XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Allahverdi Eminov: - Mənə dəniz bağışlayan şair...
Ədəbiyyat 09:42 / 07.08.2021


Bəzən, bəlkə də yox – zərurətə yol təsadüfdən başlayır, – desəm yanıl­ma­ram, bu qənaəti təbii ki, müşahidələrim təsdiq edir, özümü də istisna etmirəm. Ta­rix də, fər­di münasibətlər də beləcə yaranır, hətta epoxal nəticəyə gəlir, yaddaşlara və və­rəq­lərə köçürülür.

Ötən əsrin 70-ci illərindən başlanan bu tanışlıq, bu gün də mövcuddur, hələ zər­rə də olsa ləkə götürməmişdir.Yalnız sevinməyə dəyən faktdır XXI əsr üçün!

Əyalətdə doğulan, orta məktəbi Lənkəranın Gərmətük kəndində başa vuran, ali təhsilini Bakıda Dövlət Universitetində alan, bir müddət bu şəhərdə çalışan və ye­nidən doğma obasına qayıdan istedadlı şair Elşad Səfərlinin mənimlə tanış et­di­yi, o da istedadlı olan yazıçı Qafar Cəfərli haqqında xoş, nikbin təəssurata yiyə­lən­məyimə zərurət kimi yanaşaram. Mən uzun illərin xatirələrinə qayıtmaq istəməz­dim, bu yaşımda çətin hisslər olardı: orta məktəbi məhz həmin kənddə, Gərmə­tük­də bitirmişəm. Və bu gün də əlaqələrim davamlıdır, imkan tapanda məza­rıstan­da uyuyan müəllimlərimi, şagird yoldaşlarımı yad edirəm, o illərimə qayıdıram. İn­di həmin məktəb binası yoxdur, başqa əraziyə köçürülmüşdür. Nədəndir, "köçü­rül­mə” bizim taleyimizə düşmüşdür. Ulu İravan torpağımızdan didərgin salınmağımız bəl­lidir, siyasətin qurbanıyıq. Bəs qədim abidələrimizi: məscidləri, məktəbləri və sairə uçurub yerlə yeksan eləməyimiz hansı hissin qurbanıdır? Nə üçün gələcək nəs­lə saxlamırıq? Sivilizasiya bumudur? Nə isə...

Xeyirxah, ehtiyacı olanlara əl tutmaq, yol göstərmək Elşad Səfərli üçün təsa­düf yox, zərurətdir, ona görə ki, aldığı ailə tərbiyəsi bunu diqtə edir, müəllimlərinin öyü­düdür. Hansı ki kənddə ona dərs vermiş Durnəstə Eminova, Əbülqasım Qası­mov, Qəmər Kələntərli, Baloğlan Şərifov, İzzət Fərzullayev... mənim də müəllim­lə­rim idilər. Allahdan ölənlərə rəhmət diləyirəm.

Elşad Səfərli barədə yeri gəlmişkən məlumat vermək istərdim: Onunla bir müd­dət "Maarif” tədrif dövlət nəşriyyatında çalışmışıq, redaksiya müdiri vəzi­fəsin­də ləyaqətlə işləmişdir (Mən nəşriyyatın əvəzsiz baş redaktoru və bir neçə il di­rek­tor əvə­zi (1984-1992) idim). Sonra o, Lənkəran Dövlət Universitetində baş müəl­lim və do­sent vəzifələrini tutdu, bu gün kafedra müdiri kimi fəaliyyət göstərir, ye­tir­məm ola­raq qürur duyuram. "Elşad Səfərlinin poeziyası” (2015) adlı monoqrafi­ya­nın müəl­lifiyəm: Elşad bəy bir gün mənə telefon aşdı:

– Müəllim, – dedi. – Əhvalınız, səhhətiniz necədir? Səsiniz şükürlər olsun ye­­­rin­dədir, problemləriniz varsa xahiş edirəm tələbənizə deyin.– Səsi azca kövrəl­miş­di. – Susdu.

