XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Həzi Həsənlinin şeirləri : Sənin də sevilən vaxtın varıymış....
Ədəbiyyat 12:15 / 09.08.2021

            


                   Sən

 

Hardan gəlib tapdı dərd – azar məni?

Gündüz də, gecə də dərd əzər məni,

Axı, özün  etdin  dərdəcər məni –

Məni sevdiyini bildirəndə sən.

 

Məni yana – yana Kərəm edən yar,

Görüşə gəlmirsən, üzür intizar,

Sənin bahar kimi təravətin var,

Gül olan da sənsən, gül dərən də sən.

 

Qarıyan eşqimi cavan eylədin,

Sevdalı könlümü rəvan eylədin,

Məni gedər – gəlməz karvan eylədin,

Ağladan da sənsən, güldürən də sən.

 

Ömür sarayımın hakimi yarım,

Yaralı qəlbimin həkimi yarım,

Görmüşəm səndəki hökümü yarım, -

Həzini dirildib, öldürəndə sən.

 

 

       Nə gəzir?...

 

 

Divanə ozanam  sayəndə sənin,

Ya səndə gəzirəm, ya məndə məni,

Elə salmısan ki, kəməndə məni,

Bir ayrı kəməndim, torum nə gəzir?

 

Demirəm canımnan  ayrı kimisən,

Qəlbimin  parası – yarı  kimisən.

Sən könül tarımın sarı simisən,

Hanı, sənnən ayrı tarım nə gəzir?

 

Sən niyə bu qədər mənə yaxınsan?

Könlümü könlünə bunca  yaxın  san.

Yandır, külə döndər, məni yax, İnsan,

Sənnən ayrı közüm, qorum nə gəzir.

 

Könlüm axşam – səhər yoluna çıxdı,

Sallana – sallana yoluna çıx di,

Gəl könül dünyama, yolun açıxdı,

Gözəl, sənnən ayrı yarım nə gəzir.

 

Eşqinin gəzəri heykəliyəmmiş,

Almısan ağlımı – mən dəliyəmmiş.

Həziyəm, qoynunda ölməliyəmmiş,

Kəfənim nə gəzir, gorum nə gəzir...

 

 

             Küsdüm

 

 

Könüldən bağlandım mən sənə hədər,

Könlümə dağ çəkdin bilsən nə qədər...

İndi fikirlərim düşüb dərbədər,

Ağlımı kəsdirən sözünnən küsdüm.

 

O sənli günlərim bir qərib səsdi,

Barışa bilməzsən, daha əbəsdi.

Ürəyim yarpaqtək üstündə əsdi,

Könlümü göynədən gözünnən küsdüm.

 

Könlümün evinin  qibləgahıydın,

Mənim gözlərimdə sən bir ahuydun,

Darılan  səbrimdən çox agahıydın.,

Səbrimi kəsdirən "döz”ünnən küsdüm.

 

Sənin bilmədiyin bir sir olardım,

Arxanca baxmaqdan yesir olardım.

Gəldiyin yollarda həsir olardım,

Küsdüm, o yolunnan, izinnən küsdüm.

 

Qayıtmaz o günlər, dönməz təzədən,

Uçdu könlüm quşu, enməz təzədən,

Nə umursan bu meydən, bu məzədən?

Özün küsdürdüyün Həzinnən küsdüm.

 

 

                                                        

 

           Gəzirəm

 

Gözlərin ki gözlərimlə armaqdı,

Sənin qəsdin gözlərimi yormaqdı?

Mənim  fikrim xəyalına varmaqdı –

Mən xəzan ömrümə bahar gəzirəm.

 

Dillərin bal kimi şərbətə döndü,

Ömrümün bağçası cənnətə döndü.

Yox oldun, gündüzüm zülmətə döndü,

Gündüzlər əlimdə "fanar” gəzirəm.

 

Gəl qon uça – uça qollarım üstə,

Üz qoyum ağ üzdə xalların üstə.

De ki, nə durmusan yollarım üstə?

Deyim ki, canıma azar gəzirəm.

