XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Zaqatalanın ölməz qəhərmanı, şəhid – Əhməd Laçınov!
Ədəbiyyat 09:13 / 11.08.2021


...və yaxud yuxusu gerçəkləşən – cəsur Xüsusi Təyinatlı cəfakeş...

...Vətən Müharibəsində xüsusi şücaət göstərərək, həlak olan igid el oğullarımızın keçdikləri şanlı qəhrəmanlıq yolunda əbədi olaraq xatırlanacaq tarixi təsadüflər, əfsanələr və hadisələr baş verib. Şəhid Əhməd Laçınovun qızğın döyüşlər məqamında başına gələnlər kimi. Bacısı Mesed xanım deyir ki, qardaşının sağ qalan döyüşçü yoldaşları çox-çox heyfislənərək danışırlarr ki, cəbhənin Füzuli bölgəsində gedən gərgin döyüşlərdə qısa fasilə yaranan zaman Əhməd bir anlıq yuxuya gedir. Yuxuda görür ki, şəhid olub. Qəfildən yuxudan ayılıb görür ki, sənrgərdə döyüşçü yoldaşının yanındadır. Əhməd çiyin-çiyinə düşmənə qarşı vuruşan döyüşçü yoldaşına: "mən yuxuda görrmüşəm ki, şəhid olmuşam, deyəsən mənim sonuncu döyüşüm olacaq...” – deyir. Həmin gün 2 oktyabr 2020 –ci il idi...

 

Bu dağların daşıynan,

Bulud oynar başıynan.

Oğlu ölən ananın,

Yeməyi göz yaşıynan.

 

İkinci Vətən Müharibəsi bizə yurdumuzun mərd oğullarını yenidən tanıtdı. Bu savaş bir daha göstərdi ki, Azərbaycanın iradəli qadınları daima mərd, qəhrəman oğullar dünyaya gətirir. Bu oğullar Vətənin ən ağır günlərində dayaq olaraq, sipər qalaraq elə şücaətlər göstərirlər ki, nəinki bizləri, bütün dünya xalqlarını heyrətə gətirdilər. Cəngavər, igid oğullarımız 44 günlük müharibədə bunu sübut etdilər. Fəxr yerimiz oldular, qürur mənbəyimizə çevrildilər. Azərbaycanda yaşayan dinindən, dilindən, millətindən asılı olmayaraq can deyib, onun uğrunda  ölümün gözünə dik baxaraq döyüşlərə qatıldılar. Öz hünərləri ilə şanlı tarix yazdılar və şəhid oldular, Vətən üçün, Ana üçün, Bacı üçün, qardaş üçün... Bütün-bütün xalqlar üçün... Vətən müharibəsindəki qələbəmiz bu oğulların çiyinlərində xalqımıza əvəzsiz töhfə oldu... Haqqında söhbət açmaq idəstədiyim əfsanəvi döyüşçülərdən biri də Əhməd Qurban oğlu Laçınovdur. Şəhidlik zirvəsinə ucalan bu Vətən fədaisi Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində 28 iyul 1999 –cu il tarixində dünyaya gəlib. Uşaqlığını qədim tarixə malik neçə-neçə üsyanların, döyüşlərin, tarixi prosseslərin şahidi olmuş, görkəmli sərkərdələrin, dəstə başçılarının təslim olduğu, hətta torpaq iddiası ilə yürüş edən Gürcü Çariçası Tamaranın məğlub olduğu bu dağlar diyarında keçib. Əhməd idmanı çox sevib, hələ Yuxarı Çardaxlar kəndindəki Birinci Qarabağ Müharibəsində həlak olmuş Ramaza Muradov adına tam orta məktəbində təhsil aldığı dövrdən döyüşkən ruhlu olub, hərbi hazırlıq dərslərində həmişə fərqlənib. Rayonda keçirilən hərbi idman yarışlarında dəfələrlə qalib yerləri tutub...

Əhməd Laçınov ailəsinin  son beşiyi, 3 bacının 1 qardaşı olub. Onun valideynləri Qurban kişini və Züleyxa ananı Yuxarı Çardaxlar kəndində çox zəhmətsevər, mülayim təbiətli, çox tərbiyəli insanlar kimi tanıyırlar. Onlar övladlarını da əməksevər, tərbiyəli, ağıllı, savadlı böyüdüblər. Ailə başçısı Qurban Laçınov uşaqlarını böyüdüb, ərsəyə çatdırmaq, təhsilli etmək üçün həyat yoldaşı Züleyxa xanımla birlikdə çox əziyyət, gərgin zəhmət çəkiblər. Buna görə də şəhidin  atası uzun müddət Rusiya Federasiyasının müxtəlif şəhərlərində və Mahaçqala şəhərində müxtəlif sahələrdə çalışıb. 3 qızını və 1 oğlunu öz arzularını uyğun oxutdurub və eyni zamanda da Vətəninə, əməyə bağlılıq və sevgi aşılayıblar...

