Azərbaycan 44 günlük müharibədə işğalçı Ermənistana qalib gələrək, torpaqlarımızı işğaldan azad etdi. Bu ölüm – dirim savaşında minlərlə şəhid versək də, 44 günlük müharibə xalqımızın qürurunu, mənliyini və şərəfini özünə qaytardı.
Bu müharibədə təkcə Saatlı rayonundan 35 nəfər
igid və cəsur Vətən öğulları şəhid olub.
Onların arasında şəhid Xalid Nəciyevin adı da həmyerliləri arasında xüsusi hörmət
və məhəbbətlə çəkilir. İndi Saatlı rayonunda onu uşaqdan – böyüyə hamı tanıyır,
xatirəsini ehtiramla yad edirlər. Mən isə ilk dəfə onun haqqında dostum,
Sarıcalar tam orta məktəbinin informatika və riyaziyyat müəllimi Vəfadar Xəlilovdan
eşitmişdim. Vəfadar müəllimin iç dünyasına, yerə - göyə
sığmayan dost məhəbbətinə, bir sözlə, dostcanlı olduğuna yaxşı bələdəm. Adı
kimi, özü də həmişə dosta qarşı vəfalı və sədaqətlidir. Mən bunun dəfələrlə
şahidi olmuşam. Şəhid dostunun xatirəsini əziz tutur. Onu daim yad edir, ruhunu
şad edir.
Dostu – şəhid
Xalid Nəciyevin adı Vəfadarın dilinin əzbəridir. Onu doğma qardaşı kimi əzizləyir.
Onunla birgə işlədiyi dövrdən qalan xatirələrini bölüşməkdən yorulmur. Deyir
ki, Xalid böyük arzularla yaşayırdı. Cəmiyyətdə müəyyən mövqe qazanmaq üçün çox
çalışırdı.
... Vəfadar
mənim şəhidlər və qazilər haqqında yazdığım silsilə məqalələrimin demək olar
ki, hamısını oxumuşdu. Çox istəyirdi ki, dostu, şəhid Xalid Nəciyevin haqqında
da məqalə yazım. Sarıcalarda Vəfadarın qonağı olarkən, şəhid dostunun məzarını
birlikdə ziyarət etməyimizi istədi. Dostumun təklifi ürəyimcə oldu. Onun öz
maşınında Saatlı rayonunda şəhid Xalid Nəciyevin uyuduğu qəbristanlığa getdik.
Yolboyu onun haqqında yana – yana
danışırdı:
-
Xalid
hərbi qulluqdan yenicə qayıtmışdı. İşləmək üçün rayon hərbi komissarlığına və
digər qurumlara CV ilə müraciət etmişdi.
Əvvəlcə Sabirabad Asan Xidmət səyyar 3 – də, Saatlı rayonunun Mədəniyyət
sarayında səyyar olaraq, bir aya yaxın
qısamüddətli xidmət göstərdi. Həmin müddət
ərzində bir qrup Asan Xidmət könüllüləri ilə birgə təlimatlandırıldıq və müəyyən
sənədləşdirmə işlərində fəaliyyət göstərdik. O, hərbdən təzə qayıtdığına görə,
verilən tapşırıqları da hərbdəki kimi dəqiq vaxtında və yüksək keyfiyyətlə
yerinə yetirir, vicdanla çalışırdı. Xalid heç kimlə ünsiyyət qurmaz, daha çox
ona verilən tapşırıqları yerinə yetirməklə məşğul olardı. Çox sakit və səbrlə
verilən tapşırıqların öhdəsindən gəlməyə çalışırdı. Mənsə bütün qrup üzvləri və
rəhbər işçilərlə ünsiyyət qurur, işlərimizin
yaxşı getməsi üçün, fasilə vaxtlarında intellektual və əyləncəli proqramlar təşkil
edirdim. Xalidin sakit təbiəti və savadlı olması diqqətimi daha çox cəlb etdi.
Elə ilk günlərdən Xalidlə xoş ünsiyyətimiz alındı. Onunla daha yaxından
tanışlığımız və dostluğumuz başlandı. Məlum oldu ki, Xalid hərbdə zabit kimi
qulluq edib. Mən onu daha yaxşı tanıyandan sonra, "sən gələcəyin generalısan,”
dedim. Bu istək və arzu ilə onun adını telefonumun kontaktına elə belə də yazdım: Xalid –" General”.
