XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Fəridə RƏHİMLİ Türkiyədən yazır : - Canı yanan səbr etsin...
YAZARLAR 08:11 / 07.08.2021

Peyğəmbərimiz: "Canı yanan səbr etsin, can yaxan da yanacağı günü gözləsin” deyirdi.

İnsanın Adəm və Həvvadan yaranması haqda müqəddəs kitabımızda göstərilir və bir müsəlman olaraq ona inanmaq imanımızın şərtlərindən biridir. Amma Heydər Əliyevin "bir millət, iki dövlət” ifadəsiylə təsdiqlədiyi Azərbaycan Türkiyə dostluğu birmənalı şəkildə hər iki ölkə insanı tərəfindən qəbul olunub. Bu dostluğa, qardaşlığa, bir-birinə təmənnasız yardıma, fədakarlığa baxdıqca Adəmlə Həvvadan yarananın yalnız bu iki millətin olduğu təəssüratı yaranır. Bizi ayırmaq mümkün deyil! Bunun üçün çox çalışdılar, hələ də davam edirlər. Aramıza erməni bəlasını soxmaqla, ağılagəlməz fəndlərlə, terrorlarla, düşmənçilik toxumu səpən ifadələrlə yüz illərlə uğraşdılar. Amma daha da yaxınlaşdıq, daha da möhkəmləndi bu dostluq, qardaşlıq. Çünki bir ata-ananın övladlarıdır türk milləti. Şərqdə qurulan ilk cümhuriyyət dövlətimiz olan ADR-in hakimiyyəti, Sovet İttifaqı adlı məcburi "qardaşlıq”, müstəqillik qazandığımız zamanlarda da türkün qəlbi bir oldu. Bir-birinə sevgini, yardımı heç bir quruluş, heç bir dövlət başçısı dəyişə bilmədi. Çanaqqala savaşında, Bakıda erməni vəhşiliyinin tüğyan etdiyi vaxtda, Türkiyədə zəlzələ, Qarabağda müharibə zamanı həmişə bir yerdə oldular – qəlbləri ilə, cisimləriylə, ruhlarıyla, dualarıyla. Qərbin çirkin siyasəti içərisində bir nömrəli məsələlərdən biri türkün birləşməsinə imkan verməməkdir. Çünki türk millətinin birləşdiyi zaman qarşısında durmağın zor olacağını yaxşı bilirlər. Sərsəm Jirinovski dəfələrlə həyəcan təbili çalıb bu birləşməyə yol verməməliyik deyir. Əslində onun ipini tutanlar da bu  fikirdədirlər, sadəcə açıq bildirməyə çəkinirlər. Əndişələri isə səbəbsiz deyil. Çünki çox sevdiyim ifadədəki kimi: Türk olmaq zordur, çünki dünyayla savaşırsan, türk olmamaq daha zordur, çünki türklə savaşırsan. Dünyanın tanıdığı tiranlar Napoleon, Hitler, sonrakı maskalı tiranlar türkdən həmişə çəkinib, Türk dövlətlərinin birləşməsinə qarşı hər vəchlə mübarizə aparıblar. Çünki bu birliyin qarşısında dura bilməyəcəklərini yaxşı bilirlər. Erməni lobbisinin səsindən istifadə edərək onlara dayaq olacağına söz verən Co Bayden prezident seçilmədən əvvəl: "Mən Türkiyəni savaşla deyil, başqa yollarla çökdürəcəm" - demişdi. Əslində erməni milləti kimsənin umrunda deyil, bütün zaman kəsimlərində erməni bir vasitə olaraq istifadə edilib. Amerika prezidentləri də erməninin istəyini deyil, dolayısıyla öz istəklərini, türk qorxusunu həll etmək üçün bu addımı atırlar.

