ilə götürüb aparır dünənə və o dünəndə nələr olduğunu, nələr baş verdiyini, ən vacibi isə o dünəndən gələn yolun dolanbacları, qalın bir xatirə dəftəri kimi vərəqlənibdi. Vərəqlər çevrildikcə də, o saralan kağız parçaları ömrün yarpaqlarına bənzəyir. Axı hər ötən  il ömrün bir yarpağıdı.  Tumurcuqdan yarpağa yol gəlir. Deməli, yazdan keçib üz tutur payıza. Qış qapını döyəndə də düşür o yarpaq. Deməli, biz bir il itiririk. Ömrümüzün bir ili tarixləşir, ya da xəzəl olub ovunub gedir...

Şükürlər ki, onun ömründən qopan həmin o illər xəzəl yox, tarix olub. Bir ailənin, bir nəsilin və bir elm dünyasının. Təbii ki, ailənin, nəslin, tarixin bu həm də şəcərədi. Yaşananlar yaşanmışların içindən yaşayacaqlarını seçib ötürürlər bir-birilərinə. Buna hərdən elmi dildə dinastiya da deyirlər. Təbii ki, bunu ağıllı, özünü oxumuş kimi göstərmək istəyənlər deyirlər. Mən isə bildiyim qədər şəcərənin bütün mahiyyətində gerçəyin dayandığına əminəm. Ona hansı adın verilməsi, hansı terminlə ifadə edilməsi mənim üçün önəmli deyil. Önəmli olan...

Bəli, illər öncə tanıdım onu. Və soyadını eşidən kimi kənd adamlarının dediyi kimi «dalağım» sancdı. Axı, Ağdamski soyadı mədəniyyətimizdə kifayət qədər özünü təsdiq etmiş və sayılıb-seçilən aktyorlarımızdan olmuşdur.  Azərbaycan teatr sənətində ilk qadın obrazını yaradan məhz bu soyadın daşıyıcısının olduğu tariximizə də yazılıb, yaddaşımıza da. Hətta bununla bağlı çoxlu elmi, bədii əsərlər də qələmə alınıb. Onlardan birini dəyərli yazıçı-publisistimiz Mustafa Çəmənli qələmə alıb. Bax, bu bilgilərin içərisində bir elm adamının, özü də kimyaçının mövcudluğunu heç təsəvvür etməmişdim. Amma gerçəyi danmaq mümkün deyil və mən də professor Telman Ağdamski ilə tanış olanda  bu gerçəklə birmənalı şəkildə razılaşdım. Onun söylədiklərindən, eləcə də barəsindəki yazılardan, xüsusilə bioqrafiyasından öyrəndim ki, Telman Ağdamski səhnəmizin ilk Leylisinin övladıdır. Yəni, Telman Əhməd oğlu Ağdamski dünyaya Azərbaycan aydınının, Azərbaycan ziyalısının ailəsində gəldi. O, uşaqlığını Ağdaşda keçirtdi. Bu şəhərdə 1936-cı ilin avqust ayının 6-da doğulan Telman  müəllim burada da 1-ci sinifə yollanldı. İlk məktəb illərindən özünün fəallığı, güclü yaddaşı və qavraması ilə müəllimlərin diqqətini çəkdi. Doğrudur, genetik olaraq o musiqinin, ədəbiyyatın, incəsənətin içərisində doğulsa da, amma daha çox elmin digər sahələrinə, kimyaya, riyaziyyata meyl göstərirdi. Ona görə də orta məktəbi bitirib, sənədlərini  ali məktəbə təqdim edəndə içindəki ən böyük istəyi onun ilk kimya müəllimi, Ağdaşa təyinatla gəlmiş Muraday Abdullayevin yolunu davam etdirmək idi. Çünki həyatını dəyişən o müəllim onun üçün ideala çevrilmişdi.

Aqillərin dediyi kimi, istəyin hara, mənzilin də ora. Bax, Telman müəllim də istəyi ilə məqsədini birləşdirdi. 1953-cü ildə Şuşaya atası ilə birlikdə yola düşdü. Gəlib aid ollduğu elin, obanın yaşadığı, doğulduğu cənnəti gördü, ziyarət etdi. Ağdamda, Şuşada, bu ailəyə mənsub olan ünvanları tanıdı. Görünür, bu da bir alın yazısı idi. Çünki bu ziyarətdən bir il sonra Əhməd Ağdamski, yəni Telman müəllimin atası Tanrı dərgahına köçdü.

