XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU «Tənhaların duası»-ndan yazdı
Ədəbiyyat 13:19 / 11.08.2021



 

Onunla həftənin ilk günü görüşdük. Amma əslində bir xeyli müddət öncə telefonla danışmışdıq və bu telefon bağlantısının da səbəbi şair dostum Kəramət olmuşdur. Yadımdan çıxmamış onu da əlavə edim ki, Kəramət Gəncə səfərində olarkən Eltun Türkellə görüşmüş və elə onun telefonu ilə də Eltun bəy mənə zəng etmişdi. Amma bundan öncə Goranboyda yaşayan dəyərli şair-publisist Ələsgər Əlioğlu Eltun barəsində redaksiyamıza yazı göndərmiş, sonra bu dostluğun, bu təqdimatın davamı kimi Eltun bəyin özünün bir məqaləsi də qəzetimizdə nəşr olunmuşdu və ən vacibi günlərin birində mən Eltun bəyin səsi ilə vatsap dinləyicilərinə təqdim edilən şeirlərimin araya-ərsəyə gəlməsi üçün ona öz təşəkkürümü bildirmişdim.

Bu qısa deyilişdən sonra demək istəyirəm ki, bir-birimizi görmədən, şəxsi tanışlıq olmadan artıq yaradıcılıq adlı körpü bizim aramızda qurulmuş və bu körpüdən də keçib gələn ilk adam da elə gənc dostum Eltun Türkel olmuşdur. Onunla redaksiyada görüşüb yaradıcılıqdan, həyatımızdan, ədəbi camiyədən söz açdıq, fikir bölüşdük. O mənə özünün və bacısının səsində hazırladığı «Cavabsız suallar» adlı kitab diski hədiyyə etdi. Bu mənim sayca ikinci kitab diskim idi. Belə böyük diqqətə görə onda da, elə bu yazıda da Eltun bəyə və bacısı Mərziyyə xanıma sonsuz təşəkkürlərimi bildirirəm. Və...

Biz ayrılanda Eltun bəy mənə özünün kitabını bağışladı. Səmimi avtoqrafla yazılmış bu kitabı gənc dostum gedəndən sonra vərəqlədim. Və məlum oldu ki, kitaba dəyərli həmkarım Aləmzər Əlizadə ön söz yazıbdı.  Təbii ki, öz ənənəmə uyğun olaraq mən öncə şeirləri gözdən keçirtdim. Çünki kitabla tanışlıq ön sözdən başlayanda mütləq müəyyən təsir özünü büruzə verir. Bu məqsədlə də uzun illərdir ki, mən barəsində fikir söylədiyim kitabların heç birinin ön sözünü yazım çap edilməyənə qədər oxumuram.  İstəmirəm ki, kimsənin fikrini təkrarlayım və yaxud onun təsiri altına düşüm. Bax, Eltunun «Tənhaların duası» kitabını da  elə həmin ənənəmə uyğun olan gözdən keçirtdim.

Bəri başdan deyim ki, Azərbaycan şeirinin ənənəvi üslubuna söykənən gənc dostum bu şeirlərində vətən, torpaq, ülvi duyğuların toxumu olan sevgi və təbii ki, bir az da folklordan qaynaqlanan nəsihət ruhlu  poetik nümunələrlə oxucu görüşünə gəlibdi. Onun şeirlərində əsas, mənim üçün diqqət çəkən cəhət, təbii ki, səmimiyyət idi. Bu şeirlərin demək olar ki, hamısında yaşanmış duyğuların cizgiləri oxucu ilə birbaşa həmsöhbət olur, üz-üzə dayanır. Məsələn,  şair yazır ki:

 

Bilirsənmi çətin nədir, əzizim?

Varlığının yoxluğuna alışmaq.

Bilirsənmi çətin nədir, əzizim?

Yoxluğuna alışmağa çalışmaq.

 

...Bilirsənmi çətin nədir, əzizim?

Yalnızlığın soyadını daşıyan.

Arzulara məzar olan otaqda,

Xatirələr sənlə birgə yaşıya.

 

Ən çətini tənhalıqdır, əzizim,

Pəncərəndən küşər günəş şüası.