Mənim tətəfimdən ona verilən ləqəb digər iş
yoldaşlarımızın da xoşuna gəldi. Onlar da Xalidə "general” deyə müraciət etməyə
başladılar. Mən Xalidlə birlikdə nahar edir, bir – birimizi daha yaxından kəşf
etməyə başlayırdıq. Dost kimi məsləhətləşirdik, bölüşürdük. Gələcək
arzularımızdan danışırdıq. Beləliklə, dostluğumuz möhkəmlənirdi. Bir müddət
sonra Xalid Saatlı rayon təhsil şöbəsində fəaliyyət göstərməyə başladı. Mən isə
müəllim kimi fəaliyyətimi davam etdirirdim. Həmin vaxtlarda da iş əsnasında
vaxtaşırı görüşüb söhbət edir, bəzi məsələləri birgə müzakirə edir, fikir
mübadiləsi aparırdıq.
Xalidlə sözümüz – söhbətimiz yaxşı tuturdu. Onun
bacarığı, qabiliyyəti, sağlam düşüncəsi məni özünə cəlb etmişdi. Birgə işlədiyimiz
günlərlə bağlı haqqında saatlarla xatirələr danışsam da, bəs etməz... Mən
bilirdim ki, Xalidin xarakterindəki uca keyfiyyətlər onun taleyində ciddi dəyişikliklər
etməliydi və etdi də... Vətən müharibəsinin başlanması ilə əlaqədar 2020 – ci
il, oktyabrın 29 – da qısmən səfərbərlik üzrə hərbi xidmətə çağırıldı,
motoatıcı taqım komandiri vəzifəsində döyüşlərdə fəal iştirak edərək, qəhrəmancasına
şəhid oldu. General ola bilməsə də, adını ən uca zirvəyə yazdı. Şəhidlik zirvəsinə! İndi Xalidin adı ürəklərdədir.
Mənim ürəyimdə Xalidin xüsusi yeri var. Onunla birgə çalışdığımız, dostluq
etdiyimiz günlər, anlar heç vaxt yaddaşımdan silinməyəcək.
Vəfadarın sözü – söhbəti məni
əfsunlamışdı. O, söhbətini yekunlaşdırdı. Yolboyu ikimiz də susmuşduq. Onun söhbətindən aldığım təəssürat məni bu
yazını yazmağa vadar etdi.
...Maşını qəbristanlığın girəcəyində
saxladı. Şəhid Xalid Nəciyevin qəbri qəbristanlığın ən görkəmli yerlərindən
birindədir. Onun qəbrini ziyarət edərkən qəlbimi kədərqarışıq, qürurverici
hisslər bürüdü. Doğrudan da torpağın üzü soyuqdur. Elə bu məzarlar həm də
yanğılı ürəkləri soyutmaq üçündür, Böyük Qələbə ilə başa vurduğumuz hərbin
yaralarını uyutmaq üçündür.
Gül üzlü şəhidimiz Xalid burada uyusa da, heç vaxt öldü deyilməyəcək adına. Ürəklərdə
yeri olduğu üçün onu sevənlərin qəlbində əbədi ölməzlik qazanıb. Elə bir şirin
yuxuya gedib ki, heç bir səsə, hənirə də oyanmaz. O, Vətən yolunda ürək
yandırıb, sənin üçün , mənim üçün -
hamımız üçün qələbə qazandırıb.
Vəfadar dostunun qəbrininin
üstünə gül qoydu. Sonra başdaşındakı şəklinə baxıb bir xeyli üz – üzə, göz –
gözə qaldı. Sanki pıçıltıyabənzər səslə dedi:
-
Dostum,
necəsən? Bir vaxtlar biz görüşəndə qucaqlaşardıq. İndi səni uğrunda şəhid olduğun
Vətən torpağı qucaqlayıb, sən behiştin, cənnətin qoynunda, qucağındasan...
Xalidin özündən sonra gözlərini
yollarda qoyub getdiyi ata - anası qəm, kədər, ağrı içində olsa da, valideynlərini
ziyarət etmək də onlar üçün ani
toxdaqlıq, təsəlli və rahatlıq deməkdir.
Vəfadar maşını qəbristanlıqdan birbaşa Xalidin
ata ocağına sürdü. Bu evin bağlı – bağatlı həyətində hər cığırda, hər izdə
Xalidin qırılan səsini, könül dağlayan nəfəsini duymaq olur. Ata evində Xalidin
şəkilləri, hərbi geyimləri, diplomları, Fəxri fərmanları, təltifləri və xatirə əşyaları
ilə bəzədilmiş bir otaq var. Bu otağa Xalidin ev muzeyi də demək olar. Bu evdə
bizi Xalidin atası və qardaşı qarşıladı. Atası Xalidin uşaqlıq illərindən şəhid
olanadək keçdiyi həyat yolundan könül göynədən epizodlar danışırdı. Şəhid
olduqdan sonra isə insanların ona olan sevgisindən danışdı. Dedi:
-
Gələn
ayaqlarınız var olsun! Demək olar ki, burda hər gün ziyarət edənlər olur. Çox
sağ olsunlar. Hamısına hörmətlə yanaşırıq, təşəkkür edirik, minnətdarlığımızı
bildiririk. Amma Bakıdan kiçik yaşlı qızı ilə Xalidi ziyarət etməyə gələn
atanın söhbəti heç qulaqlarımdan getmir. Atası deyirdi ki, bu balaca qızcığaz
Xalidin şəklini bağrına basıb hər gün ağlayırmış. Atasına deyirmiş ki, məni
onun ziyarətinə apar. Atası ilə birlikdə ziyarətə gəlmişdi. Ürəkdağlayan mənzərə
idi. Uşaq onu heç həyatda görməmişdi.