Orta məktəbi uğurla başa vuran Telman müəllim də 1958-ci ilin kimyaçı ixtisasına yiyələndi və o hələ institutu bitirməmiş, AMEA-nın Kimya Problemləri İnstitutunda laborant kimi fəaliyyət göstərirdi.  Deməli, institutu bitirmək barədə aldığı diplom əslində obrazlı desək, bir il gecikmişdi. Yəni, Telman Əhməd oğlu tələbə ola-ola kimya elminin laboratoriya şəraitində dərinliklərinə baş vurmaq imkanı qazanmışdı. Aldığı diplom onun gələcək elmi fəaliyyətinə, sözün bütün mənalarında təsdiqedici sənəd idi. Bu sənəd, yəni bu vəsiqə onun həyatında bir açar, bir yaşıl işıq rolunu oynayırdı. Və Telman müəllim də bu yaşıl işığın izinə düşüb böyük elmə gedən yolun ipucunu çözməyə başladı. Həyat ona seçdiyi yolda nə qədər problemlər yaratsa da, onun inamı, inancı, xüsusilə, özünə ideal seçdiyi kimya müəlliminə verdiyi söz yorulmağa, usanmağa, meydanda çəkilməyə imkan vermədi. Onu dözümlü və mübariz olmağa səslədi. Çünki bu meydanda mübarizlər, qoç döyüşündə qoç kimi atılanlar qalib gəlir. Telman Ağdamski də elə laborant olduğu ildən hər kəsdən seçilməyi, hər kəsdən önə çıxmağı bacardı. Bu gün həmin o arxada qalan  xatirələrin əlindən tutub dünənə baş çəkən Telman müəllim mənimlə hər söhbətində müəyyən nüansları dilə gətirir. Bu nüansların içərisində ən önəmlisi Telman Ağdamskiyə yol göstərən, ona dayaq duran, onu elm aləmində öz layiq olduğu nöqtəsində dayanmasına şərait yaratmış şəxslərin hər biri haqqında sevgi və sayqı ilə danışmaqdan, onlara rəhmət diləməkdən doymur. Axı, istedada dayaq durmaq, yol göstərmək yalnız böyük ürək sahiblərinə məxsus keyfiyyətdir. Onlardan biri də Azərbaycanda, hər kəsin adını fəxarətlə çəkdiyi, Azərbaycan elmini dünyaya bağışladığı böyük alim, unudulmaz Yusif Heydər oğlu Məmmədəliyevdir. Məhz Yusif Məmmədəliyev Telman Əhməd oğlu Ağdamskinin elmi dünyasının formalaşmasında ən böyük söz sahibi olubdur. Bununla bağlı xatirələrin birində Telman müəllim qeyd edir ki, «Yusif müəllimin dərslərində mən həmişə ön cərgədə oturar və o, lövhəni yazıb dolduranda yavaşca ayağa qalxıb təmizləyərdim. O da mənə asta səslə «sağ ol, oğlum» deyirdi. Bax, onun pedaqoji təcrübəsini mən özüm üçün mənimsədim və gələcək müəllimlik fəaliyyətimdə bir növü onu təkrar etməyə başladım. Bu gün də auditoriyada olanda özümü həmin adətdən kənarda saxlaya bilmirəm».

Öz müəllimi ilə bağlı yazdığı ürək sözlərində Telman müəllim vurğulayır ki, məhz Yusif müəllimin xeyir-duası ilə 1960-cı ildə aspiranturaya daxil olub. Onun xeyir-duası ilə də təhsilini 1961-ci ildə davam etdirib. Qısa desək, bir böyük ziyalı yetişməkdə olan başqa bir ziyalıya ƏSL İNSAN diqqəti yetirib. Çünki o böyük alim birmənalı şəkildə Telman Əhmədoğlu Ağdamskinin Azərbaycan kimya elmində söz sahibi olacağına inanıbdı. Deməli, inam da, inanc da öz təsdiqi tapıb.