...Şəhid Əhməd Laçınovun ailəsində olarkən bir daha bu ailənin bir nümunəvi, ibrətamiz, sakit, mülayim xasiyyətli, hələ də İkinci Vətən Müharibəsində itirdikləri, qurban verdikləri, qaytara bilməyəcəkləri, dəyərli bir el oğliunun sevgisi, yanğısı, acısı, itkisi, ağrısı ilə yaşadıqlarının şahidi oldum.

Şəhid atası Qurban kişi hələ də susur, anası Züleyxa xanım gözlərinin yaşını saxlaya bilmir, qardaş itkisindən özlərinə gələ bilməyən bir-birindən zərif, yüksək dəyərlərə malik, ağıllı-kamallı bacıları sanki baş verənlərə inanmırdılar. Yeganə qardaşına qarşı olan sevgidən doymayan şəhidin əzizləri kövrələ-kövrələ, sakitcə Əhməd haqqında xatirələrini və bacıları üçün necə qardaş olduqlarından danışırdılar. Mənimlə daha çox söhbət edən isə şəhidin 1995 –ci il təvəllüdlü Əhməddən 4 il böyük bacısı Mesed xanım oldu. Onların söhbətlərindən məlum oldu ki, Əhməd Qurban oğlu Laçınov 2015 –ci ildə Yuxarı Çardaxlar kəndindəki şəhid Ramazan Muradov adına tam orta məktəbinin 9 –cu sinfini bitirdikdən sonra Zaqatala İdarəetmə və Texnologiya Kollecinə daxil olub. Elə həmin ilin iyul ayının 8 –də Zaqatalanın vətənpərvər, mərd oğlu, böyük həvəslə, dəyanətlə, kişi qeyrəti ilə Milli Ordu sıralarına həqiqi hərbi xidmətə getdi...

Qeyd etmişdim ki, ruhu Vətənin göylərində bərq vuran Azərbaycanımızın xilaskarı olan Əhməd Laçınov ailədə sonuncu övlad olub. Bu ailənin ilk övladı şəhidin bacısı 1991 –ci il təvəllüdlü, ixtisasca mühasib olan Aytən xanım artıq ailə həyatı qurub və qız övladı da var. Sakitcə söhbətimizi müşahidə edərək-hələ də qardaş itkisinin şokunda yaşayan di bəracısı Çinarə də ailə həyatını qurub. Bir oğlan anası olan Çinarə ibtidai sinif müəlliməsi olsa da işləmir. Laçınovlar ailəsinin 3 –cü övladı, şəhid qardaşını, daima ciyər parasını saymış Mesed xanım isə qardaşı kimi Zaqatala İdarəetmə və Texnologiya Kollecini əla qiymətlərlə bitirib.

 

Əziziyəm ay qardaş,

Qaşın ucu yay qardaş.

Kaş mən özüm öləydim,

Deməyəydim Vay, qardaş!

 

Bacısı Mesedin dediklərindən:

 

-Bizim əvəzolunmaz, şirin, canlara dəyən qardaşımız, məktəb illərindən hərbiyə meyilli idi. İdmanla çox məşğul olurdu, tez-tez dağlara qaçaraq yürüş edər, qaçardı. Qardaşım çox zəhmətkeş, ailəcanlı, qayğıkeş və səmimi bir gənc idi. Həm yaşıdları, qohum-əqrəması arasında böyük hörməti var idi... Böyüklərlə böyük, kiçiklərlə kiçik kimi münasibət bəsləyirdi. Valideynlərimizin və bizim  sağ əlimizdi. Hərbiyə marağı çox idi... Gecə-gündüz Azərbaycanla – Ermənistan arasında olan gərgin münasibətlərdən, işğal altında olan Qarabağ torpaqlarından çox narahatlıq keçirərdi... Mənfur düşmənə nifrəti çox idi, onların törətdikləri vəhşiliklərini əvəzini çıxmaq hissləri ilə yaşayırdı... Niyyəti hərbi xidmətinin müvəffəqiyyətlə başa vurub, nəqliyyat polisində işləmək idi... Lakin bizim də, qardaşımızın şirin arzularımız yarımçıq qalıb...