– Sağ olun, əzizim. – Deyəsən mən də kövrəlmişdim, nə bilim, bəlkə də yaş­dan­dır. Yaxşıyam. Sən necəsən? Xeyli danışdıq. Və:

– Müəllim, sizi istedadlı qələm sahibi ilə tanış edərdim, mümkünsə. – Asta­dan dilləndi. – Yazıçıdır.

– Məmnuniyyətlə. – Cavab verdim. – Amma Bakıya gec gələcəksə, əsərlə­rin­­­dən birini göndərsin. Oxuyum.

– Çapa hazırladığı dedektiv romanlarından çatdırsa necə? Bəlkə də fikirləri­ni­zi bilmək istərdi.

Mən tərəddüdsüz dedm ki, eyb olmaz, gözləyirəm.

– Elşad bəy məni anladı, yəni əsərləri qaneedicidir, sevinərəm. Elə – belə ma­­raq üçün görüşmək istəyirsə buyursun.

Tanışlıq dünyagörüşüdür, yeni məlumat­lar üçün maraqlıdır. Bir də vaxtilə oxuduğum diyardandır.

Kiçik bir haşiyəyə çıxım ki: Mən İstanbulda müalicədə olarkən (2016), Və­tən üçün burnumun ucu göynərkən aldığım telefon zəngləri, informasiyalar, şəkil­lər ən böyük təsəllim idi. Və belə bir vaxtda Elşadın mənə ünvanladığı bir şeirin təsi­rinə dözə bilmədim. Başladığım İstanbul qeydlərimdə ("İstanbulda 53 gün” Ba­kı, 2017) həmin şeiri əbədiləşdirdim. Yazmışdım: Budur, Elşad bir şeir həsr edib mə­nə. Oxudum, tutuldum, qəhərləndim qərib bir diyarda. Xətrini istədiyim 18-20 yaş­lı tələbə Elşad gözlərim önündə canlandı. İlahi, qəribliyi tabsız adamlara qismət elə­mə! Doğrudanmı Elşad ustadını "itirdiyi” üçün qəribsəmişdir? "Küsü” adlan­dı­rıb şeirini:

 

Yəqin ehtiyatsız söz işlətmişəm,

Günahıma görə küsmə, ay ustad!

Bircə sənə olub yolum birbaşa,

Yada doğru kəsə, küsmə, ay ustad!

Niyyətindən əl etmə əl uzadanı,

Olub ki, azdırıb nəsə adamı,

Azanın əlini kəsmə, ay ustad!

Az qalıb bu yumru binadan gedim,

Harasa Allahın adından gedim.

Atasız, qardaşsız dünyadan gedim –

Kimlərin çiynində bəs mən, ay justad!

                                               (12.12.2016)

 

... Bir neçə gündən sonra şair Balayar Sadiq mənə bir əlyazma (kompyuter va­riantlı) verdi:

– Qafar Cəfərli xahiş elədi ki sizə çatdırım.

Beləliklə, ilk tanışlığımızın təməli qoyuldu.

Maraqlı o idi – Mən bunu təbii və zəruri sayıram ki, Elşad bəy dostluğa necə də sadiqdir. Bir neçə dəfə mənə zənglə əlyazmanın taleyi ilə narahat olduğunu giz­lət­mədi:

– Müəllim, oxunmursa (gülümsəyərək) əziyyət çəkməyin, vaxtınızı itir­mə­yin, – dedi. – Son sorağında mən cavabımda: – Oxumağa vaxt aparmağa dəyər, – de­­dim...

Mən Elşad Səfərli haqqında yazdığım monoqrafiyadan sonra qərara al­mış­dım kifayətdir, ehtiyatlandım ki, özümüm təkrarlayaram, amma ehtimalım harada­sa iradəmə uduzdu, iki geniş həcmli və sözlü məqaləmi "Ədalət” qəzetində çap et­dir­dim, yüngülləşdim. Yuxarıda vurğuladığım kimi, "Mənə dəniz bağışladın” (Ba­kı, "Gənclik” nəşriyyatı, 2019) şeirlər kitabını oxuyanda qələmim dinc durmadı, ba­­şım­da və ürəyimdə oyanan fikirlərimi ümumiləşdirməyə cəhd etdim: intellek­tual­lıq­la emosionallığın vəhdətində şairin üslub çalarlarını gördüm: müəyyən də­rə­cə­də fəl­səfiləşir, emosionallığını itirmir, təsvir predmetləri batmır, şeirdə əriyir və bə­dii var­lığında qalır: başqa sözlə, poetik üslub peşakarlaşır, şairin düşüncə­sin­də möh­­kəm­lənir, bədii varlıq sosiallaşırsa, siyasiləşmir. Unutmayaq ki, Elşadın intel­lek­­tual­­lığı qəribə eraya – dövrə təsadüf edir, insan məxluqu ilə guya nağıl diliylə da­nışır, ancaq ele deyil.