Mən Telman müəllim ilə bağlı onun dostlarının fikirləri ilə tanış olanda bir məqam xüsusi olaraq diqqətimi çəkdi. Bu məqam da Telman müəllimin səmimiyyəti ilə bağlı idi. Yazıçı-publisist, araşdırmaçı Vasif Quliyev bizi tanış edəndə mənə dedi ki, Telman müəllim təkcə alim, təkcə qarabağlı, təkcə müəllim deyil, o, həm də son dərəcə həssas və səmimi bir insandı. Onunla söhbət etmək adamın ruhunu təzələyir, könlünü oxşayır. Hiss edirsən ki, sözün yaxşı mənasında, bir ağsaqqal ilə həmsöhbətsən, fikir bölüşürsən, səni düşündürən məsələlərə münasibət öyrənirsən. Deməli, ömrün boyu ən böyük önəm verən və insanlarda günbəgün azalan səmimiyyətin bir ümmanı kimi, Telman müəllim ilə  həmsöhbətlik mənə bir şəcərənin tarixi ilə yanaşı, bir alimin ömür yolunu da öyrənməyə imkanı verdi. Sənətlərdən, mənbələrdən, eləcə də Telman müəllimin özünün dediklərindən öyrəndim ki, Telman müəllim 14 dərs vəsaitinin, 150-dən artıq elmi məqalələrin, 2 dərsliyin müəllifidir. Həmin o 150-yə qədər olan elmi məqalələr elə həmin sayda da elmi əsərlərdə işıq üzü görüb. Onun elmi konfranslarda, simpoziumlarda iştirakı, simpoziumlardakı çıxışları dünyanın ən nüfuzlu institutların, universitetlərin diqqətini özünə çəkib. Təkcə bir faktı xatırlatmaq yerinə  düşər ki, Telman Ağdamski çox gənc yaşlarından universitetin «analitik və fiziki-kimya» kafedrasında dosent, sonra isə professor kimi fəaliyyət göstərmişdir. 9 ilə yaxın müddətdə həmin universitetdə dekan olmuşdur. O, 1985-2001-ci illərdə kimyəvi elementlərin iki sahəsi üzrə beynəlxalq simpoziumlardakı  maraqlı çıxışları ilə elmi ictimaiyyətin diqqətini özünə çəkə bilmişdi. Həmçinin, İsveçrədə, Yunanıstanda, Avstriyada, Portuqaliyada, Almaniyada, Yaponiyada, Kanadada, Amerikada və digər ölkələrdə keçirilən ən mötəbər beynəlxalq tədbirlərdə Telman Ağdamski yaxından iştirak etmişdir.

...Bu gün 85 yaşını tamamlamış dəyərli alimimiz, səmimi insan, gözəl ailə başçısı, təkcə övladlarının və nəvələrinin yox, həm də tələbələrinin də varlığı ilə fəxr etdiyi Telman müəllim Allahın ona verdiyi ömür payını xalqımıza, elmimizə həsr edib. Xatırlatmaq  yerinə  düşər ki, o 15  il, yəni 2004-2019-cu  illərdə  Prezident  yanında Ali Attestasiya  Komissiyasında  Kimya  elmləri üzrə Ekspert  Şurasının üzvü olub.  Hətta  bu gün   , yəni  pandemiya şəraitində olsa belə, o yenə tələbələri ilə onlayn əlaqə saxlayır, onlara tövsiyələrini, məsləhətlərini verir. Çalışır ki, ömrün qalan illərini də öz müqəddəs işinə, ideyasına həsr etsin. Çünki bu həyata onu hər kəsdən daha çox bağlayan bir müqəddəs ünvan var – o da öz peşəsi, öz ixtisasıdı. Üstəlik, Telman müəllim üçün 85 yaş 30 il həsrətini çəkdiyi yurd-yuvanın işğaldan azad olması ilə də əlamətdardır. Neçə illər öncə mən Telman müəllimin 80 yaşı ilə bağlı yazı yazarkən onun gözlərində kədər görmüşdüm. Həmin o kədər Ağdamla, Şuşayla, itirilmiş torpaqlarımız ilə bağlı idi. Bu gün isə Telman müəllimin gözlərinin dibində də təbəssüm var, çöhrəsində də. Çünki Şuşası qayıdıb, Ağdamı qayıdıb. Bircə bir nüans qalıb. O da özünü Şuşaya, Ağdama baş çəkəcəyi, gedəcəyi gündür. Gedib doğmalarının, soy kökünün aid olduqları ünvanları ziyarət edəcəyi, baş çəkəcəyi məqamlardı. İnşallah, bu arzu da çin olar.  Və mən Telman müəllimlə ilk tanışlığımdan yadda qalan bir məqamı oxuculara çatdırmaq istəyirəm. O məqam mənim tez-tez övladlarıma, dostlarıma xatırlatdığım bir özəl hadisədir. Belə ki, Telman müəllimin ideyalı olan kimya müəllimi Muraday Abdullayev müəyyən zamandan sonra  yenidən təhsil almaq üçün imtahan verməli olur. Həmin imtahanda şagird yerində Muraday müəllim, imtahanı götürən müəllim yerində isə professor Telman Ağdamski əyləşmişdi. Bu həyatın təzadı yox, həm də inkişaf qanunudur. Sizin hər birinizə tərəqqi, inkişaf, Telman müəllimə isə bundan sonra daha mənalı, daha gözəl illər arzu edirəm. Düşünürəm ki, elmimizin bu cəfakeşinin xidmətləri ən yüksək səviyyədə yəqin ki, qiymətləndiriləcək.

 


7513 oxunub

InvestAZ