...İkinci Vətən Müharibəsində cəngavərliyi, cəsurluğu silinməz izlər qoymuş – Əhməd Laçınov 2019-cu iyulun 8-də Milli Ordu Sıralarına həqiqi hərbi xidmətə gedib... Əhməd əvvəlcə Gəncə şəhərindəki N saylı hərbi hissədə xidmət edib. Atasının dediklərinə görə oğlu Əhməd Laçınov and içmə mərasimindən sonra hərbi xidmətini Cəlilabad rayonu Göytəpə şəhid bacısı Mesed Laçınova söhbət zamanı bildirdi ki, Xüsusi Təyinatlılarda xidmət edəndən sonra qardaşı Əhməd tamamilə dəyişilmiş, əsil idmançı cüssəli, mərd, cəsur hərbiçi olmuşdur. O, bizimlə telefonla danışanda deyirdi ki: "Allah Sizi qorusun, bizdən narahat olmayın hər şey əladır, sakitlikdir, kişi kimi hərbi xidməti borcumuzu ləyaqətlə yerinə yetiririk. Erməni düşmənlərə həm psixoloji, mənəvi və digər təsirlər göstəririk. Onlar tülkü kimi gizlənərək, qəfildən atəşkəsi pozur, ərazilərimizi tərk etmək istəmirdilər... Artıq onların öz yuvalarına qovmağı, susdurmağın və gəbərtməyin vaxtı çatmışdı...

...Qardaşım bizimlə danışanda heç vaxt onların respublikamızın müxtəlif bölgələrində, türk zabitlərinin rəhbərliyi ilə, çox ciddi, çox şaxəli təlimlər keçmişdilər və tam müharibəyə hazırlanmışdılar. Ancaq Əhməd Müharibənin reallaşmasından danışmırdı. Demə, əzizimiz o xəyanatkarlara hərbiçi yoldaşlarıyla cavab verməyə hazır idilər...” deyə - Mesed bacısı əlavə etdi...

 

Aslan tək kükrəyib düşmən üstünə,

El-el, oba-oba zəfərlər çaldın.

Bir can fəda verib Vətən yolunda,

Milyon ümidlərdə əbədi qaldın.

 

Məhz, belə azğın düşmənə qar üz-üzə mübarizə aparmaq üçün tam təcrübəli, peşəkar hərbiçi kimi.

Əhməd hələ Zaqatala İdarəetmə və Texnologiya Kollecində təhsil alandan elə bil duymuşdu ki, Qarabağda işğal altında olan torpaqların işğaldan azad edilməsində iştirak edəcək və... hətta hırbi yoldaşları ilə zarafatlaşarkən demişdi ki, vaxt gəlcək Siz mənimlə qürur hissi duyacaqsınız və adımı fəxarətlə yad edəcəksiniz...” Bacıları Aytən, Çinarə və Mesed xatırladırlar ki, fiziki cəhətdən hazırlıqlı, mənəvi cəhətdən möhkəm olan qardaşları Əhməd daima idmanla məşğul olurdu. Həyətlərində hər gün saatlarla dartındığı turnik yadigar qalıb... deyirlər əzizləri... Elə bil ki, Əhməd Laçınov hələ tələbəlik dövründən müharibəyə hazırlaşırdı... O da məlum idi ki, indi adını fəxarətlə çəkilən Yuxarı Çardaxlar kəndinin igid oğlu Əhməd Laçınov hərbi xidmətə çağırılandan Xüsusi Təyinatlılarda xidmət etmək istəyirdi. Şübhəsiz ki, onun bu istəyi and içmədən sonra həyata keçir. Əhməd xüsusi qabiliyyəti ilə seçilən hərbiçi kimi Xüsusi Təyinatlıların Dəstəsinin tərkibinə təlimlərə göndərildi: "Əhməd ən aktiv təlimlərdə, aylarla dağlıq ərazilərdə keçirilən ən qorxulu tiryonlarda xüsusilə fərqlənirdi...”