 

Dünya həqiqətən nağılmış, nağıl –

Vaxtın – vədənin gör harası gəlib.

Uçan xalçaların ardınca indi

Uçan boşqabların erası gəlib.

 

Qaydası pozulub söz yarışının,

Haqqı verən yox düz danışının.

Bir-iki kəlməyə tərif qoşanın

Dərhal da cibinə parası gəlib...

 

İndisə... kim isə eşq havasına,

Guya arxalanıb öz dühasına.

Əsl söz yaradır can havasına,

Belə "ustadların” siyahısına.

Belə "ustadların” gur siyahısına

Təzə imzaların sırası gəlib.

 

Əgər sözə cəmiyyət bu qiymətlə yanaşırsa, demək, insan gözəlliyi həyatın hə­rə­kətverici qüvvəsini itirmiş olur, davranışın fiziki – ruhi bağlılığı təsdiqini tap­mır. Yaqxud:

 

Mən ələst aləmində bir dəfə doğulmuşam,

Orda gördüklərimdi burda tanıdıqlarım.

Orda baş daşım üstə yəqin ağlayanlardı,

İndi baş daşına söykənib andıqlarım.

 

Hər şey qarşılıqlıdı – edilən ehtiram da,

Hamıtək bu sevincin bir sıra nəfəriyəm.

Mən ələst aləmində gördüyüm ehtiramın

Qaytarıb əvəzin verənlərdən biriyəm.

 

         (Şeirdə "ələst” insanın ilk yaranış aləmini nəzərdə tutur).

 

Budur, bir üzünü tutmuşdu deyə,

Ayı gördüm yemiş tikəsi kimi.

Bəs o üzündəki kölgə nə idi?

Görünürdü yumruq ləkəsi kimi.

 

         – 0 –

Bu, son görüşümüzdür,

Nə sözün var, de –

Ürəyində sözün qalmasın,

Sap yumağıtək

                   açılıb düşən.

Baxışlarını yığ yoldan –

Arxamca izin qalmasın,

Arxamca gözün qalmasın.

 

Elşadın bir şeiri "Nar çiçəyi” adlanır – emosional poetikliyilə insan ömrünü tə­zələyir. Ümumiyyətlə, nar obrazı sənətin predmeti kimi şəxsləşdirilir. Bu yanaş­ma­­ya təbii baxmalıyıq, poeziya (eləcə də digər ədəbi janrlar) istənilən hadisələri, əş­yaları və s. təsvir (tərənnüm) səlahiyyətinə malikdir. Lakin bütün hallarda onun pred­meti insandır: o, yalnız maddi istehsal, bölgü və istehsalın faktoru, psi­xi fəa­liy­yətin subyekti kimi mövcuddursa, davranışın etikasında bütöv bir şəxsiy­yət­dir. Əgər şair başqa ağaclardan yalnız nar ağacını seçirsə, ilk öncə gözəlliyə vurğun­luq­dan, dünyaya xoşbəxtcəsinə baxmaqdan yanaşır: insan öz gözəlliyini dərk etmə­sə varlığına da biganələşir. Bu  zövqdə onun  üçün nar ağacı da adiləşir.

 

Nar ağacı –

Qanımdakı ağacların ən göyçəyi,

Göz oxşayır əynindəki al köynəyi.

 Xoşbəxt – xoşbəxt boylanırsan bu dünyaya,

Sənin qədər xoşbəxtliyim

                   heç yox mənim, nar çiçəyi!