Yollasan da ünvanına çatmamış,

Geri dönər  tənhalığın duası.

 

Bir parçasını təqdim etdiyim bu şeirdə şairin öz sualına özünün həmsöhbətinin dilindən içindəki cavabı dilə gətirməsidi. Yəni, o sual da, o cavab da, şairin özünün özü ilə söhbətidi, dialoqudu. Sadəcə o «əzizim» dediyim ünvanı özünün iç dünyasının ortağı kimi şeirə gətiribdi. Bunun da adı mənə görə səmimiyyətdir. Çünki insan o vaxt içindəki adamla dialoqu üzə çıxarır ki, o adam da, o dialoq da onu özünəməxsusluğu ilə yanaşı, həm də mövcuddur. Bu, üsluba söykənən gənc şair başqa bir şeirində yazır ki:

 

Təkliyə dost dedim, kölgəmə yoldaş,

Yaşadım bir ömür dərdimlə sirdaş.

Hissimi kor etdim, ürəyimi daş,

Səni unutmağa gücüm yetmədi.

                                             

Burda söhbət bütün şeirin ana xətti olan sevgi qarşısındakı gücsüzlükdü. Bəllidir ki, həqiqi sevgini unutmaq heç kimə müyəssər olmayıb. Hətta ürəyini nəyə çevirirsən çevir, haqdan gələn sevgi daş olan ürəkdə də cücərir. Bax elə Eltun da unuda bilmədiyi sevginin etirafını dolayısı ilə bu şeirdə deyir. Hətta o yazır ki:

 

Körpəlikdən ağrım, acım,

Olub ömür taxtım, tacım.

Sevinc mənim ögey bacım,

Mən kədərin övladıyam.

 

 Mənim müqayisəli təqdim etdiyim bəndlərə diqqət edib deyə bilərsiz ki, burda hansı bağlantı var? Mən də birbaşa cavab verirəm:

Sevginin vüsala gedən yolu kədərdən, həsrətdən, yuxusuz gecələrdən, xəyallardan, xatirələrdən və bir də uzaqlara – aya, ulduza söykənən gözlərdən gəlib keçir. Axı ürəyin aynası elə gözlərdir. Bax, şairin unuda bilmədiyi sevginin ona yaşatdığı əsas anlardan biri də həmin o kədərin övladı kimi yaşamasıdı. Əgər kədərini yaşaya bilmirsənsə, sevginin vüsalını da yaşamaq heç sənə nəsib olmayacaq. Təbii ki, bu mənim öz yanaşmam, mənim öz düşüncəmdi. Bu yerdə şairin başqa bir şeiri fikirlərimə dəstək verir. Eltun yazır ki:

 

Kövrəlib gözləri dolan ömrümə,

Gülü baharında solan ömrümə.

Gözəllikdən kəsib qalan ömrümə,

Neynim, əcəlin də gözü düşmədi.

 

Düşünürəm ki, bu nöqtədə şeiri müzakirə etməkdənsə, bir anlıq susmaq və şairlə razılaşmaq yerinə düşər.

«Tənhaların duası» kitabı iki hissədən ibarətdir. İkinci hissədə müəllifin hekayələri yer alıb. Onunla bağlı fikirlərimi başqa bir yazıda ifadə etməyə çalışacam. Amma bu yazını gənc dostumun vətənlə, Qarabağımızla, böyük savaşımızla bağlı yazdığı misralarla tamamlamaq istəyirəm:

 

Ürəyində qeyrət olan, ar olan,

Son nəfəsi torpağına yar olan.

Qoca dünya var olduqca, var olan,

 Əzəmətin mübarəkdir, Şəhidim!

 

Bəli, bütün sevgilərin ən böyüyü, bütün duyğuların ən gözəli şəhidlərimizə, qazilərimizə aiddi. Mən də gənc dostumun sayca ikinci kitabına yazdığım kiçik oxucu münasibətimdə bir daha əmin oldum ki, bütün yazarlar Şəhidlərimizi, qazilərimizi başının üstündə tutur və bütün duaların da, alqışların da böyük hissəsi onlara ünvanlanır. Şair dostuma uğurlar, Şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm.


2501 oxunub

InvestAZ