   Atatürk: Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdi deyirdi. Neçə gündür hamımız təəssüf, təlaş, kədər içindəyik.  Türkiyə bir həftədir planlı böyük terrorun qurbanıdır. 130 yerdə  və dünyada indiyə qədər görünməmiş ən böyük yanğın. Bir ucundan o biri ucuna qədər gözəllik, bolluq, yaşıllıq mənbəyi olan Türkiyənin meşələrini yandırmaqla vurulan maddi-mənəvi zərərlər ölçüyəgəlməz dərəcədə çoxdur. İnsan itkisindən tutmuş, heyvanlar, quşlar, böcəklər, bitkilər, evlər, tarlalar yanaraq külli miqdarda itkiyə səbəb oldu. Ekoloji problemlərə yol açan bu terrorun turistik bölgələrdə baş verməsi də təsadüfi deyil, çünki dünyanın hər yerindən milyonlarla insan axını və bu axının Türkiyəyə gətirdiyi gəliri gözü götürməyənlərin xəbisliyidir. Amma Türkiyəni bunlarla çökdürmək mümkün deyil. O yaşıllıqlar yenə yaranacaq, heyvanlar, bitkilər yenilənəcək. Sadəcə Türkiyə üçün bu bir sınaqdır, imtahandır – dostunu, düşmənini, öz insanının əzminə, birliyinə bir daha şahid olmaq üçün bir sınaq. Və Türkiyə xalqı qardaş Azərbaycanı bir daha yanında hiss edərək bu birliyin nə qədər önəmli olduğunu bir daha görmüş oldu. Canla-başla yardıma qoşan yanğınsöndürənlərimizin fədakarlığını gördükcə gözlərim yaşarır. Canlarını heçə sayaraq odun içinə atılmaları bu millətə qalib gəlməyin elə də asan olmadığı təəssüratını yaradır. Əlindən bir şey gəlməyənlərsə bu vahim durumun bitməsi üçün dua edirlər. Böyük ekoloji problem olsa da, Türkiyənin tezliklə bu sınaqdan da çıxacağına inanırıq.

  Eynşteyn deyirdi ki, inkişaf artdıqca insanlar vəhşiləşməyə doğru gedəcəklər. Doğruymuş, insan insana bu qədər düşmən kəsilə bilərmi? Bir epizodu unuda bilmirəm. Bu, bəlkə də insan olaraq yaradılmış məxluqlara bir dərsdir, xəbərdarlıqdır – odun içindən qaçıb çıxan bir köpəyin ağzında xilas etdiyi bir pişik balası vardı... bu mərhəmətdi! İnsanın etdiyi vəhşiliyin qarşısında heyvanın qarşılıq verdiyi mərhəmət...

 Türkiyə belə hücumlarla çökməz! Atatürkün zamanını xatırlayın – çökmüş Osmanlı imperiyasından geriyə qalan kasıbçılıq, maddi-mənəvi çöküntü, silah-sursat yox, qıtlıq baş alıb gedir, dörd tərəfdən qarğa-quzğun kimi düşmən birlikləri Türkiyəyə hücum edib. Nə oldu? Türkiyə dimdik durdu o qüvvələrin qarşısında, xalq birləşdi və ən ağır şərtlərdə qalib oldu. İndiki Türkiyə o Türkiyə deyil, hərtərəfli inkişaf etmiş, dünyanın dörd tərəfindəki qaribanlara yardım edən, millətini, dövlətini ayaqda saxlamağa qadir olan, yolunu azanlara barmaq silkələyən bir Türkiyədir. Onu belə qara niyyətlərlə çökdürmək mümkün deyil!   

      Yazımı Rəcəb Tayyib Ərdoğanın fikri ilə bitirmək istəyirəm: "Ciyərimizi yandıranların ciyərlərini yandıracağıq!” Əminəm, verdiyi sözü tutacaq! Var ol, rəis, Allah qoluna qüvvət, versin! Çox sevdiyin "Bir bədəndə iki can – Türkiyə, Azərbaycan” bəndindəki kimi bir bədəndə canıqsa, o yanan bizim də canımız. Türkün dayağı Türkiyəmiz əvvəl Allaha, sonra sənə əmanət!

 


5895 oxunub

InvestAZ