XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



İkisi də "xalq düşməni"nin övladları idi...
YAZARLAR 21:12 / 25.07.2021

Bu gün əziz əmilərimdən Məmməd Arazın sevimli ömür-gün yoldaşı, yaradıcılığının ən gözəl tədqiqatçısı və təqdimatçısı, özünəməxsus əvəzsiz qələm sahibi, bizim deyimimizlə əmicanım Gülxanım Fətəli qızının ölümünün üçüncü günüdür.

Evliliklərinin cəmi 15 ilindən sonra rejimin, stalin-mikoyan məktəbinin yetirmələrinin şər və paxıllığı üzündən parkinson xəstəliyinə yaxalanmış həyat yoldaşının sağlığı ilə bağlı bütün əziyyətlərə sinə gərən o mərd qadın özü də təsəvvür etmədən düz 32 ili arxada buraxdı…

Məmməd Arazın ölümündən sonra isə özündən sonra bir çox xatirə və hadisələr unudulmasın deyə gözəl əsərlər yazdı. Şairin əlyazmaları, şəxsi əşyaları və s. Nə vardısa hamısını lazımi səliqəyə saldı. Çap olunmamış şeir və məqalələrini də toplayıb çap elətdirdi. Bir sözlə, əmimin gələcək tədqiqatçıları üçün gözəl yol xəritəsi, - arxiv yaratdı.

Qəribə bir taledir. İkisi də repressiya maşınında əzilmiş, lakin sınmamış ailələrin övladları idilər. Elə ömürləri boyu da başqaları kimi kefdə yaşamadılar.

 

Şübhəsiz ki, xalq bu böyük insanların dəyərini hələ gedərək daha çox verəcək.

Üç gün əvvəl cənazə namazında əziz əmicanımın lal tabutda uyuyan vücudunun da bizlərə bir dərs verdiyini düşünürdüm. Öz-özümə gərək hər kəs özünü beləcə lal-dinməz tabutda yerə qoyulmuş təsəvvür eləyə bilsin bir anlıq düşünürdüm.

Son anda belə əmicanımın bir daha görməyəcəyimiz gözəl üzünü xatırlayaraq keçmişə,- özümüzün uşaqlıq, onlarınsa gənclik illərinə endim.

Nə gözəl illər idi… qədrini bilib bilməməmizin dəxli yoxdur.

Əmimgil gəldi deyə yaxın qohumlara muştuluğa qaçdığımız günlər…

İradə, Şəlalə gəldisə bağçada səhərdən axşama qədər oynamaq var…

Onun ucadan gülüşləri. Bizim onların nəyə gülməsinə əhəmiyyət vermədən yeməyimizi tələsik atışdırıb oynamağa qaçmamız…

İndi isə onların heç biri əlçatan deyil.

Yaxşı ki, var idiniz. Yaxşı ki, Tanrı bizləri bir dam altına, bir ailəyə, ocağa yazıbmış.

Nur içində yat əziz əmicanım.

Ruhuna Fatihə.

Siz əziz yurddaşlara və dostlara isə kədərimizə şərik olduğunuz, yanımızda olduğunuz üçün təşəkkür edirik.

Pandemiya üzündən bizimlə yaslı günlərimizfə tam bərabər ola bilmirsiniz. Lakin mənən yanımızdasınız. Çox sağ olun. Yaxşı ki, varsınız.

Tanrı sizlərin də ölənlərinizə rəhmət eləsin.

Qorxmaz İbrahimoğlu


9396 oxunub

InvestAZ