Bəli, 27 sentyabr 2020 –ci il tarixində mənfur qonşuların təxribatları nəticəsində başlayan – İkinci Vətən Müharibəsində ermənilərə qan udduranlardan və yuxularına haram qatanlardan biri də Əhməd Qurban oğlu Laçınov olub. Mərd döyüşçü,üç bacının əziz qardaşı olan Əhmədin döyüş yolu Murov dağ silsiləsindən başlayıb. Xüsusi Təyinatılar qısa müddət ərzində çətin şəraitdə yerləşən mövqelərimizi erməni hərbiçilərində təmizlədilər. Həmin vaxtlar Əhməd ilə birlikdə Zaqatala rayonunun Qandax kəndindən olan İsgəndərov Şahin, Yeni Suvagil kəndində olan Ehtiram Əhmədov, Zilban kəndindən olan Mütəllib Serov da döyüşürdülər. Hansı ki, onlarda Əhməd kimi şəhidlik zirvəsini fəth ediblər... Əhmədin yaxınları deyir ki, o, belə qızğın döyüşlərdə iştirak etməsinə baxmayaraq, tez-tez anası, atası, bacıları ilə telefonla danışardı və həmişədə tezliklə onlarla görüşməyini deyərdi. "Əziz ana, sevimli ata, ciyər paralarım, bacılarım səbr edin, narahat olmayın, bilirəm Siz ermənilərlə müharibədə iştirak etdiyimdən xəbərdarsınız. Unutmayın ki, düşmənə qarşı bizim kimi qeyrətli oğullar döyüşürlər, qorxaqlar və satqınlar yox! Mən Sizin yanınıza qalib bir hərbiçi kimi üzü ağ, qalib kimi qayıdacağam...” O, bu sözləri inamla, təmkinlə deyərdi. Qardaşımız Vətənin hər qarışını sevirdi, fərq qoymurdu. Onda döyüşkən ruh daha çoxdu... İşğal altında olan torpaqlarımızın azad olunmasında itkilərimiz az olanda çox sevinirdi, ancaq həlak olan oğullarımıza çox heyfislənərdi. Düşməndən onların intiqamını qat-qat artıq çıxartmağa çalışardı, vuruşardı – Əhməd! Bu barədə isə onun döyüşçü dostları və komandirləri bizə bildirmişdilər” – deyə şəhidin anası Züleyxa xanım və atası Qurban Ata məni məlumatlandırdılar. Ailəsindən həm də öyrəndim ki, Əhməd Laçınov xüsusi Təyinatlıların cəsur döyüşçüsü kimi Zəngilan, Qubadlı, Hadrut və Füzulidəki mövqelərimizi erməni mənfurlarından azad olunmasında fədakarlıqla iştirak edib və hərbiçi qüvvələrimizin hərbi əməliyyatlarının davam etdirilməsinə şərait yaradıblar...

Oğul itkinsindən sonra şok vəziyyətindən ayılmayan ana, ata, böyük bacıları danışa bilməsələrdə, balaca bacısı Mesed qardaşının gerçəkləşən yuxusundan danışdı: "Qardaşımla 2 oktyabr  2020 –ci il tarixində baş verən son döyüşdə iştirak edən komandirinin söylədiyinə görə oktyabr ayının 2 –də Vətən Müharibəsinin ən ağır döyüşlərindən biri oldu. Füzulinin təmas xəttində bəşəriyyətin ən azğınları olan ermənilər bir neçə müdafiə xətti qurmuşdu. Həmin əraziyə güclü texnika və canlı qüvvə toplamışdı. Əhmədin də olduğu tabor həmin cəbhə xəttini yarıb, düşməni məhv etməliydi. Əmrdən sonra qanlı döyüş başlayır, el oğlumuz komandirlə yanaşı mövqedə dvyüşmüşdü və qan içənlərə hər tərəfdən güclü müqavimət göstərərək, mərmi yağdırmışdılar. Hərbiçilərin bildirdiklərinə görə qardaşımız "TSK” qoruyucu silahla düşmənə qan uddurmuşdu – həmin döyüşdə... Əhməd xeyli müddət erməni faşistlərinə aman verməmişdi... Döyüş məqamında qorxmaz hərbiçimizin silahı dayanmır. Ayağından yaralanan komandiri onu səsləyir, lakin namərdlərin açdıqları atəşlər nəticəsində ağır yaralanan Əhməd, artıq əbədiyyətə qovuşmuşdu. Vəziyyətinin ağır olmasına baxmayaraq, komandirləri Əhmədin nəşini döyüş meydanından çıxarır...

Yaralı döyüşçü yoldaşları söyləyirdilər ki, həmin günki döyüşdə biz tərəfdən şəhidlər və xeyli sayda yaralı olmasına baxmayaraq, Xüsusi Təyinatlılar düşmənləri məhv edərək, onların tutduqları mövqelərini təmizləyərək, növbəti uğurlu əməliyyat  həyata keçiriblər...

