XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Aqil ABBAS: GÖRÜNÜR, TANRI DAY AKİF İSLAMZADƏYƏ QULAQ ASMIR
YAZARLAR 15:05 / 26.07.2021

Bir dəfə ilahi səsli Akif İslamzadədən bir  köşə yazmışdım.  Təxminən belə idi ki, Tanrı görür ki, Yer üzündəki  insanlar yollarını  azıblar, dünyanı  dağıdırlar. Tanrı da istəməz ki, onun yaratdığı dünyanı dağıtsınlar. Mələklərini göndərir Yer üzünə, deyir day keçib, gedin bir adam tapın, ona peyğəmbərlik verim, dünyanı  yenidən  sahmana  salsın, tapmasanız dünyanı dağıdacam.

Mələklər dünyanı  ələk-vələk edir, Tanrının  istədiyi bir adam  tapa  bilmirlər. Əliboş da geri qayıtmaq istəmirlər ki, Tanrı onları  cəzalandırar və dünyanı dağıdar.

Və birdən  Akif İslamzadənin o ilahi  səsini eşidirlər. Həmin səsi Akifin bədənindən, ruhundan, qanından soyurlar (Akifin  səsi ondan  sonra batır), aparırlar Tanrıya ki, bir buna qulaq as. Qəzəblənmiş Tanrını Akifin  səsi  ovsunlayır, dünyanı dağıtmaqdan vaz keçir.  Və hər dəfə  dünyanı  dağıtmaq istəyəndə yenə mələklər Akifin  səsini  ona dinlədirlər, yenə bizi bağışlayır.

Düzdür, Akifə xəyanət edib «Dolu» romanında bu obrazı Qədir Rüstəmovla  əvəz eləmişdim və ona görə də  Akifə telefon açıb üzr istəmişdim, Akif də məni bağışlamışdı.

Deyəsən, day Tanrı Akif İslamzadəyə  qulaq asmır:

Pandemiya, pandemiyadan da dəhşətli  faciələr, Sibir yanır, Kareliya yanır, Peterburqu, Rusiyanın  bir çox yerlərini  sel-su aparır. Avropa qalıb  selin  əlində aciz. Amerikanın  meşələri yanır. Çində böyük-böyük şəhərlər, qəsəbələr, kəndlər su altında. Afrikada insanlar bir-birinin ətini yeyir. Təkcə bu il 50 milyon insan quraqlıqdan və aclıqdan  dünyasını dəyişib. Orta Şərq «yanır». «Yanan» ölkələrdən  qaçan insanlar Aralıq dənizində qəsdən  suda batırılır. Ruslar və  amerikalılar qəttəzə silahlar, təyyarələr bombalar  icad edir. İsveçrəyə qar yağır. Kürün  suyu quruyur. Məscidlər, kilsələr  partladılır. Çox yazmaq olar.

Kəsəsi, dünya dağılır.

Və Tanrı qırılan insanların dualarını eşitmir.

Bir sözlə, Tanrı  day Akif İslamzadəyə qulaq asmır!


3153 oxunub

InvestAZ