XƏBƏR LENTİ
19 Sentyabr 2021
18 Sentyabr 2021



Kür-Araz ovalığındakı Salyan
MƏMLƏKƏT 10:03 / 05.08.2021

Azərbaycanın Aran iqtisadi rayonuna aid olan Salyanın bugününü, dünənini, bütövlükdə tarixini göz önünə gətirəndə bu bölgənin özünəməxsus inkişaf yolu diqqəti çəkir. Belə ki, bu rayon inzibati ərazi vahidi olana qədər daha çox Aran bölgəsi kimi heyvandarlıqla və bir də dənizkənarı ərazilərdən balıqçılıqla məşğul olma ənənəsini özündə yaşadıb. Bu fikirləri söyləyərkən tarixi mənbələrə üz tutmağa məcbur oluruq. Çünki mənbələrdən aydın şəkildə bəlli olur ki, Salyan ərazisindən qədim karvan yolu da keçmiş və bu da Kür çayının imkanlarından istifadə etməyə müəyyən mənada şərait yaratmışdır. Bugünkü Salyan ərazisi  bölgəyə üz tutanlar üçün bir məsələdə də yardımçı olubdur. Dilçilərin, alimlərin fikrinə görə, elə Kür çayının üzərindən «bərə», «sal» kimi vasitələrdən istifadə etməklə ötüb keçib getdiklərindən sonda bu söz ərazisinin adında da özünü tapıb. Və nəticədə sahilə yan alan «sal»ın bir mənası da Salyan sözü ortaya çıxıbdı. Təbii ki, bu bir elmi fərziyyədi. Amma bütün hallarda Salyanın Kür çayının və Xəzər dənizinin sahilində yer alması bu sözə müəyyən status verir. Sovet dönəmindən öncəsi tarixlərdə müxtəlif hərbi, siyasi gərginliklər caynağında olmuş digər xanlıqlarımız kimi, Salyanın da tarixində elə zaman kəsikləri var ki, bu da həmin böyük tariximizin bir hissəsini təşkil edir. Xüsusilə, Salyan və Quba xanlıqlarının birləşdirilməsi əsasında mərkəz kimi Xudat şəhərinin seçilməsi də bir tarixi gerçəklikdir.

Bəlli tarixi faktlara təbii ki, həmişə istinad etmək, üz tutmaq, onu yaddaşda yeniləmək hər bir Azərbaycan vətəndaşının vəzifə və hüquqlarına daxil olan bir məsələdir. Ona görə də Regionların İnkişafına Dair Dövlət Proqramının bir maddəsində ifadə olunan məqam xüsusilə diqqəti çəkir. Bu da bölgənin, yəni regionun tarixi coğrafiyası, ekologiyası və bütövlükdə bəlli təbiəti barəsində həm ölkə əhalisinin, həm də Azərbaycana səfər edən turistlərin məlumatlandırılması üçün önəmli bir məqamdır. Bax, bu mənada Azərbaycan tarixində Salyan adlı coğrafiyanın mövcudluğu və bu mövcudluğun içərisindəki gerçəkliklər hər zaman mənim diqqətimi özümə çəkib. Xüsusilə bu ərazidə doğulmuş Azərbaycanın çox önəmli şəxslərinin də həyat tarixçəsi bu məsələdə mənim üçün əsas nüanslardan  sayılıbdır. Ona görə də Salyanın tarixi abidələri və tarixi şəxsiyyətləri bu gün də həyatımızda və tariximizdə öz önəmini qoruyub saxlamaqdadır.

Təəssüf  ki, Sovet dönəmində Azərbaycanın digər bölgələri kimi, Salyanda da tarixi gerçəklikləri yaşatmağa, təbliğ etməyə, xalqın kimliyini dünyaya bəyan etməyə o qədər də imkan və şərait yaradılmırdı. Əksinə, adamlar daha çox təsərrüfat həyatına bağlanırdı. İnsanları yaşadıqları bölgənin tarixindən daha çox bu bölgənin məhsulları və onun istehsalı maraqlandırırdı. Düşünülmüş, planlı şəkildə gerçəkləşdirilən bu siyasət öz növbəsində unutqanlığa, soy kökdən uzaq düşməyə aparırdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra digər ərazilərdə olduğu kimi, Salyanda da həyata, tarixə münasibət kökündən dəyişdi. Kür-Araz ovalığında yerləşən və Muğan və Cənub-Şərqi Şirvan düzlərində formalaşmış Salyan rayonu ümumi yaşayış məntəqələrinin sayı 16-dan çoxdur. Bu yaşayış məntəqələri isə həm özünün ərazisi və əhalisinin sayı baxımından diqqəti çəkir.  Bu gün həmin məntəqələrə çəkilən yollar, yaradılan infrastruktur Sovet dönəminkindən kifayət qədər fərqlənir. Bir zamanlar Azərbaycanın böyük pambıqçılıq rayonlarından sayılan Salyanda 3 pambıq təmizləmə məntəqəsi fəaliyyət göstərirdi. Bu da adamların ağır əməyi nəticəsində sahənin inkişaf etdirilməsinə olan planlı idarəetmənin nəticəsi idi. Yəni, Azərbaycanın Aran bölgələrində yetişdirilən pambıq öz məhsuldarlığı ilə yanaşı, ağır əmək sahəsi olması ilə həmişə ölkənin ziyalı təbəqəsini düşündürmüşdü.