Amma televizorda onun qəhrəmancasına şəhid olması ilə bağlı verilişlər gedəndə
heyranlıqla baxırmış. Bax, bu heyranlıq həmin balaca qız uşağını bir vaxtlar Xalidin
uşaqlığı keçən ata ocağına ziyarətə gətirmişdi. O qızcığazın adını da
soruşmadım, amma səsi qulaqlarımdan hələ də getməyib. Sanki o səs ilahidən gəlirdi.
Sanki Tanrının səsiydi... O uşağın şəhid ruhuna olan sevgisinin həddi – hüdudu
yox idi. Mələk kimi uçub gəlmişdi, mələk kimi də uçub getdi.
Xalidin ata ocağından
ayrılarkən, atası və qardaşı bizi həyət qapısına kimi müşayət etdilər. Bu həyətdə
gözoxşayan yaşıllıq, müxtəlif meyvə ağacları bir anlıq diqqətimi cəlb etdi. Bu
mənzərədən gözlərimi çəkə bilmədim,
seyrinə daldım. Sanki hər ağacın yarpaqları arasından Xalidin ruhu baylanırdı.
Bu ağacların arasında bir göyəm kolu diqqətimi çəkdi. Nə sirdisə, göyəm ağacını
həmişə, hansı yerdə görmüşəmsə qəlbimdə qəribə duyğular baş qaldırıb. Burada da
eyni duyğu, düşüncə məni öz ağuşuna aldı.
Mən Xalidin atasını üzücü hisslərdən
ayırmaq üçün dedim:
-
Yazda
bu göyəm kolunun pöhrənlərindən Vəfadara verərsiniz, o da öz həyətlərində əksin.
Vəfadar öz həyətlərindəki bağçanın ağaclarına, güllərinə çox yaxşı qulluq edir.
Hər ağacın, hər gülün nazını çəkir. Qoy, sizin həyətin ağaclarından Xalidlə
dostluqlarının rəmzi kim Vəfadargilin bağçasında da bir yadıgar ağac qalsın...
Xalidin atası bu sözlərimdən
çox məmnun oldu. Dedi ki, inşəAllah, yazda
Vəfadara bağlarındakı ağaclardan əkmək üçün pöhrənlər verər.
Mən isə onu ağır düşüncələrindən ayıra
bildiyim üçün biraz rahat oldum. Çünki burada eşitdiyim hər söz ürəyimdə ağrıya
çevrilirdi. Şəhidin qəmi, şəhid anasının gözünün nəmi ürəyimizi sızladırdı... Hələ
də Xalidin anasının qəmli çöhrəsi,
dağların zirvə qarı kimi ağappaq saçları gözlərim önündən getmir. Göz yaşlarını saxlaya
bilmədiyi üçün yan otağa keçmişdi. Ürək dağlayan hıçqırtıları hönkürtüyə
çevrilmişdi. İstər - istəməz bu qəmli
bayatını xatırladım:
Analar yanar ağlar,
Dərdini sanar ağlar.
Dönər göy göyərçinə,
Zirvəyə qonar ağlar.
***
Tanıtım:
Şəhid Xalid Nəciyev 1992 – ilin 3 iyul tarixində Saatlı rayonunda anadan olub. 2013 - cü ildə Gəncə Dövlət Universitetini və Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin
"Ehtiyat zabit hazırlığı” kursunu
bitirib və leytenant rütbəsi almışdır.
2013 – 2015 – ci illərdə Azərbaycan
Ordusunda motoatıcı taqım komandiri vəzifəsində xidmət etdikdən sonra ehtiyata
buraxılıb.
Vətən müharibəsinin başlanması ilə əlaqədar
2020 –ci il, oktyabrın 29 – da qismən səfərbərlik üzrə yenidən hərbi xidmətə
çağrılıb və motoatıcı taqım komandiri vəzifəsində döyüşlərdə fəal iştirak edərək
şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə "Vətən uğrunda” (ölümündən sonra), "Döyüşdə fərqlənməyə görə”
(ölümündən sonra), "Laçının azad olunmasına görə ( ölümündən sonra) medalları
ilə təltif olunub.