XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



ÖZÜMDƏN ÜZR İSTƏYİRƏM - Fəridə RƏHİMLİ yazır
YAZARLAR 06:56 / 31.07.2021

Həzrət Əli (ə) deyir ki: "...Həyat iki gündür – biri lehinə, biri əleyhinə. Gün lehinə olanda lovğalanma, naşükür olma, əleyhinə işlədikdə isə səbir göstər”...

Biz insanlar yaşarkən öləcəyini bilən tək canlıvarlığıq. Buna rəğmən könül qırar, pislik edər...üstəlik heç ölməyəcəkmişik kimi heç nəyi vecimizə almırıq...

Bir şəxs alimdən soruşdu ki, yaxşı olmaq üçün hansı gün daha yaxşıdır? Alim buyurdu: Ölümündən bir gün əvvəl. Adam təəccüblə: Amma ölümü heç kim bilmir! - dedi. Alim buyurdu: Elə isə həyatın hər gününü axır gün hesab et və yaxşı ol, bəlkə heç sabah olmayacaq!”.

Bəli, kimsənin sabah nə geyinəcəm deyə plan qurarkən ağlına kəfən gəldimi heç?! Sanmıram! Milyonda bir bəlkə olar...

Həyat bəzən avtobusun sol pəncərəsindən ətrafı seyr edərkən sağ pəncərəsindən görmədiklərimizdən ibarətdi. Bir məqsədə o qədər aludə olur, bir istəyin ardınca o qədər qaçırıq ki, həyatın ən maraqlı, ən dəyərli anını xəbərimiz olmadan puç edirik...

Nə qədər ömür verilib ki insana, o ömrün çox hissəsini mənasız şeylərə, dəyərsiz insanlara sərf eləsin! Amma fərqində olmuruq çox zaman, anlayanda isə o imkan artıq uzaqda qalmış olur. Düzdü, bunları edərkən doğru bir iş gördüyünü, gərəkli yolda olduğunu zənn edirsən, yardım etdiyin insanın yaxşı biri olduğunu düşünürsən. Bəlkə o insan həqiqətən yaxşı imiş zamanında, bəlkə hey gözəl baxdığımız üçün o insanların gerçək üzünü görə bilmirik, acı həqiqətlər üzə çıxanda isə təəssüf kömək eləmir...

Ən etibarsız məxluq insandı. Bəsit bir insana qiymət verərsən səni əzər, çünki özünü vazkeçilməz sayar, layiq bir insana dəyər verərsən, o dəyər gördükcə səni ucaldar, çünki səninlə dəyərli olduğunu bilir. Amma çoxdumu elə insanlar, ümumiyyətlə, varmı?!.

Deyir həyatda heç kimə arxalanma, qaranlıq düşəndə hətta öz kölgən belə səni tərk edir. Heç kimə dəyərindən artıq fədakarlıq etməyəcəksən, yeri gələr, heç bir şey eləməyən biri onun üçün səndən qat-qat dəyərli olur. Ehtiyac anında yanında olanı, çətin zamanında tək buraxanı unutma!

Bunu mənə öyrətdiyin üçün təşəkkür, həyat! Amma gec öyrətdin, çox gec...

Ən pisi o insanlar gülməyi unutdurdular bizə, əsəbi, hirsli, aqressiv, qisasçı, bədbəxt və kimsəyə güvənməyən insanlar olduq.

Amma kin güdmə, Allaha həvalə et, çünki intiqam alanların ən xeyirlisi Odur!.. deyir, kitabımız. Ürəyini qıranın həmən qırılmasını gözləmə, onun həyatı əvvəlcə dəyər bilməyənlər tərəfindən gəmiriləcək. Bəlkə aylar, bəlkə illər keçəcək. Səndə tapdığı dəyəri əsla bir başqasında tapa bilməyəcək. Həyatını dəyəri beş qəpik olmayan nankorlar sömürəcək. Və o vaxt sənə yaşatdığı acıları bir-bir dadıb qəmgin olacaq. Əmin ol! Bax o gün gəldikdə etdiklərini xatırlayacaq, yoxluğunu anlayacaq və səni axtaracaq. İndi üzülməsini gözləmə! Vaxtı gəldiyində tam səni üzdüyü yerdən üzüləcək, qırdığı yerdən qırılacaq... Bunu təskinlik üçün deyil, həyat təcrübələrində sınadıqları üçün əminliklə söyləyiblər aqillər.