 

Tale  səni gəlin, məni bəy eylər,

Həsrətin Həzini qəmli ney eylər.

Yaşıdlarım övladına  toy eylər,

Mən ağılsız yar deyib, yar gəzirəm.

 


 

            Əbəsdi

 

Ürəyimi dara çəkib sıxanım,

Hürüdən, Pəridən təklənən xanım,

Mənim evimmi var, ay ev yıxanım,

Yıxılmış evləri yıxmaq əbəsdi.

 

Sular sonasısan, hürkək, naxışlı,

Nazını çəkəndə kövrək baxışlı,

Qəfil hürküdəndə şimşək çaxışlım,

Bağrıma köz basdım, çaxmaq əbəsdi.

 

Qoy dara çəkilim sözlərim üstə,

Qədəm qoy astaca izlərim üstə.

Mənnən can istəsən, gözlərim üstə,

Arxanca yollara baxmaq əbəsdi.

 

Sevdalı ömrümüz nağılsız oldu,

Həyatın Həzisiz- noğulsuz oldu.

Neyniyim, sən onda ağılsız oldun,

Sənə çox demişdim qorxmaq əbəsdi.

 


                                                                                                                                

                           Kimisən

 

                                                           

Gəl məndən gizlənmə, ay ömrüm – günüm,

Niyə qürub edib yaxan kimisən?

Mən Kərəm deyiləm, başına dönüm,

Odlayan, dağlayan, yaxan kimisən.

 

Yaralı qəlbimdə bircə sim sarı,

Bağla bu yaramı, bağla, sim sarı,

Gəl ay könül evim, könül simsarım,

Bağlama üzünü yaxan kimi sən.

 

Arxanca kişnəyən qulun olaram,

Nə qeyri bir şahın, qulun olaram,

Qul olsam, mən sənin qulun olaram,

Həziyə bir sultan, ya xan kimisən.

 


 

     Bu dünyada

 

Hər könüldə arzu – dilək yoxdu ki,

Şeytanın könlündə mələk yoxdu ki,

Vallah, səninki tək ürək yoxdu ki...

Heç görə bilmədim, heç bu dünyada.

 

Tanrıdan gələndə ilahi istək,

Haqdan nazil olur, könlünə tən çək.

Məndəki ürəkmiş səndəki ürək –

Yaxşını, yamanı seç bu dünyada.

 

Dostlar vardı, ucaldı da, endi də,

Əvvəl doğmalaşıb, sonra döndü də.

Görüb xəyanəti, görüb fəndi də

Öc oldum həmişə, öc bu dünyada.

 

Ürəyin boş olsa, sayan tapılmaz,

Ürəyin daş olsa duyan tapılmaz.

Sənə Həzi kimi həyan tapılmaz,

Təklənən taparmı güc bu dünyada.?!

 

 

Sənin də sevilən vaxtın varıymış...

 

Tapan mən olmuşdum, itirən sənsən,

Bağımda tikanlar bitirən sənsən.

Bu nübar həsrəti yetirən sənsən –

Könlündə Həzinin yeri darıymış,

Sənin də sevilən vaxtın varıymış.

 

Başıma bəlaymış təmizliyim də,

Mənim günahımmış əzizliyim də,

Könlünü göynədər mənsizliyim də...

Hənirsiz könlünə yağan qarıymış,

Sənin də sevilən vaxtın varıymış.

 

Mən köçüb gedəcəm, ölkəm qalacaq,

Gözündə bir qara kölgəm qalacaq.

O şirin arzular nakam qalacaq.

Səni yoldan edən intizarıymış –

Sənin də sevilən vaxtın varıymış.

Bu vaxtı mən necə əyləyim gülüm?

Çoxdan ələnibdi ələyim, gülüm.

Mən bu ürəyimlə neyləyim gülüm?

İnciyən ürəyim bir şahmarıymış –

Sənin də sevilən vaxtın varıymış.

 

Sızlayar könlündə bu qəmin yeri,

Gözünün yaşıymış şəbnəmin yeri.