Görünüşün, gözəlliyin sirr qalası,

Gündüz Günəşdən, gecə Aydan nurlanırsan.

Yanağında işıldayan nur payını

Bilərək ömrümüzə paylayırsan.

 

Şeirdə şair adilikdən uzaqlaşmışdır, eləcə də analitik bədii şərhdən də. Lakin ri­torik fiqurlar nar surətinin – insanın gözəllik həsrətini inkar etmir, reflektiv hiss­lə­rinin dərkini ödəyir, yəni müəllifin mücərrəd yanaşmasını ehtiva etmir.

 

Narlı gecən, olacaqmı, nar çiçəyin?

Olacaqsa, o gecəyə var həsrətim.

Onda bəlkə, o gecədə qoşa narın

Bürclərindən gilənənən nar həsrətim.

 

Ömrün sənin bir bənövşə ömrü qədər,

 Sən – ağacın allı – güllü kəpənəyi.

Sən necə də bəxtəvərsən, sənin qədər

Xoşbəxtliyim yox mənim, nar çiçəyim!

 

Şairin haqlı gileyidir ki, "Şairə ölüm yaraşır” şeirini "Nar çiçəyi”ndən bir il son­ra (2018) yazdı. Bütün zamanlarda qələmi qalmaqallı olan şairlərdir. Bu maddi və poetik həqiqəti Elşad Səfərli həmişə poeziyasında təsvir et­miş­dir. Oxucularına xatırlatmaq istərdim bu sətirlərin müəllifi: Elşadla tanışlığımın (o vaxt tələbə idi) və sonralar "Maarif” tədris – elmi nəşriyyatda uzun illər çalış­dı­ğı­mız vaxtda (eləcə də sonralar) çətin həyat yolu keçmişdir, lakin sarsılmamışdır, poetik və elmi yara­dı­cılığını uğurla davam etdirmişdir. Poeziyaya fikri və zövqü ovsunlayan sehr alə­mi kimi  baxmışdır, yüksək bədiilik axtarmış və nail olmuşdur. El­şadın şəxsi hü­nə­ri – həyatı bütün çılpaqlığı ilə sonacan istehlak – fərdi obyektinə çev­rilməmişdir: xoşbəxt ailə lideri, şeirinin sükançısı olmuşdur, bu istedadı və zəh­mə­tilə qürurlan­mı­şam, ustadlıq missiyamdam uzaqlaşmamışam.

Qayıdıram mətləbə: "Şairə ölüm yaraşır” fikrində qətilik axtarmamaışam, sual­la da qarşılaşmamışam.

 

Sevmə şairi, gülüm, sevmə!

Şairə dərd – qəm yaraşır.

Şairə son nəfəsdə də

Kağız – qələm yaraşır, – deməkdə o haqlıdır, bəs:

 

Əsil şairlər içində

Varmı bəxtəvər biri olan?

Tənha, atılmış olanın

Qəbri üstə varmı gələn? –

 

Sualına birmənalı cavab axtarmadım: çünki şairin fərdi müşahidəsindəki ak­se­larativliyi – ruhi həyəcanı, cəmiyyətdə gedən mənəvi özgələşmə, disfunksiyalı – so­yuqluq. Elmi şərhə bəs vermirəm: onun xarakterindəki həsasslıq və özünün şair­lik xisləti unudulmuş (yubileydən yubileyə xatırlanmaq hələ hər şey deyil) şairlərə şeir­lər həsr etməsi fikirlərimin təsdiqidir: Şəkər Aslana, Vaqif Hüseynova, Camal Yu­sifzadəyə, Əli Kərimə və başqa söz adamlarına şeirlər ithaf  etməsi təsadüfi de­yil. Bu "Kimsəsiz ölənləri hörmətlə qəbul et, Allah” Elşadın yalvarışı deyilmi?

 

Bir qərib şair də öldü –

Yəqin deyənlər olacaq:

"Kimi vardı yaşasın...”

Xoşbəxt şair gördünüzmü? –

Nə yazdı, zülümdən yazdı,

Şairə zülm yaraşır.