Bu əməliyyatın ən böyük şücaət göstərən qəhrəmanlarından biri də Zaqatala rayonunun, tarixlər şahidi olmuş Yuxarı Çardaxlar kəndinin dönməz, əvəz olunmaz oğlu, üç bacının yeganə qardaşı, Züleyxa ananın, Qurban atanın qeyrətli, namuslu ürək parası olan Əhməd Laçınov oldu. Bütün Azərbaycanın xilaskarı, ömrünün ən şirin vaxtlarında düşmənə layiqli cavab verən, əfsanavi ölümü ilə milyonlarla qəlbi riqqətə gətirən, daima Böyük Qafqaz sıra dağlarının zirvələrində sığıyan Zaqatalanın qartalı, məğrur oğlu – Əhməd!

...Söz yox ki, Əhmədin şəhid olması qürurdur, fəxrdir, bir təkrar olunmazlıqdır, hər oğul bu yolu seçmir, ancaq dünyaya gələnlərdən halallıqla, əziyyətlə, zəhmətlə böyüyənlər...

...Belə məqamlarda ən ağır zərbəni isə analar, atalar, bacılar, qardaşlar dadırlar...

Necə ki, Əhmədin anası Züleyxa Ana, Atası Qurban Ata, bacıları Aytən, Çinarə Mesed...

  Qeyd edim ki, 2 oktyabr 2020 –ci il tarixində İkinci Vətən Savaşında Füzuli döyüşlərində şəhid olan Xüsusi Təyinatlıların fəxri Əhməd Qurban oğlu Laçənov 3 oktyabr 2020 –ci il tarixində dünyaya göz açdığı Yuxarı Çardaxlar kənd qəbristanlığında dəfn olunub... Onu və doğma Vətəni əsil qəlblə sevənlərin iştirakı ilə...

Belə igidləri isə, heç kim əvəz edə bilməz... Ancaq onlar onların əzizlərinə dayaq, mənəvi yardımçı olmaq, onları həm də, kədər dünyasından uzaqlaşdırmaq hər birimizin Allah qarşısında borcumuzdur. Unutmayaq ki, Vətən yolunda əzizlərini qurban verən valideynlər qiymətsizdirlər. Züleyxa ana, Qurban ata kimi... Başınızı uca edən Əhməd Laçınovu isə daima ürəklərdə yaşatmalıyıq...

Onlar bizim qəhrəmanlıq simvolumuzdur...

Prezidentin sərəncamı ilə Zaqatalanın ölməz qəhrəmanı Əhməd Qurban oğlu Laçınov ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə”, "Füzulinin  azad olunmasına  görə” medalları ilə təltif olunub.

Qeyd: Şəhid Əhməd Qurban oğlu Laçınovun əzizlərinə ilk anlardan çox hörmətsizlik göstərilib. Hamımızın xilaskarı olan bu qəhrəman oğlanın nəşi kənd qəbristanlığında geniş sahə olmasına baxmayaraq, darısqal bir yerdə, uşaq qəbirlərinin arasında, onu ziyarətə gələnlərə çətinliklərin yaranacağı bir yerdə dəfn olunub. Azərbaycanımızın fəxri və fədaisi olmasına baxmayaraq onun təhsil aldığı Yuxarı Çardaxlar kəndindəki şəhid Ramazan Muradov adına tam orta məktəbinin pedaqoji və şagird kollektivi, Zaqatala Rayon İcra Hakimiyyətinin Yuxarı Çardaxlar kənd icra nüməyəndəliyi və digər rəsmi təşkilatlar, orqanlar şəhid ailəsinə biganəlik göstərirlər. Laçınovlar ailəsinin ən böyük istəyi isə - Vətən yolunda canını fəda verən Əhmədin adının müvəffəqiyyətlə təhsil aldığı zaqatala İdarəetmə və Tedxnologiya Kollecinə verilərək əbədiləşdirilməsidir. Kollecin rəhbərliyindən aldğım məlumata əsasən bu təhsil ocağına şəhid tələbə-məzun adının verilməsi bardəə müvafiq orqanlara müraciət etdiklərii bildirdilər. Onu da əlavə edək ki, şəhid Əhməd Laçınovun üç bacısı da orta ixtisas təhsili (yəni, kolleclər qurtarmasına. E. M.) olmasına baxmayaraq, iş tapa bilmirlər. Həmçinin şəhidin böyük bacısı Aytənin müalicə və əməliyyata ehtiyacı var...

Şəhid ailəsinə qayğı göstərmək ən böyük savab və ehtiramdır...

 

Elman Maliyev

Azərbaycan Jurnalistlər Birliyinin üvzvü


3018 oxunub

InvestAZ