Mənim sazımdakı "Dilqəm”in yeri

Qapısız, bacasız dörd divarıymış,

Sənin də seviən vaxtın varıymış.

 

Bir zaman mehrini könlümə yazdım,

Bilsəydim mən odla heç oynamazdım.

Mən ki, könülsüzdüm - əlimi üzdüm,

Gülüm, nə bəxtəvər baxtın varıymış,

Sənin də sevilən vaxtın varıymış

 

Necə doğmalaşdıq bu yaş içində,

Sevdlar  oynadı  bu baş içində.

Gözündən tökülən o yaş içində

Ay gözəl, qızıldan taxtın varıymış

Sənin də sevilən vaxtın varıymış.

 

Sən indi mənimçün şirin yalansan,

Yarpaqtək saralan, gül tək solansan.

Gör nəyin önündə aciz qalansan...

Məni yaşadanım arzularıymış,

Sənin də sevilən vaxtın varıymış.

 

"Heyif, o əvvəlki könlümə, heyif,

Orda bəslədiyim gülümə heyif”.

İmran kimi ötən dilimə heyif,

Tərlan nə, gül  üstə ötən sarıymış,

Sənin də sevilən vaxtın varıymış.

 

Könlündən ötüşər qəmzə - nazın da,

Coşar Dəli Kürün, Xan Arazın da.

Qayıtmaz əvvəlki xoş avazın da...

Düşün ki, ömrünün son baharıymış,

Sənin də sevilən vaxtın varıymış.

 

Tapan mən omuşdum, itirən sənsən,

Bağımda tikanlar bitirən sənsən.

Bu nübar həsrəti yetirən sənsən...

Könlündə Həzinin yeri darıymış,

Sənin də sevilən vaxtın varıymış.

 


 

     Biləsən

 

A mənim sevdalı, bəlalı könlüm,

Dərdlərdən hörülmüş qalalı könlüm.

Necə yaşayırsan bu halı könlüm?

Deyiləsi deyil, deyə biləsən.

 

Könlümün atəşi məni yandırır,

Gözümdəki yaşı nəmi yandırır.

Anamı könlümün qəmi yandırır,

Öyüləsi deyil, öyə biləsən.

 

Bu eşqin nə qədər hicranı varmış,

Saralıb soluxan xəzanı varmış.

Sevginin nə şirin bir canı varmış,

Yeyiləsi deyil, yeyə biləsən.

 

Sevgi şeirlərim ilmə - ilmədi,

Qəlbimdə toxudum, heç kəs bilmədi.

Könlümü göynədən bircə kəlmədi,

Duyulası deyil, duya biləsən.

 

Həzi, keçib getmə  sərhəd – səddini,

Sən yaxşı bilirsən sözün həddini.

Həmişə şux gördüm sənin qəddini,

Əyiləsi deyil, əyə biləsən.

 

 

        Bəhanə gəzmə

 

 

Bir vaxt vurulmuşdum şirin səsinə,

Bir vaxt heyran idim gözəl hüsnünə.

Ayrılıq şeirini yazıram sənə,

Daha nə axtarma, daha nə gəzmə.

 

Söndü ürəyimin yanan ocağı,

Yox daha dərdlərin ucu – bucağı.

Qəmli hekayətdi ömrün bu çağı,

Qəlbimi sındırıb şahanə gəzmə.

 

Sənə həmdəm idi həmişə könlüm,

Mənim lalə könlüm, bənövşə könlüm.

Dağıldı növrağım, ey meşə könlüm,

Nə ucuz axtarma, baha nə gəzmə.

 

Bir eşq nağılına qoyuldu nöqtə,

Əlin qaşın üstə, gözün üfüqdə.

Sən ürək vermişdin ay Həzi, müftə,

Günahkar axtarma, bəhanə gəzmə.

 

                                

                    Gələr

Elə hey gəzərsən  mənli dünyanı,

Nə harayım gələr, nə ünüm gələr.

Ömürdən Araz tək, Kür tək axanın

Dolanım başına, ha dönüm, gələr?

 

Üzünə bağlanar  o daş qapılar,

Kədərinlə bağrıbadaş qapılar.