Atasız, anasız şairə,

Bacısız, qardaşsız şairə,

Dostsuz, sirdaşsız şairə,

Kimsəszi qərib şairə

Əlbəttə, ölüm yaraşır!

 

Elşad Səfərlinin potik yozumunda insanın hansı yaşında olursa kimsəsizliyi mə­nəvi faciədir, tənhalıqdır, xüsusən, yaradıcı insanları pissimizmə aparır, amma bir nüans var ki yazıb – yaradır, hisslərini bölüşdürür. Faciə odur ki, insan yaşının ötü­şən illərində yaxın dostlarını, həmkarlarını felən yox, ruhən itirir, on illərlə alış­dı­ğı səsin həsrətini çəkir. Elşad Səfərli şeirində bu hisslərin poetik möhnəti keçici deyil.

Şairin yaradıcılığında yeni nəfəs, poetik təravət, axtarış həvəsi sönmür, bu, el­mi fəaliyyətində də özünü büruzə verir. Poeziyasında sonet, xokkilər, kiçik löv­hələr geniş vüsətini tapır.

Haşiyəyə çıxardım ki: Yaponları da xatırlayıram. Çinlilər qədər olmasa da on­lar da mənim zəkama qida vermişlər. İndiki dövrdəsə biz Almaniya kimi Yapo­ni­yanı da hərbi ölkə kimi tanıyırıq. Artıq neçə yüzilliklərdir ki, itiağıllı, qətiyyətli və ilhamlı həyata istiqamətlənmiş Hindistan və Çində bud­dizmdən ayrı hesab olunmayan bir  gül Yaponiyada öz gözəlliyi ilə çiçəkləyir. Mən hesab edirəm ki, dzen bir xalqın əldə edə biləcəyi ən qiymətli xoşbəxt­lik­dir. Bir də məni sadə və qısa olan Yapon poeziyası heyrətləndirdi. Əgər yaponları oxu­san, müasir alman li­ri­k­asını oxumazsan, çünki bizim şeirlər çox şişirdilmiş və mə­nasız görünəcək. Ya­pon­lar on yeddi hecalı şeir vəznini fikirləşib tapıblar. İncə­sə­nətin dərk edilməsinin asanlaşmasından onun çox şey itirəcəyini başa düşür­dü­lər. Məsələn, nə vaxtsa bir  ya­pon şairi cəmi iki cümləlik şeir yazıb. Şeirin məğzi bun­dan ibarətdir ki, qar yağ­mış meşədə gavalı ağacı çiçəkləyib. Şair şeiri qiymət ve­rə biləcək birinə göstərmiş, o da söyləmiş ki, "bir budaq yetər”. Tənqidin necə doğ­ru olduğunu dərk edib, dost məsləhətinə qulaq asmış və onun şeirləri bugün­kü gün də unudulmamışdır.

Elşad sadəcə yığınlan  mülki – minatur janrında şeirlər yazdı. Qəriblik ağrısı nədən yazılan şeir:

 

Uzaqdan baxmasan yaxın dağın heç

Əzəməti, boy – qədəri bilinməz.

Uzaqlığın özündə var qəriblik –

O, olmasa Vətən qədri bilinməz.

 

         – 0 –

 

Allah verən xoşbəxtlikdən

Hamıya düz bölüm düşür.

Süfrəndə yemiş kimidir,

Hərəyə bir dilim düşür.

 

Elşad Səfərli yaxın – uzaq dostlarını unutmur və onların xarakterindən gələn key­fiyyətlərini bütövləşdirib şeirin predmetinə çevirir. Əyalətdə yaşayıb yaradan is­tedadlı şair, dəyərli ziyalı Qardaşxan Fərziyə həsr etdiyi "O, təkcə Qardaşxan de­yil” şeiri məni uzaqlara apardı: Onunla Lənkəranda Elşadla görüşlərimi xatırladım çay stolu arxasında, səmimiliyinə, dünyagörüşünə, ədəbi savadına heyran qaldım. O, gənclərə örnəkdir: çünki pedaqoqdur, vətənpərvərdir, haqq sözünü boğan deyil, yı­xılan kimsəsizə dayaqdır, "qardaş” dediyi dostları ilə tən Qardaşxandır.

