XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Aqil ABBAS: «ƏDALƏT»in 31-ci YAŞI
YAZARLAR 10:01 / 27.07.2021

Hə, gəlib çatdıq  31-ci yaşımıza.  Və bu günədək 5904 dəfə oxucularla  görüşmüşük. Gün gələcək, biz görməsək də, gələcək nəsillər «Ədalət»in 50 mininci nömrəsini görəcəklər. Yarandığımız gündən  dövlətçiliyə, millətimizə xidmət etmişik və edəcəyik  də, bütün  çətinliklərə və təzyiqlərə baxmayaraq. Gündəlik qəzetik, amma nədənsə bizim gündəlik  çıxmağımız kimlərəsə, daha dəqiq desək, iqtidarda  kimlərəsə sərf eləmirdi, indi də sərf eləmir.

İllər əvvəl KİVDF-ni fırladanlar  buna çox çalışdılar, qəzeti  2-ci kateqoriyaya  saldılar, Prezidentin  verdiyi yardımları  azaltdılar, amma biz yenə  qəzetimizi gündəlik  çıxartdıq.

Bir tərəfdən də  pandemiya başlayanda məcbur olduq  qəzeti  günaşırı, yəni  həftədə 3 dəfə nəşr etdik.  Səbəb də qəzeti abunəçilərə  çatdıranların, satışa verənlərin normal  çalışa bilməməsi  və qəzet köşklərinin  qapadılması oldu.

KİVDF ləğv olundu, onun  bazasında Medianın İnkişafı  Agentliyi yarandı.

Onlar da çox sağ olsunlar dedilər ki, gedin  həftədə 1 dəfə çıxın. Görünür, bizim Prezidentin daxili  və xarici siyasətini dəstəkləməyimiz, təbliğ etməyimiz, dövlətçiliyə və millətə, eləcə də maarifçiliyə xidmətimiz yenə  kimlərisə  narahat edir.

İşinizdə olun, bəy müəllimlər!  Biz tutduğumuz yoldan dönən  deyilik.

Hörmətli oxucular və abunəçilərimiz, narahat olmayın, sentyabr ayından yenə  həftədə 3 dəfə çıxacağıq. Pandemiyadan sonra da, inşallah, qəzet  yenə  gündəlik nəşr olunacaq.

Medianın İnkişafı Agentliyi, Allah işinizi avand eləsin. Bacardıqca qəttəzə saytlar yaradın.

Qəzetimizin  31-ci yaşı  münasibətilə «Ədalət»sevərləri  və ədalət axtaranları  təbrik edirəm.


7805 oxunub

InvestAZ