Ona görə də bədduaya gərək qalmır – hər kəs haqq etdiyini yaşasın! Allah hər kəsə ürəyinə görə, ürəyində bəslədiyinə görə versin!

Amma insana ağıl verilib və həyatda qazandığı təcrübə də var. Bir insan pis xasiyyətliysə idarə edin, cahilsə ağıl verin, əsəbiysə səbr edin, amma nankorsa yol verin getsin. Çünki pis xasiyyətli bir insan düzələ bilər, cahil insan ağıllana bilər, əsəbi insansakitləşə bilər, amma nankor insan əsla dəyişməz! Kim olursa olsun, insan həddini bilmədikdən sonra çox şey bilməsi bir işə yaramaz.

Ona görə də müəyyən yaşdan sonra insan seçim qarşısındaqalır, həyatının not dəftərini tutmağa başlayır. O dəftərdə vaxtilə yaxşı bilib, qeydə aldığın, ömrün müəyyən anında vazkeçilməz sandığın ancaq həyat imtahanlarından çıxmayanların adlarını silməyə başlayırsan. Bəzən bir, ya iki nəfər qalır. Amma etibarlıysalar, o qədəri də yetər insan xoşbəxtliyinə... Yəni, aslanların az, əlçatmaz, matah olması çaqqalları yanına toplamana səbəb olmamalıdı!Necə deyir Mevlana: nə rüzgarıma tül, nə fırtınama kül, nə bəxtimə yalan lazım, mənə mən, bir də məni anlayan lazım...

Bu yaşdan sonra insan torpağa ayağının dəyəcəyi, bağçasında sərbəstcə mahnılar zümzümə edə biləcəyi, ağacının altında oturub bir samovar çayı içə biləcəyi, gecələr ulduzları seyr edib, sabah quş səslərinə oyana biləcəyi, biçilən ot qoxusu, yağışdan sonrakı torpaq iyi hiss edə biləcəyi bir yerdə yaşamalıdı. Soyuq betonlu və daş ürəkli insanların arasında yox...

Həzrəti Əli (ə) deyir, başqasının yolunda əkdiyin gül mütləq öz yolunda açacaq. Gücüm çatan qədər başqasının yolunda - tikan, qanqal təmizləyib, gül əkməyə çalışdım, hələ də davam edirəm.Amma hərdən gizli-gizli o gülün açmasını da gözləyirəm!!!

Yoruldummu, bilmirəm. Bildiyim bir odur ki, öz həyatımıi yaşamadım. Fikrim avtobusun bir pəncərəsindən baxmaqla məşğulkən, digər tərəfin fərqində olmadım...

Özümdən üzr istəyirəm!!! Kimsənin xətrinə dəyməmək üçün öz qəlbimin qırılmasına yol verdiyim üçün, xırda şeyləri böyüdüb, fil edərək özümü üzdüyüm üçün, bir dəqiqə düşünməmə dəyməyən şeyləri bir ay düşünüb həyatımı qaraltdığım üçün, sırf güclü olum, güclü görünüm deyə gücsüzlüyü yaşamağı unutduğum üçün, heç vaxt dəyişməyəcəkinsanları dəyişdirməyə çalışıb özümü yorduğum üçün, bitdiyini qəbul edə bilmədiyim şeyləri təkrar başlatmağa çalışdığım üçün, dəyərsiz insanları inadla yaxşı hesab etməyə davam etdiyim üçün üzr istəyirəm!..Özümdən üzr istəyirəm...


3616 oxunub

InvestAZ