Bu gün də Salyanda kənd təsərrüfatının inkişaf etdirilməsi əsas perspektivlərdən biri sayılır. Bu regionda dənli bitkilər, bostan-tərəvəz məhsulları, üzüm, pambıq və mal-davar saxlanılması məsələləri əsas aparıcı sahələrdəndir. Demək olar ki, Salyanda istehsal edilən kənd təsərüfatı məhsulları bu ərazidə yaşayan sakinlərlə yanaşı, ölkə bazarlarına da çıxarılır. Yəni, Azərbaycanın ümumi istehsal göstəriciləri arasında Salyanın da öz yeri var. Əgər həmin göstəricilərə diqqət yetirsək, onda görərik ki, bu gün Salyanda kənd təsərrüfatının əsas sahələrindən olan pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və heyvandarlığın inkişaf etdirilərək uğurlu nəticələrə çatdırılmasında sahibkarların, iş adamlarının xidmətləri danılmazdır. Necə deyərlər, bu coğrafiyanın xarakter və xüsusiyyətlərini yaxşı bilən yerli sahibkarlar, fermerlər və iş adamları Salyanda üzümçülüyün, pambıq istehsalının, subtropik meyvə bağlarının genişlənməsinə demək olar ki, böyük diqqət yetirməklə, həm də kapital yatırımı edirlər. Bir az da açıq ifadə etsək, bu sahələrə maliyyə xərcləyən həmin adamlar öncədən nə əldə edəcəklərini də artıq bilirlər.

Doğrudur, Salyanda aparıcı iqtisadi sahə kənd təsərrüfatı olsa da, ancaq sənayenin də müəyyən sahələri bu bölgədə zaman-zaman inkişaf etdirilib və bu gün də həmin proses davam etdirilir. Artıq rayonda əvvəlcə qeyd etdiyimiz kimi, Pambıqtəmizləmə Məntəqələri, Kərpic İstehsalı Zavodu, Plastik Kütlə Emalı Müəssisəsi uğurlu nəticələr əldə etməkdədir. Salyanda istehsal edilən şirələr, sərinləşdirici içkilər, həmçinin «Salyan pivəsi» alıcıların rəğbətini qazanıb. Demək olar ki, Azərbaycanın əksər bölgələrində və satış nöqtələrində Salyanda istehsal edilmiş məhsullarla qarşılaşmaq artıq adi həyat tərzimizdir.

Doğrudur, Sovet dönəmində Salyanda ən böyük istehsal sahələrindən biri balıqyetişdirmə idi. Hətta burada yetişdirilən balıqlar digər Sovet respublikalarına da göndərilirdi. Təəssüf ki, müstəqilliyimizin ilk illərində bu məsələ demək olar ki, başlı başına buraxıldı. Həmin təsərrüfat sahəsi acınacaqlı duruma düşdü. Bu gün isə yenidən rayonda balıqçılıq təsərrüfatı bərpa olunub. Azərbaycanın bir çox bölgələrində Salyanda yetişdirilən balıqların satış məntəqələri yaradılıb. Hər kəs üçün maraqlı olan və diqqətini çəkən ağ balıq və nərə balığı məhz Salyandakı balıqçılıq təsərrüfatlarında yetişdirilir. Hətta ekspertlərin fikrinə görə, həmin balıqlar dad və keyfiyyətinə görə dünyada liderlik edir. Təbii ki, bu balıqların kürüsü də həmin liderlərin sırasındadır. Ona görə də Salyanda istehsal olunan qara kürü dünya bazarında liderlik edir.

Bu gün Salyan rayonun mənzərəsi Sovet dönəmini yaddaşlardan silməkdədir. Aparılan tikinti-quruculuq, abadlıq işləri, yaradılan yeni infrastruktur rayonun görkəmini kökündən dəyişib. Azərbaycan Prezidenti cənab İlham  Əliyevin qarşıya qoyduğu vəzifələri Salyanda həyata keçirməsində rəhbərlik edən rayon icra hakimiyyəti, eləcə də rayon icra başçısı Sevindik Hətəmovun öz komandası ilə birlikdə rayonda yaratdığı işgüzar mühit bugünkü nailiyyətlərin əsasını təşkil edir. Hər kəs öz işi ilə və həm də məsuliyyətlə məşğul olur. Aparılan bu yenilənmə rayona kənardan diqqəti də artırır. Adamlar Salyanın tarixi abidələrini görməyə, bu bölgənin nemətlərini dadmağa həvəslə gəlirlər. Təbii ki, Salyanın tarixini, onun təhsil, səhşiyyə, mədəniyyət sahəsindəki inkişaf perspektivlərini daha köklü şəkildə istiqamətləndirmək, ortaya çıxarmaq üçün hələ çox işlər görülməlidir.  Bu təkcə Salyan üçün yox, bütövlükdə Azərbaycan üçün önəmli bir məsələdir. Yəqin ki, əlaqədar təşkilatlar ölkə prezidentinin tapşırığına uyğun olaraq Salyanın daha gözəl növrağı üçün tam ciddiyyəti və gücləri ilə çalışacaqlar.

Əbülfət Mədətoğlu


2863 oxunub

InvestAZ