 

Dözməz heç Vətəndən uzaq,

Ömr edər məndən uzaq.

Hiylədən, fitnədən uzaq –

Gen qardaşdır bu Qardaşxan.

 

Pula, zərə baxan deyil,

Ev tikər, ev yıxan deyil,

O, təkcə Qardaşxan deyil –

Xan Lənkəranın xan oğlu.

Xan qardaşdı bu Qardaşxan.

 

Elşad Səfərlinin şeir dünyasına varmaq hər bir adilikdə böyüklük görən, za­ma­nın ziddiyyətlərinə qarşı həsasslıq göstərmək, insan geninə işləmiş paxıllıq və sə­nət qısqanclığı yüksək poetik nümunələrdə tərənnüm olunmuşdur. Bu sətirləri kə­nardan müşahidəçi kimi yox, qırx ildən çox bir zaman kəsiyində tanıyan oxucu ki­mi yazıram. Və "Mənim şeir ustadım” – deyən Elşad Səfərli haq­qın­da yazmağı özümə borc bildim. Təəssüflənirəm ki, cənub bölgəsində doğulan və ya­zıb yaradan, eyni məktəbin (Gərmətük kənd orta məktəbi) məzunu olaraq yara­dı­cı­lığını izlədiyim və yorulmadığım bir ovqatla onun son kitabından aldığım təəs­su­ra­tı qəzetin oxucuları ilə bölüşdüm, bəs bizim sinəsini döyən tənqidçilərimiz bu is­te­dadlı şairdən nə üçün yazmırlar? Ona görəmi gündə, həftədə onunla salamlaş­mır­lar? Ona görəmi gündəlik mətbuatdan düşməyən bəsit şeir kitabların müəlliflərinin əlin­dən aman yoxdur? Mən yeri gəlmişkən deyərdim ki, Elşad Səfərlinin şeirləri haq­qında geniş məqaləmi "Ədalət” qəetinin ədalətli əməkdaşı, poziyasını araşdır­dı­ğım şair Əbülfət Mədətoğlu oxuyandan sonra dedi: "Elşad haqqında nə yaxşı yaz­mı­san, onun şeirlərinə bələdəm, xüsusən, əyalətdə yaşayanlara yaxınlaşmalıyıq”. Və yazı az sonra işıq üzü gördü. İstedadlı şair bu fikrində haqlı idi...

E.Səfərlinin son şeirlərindən "Mükafat”, "Nostalji”, "Atlant”, "Mənə dəniz ba­ğışladan”, "Dul qadın”, "Bənövşə eşqi” kimi yaddaşda qorunan şeirlərin, ma­raq­lı poemaların müəllifidir. Nə üçün belə poetik ruhlu şeirlər tənqidçilərimizin diqqə­tin­dən uzaq düşmüşdür?!

Məqaləmi adını çəkdiyim "Bənövşə eşqi” şeirindən bəzi misralarla oxucu­lar­dan ayrılmaq istədim. Axı qar – şaxtadan zərif, ləçəkli yazın lətafətini çiçəklərincə ya­şa­mayan bənövşə məhəbbəti Aşıq Ələsgərin, Osman Sarıvəllinin, Səməd Vurğu­nun poeziyasına da qonaq olmuşdur. Və bizi inandırmışdır ki, bu zərif çiçəkdə bö­yük eşq vardır ki, şairlər onu sevmişlər:

 

Bənövşəni sevdim rənglər içində,

Elə sevdiyim də bənövşəsiydi.

Çəmən, çiçək-çiçək toxunan xalı,

Al – əlvan ilməli gül döşəyidi.

 

Yazın bənövşəsiz gözəlliyi yox –

Bənövşədən göyçək bir göyçəyi yox.

O təkcə baharın ilk çiçəyi yox,

Həm də çiçəklərin yaz mənşəyidi.

 

Kiminsə diridir həmişə eşqi –

Edib varlığında o peşə – eşqi.

Elşadın könlündə bənövşə eşqi,

Ruhunu bəsləyən eşq beşiyidi...

 

24.05.2021


2605 oxunub

InvestAZ