Göz yaşınla  islanar yaş qapılar,

Onu qurutmağa nə Günüm gələr.

 

Məhəbbət  şipşirin əzab yoludu,

Addımı  sevinclə, qəmlə doludu..

Mənim Tanrım ululardan uludu

İstəsə, bir gün də düyünüm gələr.

 

Dindirsə, dindirər o neylər səni,

Artırıb dərdini on eylər sənin.

Həzi çıxıb gedib, o neylər səni?

Demə ki, itənim, sürgünüm gələr.

 


 

 Ay gəlin gecələr, gülüm gecələr

 

 

Oxşa bu baxtımın qəribliyini,

Oxşa bu vaxtımın qəribliyini,

Qızıldan taxtımın qəribliyini...

Sərvətim gecələr, ləlim gecələr,

Ay gəlin gecələr, gülüm gecələr.

 

Gündüzlər gözümdə kamandı, oxdu,

Nadandı, naqisdi, naşıdı – çoxdu.

Eh, gecə ömrümün yaşıdı yoxdu,

Həmdəmim gecələr, həlim gecələr –

Ay gəlin gecələr, gülüm gecələr.

 

Ay eşqimin qaragözlü anları,

Sirli – sözlü, gizli – gizli anları.

Ay ömrümün başlanğıcı, sonları –

Günüm, ayım, uzun ilim gecələr,

Ay gəlin gecələr, gülüm gecələr.

 

Sığınmışam yeddi göyün çətrinə,

Qoşulmuşam qoşmaların sətrinə.

Bələnmişəm ilham pərim, ətrinə,

Nağıldı, dastandı dilim gecələr,

Ay gəlin gecələr,gülüm gecələr.

 

Boylanıram buludların boyunca,

Ucalıram ulduzunca, Ayınca,

Yatmaq olmur ulduzları sayınca...

Dirilim gecələr, ölüm gecələr,

Ay gəlin gecələr, gülüm gecələr.

 

Oxşa bu bəxtimin qəribliyini,

Oxşa bu vaxtımın qəribliyini,

Qızıldan taxtımın qəribliyini...

Sərvətim gecələr, ləlim gecələr,

Ay gəlin gecələr, gülüm gecələr.

 

 

    Göynəyir

 

 

Hardasınız toy – büsatlı günlərim?

Qaymaq dadlı, quymaq dadlı günlərim,

Yel qanadlı, bədöy atlı günlərim,

Yaman ürəyimin başı göynəyir.

 

İzlərinlə görüşərdi izlərim,

Qoxlanardı gülqoxulu sözlərim.

Yollarına dikilibdi gözlərim,

Aman, gözlərimin yaşı göynəyir.

 

Yaylığını yaz yelləri apardı,

Nə itirsən, gözüm onu tapardı,

Onda ömrün fəsilləri bahardı,

Sonam, fəslin soyuq qışı göynəyir.

 

Bir arzusan uca dağlar başında,

Bir xəyalsan üfüqlərin qaşında.

Həzi havalanıb yarı yaşında,

İnan, sənsiz könül quşu göynəyir.

 

 

       

  Deyiləm

 

 

Səhv etdim adını könlümə yazdım,

Sən Leyli, mən də ki, Məcnun olmazdım.

Bir zaman köksündə dillənən sazdım,

Daha innən belə dinən deyiləm.

 

Gündə yüz yol yar başıma dolandı,

Göydən yağan qar başıma dolandı,

Tərlan uçdu, sar başıma dolandı,

Nə illah etsən də enən  deyiləm.

 

 Suçluydun, ikiqat bükülüb getdin,

 Su tək axıb getdin, çəkilib getdin,

 Torpağın qoynuna əkilib getdin,

 De ki, gülün olub dönən deyiləm.

 

 Həzi olmasa da, mən olacağam,

 Od olsam, kül olsam, gen olacağam,

 İndi korun – korun yanan ocağam,

 Leysana dönsən də, sönən deyiləm.

 

                          

 


3944 oxunub

InvestAZ